Möcüzəli duyumu, şəfalı əlləri olan cərrah
Professor Çərkəz Cəfərov – 80
Azərbaycan cərrahiyyəsindən,
cərrahlıq elminin nəzəri və praktik cəhətlərindən söhbət
düşəndə, təbii ki, ilk növbədə, göz
önünə akademiklərdən Mirəsədulla
Mirqasımov, Mustafa bəy Topçubaşov, Fuad
Əfəndiyev, Zülfüqar Məmmədov,
Böyükkişi
Ağayev, həmçinin professorlardan
Hüseyn Əliyev, Gülbala
Qurbanov, Nurəddin Rzayev...
kimi korifey mütəxəssislər
gəlir. Onların hər birinin
bu sahəyə öz
baxışı, fərdi üslubu, dəsti-xətti
olsa da, son nəticədə bir məqsədə,
bir qayəyə xidmət edirdilər: cərrahi
əməliyyata məruz qalan pasiyentlərə
düzgün diaqnoz qoyulsun və düzgün
əməliyyat aparılsın. Xəstələr ölümün pəncəsindən xilas olmalı, onlara sağlam həyat bəxş edilməlidir.
Cərrahiyyə elminin hər sahəsinin özünəməxsus çətinlikləri var. Lakin döş qəfəsi orqanlarının cərrahiyyəsi həm taktiki və texniki yanaşma cəhətdən, həm də döş boşluğunda yerləşən orqanların həyati vacibliyi baxımından daha mürəkkəb sahə hesab olunur.
Azərbaycanda
Mustafa bəy Topçubaşovdan, Fuad Əfəndiyevdən
sonra döş boşluğu orqanlarının (ürək
istisna olunmaqla) – xüsusilə də, qida borusu, bronxlar,
ağciyərlər, plevra, orta divar cərrahiyyəsi ilə hərtərəfli
məşğul olaraq onların yolunu uğurla davam etdirən,
innovativ texnologiyalarla zənginləşdirən nüfuzlu
alimlərdən, virtuoz praktik cərrahlardan biri də bu
günlərdə 80 yaşını tamamlamış Azərbaycan
Tibb Universitetinin ümumi cərrahlıq kafedrasının məsləhətçi-professoru,
Əməkdar həkim Çərkəz Məmiş oğlu
Cəfərovdur.
Çərkəz
Cəfərov 1942-ci il iyunun 18-də Naxçıvan Muxtar
Respublikasının Şərur rayonunun Dəmirçi kəndində
dünyaya göz açıb. Hələ
orta məktəbdə oxuduğu
dövrdə kənd tibb məntəqəsində
feldşer vəzifəsində
çalışan böyük
qardaşı onun həkimliyə meyilliyini, iti zehnini, məntiqi təfəkkürünün
gücünü, həm də atletik bədən quruluşuna
malikliyini, yaxşı mənada inadkarlığını,
dönməzliyini görüb və ona cərrah olmağı tövsiyə edib. Bu təklif Çərkəzin
ürəyincə olub və daxilindəki
gizli hisslərinin qardaşının təklifi
ilə üst-üstə düşməsi onu
çox məmnun edib.
1965-ci
ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb
İnstitutunu bitirdikdən sonra o, 4 nömrəli Bakı
şəhər klinik xəstəxanasının döş qəfəsi
cərrahlığı şöbəsində əmək fəaliyyətinə
başlayıb. Hələ 3-cü kursda oxuyarkən gecələr səhərəcən
yuxusuz qalıb cərrahiyyə şöbələrində
çalışması, cərrahi xəstələrə tibb qardaşı kimi qulluq göstərməsi, həkimlərin icazəsi
ilə müxtəlif növ cərrahi əməliyyatlarda
köməkçiliklə məşğul olması ona səbr, təmkin, dözüm xüsusiyyətləri
aşılamışdı. O, ATİ-nin
kliniki bazasında 4 nömrəli şəhər
xəstəxanasının döş qəfəsi
cərrahlığı şöbəsində
çalışarkən Fuad Əfəndiyevin
istedadlı tələbələrindən olan
professor Nurəddin Rzayevlə
tanış olub. Bir müddət sonra xəstəxananın döş
qəfəsi cərrahlığı şöbəsinin, yəni
professor N.Rzayevin rəhbərlik
etdiyi şöbə Elmi-Tədqiqat Kliniki və Eksperimental Təbabət
İnstitutunun (ETKETİ) – indiki
akademik M.A.Topçubaşov
adına Elmi Cərrahiyyə Mərkəzinin
tabeliyinə verilməsi ilə əlaqədar olaraq
Çərkəz Cəfərov da 1967-ci
ildən etibarən fəaliyyətini həmin institutda
davam etdirib. O, 1971-1973-cü illərdə Leninqradda
(indiki Sankt-Peterburq) Ümumittifaq Elmi-Tədqiqat Pulmonologiya
İnstitutunda elmi
ezamiyyətdə olub və “Xroniki qeyri-spesifik
pnevmoniyaların cərrahi müalicəsinə göstərişlər”
mövzusu üzrə namizədlik
dissertasiyası müdafiə edərək Bakıya –
ETKETİ-yə qayıdıb. 1976-cı ildən həmin institutun döş qəfəsi
cərrahlığı şöbəsinin baş
elmi işçisi vəzifəsinə
seçilib.
