Türkiyə Qarabağın bərpasında
da Azərbaycanın ən yaxın
müttəfiqidir
Azərbaycan Prezidenti İlham Əliyev martın 10-da Ankarada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə iki qardaş ölkə arasında qardaşlıq və dostluq münasibətlərinin müttəfiqlik əsasında inkişaf etdiyini vurğulayaraq, postmünaqişə dövründə də bu əlaqələrin Qarabağın bərpasında özünü aydın büruzə verdiyini diqqətə çatdırıb. Ölkə rəhbəri erməni faşizminin yerlə bir etdiyi ərazilərimizin canlandırılmasında türk şirkətlərinin fəal rol oynadıqlarını bildirib.
Xatırladaq ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanı tanıyan ilk dövlət Türkiyə olub. Müstəqilliyin ilk illərindən etibarən qardaş ölkə Azərbaycanın dövlət quruculuğu yolunda atdığı addımları daim dəstəkləyib, böyük dövlətlərin iştirak etdiyi tədbirlərdə Azərbaycan naminə haqq səsini ucaldıb. Ölkəmizin ən ağrılı probleminə çevrilən Qarabağ münaqişəsinin həllində Türkiyənin həmişə Azərbaycan xalqının yanında olması böyük və sarsılmaz dostluğumuzun, qardaşlığımızın ifadəsi, həmrəyliyimizin rəmzi kimi diqqət çəkib.
Yeri gəlmişkən, bu iki qardaş ölkənin sıx bağlılığı, doğmalığı Vətən müharibəsində özünü daha qabarıq şəkildə büruzə verdi. İkinci Qarabağ savaşı başlanan günün ilk saatlarından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Azərbaycana birmənalı, dəqiq və açıq siyasi-mənəvi dəstəyini ifadə etdi. Bununla da Türkiyə bəzi ölkələrdəki bir sıra dairələrin Azərbaycana münasibətdə düşməncəsinə hərəkətlərinin birmənalı şəkildə qarşısını aldı.
Bu gün dünyanın siyasi xəritəsində mühüm mövqeyə, gücə malik Türkiyə XXI əsrin əvvəllərindən regionda və dünyada əsas söz sahiblərindən birinə çevrilib. Təsadüfi deyil ki, Türkiyə “Böyük İyirmilik” dövlətləri içərisində ən sürətlə inkişaf edən iqtisadiyyata malik ölkələrdən biri kimi böyük nüfuz qazanıb.
İllərdir ki, Azərbaycan–Türkiyə əməkdaşlığı uğurla inkişaf edir. Ortaq maraqların və dəyərlərin birləşdirdiyi bu iki ölkə dünya miqyasında ən yaxın strateji müttəfiqlər kimi daim bir-birinin yanındadır. Azərbaycan–Türkiyə dostluq və qardaşlıq münasibətləri regionda əmin-amanlığın və sabitliyin qorunmasına mühüm töhfədir. Qarşılıqlı faydalı əməkdaşlıq, həyata keçirilən birgə layihələr strateji tərəfdaşlığın daha da möhkəmlənməsini şərtləndirir.
Bu dəstək hazırda Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesində daha çox diqqət çəkir. Bölgədə tikinti işlərinin aparılmasına Türkiyə şirkətləri tərəfindən 1800 qardaş ölkə vətəndaşının cəlb olunması, onların Azərbaycan üçün strateji önəm daşıyan Füzuli–Şuşa avtomobil yolunun inşasında, eyni zamanda, Göygöl bölgəsindən Kəlbəcərə magistralın çəkilişində, digər infrastruktur layihələrinin icrasında, habelə tarixi abidələrimizin bərpasında səmərəli fəaliyyət göstərmələri bunun bariz ifadəsidir.
Prezident İlham Əliyev Türkiyənin Qarabağ və Şərqi Zəngəzurun bərpasına böyük dəstək verdiyini daim xatırladıb. Dövlətimizin başçısı çıxışlarının birində bu barədə deyib: “Bu bölgələrin – Şərqi Zəngəzur və Qarabağ bölgələrinin bərpası üçün bizə ən çox dəstək verən yenə də qardaş Türkiyəmizdir. Türkiyənin bir çox şirkətləri bu gün bizim üçün çox önəmli infrastruktur layihələrində çalışırlar – körpülər, tunellər, yollar, dəmir yolları, elektrik stansiyaları, hava limanları – bütün bu işlərdə fəal iştirak edirlər. Hörmətli Cümhurbaşqanı ilə birlikdə açdığımız Füzuli Hava Limanının inşasında Azərbaycan şirkətləri ilə bərabər, 12 türk şirkəti iştirak etmişdir. Hesab edirəm, məhz buna görə biz hava limanını rekord müddət ərzində, cəmi 8 ay ərzində inşa edə bildik. Hazırda Türkiyə şirkətləri, eyni zamanda, Zəngilan Hava Limanının inşasında iştirak edirlər və bizim digər layihələrimizdə iştirak edəcəklər”.
