Qayıdışdan Böyük Zəfərə...
Hər kəs gücümüzü gördü. Hər kəs qüdrətimizi gördü, iradəmizi gördü. Bu “dəmir yumruq” onların belini qırdı, onların başını əzdi. Bu, birlik yumruğudur, bu, güc yumruğudur. Bundan sonra Azərbaycan yalnız inkişaf, tərəqqi yolu ilə gedəcək. Bundan sonra da biz ordu quruculuğu işində əməli addımlar atacağıq, ordumuzu daha da gücləndirəcəyik.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
İkinci Qarabağ müharibəsi başlayana kimi, dünyada və regionda bəziləri düşünürdülər ki, Ermənistanın Qarabağ ərazisində “keçilməz hərbi sədlər”, “radiolokasiya sistemləri”, “silah və hərbi texnika”, “döyüşkən ordu” və bu kimi digər “üstünlüklərə” malik olması səbəbindən torpaqlarımızın, guya, işğaldan azad edilməsi mümkün deyil. Lakin Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Zəfərlə əsl hərbi reallıqla bağlı beynəlxalq aləmdə aydın təsəvvür yaratdı və işğalçı Ermənistan ordusu haqqında yaranan mifləri dağıtdı.
Ulu
öndər Heydər Əliyevin respublikaya rəhbərliyinin bütün
dönəmlərində qüdrətli ordu qurmaq prioritet
istiqamət olub. Ümummilli lider bunun üçün hələ keçmiş
SSRİ zamanında Azərbaycanda hərbi kadrların
hazırlanmasına xüsusi əhəmiyyət
verib, gənclərin hərb sənətinə
marağını gücləndirib, görkəmli sərkərdə
Cəmşid Naxçıvanskinin adını daşıyan
hərbi liseyin yaradılmasını
gerçəkləşdirib.
Dahi şəxsiyyətin 1993-cü il iyunun 15-də hakimiyyətə qayıdışı ilə ordu quruculuğunda yeni bir mərhələ başlayıb. Bu, həm də Azərbaycanda siyasi-ictimai böhranın dərinləşdiyi, erməni faşizminin işğalda saxladığı əraziləri genişləndirməyə cəhd göstərdiyi bir dövrə təsadüf edib.
Ümummilli
lider Heydər Əliyev yenidən Azərbaycan rəhbərliyinə
gələndə müharibə şəraitində
yaşayan ölkədə silahlı qüvvələr
acınacaqlı durumda idi. Ona görə də dahi rəhbər
siyasi fəaliyyətində, ilk növbədə, bu məsələyə
xüsusi diqqət yetirdi,
zəngin dövlətçilik təcrübəsi, qətiyyətli
və ardıcıl siyasəti ilə mürəkkəb şəraitdə
ordu quruculuğuna yeni məzmun verdi və
ölkədə müasir ordu formalaşdırılmasının əsasını
qoydu.
Heydər
Əliyev torpaqlarımızın müdafiəsi yönündə
mühüm addımlar atmaq, ərazilərimizi qorumağa
qadir ordu yaratmaq üçün, ilk növbədə, cəbhədə
atəşkəs üçün bütün mümkün
siyasi və diplomatik vasitələri işə saldı. Nəticədə 1994-cü ilin
mayında cəbhədə atəşkəs elan edildi. Bundan sonra
silahlı qüvvələrimizin formalaşması istiqamətində
təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə
başlanıldı. Ordunun maddi-texniki təminatının
yaxşılaşdırılması, şəxsi heyətin mənəvi-psixoloji
hazırlığının artırılması və döyüş ruhunun
yüksəldilməsi diqqət mərkəzində
saxlanıldı. Eyni zamanda,
hərbi kadr potensialının gücləndirilməsi
məqsədilə Silahlı Qüvvələrin Hərbi
Akademiyası yaradıldı, respublikamızda fəaliyyət
göstərən hərbi məktəblərin status artırıldı və Silahlı
Qüvvələrə Yardım Fondu
təsis olundu.