1982-ci
ildə onun adı ümummilli lider Heydər Əliyevin
uzaqgörən müdrik siyasəti, birbaşa təşəbbüsü
ilə məqsədli doktoranturaya göndərilən 15 nəfərlik
gənc və perspektivli mütəxəssislərin
siyahısına salınıb. 1982-1987-ci
illərdə İ.A.Seçenov adına Birinci Moskva Dövlət
Tibb İnstitutuna elmi ezamiyyətə göndərilib. Ç.Cəfərov 1987-ci ildə orada
professor M.U.Perelmanın rəhbərliyi
altında “Traxeyanın və onun bifurkasiyasının
rezeksiyası və protezlənməsi” mövzusunda
doktorluq dissertasiyası müdafiə
etdikdən sonra Vətənə
qayıdıb və ETKETİ-də elmi-praktik
fəaliyyətini davam etdirib.
Görkəmli
Azərbaycan alimi Çərkəz Cəfərov 1988-1995-ci
illərdə ETKETİ-nin döş qəfəsi cərrahlığı
şöbəsinin baş elmi işçisi, Bakı Şəhər
Səhiyyə İdarəsinin baş mütəxəssis-cərrahı,
sonralar isə Azərbaycan Respublikası Səhiyyə
Nazirliyinin baş cərrahı vəzifələrində
geniş diapazonlu, çoxşaxəli işləri yerinə
yetirib. Ölkənin əksər
regionlarında, o cümlədən
Naxçıvan Muxtar Respublikasında təcili
cərrahi əməliyyat tələb olunan
ağır xəstələrə səyyar cərrahi briqadalar şəklində nicat
verib, onları vaxtsız ölümün
pəncəsindən xilas edib.
Alim
1995-ci ildə müsabiqə yolu ilə Azərbaycan Tibb
Universitetinin ümumi cərrahlıq kafedrasının
müdiri vəzifəsinə seçilib və 2017-ci ilə qədər
bu vəzifəni böyük uğurla yerinə yetirib. Professor Ç.Cəfərov 2017-ci ildən
etibarən həmin kafedranın məsləhətçi-professoru
vəzifəsində çalışır. Bu
illər ərzində o, tədris planını
müasir elmi səviyyədə
təkmilləşdirib. Onun rəhbərliyi altında tədrislə
yanaşı, kafedrada döş
boşluğu orqanlarının
açıq və qapalı zədələnmələri,
ağciyərin və plevranın qeyri-spesifik
irinli, parazitar, şiş xəstəlikləri, orta divarın mediastinitləri, şişləri,
xoşxassəli törəmələri, qida
borusunun, kardioezofageal keçidin
xərçəngi, qida borusunun
kimyəvi yanıqlardan sonra və sinir-əzələ
mənşəli daralmaları, qaraciyər, öd
yolları, mədə və onikibarmaq
bağırsağın xora xəstəliyi,
qarnın ön divarının giqant yırtıqları, peritonitlər,
qarın boşluğu orqanlarının
açıq və qapalı zədələnmələrinin
diaqnostikası və cərrahi müalicəsi ilə əlaqədar
təcrübi və elmi-tədqiqat işləri
aparılıb. Beləliklə, deyə bilərik ki, professor Ç.Cəfərov
cərrahiyyənin əksər sahələrinin professional cərrahlarındandır və
möcüzəli əl qabiliyyətinə malikdir.
Onu tanıyanların hamısı bir ağızdan deyir ki, “yaxşı cərrah çoxdur,
onun kimisi yoxdur”. O, Azərbaycan praktik
cərrahiyyəsinin şedevr yaradan mütəxəssislərindəndir.
