İşğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlıq problemi

 

Erməni vandalları Azərbaycan torpağında 30 il ərzində insanları qətlə yetirib soyqırımları törətməklə, şəhərləri və kəndləri yerlə-yeksan etməklə kifayətlənməyiblər. İşğal etdikləri ərazilərdə, eyni za­manda, amansızcasına ekoloji terror törədiblər. Prezident İlham Əliyev onların bu vəhşiliklərini ekosid - ətraf mühitə qarşı genosid adlandırıb.

 

Prezident İlham Əliyevin 2020-ci il 29 oktyabr tarixli “Azərbaycan Respublikası­nın işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” fərmanına əsasən, həmin ərazilərdə ekoloji tarazlığın bərpa olun­ması ilə bağlı təkliflərin hazırlanmasına başlanılmışdır. Azərbaycan Respublika­sının Dağlıq Qarabağ və ətraf rayonların uzun müddət işğal altında saxlanılması nəticəsində orada bioloji müxtəlifliyə, o cümlədən florafauna növlərinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə ciddi ziyan dəymişdir. Ərazilərin yandı­rılması, su resurslarının çirkləndirilməsi, əhalinin sudan qəsdən məhrum edilməsi, qiymətli ağac növləri ilə zəngin meşələrin, eləcə də təbiət abidələrinin, yeraltı və yerüstü təbii sərvətlərin məqsədyönlü şəkildə talan edilməsi nəticəsində ekoloji tarazlıq pozulmuşdur.

 

Kəlbəcəri, eləcə də Ağdamı və Laçını tərk edərkən mənfur düşmənin meşələri necə qəddarcasına yandırdığını bütün dünya gördü. İşğalçılıqla soxulub 30 il yaşadıqları evlərə, meyvəsini dərib yedikləri bağlara, saf havasını udduqları meşələrə bu cür amansız münasibətləri onların kim olduğunu bir daha göstərdi. Prezident İlham Əliyev bu problemi öz çıxışlarında, xarici jurnalistlərə müsahibələrində dönə-dönə vurğulayıb. Hələ keçən il dekabrın 1-də Azərbaycan xalqına müraciət edərkən dövlət baş­çısı Laçın rayonunda 22 min hektar, Kəlbəcər rayonunda 24 min hektar, Zəngilan və Qubadlı rayonlarında 12 min hektar meşə sahələri, işğaldan azad edilmiş digər ərazilərdə də bu cür böyük sərvətimiz olduğunu nəzərə çatdırıb. Meşələrin planetimizin ağciyəri olduğu­nu qeyd edərək deyib: “Mənfur, vəhşi düşmən bizim meşələrimizi 30 il ərzində qırıb, talayıb və son müddət ərzində yandırıb. Buna baxmayaraq, meşə sahələrimizin böyük hissəsi toxunulmaz qalıb, çünki düşmən o meşələrə dırmaşa bilməyib, o, ucqar dağ massivlərində yerləşir. Əlbəttə, dağıdılmış və məhv edilmiş infrastrukturun, o cümlədən kəsilmiş ağacların bərpası da diqqət mərkəzində olacaqdır”.

 

Mənfur düşmən öz xəyanətkar əlini çaylarımıza da uzatmışdır. Onların suyundan güc alan elektrik stansiyalarını darmadağın etmiş, avadanlığını söküb aparmış, binalarını dağıtmışdır. İşğal dövründə erməni vandalları eləcə də çaylarımızın suyunun qabağını kəsmiş, bir neçə rayonda 100 min hektardan çox torpaq susuzluqdan yanaraq, cadar-ca­dar olmuşdur. Prezident İlham Əliyev bu barədə BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində videoformatda çıxış edərkən demişdir ki, Ermənistan keçmiş işğal olunmuş ərazilərdə bizim su ehtiyatlarımızdan süni ekoloji fəlakət yaratmaq üçün istifadə edib. 2016-cı ildə Avropa Şurası Parlament Assambleyası “Azərbaycanın cəbhəboyu rayonlarının sakinləri qəsdən sudan məhrum edilir” adlı qətnamə qəbul edərək, Ermənistan hökumətindən su ehtiyatlarından siyasi təsir və ya təzyiq aləti kimi istifadəsinə son qoyul­masını tələb etmişdir. Ermənistan həmin qətnaməyə qətiyyən məhəl qoymadı və Sərsəng su anbarını humanitareko­loji terrorizm aləti kimi istifadəni davam etdi. Ermənistan qəsdən qış aylarında su anbarını açaraq ətraf ərazilərdə daşqın törədir, yay aylarında isə suyu kəsərək keçmiş cəbhəyanı bölgədə yaşayan insanları və təsərrüfatları sudan məhrum edirdi.

