Azərbaycanla Özbəkistanın dostluq münasibətləri tarixi ənənələr üzərində inkişaf edir və zənginləşir

 

Azərbaycanla Özbəkistanın tarixi bağlılığı qədim olduğu qədər də dərin və əhatə-lidir. Tarixin bir çox dövrlərində eyni dövlət birləşmələrinə daxil olmuş hər iki xalq dildin ortaqlığı zəminində yüksək etnik-mədəni dəyərləri qardaşcasına paylaşmış, Ümumşərq mədəniyyətini birgə zənginləşdirmişdir. Tarixin son ikiminilliyində Qorqud Dədəmiz ortaq türk müdriki sayıldığı kimi, Əl Fərabi, Əbülhəsən Bəhmənyar, İbn Sina, Əhməd Yəsəvi, Nizami Gəncəvi, Şəms Təbrizi, Nəsirəddin Tusi, Səfiəddin Urməvi, Mirzə Uluqbəy, Əlişir Nəvai, Məhəmməd Füzulieyni etnik-dini coğrafiya­nın elm, sənət və məfkurə dühaları olmuşlar. Lap elə götürək bizim günləri. Çağdaş texnoloji tərəqqidə yeni mərhələ yaratmış azərbaycanlı Lütfi Zadə ilə, türk oğlu olduğuna görə, özbəklər də eyni dərəcədə öyünürlər. Sovet epoxasının sonunda və ölkələrimiz müstəqillik qazanandan sonrakı dövrdə dünya siyasətinin nəhənglərindən biri kimi yüksəlmiş Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevi digər türk xalqları kimi, özbəklər də ümumtürk öndəri kimi sevib-dəyərləndirirlər.

Son 2 əsrdə çar Rusiyası və onun törəməsi olmuş sovet imperiyasının tərkibində olmaq xalqlarımıza bir çox faciələr yaşatsa da, eyni superdövlətdə mövcud olmaq Azərbaycan və Özbəkistanın qardaşlıq və dostluq əlaqələrinin davamlı olmasına da imkan vermişdir. Son bir əsrdə isə ümumi bəşəri tərəqqinin qarşısıalınmazlığı və qlobal dəyərlər Azərbaycanla Özbəkistanı qeyd edilən tarixi əsaslar üzərində daha da yaxınlaşdırmışdır.

Yaxın tariximizə nəzər salanda görürük ki, sovet dönəmində hər iki xalq arasında çoxtərəfli əlaqələr yaranmış və mümkün olduğu qədər inkişaf etmişdir. Ötən əsrin 30-cu illərində kütləvi repres­siyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistanda sığınacaq tapmış, gerçək ölümdən qardaş himayəsi ilə xilas olmuşdur. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlılar da qardaş yanğısı ilə yaxından iştirak etmişlər.

Gənclərimiz eyni məktəblərdə qardaş kimi təhsil aldıqları kimi, teatrlarımız və musiqi kollektivlərimiz də bir-birinin səhnələrini doğma sənət meydanı say­mış, eyni sevgi ilə alqışlanmışlar. Hətta pambıqçılarımız da bol məhsul yetirmək gör-götürləri ilə bir-birinə faydalı olmuşlar. On illər boyu Bakı neftindən ermənilər kimi düşmənlərin gen-bol yararlan­ması bu gün bizi necə məyus edirsə, onun özbək qardaşlarımızın çırağını şölələndirməsi də bundan artıq dərəcədə məmnunluqla xatırlanır.

Türk xalqlarına qarşı “ayır-buyur” siyasəti yeritmiş sovet imperiyasının XX əsrin sonlarında tarixin və talenin hökmü ilə süquta uğraması çoxsaylı dövlət qurumlarından və eyni siyasi birliklərdən keçib gəlmiş Azərbaycan və Özbəkistanın dünya birliyinə müstəqil ölkələr kimi daxil olması ilə nəticələndi. Öz talelərinə sahib olmuş bu iki türk ölkəsi 30 ildən artıqdır ki, həyatın bütün sahələrində sıx əlaqə və əməkdaşlıq imkanlarını davamlı olaraq axtarır, tapır və işə salır. Türkdilli dövlətlərin birliyinin təşəkkülü isə bu ikitərəfli prosesə çoxyönlülük və mükəmməllik gətirir.