Qardaş ölkənin Şərqi Zəngəzur və Qarabağın bərpasında fəal iştirakından danışarkən, bir məqama da toxunmaq istərdik. Amma əvvəlcə onu deyək ki, işğal dövründə ermənilər tərəfindən basdırılan çoxsaylı minalar indi yüz minlərlə məcburi köçkünün öz dədə-baba yurdlarına qaytarılmasına ciddi maneə yaradıb. Düzdür, Prezident İlham Əliyev Ermənistanı mina xəritələrini verməyə məcbur etmək üçün məqsədyönlü və prinsipial siyasət aparıb. Düşmən ölkə bununla bağlı tank və piyada əleyhinə mina xəritələrinin müəyyən hissəsini Azərbaycana qaytarıb. Lakin həmin xəritələrin böyük bir qismində dəqiqlik öz ifadəsini tapmayıb.
Ölkə rəhbəri elə buna görə də Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində TASS agentliyində bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşü zamanı hələlik o ərazilərdə qayıtmağa yer olmadığını, işğal dövründə yaşayış məntəqələrinin yelə-yeksan edildiyini, indi isə evlərin, infrastrukturun tikildiyini və bərpanın sürətlə aparılmasına minalanmanın çətinliklər yaratdığını vurğulayıb: “Müharibənin qurtarmasından keçən bir il üç ay ərzində minaların partlaması nəticəsində ölənlərin və əlil olanların sayı 200 nəfərdən çoxdur. Müharibə başa çatandan sonra ilk aylarda Vladimir Vladimiroviç Putinin çağırışlarına baxmayaraq, baş nazir Paşinyan onlarda mina xəritələrinin olmaması barədə inadla danışırdı. Bu, yalan idi və biz bilirdik ki, minalanmış sahələrin xəritəsi var. Bir neçə aydan sonra artıq onlar etiraf etdilər ki, bəli, belə xəritələr mövcuddur, lakin onları bizə verməkdən imtina edirdilər. Əslində, bununla beynəlxalq humanitar hüququ kobud şəkildə pozur və barələrində danışdığınız qaçqınları ölümə məhkum edirdilər. Çünki insanlar 30 il gözləmişdilər, hamının qarşısını almaq, hər yolda blok-postlar qurmaq da mümkün deyildi. Yəni, dolayı yollar var, insanlar keçir, gedirlər, öz evlərinin heç olmasa xarabalığını axtarıb tapmaq istəyirlər və həlak olurlar. Minalanmış sahələrin xəritələri yekunda bizə təhvil verildi, lakin onların dəqiqliyi 25 faiz təşkil edir. Yəni, əslində, yararsızdır. Bu, başlıca problemdir ki, niyə biz artıq indi insanları qaytara bilmirik...”.
Türkiyə bu problemin həllində də Azərbaycana dəstəyini əsirgəməyib. Mina və partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə qardaş ölkənin hərbi istehkamçılarının ilk qrupu Azərbaycana hələ 2020-ci il noyabrın 30-da, yəni müharibə başa çatdıqdan 20 gün sonra göndərilib. Qrup Azərbaycan Ordusuna işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsində kömək göstərməyə başlayıb.
Qardaş Türkiyə Azərbaycana ötən ilin fevralında 20, may ayında isə əlavə 5 ədəd “MEMMAT” (Mexaniki Mina Təmizləmə Təchizatı) mina təmizləyən maşın göndərib.
Azərbaycan Ordusunun Mühəndis Qoşunları İdarəsinin rəisi general-mayor Anar Kərimovun sözlərinə görə, bu texnikanın üstünlüyü ondan ibarətdir ki, 500 metr məsafədən idarə olunur və artıq onun işlədiyi əraziyə insanın girməsinə ehtiyac qalmır. Partlayış da baş verərsə, insan faktoru kənarda qalmış olur.
Bunlardan əlavə, Türkiyə Milli Müdafiə Nazirliyi, həmçinin Azərbaycan Fövqəladə Hallar Nazirliyinə 10 xüsusi təlim keçmiş minaaxtaran it hədiyyə edib. Azərbaycan kinoloqları Türkiyədə mina axtarışı və təmizlənməsi təlimləri keçib.
Xatırladaq ki, Türkiyənin Qarabağ və Şərqi Zəngəzurun bərpasında iştirakı ötən il iyun ayının 15-də qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində Şuşada Prezident İlham Əliyevlə birgə “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” imzalanan Şuşa Bəyannaməsində də öz ifadəsini tapıb. Sənəddə bir sıra məsələlərlə yanaşı, Zəngəzur dəhlizinin siyasi-iqtisadi əhəmiyyəti diqqətə çatdırılaraq, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının reallaşdırılması nəzərdə tutulub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir sıra bəyanatlarında Azərbaycanın Zəngəzur dəhlizi layihəsini çox əhəmiyyətli hesab edərək, onu dəstəkləyib. Qardaş ölkənin rəhbəri sözügedən layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq dəhliz açılacağını, bunun çox böyük əhəmiyyət kəsb edəcəyini bildirib.