 

Ermənistan transsərhəd Oxçuçay çayını kəskin şəkildə çirkləndirir. Bu isə çayın Azərbaycan ərazisi boyu keçdiyi ərazinin ekoloji sistemini bərpaolunmaz deqradasiyaya məruz qoyur. Təəssüflər olsun ki, bəzi xarici şirkətlər də bu ekoloji cinayətdə iştirak edir.

 

Erməni qəsbkarları işğal dövürdə digər ərazilərə olduğu kimi, Bəsitçay qoruğuna da böyük zərər yetiriblər. Qoruğun meşəlik ərazisinin, demək olar ki, yarısını məhv edib, ağacların kökünü, oduncağını yandırıblar. Bir sözlə, burada illərlə formalaşmış təbii ekosistemin ta­razlığına erməni vandalizmi nəticəsində ciddi zərbə vurulub. Xatırladaq ki, Bəsitçay qoruğu 1974-cü ildə ulu öndər Heydər Əliyevin tapşırığı ilə yaradılıb. Burada 100 hektardan çox sahədə nadir çinar ağacları dövlət tərəfindən qorunur­du.

 

Ermənistanın Qacaran mis-molibdenQafan filizsaflaşdırma kombinatlarının tullantı sularının tərkibində ağır metallar, fenol, və radioaktiv maddələrin miqda­rı yolverilən normadan min dəfələrlə çoxdur.

 

Dövlət başçımız Qubadlıda olarkən buranın təbiətinə, gözəlliyinə heyran olduğunu bildirmişdir. Demişdir ki, Qubadlı ölkəmizin ən gözəl rayonla­rından biridir və qısa müddət ərzində burada lazım olan bütün bərpa işləri görüləcək. Xarici ekspertlər cəlb olunub, onlar qiymətləndirmə işləri aparacaqlar. Videosənədlər, fotosənədlər toplanır, bütün dəymiş ziyan hesablanacaq.

 

1969-cu ilin iyulunda Qubadlı Təbiət Yasaqlığı Qubadlı və Laçın rayonlarının ərazisində yaradılmışdır. Qubadlı rayo­nunun şimal və Laçın rayonunun cənub hissəsində dağ – bozqır sahələrini əhatə edir. Bu yasaqlığın yaradılması­nın məqsədi həmin ərazilərin heyvanlar aləmini və quşlarını qorumaq idi. Sahəsi 20 min hektar olan bu ərazidə vaxtı ilə göylərə boy verən çinar, qoz, tut, ərik, al­balı ağaclarından əsər-əlamət qalmayıb.

 

Qubadlı rayonunun Bərgüşad və Həkəri çayları farel balıqlar məskəni idi. Ermənilər işğal dövründə tonlarla farel balıqları müxtəlif üsullarla talayaraq İrəvana, Qafana, Gorusa və digər rayon­lara daşıyırdılar.

 

Erməni faşistlərinin dağıtdığı şəhər və kəndlərimizi yenidən qurmaqla bərabər, onların təbiətimizə vurduğu “yara”ları da sağaldacağıq. Meşələri bərpa edəcək, yeni bağlar salacaq, çaylarımızın suyundan bəhrələnəcəyik. Bu, Prezidentimizlə xalqımızın qətiyyəti, məramı, məqsədidir və başlanmış böyük işlər uğurla davam edir.

 

Dövlətimizin başçısı, birinci xa­nım Mehriban Əliyeva və qızları Leyla Əliyeva bu regiona səfərləri çərçivəsində Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisində çinar ağacları əkdilər və Bəsitçaya xırda balıqları buraxdılar.

 

Heydər Əliyev Fondunun vitse-prezi­denti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Ümumrespublika Yaşıllaşdırma Ma­rafonu (“Yaşıl Marafon”) çərçivəsində Zəngilan rayonunda meşə sahəsinin bərpası məqsədilə ağacəkmə aksiyası baş tutub. Aksiya çərçivəsində ərazinin torpaq-iqlim şəraitinə uyğun 500 ədəd müxtəlif növ ağac əkilib.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilmişdir ki, ekolo­ji tarazlığın bərpa olunması ilə bağlı təkliflərin hazırlanmasına başlanılmış­dır. İşğaldan azad olunmuş ərazilərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2021-2023-cü illər üzrə yerinə yetirilməsi nəzərdə tutulan işlərə dair tədbirlər planında ekoloji tarazlı­ğın bərpası ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

 

Hazırladı: M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti  2022.- 11 mart.- S.6.