Son dövrlər Azərbaycan ilə Mərkəzi Asiya ölkələri, eləcə də Özbəkistan arasında münasibətlər yeni yüksək mərhələyə daxil olmuşdur. Ölkələrimizdə aparılan islahatlar və hərtərəfli tərəqqi prosesi qardaşlıq və dostluq əlaqələrini məzmunca zənginləşdirir, qarşılıqlı-faydalı əməkdaşlıq yeni yönləri ilə şaxələnir və dərinləşir. Bu gün on minlərlə soydaşımız Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bugünlərdə Özbəkistana dövlət səfəri iki xalq arasın­dakı dostluq və qardaşlığın tarixi özülü ilə yanaşı, son illərdə əhatə etdiyi hüdudları da gözlərimiz qarşısında yenidən canlan­dırdı.

Xatırladaq ki, müstəqillik dövründə ölkələrimizin diplomatik münasibətləri 1995-ci il oktyabrın 2-dən rəsmi məcrada davam edir. 1996-cı ilin ortalarında Azərbaycanın Özbəkistanda, 1998-ci ilin mayında isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlamışdır.

Azərbaycanla Özbəkistan arasın­da ikitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri yönləndirici və təkanverici rol oynamaqdadır. Bu baxımdan, Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun 1996-cı il mayın 26–27-də Azərbaycana ilk rəsmi səfəri yeni uğurlu başlanğıc olmuşdur. Qarşılıqlı anlaşmadostluq şəraitində keçən səfər zamanı iki ölkə arasında 18 sazişdən ibarət xüsusi sənədlər paketi, o cümlədən “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dost­luq və əməkdaşlıq haqqında müqavilə” imzalanmışdır.

1996-cı il oktyabrın 21–22-də Azərbaycan Prezidenti Heydər Əliyev Türkdilli Ölkələrin Dövlət Başçılarının IV Forumunda və görkəmli dövlət xadimi, Şərq fatehi Əmir Teymurun 660 illik yubiley mərasimində iştirak etmək üçün Daşkənddə səfərdə olmuşdur. 1997-ci il iyunun 18-19-da Azərbaycanın dövlət başçısı Heydər Əliyevin Özbəkistana rəsmi səfəri isə münasibətlərin inkişafında yeni mərhələ açmışdır. Həmin səfər zamanı Daşkənddə ölkələrimiz arasında 19 sənəd imzalanmışdır. Bu sənədlərdən “Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi haqqında müqavilə” böyük tarixi önəmi ilə seçilmişiki ölkə arasında uğurlu əməkdaşlıq üçün möhkəm, fundamental hüquqi baza yaratmışdır.

Sənədlərin imzalanması mərasimində çıxış edən Azərbaycan Prezidenti Heydər Əliyev demişdir: “Biz Azərbaycanda Özbəkistanla etibarlı tərəfdaşlıq münasibətlərinə malik olmaq istəyirik və hər şey edəcəyik ki, bu münasibətlər olsun, onlar inkişaf edib möhkəmlənsin”. Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov isə bildirmişdir: “İki ölkə arasındakı münasibətlər məhz strateji əməkdaşlıq səciyyəli olacaq­dır”. Ölkələrimiz arasında çağdaş münasibətlərin strateji istiqamətləri məhz Özbəkistan Prezidenti İslam Kərimovun 1996-cı ildə Azərbaycana və ümum­milli lider Heydər Əliyevin 1997-ci ildə Özbəkistana səfərləri zamanı müəyyən edilmişdir.