Bütün
reallaşdırılan bu tədbirlər Azərbaycanın Ermənistan
tərəfindən işğal edilən 20 faiz ərazisini
geri qaytarmaq məqsədi daşıyırdı.
Yeri
gəlmişkən, o illərdə ulu öndərin tarixi xidmətlərindən
biri də yeni formalaşdırdığı ordunun
gücü ilə Horadizin düşməndən azad edilməsi
oldu və bununla da Azərbaycan torpaqlarının müharibə
yolu ilə geri alınmasının mümkünlüyü təsdiqlədi.
Heydər Əliyevin təhlükəsizlik siyasəti və strategiyası, ordu quruculuğu ilə bağlı başladığı işlər dövlətimizin başçısı cənab İlham Əliyevin prezidentlik fəaliyyətinə başladığı ilk gündən uğurla davam etdirilib, hərbi quruculuq məsələsi prioritet istiqamətlərdən biri olub. Xatırladım ki, 2003-cü ildə andiçmə mərasimindəki nitqi zamanı Azərbaycan Prezidenti deyib: “Azərbaycanda ordu quruculuğu sahəsində də böyük işlər görülmüşdür. Ölkəmizdə güclü ordu yaradılmışdır və bu proses davam edəcəkdir. Bu məsələ daim mənim diqqət mərkəzimdə olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcəkdir”.
Ölkə
rəhbəri ötən 18 il ərzində bu vədinə
sadiq qaldı, respublikamızda ordunun gücləndirilməsi
ilə bağlı olduqca mühüm işlər
gördü, silahlı qüvvələrimizdə keyfiyyət
və kəmiyyət dəyişikliklərinin yaranmasına
nail oldu. Ən müasir
döyüş texnikasının
alınmasını gerçəkləşdirdi. Əsgər
və zabitlərimizin sosial şəraitinin
yaxşılaşdırılmasını hər zaman diqqət mərkəzində saxladı. Bütün bunlarla bərabər,
döyüş
hazırlığının bütün
tələblərinin yerinə yetirilməsi üçün
beynəlxalq tələblərə cavab
verən əlverişli şərait yaradıldı,
irimiqyaslı təlimlər keçirildi.
Vətən müharibəsində tarixi qələbənin əldə edilməsində isə ən önəmli amil silahlı qüvvələrimizdəki ruh yüksəkliyi, xalq-Prezident-ordu vəhdəti oldu. Bu, Azərbaycana qarşı başlanan hücum əməliyyatlarının ilk günlərindən minlərlə gəncin orduya könüllü kimi yazılmasında, dinc insanların təxribatlar zamanı evlərini tərk etməmələrində özünü göstərdi. Bu, döyüşlər getdiyi dövrdə Azərbaycan Prezidenti İlham Əliyevin hər gün özünün rəsmi “Twitter” səhifəsində, xarici televiziya kanallarına verdiyi müsahibələrində hadisələrin gedişatı ilə bağlı xalqa məlumat verməsində, ordumuzun nailiyyətlərini vətəndaşlarımızın diqqətinə çatdırmasında özünü büruzə verdi. Bu, eyni zamanda, Azərbaycanı bütün dünyaya güclü orduya malik bir dövlət, xalq-Prezident vəhdəti yaşanan bir respublika kimi tanıtdı.
Bu
gün iftixarla, fəxrlə deyə bilərik ki, Azərbaycanın
Silahlı Qüvvələri hərbi əməliyyatlar
zamanı ən yüksək səviyyədə innovativ
yenilikləri tətbiq edən ordudur. Məhz bunun nəticəsi idi ki, müharibənin gedişində silahlı
qüvvələrimiz möhtəşəm uğurlara
imza atdı, döyüş
meydanında öz üstünlüyünü
dəfələrlə sübut etdi. Erməni tərəfinin təqribən
30 il ərzində işğal
olunan torpaqlarda
yaratdığı müdafiə xətlərini, mühəndis
qurğularını şücaətlə
dağıtdı, komanda məntəqələrini,
çox sayda hərbi
texnikasını, canlı qüvvəsini məhv etdi. Bu, silahlı
qüvvələrimizin dünyada ən
yaxşı döyüş qabiliyyətinə
malik ordulardan biri hesab edilməsinin əbəs
deyilmədiyini təsdiqlədi.
