Azərbaycan–Türkiyə liderləri bütün dünyaya
örnəkdir
Azərbaycan Prezidenti İlham Əliyev martın 10-da qardaş Türkiyəyə işgüzar səfər etdi. Prezident İlham Əliyevlə Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan ilə Ermənistan arasında əlaqələrin normallaşdırılmasının perspektivləri ətrafında fikir mübadiləsi apardılar. Əlbəttə, 44 günlük Vətən müharibəsinin qalıcı nəticələri, həmin nəticələrin daha da möhkəmlənməsi ilə bağlı müzakirələr cəmiyyətimizin xüsusi diqqət mərkəzindədir.
Rəsmi məlumatda bildirilir ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda təsbit olunmuş bütün müddəaların Ermənistan tərəfindən icrasının vacibliyi görüşdə qeyd edilib, Türkiyə və Ermənistan nümayəndə heyətlərinin təmasları mövzusunda müzakirə aparılıb. Həmçinin Zəngəzur dəhlizinin açılmasının, onun bölgə üçün yaratdığı perspektivlərin, bu xüsusda Qars–Naxçıvan dəmir yolu xəttinin çəkilməsinin önəmi vurğulanıb. Söhbət əsnasında iqtisadi–ticarət əlaqələrinin daha da genişləndirilməsi barədə, hərbi, hərbi texniki, o cümlədən, hərbi təlim və tədris sahələrində əməkdaşlığın uğurla davam etdirildiyi, Ukraynadakı və başqa hadisələrlə bağlı da fikir mübadiləsi aparılıb. Bütün bunlar çox önəmlidir.
Qeyd edək ki, Azərbaycan Prezidenti Türk Şurasının (indiki Türk Dövlətləri Təşkilatının) VIII Zirvə Görüşü üçün ötən ilin 12 noyabrında İstanbula səfər etmişdi. Budəfəki səfər Ankaraya oldu. İlham Əliyevin qardaş ölkənin keçmiş və indiki paytaxtına səfərlərindən öncə Türkiyə dövlət başçısının bizim siyasi (Bakı) və mədəniyyət (Şuşa) paytaxtımıza (eləcə də, Füzuliyə, Zəngilana) səfərlərini yaxşı xatırlayırıq. Bu ünvanlar yalnız könül coğrafiyamızı deyil, Şuşa Bəyannaməli qardaşların siyasi ahəngini, iqtisadi ritmini və beynəlxalq nizama uyğun arayışlarını da ehtiva edir. Heç təsadüfi deyil ki, Azərbaycan Prezidentinin səfərindən saatlar öncə (son 8 ildə ilk dəfə) İsrailin Prezidenti Türkiyəyə səfər etmişdi. R.T.Ərdoğan Ukrayna, Rusiya prezidentləri ilə, digər ölkələrin dövlət başçıları ilə telefon danışıqları aparmış və Türkiyə ilə Azərbaycan prezidentlərinin 4 saatlıq görüşündən az sonra isə ABŞ Prezidenti türkiyəli həmkarına zəng etdi.
Bəli, dünyanın gözü Azərbaycanın qardaşındadır. Yenə təsadüfi deyil ki, Azərbaycana səfərdən yenicə dönən Türkiyə Xarici İşlər nazirinin vasitəçiliyi ilə Ukrayna və Rusiya Xarici İşlər nazirləri Antalyada bir araya gəldilər. Antalya Diplomatiya Forumu özü böyük hadisədir. Necə deyərlər, “Diplomatiyanın yenidən qurulması”na çalışılır. Dünyanın dörd yanından dövlət və hökumət başçıları, nazirlər, siyasətçilər, diplomatlar, iş adamları, akademiklər, beyin mərkəzlərinin üzvləri, gənclər, media nümayəndələri Antalyaya yığışıb. Rusiya – Ukrayna savaşı, Rusiyaya misilsiz Qərb sanksiyaları fonunda Türkiyə bütün qarşıduran tərəflərin üz tutduğu, ehtiyac duyduğu (ən əsası), etibar etdiyi ən xarakterli dövlətdir. Doğrudan da, “Dünya beşdən böyükdür”… Antalya Diplomatiya Forumuna gələnlər, daha böyük ziyanlardan dönüş ümidinin Antalyada mexanizm qazanacağına (yaxud daha az itkilər fazasına keçidə) inam bəsləyirlər desək, yanlış olmaz.
Ermənistanın xarici işlər naziri də Antalyadadır… Azərbaycanın Xarici İşlər nazirinin Antalyada olması isə o qədər təbii hadisədir ki, əksini düşünmək belə təsəvvürəgəlməzdir.
* * *
Azərbaycan və Türkiyə dövlət başçılarının şəxsi dostluğu, bu dostluğun Türkiyə – Azərbaycan işbirliyini daha yüksək səviyyəyə qaldırması danılmaz faktdır. Bu dünyada qardaş xalqlar çoxdur. Əlbəttə, qardaşlıq əcdadın mirasıdır, lakin hər miras etibarlı əllərdə olmaya bilər. Dünyanın gündəmində olan Rusiya – Ukrayna savaşı qardaşların münasibətsizliyinin gətirib çıxardığı acı mərhələnin ən yeni və ibrətamiz örnəyi deyilmi? Biz dövlətlərin ərazi bütövlüyünü ürəkdən dəstəkləyən bir zehniyyətə sahibik. Özümüz işğaldan, dağıntıdan, qan–qadadan çəkdiyimizi çəkmişik, dünyanın heç bir ölkəsinin, xalqının biz çəkən ağrıları çəkməsini istəmirik. Üstəlik, Ukrayna kimi dost ölkənin şəhərlərinin viran qalması, əhalinin qaçqın –köçkünə dönməsi, uşaqların, qadınların, qocaların öldürülməsi, təhlükələrə məruz qalması bizim qəbul edəcəyimiz hallar deyil.