Professor
Çərkəz Cəfərov 20 Yanvar faciəsi, Xocalı
soyqırımı, həm birinci, həm də ikinci
Qarabağ müharibəsi zamanı ən ağır əməliyyatların
icrasında iştirak edərək, fədakarlıq nümunəsi
göstərib, yüzlərlə yaralını ölümdən
qurtarıb, Vətən, xalq qarşısındakı borcunu
yüksək səviyyədə, ləyaqətlə yerinə
yetirib.
Kafedrada
tədrisin keyfiyyətini yaxşılaşdırmaq
üçün, o, 2006-cı ildə elmin müasir səviyyəsinə
uyğun yeniliklərə həsr olunmuş “Ümumi cərrahlıq”,
2009-cu ildə “Kliniki və eksperimental cərrahlıq” dərsliklərini
çap etdirib. Bu gün
həmin kitablardan tələbə və
rezidentlər geniş istifadə edirlər.
Professor
Çərkəz Cəfərov 300-dən çox elmi əsərin,
3 dərsliyin, 3 monoqrafiyanın, 5 ixtiranın, 3 patentin, 5 səmərəlişdirici
təklifin müəllifidir. Onun məsləhəti
və rəhbərliyi altında 8 doktorluq,
16 tibb üzrə fəlsəfə doktorluğu dissertasiyası yerinə yetirilib. Hazırladığı tələbələri,
yaratdığı mükəmməl cərrahlıq elmi məktəbinin nümayəndələri
dünyanın çox ölkəsində
fəaliyyət göstərərək Azərbaycana
başucalığı gətirirlər.
Çərkəz
müəllim cərrahiyyə üzrə bir sıra beynəlxalq
və respublika səviyyəli elmi cəmiyyətlərin
üzvüdür və müxtəlif xarici ölkələrdə
keçirilən elmi forumlarda Azərbaycanı təmsil edib, əldə
etdiyi elmi-tədqiqat işlərinin nəticələrinə
aid məqalə və tezisləri yüksək reytinqli elmi məcmuələrdə
çap olunub
Alim
dövlətimiz tərəfindən “Azərbaycan
Respublikasının Əməkdar həkimi” fəxri adına,
“Tərəqqi” medalına, eyni zamanda, müxtəlif
qurumların mükafatlarına layiq görülüb.
Professor Ç.Cəfərov hazırda öz fəaliyyətini gənclik həvəsi ilə davam etdirir. Ona müraciət edənlərin heç birini naümid qoymur. Əməliyyat zamanı onun təkcə gözləri yox, barmaqlarının uclarındakı reseptorlar da, sanki, ikinci görmə orqanı funksiyasını yerinə yetirir. Görünür, alimin beyin qabığındakı stereoqnoziya mərkəzi o qədər güclü inkişaf edib ki, o, barmaqlarının təması ilə damar və sinirlərin orqanlara görə yerləşdikləri yeri daha sərrast dəqiqliklə müəyyənləşdirə bilir, onları hiss edir, duyur və başlıcası da, heç vaxt nə anatomik, nə də cərrahi səhvə yol verir. Bəlkə də buna görədir ki, o, el arasında “qızıl əlli cərrah” titulu ilə də tanınır.
Professor
Çərkəz Cəfərovun 2014-cü ildə Həcc
ziyarətində olması, oruc tutub, namaz qılması, öz
peşəsinin ecazkar gücü ilə ona pənah gətirənlərə
sidq-ürəklə, təmiz qəlblə sonsuz səxavətlilik
nümunəsi göstərməsi Allah yolunda yerinə
yetirdiyi insanlıq borcunun səmimi təzahürlərindəndir.
Əminliklə
demək olar ki, indiki dövrdə Çərkəz müəllim
döş qəfəsi cərrahlığının mahir
ustası, döş qəfəsi cərrahlığı isə
Çərkəz müəllim fenomeninin yaratdığı
və yaşatdığı şah əsərlərindəndir.
Müstəsna təvazökarlıq zirvəsi fatehlərindən olan, sadəlik və böyüklük nümunəsinə çevrilən professor Çərkəz Cəfərova Ulu Tanrıdan möhkəm cansağlığı diləyərək, sağlam həyat tərzi arzulamaq dost-tanışın, onun həyat bəxş etdiyi hər bir xəstəsinin müqəddəs niyyətlərindəndir. O, təkcə ayrı-ayrı fərdlərin yox, ümumilikdə, elin, xalqın, millətin rəğbətini qazanmış bir mütəxəssisdir. El məhəbbətini qazanmaq isə, şübhəsiz ki, ən böyük xoşbəxtliklərdəndir.
Vaqif ŞADLİNSKİ,
akademik,
Mübariz ALLAHVERDİYEV,
Professor
Xalq qəzeti .- 2022.- 25 iyun.- S.10.