Şuşa Bəyannaməsində Zəngəzur dəhlizinin davamı kimi Naxçıvan–Qars dəmir yolunun tikintisinin də Azərbaycanla Türkiyə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə mühüm töhfə verəcəyi öz ifadəsini tapıb.
Hazırda icrasında qardaş ölkə şirkətlərinin də iştirak etdiyi Zəngəzur dəhlizi yolunun ölkəmizdən keçən hissəsində tikinti işləri sürətlə və keyfiyyətlə davam etdirilir. Yol üzərində körpü və tunellər inşa olunur. Artıq yolun bəzi hissələrinin asfaltlanması prosesi də uğurla həyata keçirilir.
Qarabağda türk və azərbaycanlı investorlar tərəfindən reallaşdırılan “Dost Aqropark” layihəsi barədə də bəzi məqamlara diqqət yetirmək istərdik. Xatırladaq ki, Zəngilan rayonunda bu aqroparkın yaradılması mühüm tarixi hadisədir. Belə ki, qardaş ölkənin dəstəyi ilə qurulan müəssisənin otlaq sahələrində 4 min baş cins qaramalın yetişdirilməsi, əkinçilik məhsulları istehsalı və digər fəaliyyətlərin həyata keçiriləcəyi nəzərdə tutulur.
Kompleks, həmçinin bölgənin toxum, gübrə və kənd təsərrüfatı avadanlığına tələbatını da ödəyəcək. “Dost Aqropark”da “Ağıllı kənd təsərrüfatı” texnologiyaları, bərpaolunan enerji və dayanıqlı kənd təsərrüfatı mexanizmlərinə əsaslanan fəaliyyət qurulacaq. Aqropark tam işə düşdükdən sonra burada 500 nəfərə iş imkanı yaradılacaq. Bir sözlə, “Dost Aqropark” Azərbaycan və Türkiyənin qida təhlükəsizliyinə töhfə verəcək.
Layihə başa çatdıqda 6 min hektar sahədə bitki mənşəli istehsal və texnika sahələri yaradılacaq, 10 min baş cins heyvanın yetişdirilməsi üçün maldarlıq, eləcə də toxumçuluq və şitilçilik sahələri salınacaq. Bununla yanaşı, bütün bölgəni əhatə edən inteqrasiya olunmuş ət emalı və qablaşdırma müəssisəsi qurulacaq, tutumu 100 min ton olan kənd təsərrüfatı anbarı tikiləcək.
Qarabağ və Şərqi Zəngəzurda yol infrastrukturunun qurulmasında da Türkiyə şirkətləri tərəfindən fəallıq göstərilir. Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində Zəngəzur dəhlizinin – Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolunun təməlinin qoyulması, eyni zamanda, dövlətimizin başçısı və Türkiyə rəhbərinin Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda tikinti işlərinin gedişi ilə tanış olmaları bunun bariz ifadəsidir.
Xatırladaq ki, uzunluğu 81 kilometr nəzərdə tutulan Əhmədbəyli–Füzuli–Şuşa yolu altı-dörd cərgədən ibarət olacaq. Magistralın başlanğıcdan 51 kilometrlik hissəsi Azərbaycan şirkətləri, əllinci kilometrdən 81-ci kilometrə qədər hissəsi isə Türkiyənin “Kolin İnşaat” və “Çingiz İnşaat” şirkətləri tərəfindən çəkilir. Türkiyə şirkətlərinin fəaliyyət göstərdiyi hissədə 6 kilometr uzunluğunda tunel tikilir və 7 yol ötürücüsünün isə inşası nəzərdə tutulur. Tunellərin ümumi uzunluğu 6500 metrdir.
Şuşa şəhərinin girişində olan biri 431 metr, digəri isə 530 metr uzunluğunda olan 4-cü və 5-ci tunellər artıq tikilib.
Azərbaycanda Toğanalı–Kəlbəcər yolunda ən böyük – 11 min 600 metrlik Murovdağ tunelini də “Çingiz İnşaat” inşa edir. Bundan başqa Qorçu aeroportunun 3,5 kilometrliyində Laçın–Kəlbəcər tuneli də var.
Ümumiyyətlə, işğaldan azad olunan ərazilərimizdə Türkiyənin dəstəyi ilə turizm, kənd təsərrüfatı, dağ-mədən və hasilat sənayesi, tikinti materialları istehsalı, alternativ enerji kimi potensial sektorların yenidən canlandırılması və ölkə iqtisadiyyatına inteqrasiyası, habelə bölgədə yeni nəqliyyat-logistika dəhlizlərinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər qardaş ölkə ilə əlaqələrimizin genişləndirilməsində yeni perspektivlər vəd edir.
Vaqif BAYRAMOV
Xalq qəzeti.-2022.-12
mart.-S.3.