Doğrudur, biz daha betərini yaşamışıq, heç kəsin yaşamasını istəmirik. Nə demək istəyirəm? Soy-kökdən, tarixdən gələn qardaşlığı qorumaq, inkişaf etdirmək və daha üstün – strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq hər liderin bacardığı iş deyil. İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan bunu bacardı. Gəlin etiraf edək, Azərbaycanla Türkiyənin indiki qədər yüksək səviyyəli strateji müttəfiqliyi məhz indiki liderlərimizin əsəridir. Bugünkü yüksək səviyyə və dövlətlərimizin gücü, nüfuzu müstəqilliyimizin ilk illərində olsaydı, çox yəqin ki, I Qarabağ müharibəsinin taleyi bir başqa cür ola bilərdi. Liderin tarixdəki rolu bir daha gündəmə gəlir və İlham Əliyev – Rəcəb Tayyib Ərdoğan dostluq və qardaşlığının, hər iki liderin öz ölkələrinin inkişafı üçün gördüyü fövqəladə işlərin məntiqi nəticəsi şəxsiyyət və zaman düşüncələrini bizim üçün bir daha gündəmə gətirir. Azərbaycanla Türkiyə bu anlamda öz liderləri ilə bütün dünyaya örnəkdir. Liderlərimiz həm öz ölkələrini, həm də öz ölkələrindən ayırmadıqları qardaş ölkənin qüdrətlənməsini əməli addımlarla təmin edir. Dövlət böyüklərimizin sözlərini bir daha xatırlayaq: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, “Biz bir millət, iki dövlətik”. İndiki nəsillərin əsas mənəvi borcu bu kəlamların birlik ruhunu qorumaq, o birliyə daha üstün səviyyə qazandırmaqdır.
Şuşa Bəyannaməsi iki qonşu, dost, qardaş ölkə arasında daimi müttəfiqliyin geridönməzliyinin, qarşısıalınmazlığının təsdiqidir. Niyyət bəyanından söhbət getmir, söhbət iki ölkənin parlamentində təsdiqlənmiş qanundan gedir. İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın birlikdə gördüyü işlər təsadüflərlə, tendensiyalarla deyil, məhz qanunauyğunluqlarla səciyyələnir. Şuşa Bəyannaməsi qanundur! Azərbaycan Prezidentinin Şuşada, tarixi bəyannamə imzalanarkən dediyi sözlərlə ifadə etsək, əcdadımızın ruhunu şad edən, gələcək nəsillərə yol açan qanun!
Şuşa Bəyannaməsi adı ilə, məzmunu ilə şərəflidir. Şuşa Bəyannaməsi böyük gələcək vədi ilə əvəzsizdir. Elə bir sənəddən danışırıq ki, bütün digər oxşar sənədlər onunla yalnız açıq fərqlə müqayisə oluna bilər, ona istinad oluna, ona bənzədilməyə çalışılar. Örnəyi, Azərbaycanla Türkiyə arasında hərbi-texniki işbirliyinin örnəyi nə öz keçmişimizdə müşahidə olunmayıb, nə də başqa ölkələrlə münasibətlərin keçmişinə xas olmayıb, gələcəyinə də uyğun deyil. Bizim müşahidəmiz, dəyərləndirməmiz və inamımız da odur ki, Şuşa Bəyannaməsindən üstün sənəd yoxdur. Çünki Azərbaycanla Türkiyənin dərin bağları var. O dərinliyi dərk edib, əcdad ruhunu şad edən, gələcəyə yol açan liderləri var. Belə liderlər hər ölkənin, hər dövrün şansı deyil.
Baxın, elə Antalya Diplomatiya Forumunda baş tutan Rusiya – Ukrayna danışıqları da konkret nəticələrə gətirib çıxarmadı. Bundan öncə üç raundda Belarusiyada işçi qruplar səviyyəsində görüşən keçmiş qardaşlar Türkiyədə nazirlər səviyyəsində görüşsə də, anlaşmadan nə qədər uzaq olduqlarını hər kəs görmüş oldu. Təəssüf ki, barışın təsisinə xidmət edən çağırışlar, çalışmalar hələlik nəticə vermir.
Azərbaycan – Türkiyə strateji müttəfiqliyi yalnız iki ölkənin deyil, bölgənin dizaynını dəyişir. İstər “3+3” formatlı işbirliyi arayışları, istər Zəngəzur dəhlizi ilə bağlı atılan addımlar, istərsə də Avropann enerji təhlükəsizliyi baxımından özəl önəm daşıyan TANAP və TAP Türkiyə–Azərbaycan işbirliyinin təntənəsi olaraq, indiki ağır vəziyyətdə qeyri-adi gerçəklik yaradır. Şuşa Bəyannaməsi qanunu Azərbaycan–Türkiyə strateji müttəfiqliyi türksoylu ölkələrin işbirliyinin önəmini və rolunu da qabardaraq, bugünkü geosiyasi durumda atılmalı zəruri addımları ön plana çıxarır.
Nəhayət, Azərbaycan–Türkiyə strateji müttəfiqliyi Türk Dövlətləri Təşkilatı miqyasında da özünü göstərməlidir. Təşkilatın bütün üzvləri (o cümlədən müşahidəçi üzvləri) Şuşa Bəyannaməsi ruhunda strateji müttəfiqlik sənədi imzalamlıdır. Bu imzalar Şuşa saflığına, Tanrı dağları yüksəkliyinə, İstanbul fəthinin ruhuna köklənməlidir.
Əkbər QOŞALI
Xalq qəzeti.-2022.-12
mart.-S.4.