9 avqust 1998-ci il tarixində Azərbaycan Prezidenti Heydər Əliyev Yaltada Ukrayna Prezidenti L.Kuçmanın 60 illik yubileyi tədbirlərində yenidən Özbəkistan Prezidenti ilə görüşmüş, ikitərəfli maraq doğuran məsələlər müzakirə olunmuşdur. Ümumiyyətlə, NATO, İKT, MDB, GUAM sammitlərində Azərbaycan və Özbəkistan prezidentlərinin görüşləri iki ölkə ara­sında münasibətlərin daha da inkişaf etdirilməsinə səbəb olmuşdur.

Ümummilli lider Heydər Əliyevin türkdilli dövlətlərlə əməkdaşlığın ən yüksək səviyyəyə çatdırılması siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev Özbəkistanla dostluq və qardaşlıq münasibətlərinin yeni mərhələyə daxil olması üçün bütün zəruri tədbirləri uğurla gerçəkləşdirmişdir. 2004-cü il martın 23-24-də Azərbaycan rəhbəri İlham Əliyev Özbəkistanda ilk dövlət səfərində olmuşdur. Bu səfər zamanı “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə” imzalanmışdır. Strateji münasibətlərin əsasını qoyan həmin sənəddə bildirilir ki, tərəflər keçmiş Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin və ATƏT-in qərarlarının yerinə yetirilməsinə qəti şəkildə dəstək verdiklərini ifadə edirlər.

Xatırladaq ki, Özbəkistan BMT Baş Assambleyasında 2008-ci il martın 14-də səsverməyə çıxarılmış “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı qətnamənin lehinə səs vermiş yeganə Mərkəzi Asiya ölkəsi olmuş­dur. Özbəkistan keçmiş Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini həmişə dəstəkləmişdir. 2021-ci il martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanı Qarabağın qaytarılması və tarixi ədalətin bərpa olunması münasibətilə təbrik etmişdir. Həmin ilin noyabrında İstanbulda keçi­rilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə isə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Özbəkistanın vəsaiti hesabına Füzulidə böyük məktəb inşa ediləcəyini bildirmiş­dir. Artıq bu istiqamətdə işlərə başlanıl­mışdır.

Azərbaycanın dövlət başçısı İlham Əliyevin Daşkəndə 2010-cu il sentyabrın 27-də gerçəkləşmiş ikinci rəsmi səfəri za­manı ikitərəfli və çoxtərəfli münasibətlərə dair bir sıra məsələlər müzakirə olun­muşdur. Tərəflər mədəni-humanitar məsələlərin - azərbaycanlıların və özbəklərin tarixində, milli maraqlarında, onların yaşadıqları həyat tərzində ümumi cəhətlərin olduğunu xüsusi vurğulamış, dilimizin, mədəniyyətimizin, Azərbaycan və Özbəkistanın birmənalı şəkildə qürur duyduğu mənəvi dəyərlərin ümumiliyini qeyd etmişər.

Özbəkistan Respublikasının sabiq Prezidenti İslam Kərimov dövlətlərimiz və xalqlarımız arasında mədəni əlaqələrə toxunaraq demişdir ki, Daşkənd və Bakı şəhərlərində dahi əcdadlarımız Nizami Gəncəvi və Əlişir Nəvainin abidələrinin ucalması, Azərbaycan paytaxtında küçələrdən birinə dünya şöhrətli astro­nom Mirzə Uluqbəyin adının verilməsi azərbaycanlılar və özbəklər arasında qarşılıqlı marağın, tarixən mövcud olan qarşılıqlı hörmətin parlaq nümunəsidir.