Azərbaycan
Silahlı Qüvvələri erməni
işğalçılarına qarşı
apardığı döyüşlərdə dövlətimizin
başçısının vurğuladığı kimi,
dünyanın ən güclü orduları sırasında
olduğunu təsdiq etdi. Ordu bölmələrimiz
harada olur-olsun,
döyüşləri planlı şəkildə apardı,
xaotikliyə yol vermədi. Döyüş
əməliyyatları haqqında Ali Baş Komandan müntəzəm
məlumatlandırıldı. Əməliyyatların
icrası, yaşayış məntəqələrinin azad olunması planlı şəkildə
açıqlandı.
Azərbaycan
döyüş əməliyyatları zamanı haqqa, ədalətə
söykəndi, beynəlxalq konvensiyalara əsaslandı. Ermənistan isə uğursuzluqdan
isterikaya düşərək Azərbaycanın
döyüş bölgəsində yerləşməyən
rayon və şəhərlərində dinc əhalini, qadınları və
uşaqları raket və artilleriya
zərbələri ilə atəşə tutdu. Lakin buna
baxmayaraq, Azərbaycan Ordusu
düşmənin yalnız hərbi obyektlərini hədəfə
aldı, hətta mülki əhalinin ziyan görməməsi üçün
onları bu cür
obyektlərdən uzaq durmağa
çağırdı.
Vətən
müharibəsində apardığımız azadlıq
mübarizəsi zamanı silah-sursatını qoyub qaçan,
fərarilik edən işğalçı Ermənistan ordusuna
məxsus xeyli texnika və silah-sursat hərbi qənimət
olaraq götürüldü, bir hissəsi isə məhv
edildi. Zəfər paradında Bakının Azadlıq
meydanından keçən hərbi texnikaların
sırasında vaxtilə işğalçının istifadəsində
olan yararlı və yararsız
texnikaların da yer
alması sevindirici məqam idi. Bu, milli
qürur və iftixar hissi doğururdu.
Ali
Baş Komandan İlham Əliyevin dönməz iradəsi,
müasir silah və sursatla təmin edilən ordumuzun rəşadəti,
nəhayət, xalqımızın dövlət
başçısının və silahlı qüvvələrimizin
ətrafında yumruq kimi birləşməsi Azərbaycan
xalqına belə bir tarixi qələbə sevincini bəxş
edən əsas amil oldu.
Vətən
müharibəsini parlaq qələbə ilə başa
çatdırmasını şərtləndirən digər
amillər sırasına isə döyüş
hazırlığının bütün tələblərini
yerinə yetirmək üçün şərait
yaradılması, irimiqyaslı təlimlərin keçirilməsi,
ordunun Ali Baş Komandanın diqqəti və səyi nəticəsində
müasir silahlarla silahlandırılması, artilleriya və
aviasiyanın, eləcə də digər sahələrin
inkişaf etdirilməsi daxil edilə bilər.
Orduda
şəxsi heyətin ruh yüksəkliyini xüsusi qeyd etməliyik.
Bu
baxımdan Azərbaycan Silahlı Qüvvələri təkcə
silah və müasir texnika gücünə yox,
həm də yüksək döyüş
ruhu, vətənpərvərlik nümunəsi
ilə möhtəşəm qələbəni
reallaşdırdı. Əsgər və zabitlərimizin fiziki və qəhrəmanlıq gücü hesabına Şuşanın işğaldan azad edilməsi
bunun bariz ifadəsidir.