Azərbaycan Prezidenti İlham Əliyev ölkələrimiz arasında əlaqələrin, xüsusən də humanitar sahədə əməkdaşlığın əhəmiyyətini önə çəkərək bildirmişdir: “Biz ölkələrimiz arasında humanitar əməkdaşlığı çox yüksək qiymətləndiririk. Bu, tamamilə təbiidir, çünki xalqları­mız qardaş xalqlardır, yaxın xalqlardır. Biz özbək ədəbiyyatını, musiqisi­ni, mədəniyyətini çox sevirik. Yəni, bunlar sizin üçün olduğu kimi, bizim üçün də əziz və doğmadır”. Bu səfər zamanı Daşkənddə Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına mədəniyyət mərkəzinin açılışı olmuşdur.

Azərbaycan Respublikası Preziden­tinin Özbəkistana böyük uğurla və ən yüksək rəsmi təntənə ilə keçən indiki dövlət səfəri zamanı 19 sənəd imzalandı. Yeri gəlmişkən deyək ki, bu səfər ümum­milli lider Heydər Əliyevin Özbəkistana səfərinin 25-ci ildönümündə gerçəkləşdi.

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana budəfəki dövlət səfərinin gündəliyinə Özbəkistan–Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və çoxşaxəli əməkdaşlığın genişləndirilməsi məsələləri daxil idi. Səfər zamanı keçirilən görüşlərdə iki dövlət arasında qarşılıqlı ticarətin həcminin artırılmasına, biznesregional səviyyədə əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə, iqtisadiyyatın müxtəlif sahələrində birgə investisiya layihələrinin təşviqinə, nəqliyyat və tranzit sektorunda imkanlardan səmərəli istifadə edilməsinə xüsusi diqqət yetirildi. Bundan əlavə, dövlət başçıları beynəlxalq və regional vəziyyətlə bağlı fikir mübadiləsi apardılar, çoxtərəfli strukturlar çərçivəsində intensiv dialoqun və qarşılıqlı dəstəyin inkişafı məsələlərini müzakirə etdilər.

Səfər zamanı bir sıra mühüm sənədlər imzalandı. Həmin sənədlər arasında “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Sazişxüsusi önəm daşıyır. Çünki, dünyada cərəyan edən son hadisələr fonunda Azərbaycanın da üzərində yerləşdiyi “orta dəhliz”in əhəmiyyəti artmaqdadır. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq ölkəmizdə bir sıra mühüm nəqliyyat-logistika infrastrukturu yaradılmış və Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunmuşdur. Bütün bunlar Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrindən, o cümlədən Özbəkistandan yükdaşımaların həcminin daha da artmasına təkan verəcək.

Ölkələrinmiz arasında çoxtərəfli əlaqələrin özülündə iqtisadi əməkdaşlıq dayanır. Qlobal böhran nəticəsində dünya iqtisadiyyatını bürümüş mənfi tendensiyalar və proseslər fonunda Özbəkistan və Azərbaycan iqtisadiyyatları üçün müsbət göstəricilər səciyyəvidir. Bu isə, öz növbəsində, hər iki ölkənin seçdiyi inkişaf modellərinin həyat qabiliyyətini və effektivliyini təsdiqləyir. Bu modellər yeni, sosial istiqamətli iqtisadiyyatın formalaşdırılması prinsiplərini özündə əks etdirir

Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında ikitərəfli əməkdaşlıq üzrə müştərək hökumətlərarası komissiyanın fəaliyyəti ticarət-iqtisadi əməkdaşlığın inkişafına böyük töhfə verir.

Azərbaycan get-gedə daha böyük geosiyasi və geoiqtisadi əhəmiyyət kəsb edən Cənubi Qafqaz regionunda Özbəkistanın əsas tərəfdaşıdır. Hər iki dövlət istər regional, istərsə də beynəlxalq xarakterli bir çox məsələlərdə oxşar mövqe tuturlar. Beynəlxalq təşkilatlar, o cümlədən BMT, İKT, EKO, MDB və Türkdilli Dövlətlər Başçılarının Forumu çərçivəsində iki ölkə arasında sıx əməkdaşlıq qurulmuşdur.

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti .- 2022.- 25 iyun.- S.8.