Yeri
gəlmişkən, burada mühüm bir məqamı da
xatırlatmaq istərdik. Ali Baş Komandanın qarşıya qoyduğu döyüş
tapşırığını bacarıqla icra
edən hərbçilərimiz Şuşa
əməliyyatının böyük zəfərə
çevrilməsində mühüm rol oynadılar. Xüsusi təyinatlı, eləcə də onlara
dəstək verən qüvvələr qarşıya qoyulan tapşırığı tam şəkildə yerinə yetirdilər. Şuşa işğal olunmuş Azərbaycan ərazlərinin ən
yüksək nöqtələrindən biri,
bəlkə də birincisidir. Şəhərin
azad edilməsi əməliyyatı da Vətən müharibəsinin zirvə
nöqtəsidir.
Şuşa
döyüşünə qədər ordumuzun qələbələrini
inkişaf etmiş texnologiyalardan, döyüş vasitələrindən
istifadə ilə bağlayırdılarsa, bu şəhər
uğrunda gedən savaş silahlı qüvvələrimizin
yüksək döyüş qabiliyyətinə malik
olduğunu bir daha təsdiqlədi. Ondan
sonra heç kim iddia etmir
ki, Azərbaycan döyüşlərdə
dronlar hesabına qələbə
qazandı. Şuşa elə bir yerdir ki,
oranı 5-10 günlük hazırlıqla
azad etmək mümkün
deyildi. Bunun üçün illərlə hazırlıq
keçilməsi lazım idi. Ali Baş Komandanın nəzarəti altında Azərbaycan
Ordusu bu
hazırlığı keçmişdi, hər
cür mürəkkəb relyefdə, hava şəraitində döyüşmək
bacarıqlarına yiyələnmişdi. Şuşa
əməliyyatının xarakteri elə idi ki, orada
heç bir səhvə
yol vermək olmazdı.
Əməliyyat ən kiçik
detallarına qədər, ən yüksək dəqiqliklə,
dəqiq kəşfiyyat məlumatları əsasında və
yüksək peşəkarlıqla hazırlanmalıydı,
hazırlandı da. Əməliyyata elə
heyət cəlb olundu ki,
onun icrasında kiçik
də olsa səhvə yol
verilmədi.
Şuşa
əməliyyatında bir məqsəd də şəhərin
dağıntılara məruz qalmasına yol verməmək
idi. Bu məqsədə də nail olundu, şəhər
demək olar ki,
dağıntısız azad edildi. Hərbçilərimiz
sıldırım qayalarla yuxarı qalxaraq, düşməni heç
gözləmədiyi yerdə yaxaladılar, yaxın məsafəli,
əlbəyaxa döyüşdə onu məğlub
edib, içərilərə doğru irəlilədilər. Bu
isə düşməni panikaya
düşməsinə, idarəçiliyi itirməsinə gətirib
çıxardı. Beləliklə, işğalçı
bütünlüklə Şuşadan qovuldu.
Xatırladaq
ki, son bir neçə ilin statistikasına əsasən,
ölkəmiz müasir silahlanmaya görə, Avropada 2-ci,
dünyada 3-cü yerdə qərar tutub. Şübhəsiz
ki, bütün bu uğurlar dövlətimizin
başçısının həyata keçirdiyi məqsədyönlü ordu quruculuğu siyasəti
sayəsində mümkün olub.
Əgər
belə olmasaydı, hazırda Azərbaycan Ordusu
torpaqlarımızı işğaldan azad etmək
üçün BMT Təhlükəsizlik Şurasının
kağız üzərində qalan 4 qətnaməsini təkbaşına
reallaşdıra, hərb meydanında düşmənə
qalib gələ, cəbhə xəttinin bütün istiqamətlərində
əməliyyat şəraitinə tam nəzarət edə
bilməzdi.
V.BAYRAMOV
Xalq qəzeti .- 2022.- 25 iyun.- S.1;3.