“Xarıbülbül” festivalı – milli musiqi tariximizin
şanlı səhifəsi
Hələ sovetlər dönəminin sonunda
1989-cu ildə Qarabağın tacı olan Şuşada böyük musiqi bayramı keçirildi.
“Xarıbülbül” Beynəlxalq Musiqi
Festivalının Şuşada
keçirilməsi təsadüfi deyildi.
Əvvəla, Şuşa məşhur musiqi xadimlərinin doğma
yurdu idi, digər tərəfdən
bu şəhərin gözəlliyinə musiqi yeni çalarlar
gətirirdi.
Məlumat üçün bildiririk ki, “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar keçirilməyə başlanıb.
1990-cı ildə
Xarıbülbül festivalı
beynəlxalq status alıb. Sonrakı dövrdə
tədbirdə Yaponiya,
ABŞ, Türkiyə, Almaniya,
İsrail, Holandiya, İtaliya, İspaniya, Avstriya, Əfqanıstan,
SSRİ ölkələrinin iştirakı ilə baş tutub. Festival beynəlxalq status daşıdığından, təkcə
Azərbaycanın deyil,
SSRİ-nin mühüm
mədəniyyət tədbirlərindən
biri hesab olunub.
İkinci festival çərçivəsində bəzi konsertlər Qarabağın digər şəhərlərində – Bərdə
və Ağcabədidə
də keçirilmişdi. Ümumiyyətlə, festivala dünyanın hər yerindən təxminən 170 nəfər
qatılmışdı.
Üçüncü festival 1991-ci ildə baş tutmuşdu. Bu tədbirə
25 ölkədən, təxminən
300 nəfər gəlmişdi.
Keçən illərdə iştirak
edən ölkələrə
Amerika və Avstraliyadan sənətçilər
də qoşulmuşdu.
Festivalın qərargahı Mingəçevir
şəhərində idi.
Tamaşaçı çoxluğu səbəbindən
festival çərçivəsində konsertlər stadionlarda keçirilmişdi. 1990–1991-ci il final konsertləri
Bakıdakı Respublika
Sarayında baş tutmuşdur.
Dördüncü festival 1992-ci il mayın
15-də başlamalı idi.
Burada dünyanın 30-dan çox
ölkəsindən 500 nəfərin
iştirakı planlaşdırılırdı.
Lakin festival Qarabağda
müharibənin başlaması
və mayın 8-də
Şuşa şəhərinin erməni
silahlı qüvvələri
tərəfindən ələ
keçirildiyinə görə
ləğv edilmişdir.
Azərbaycan Prezidenti
İlham Əliyev
2021-ci il 7 may tarixli sərəncamı ilə Şuşa şəhərini ölkənin
mədəniyyət paytaxtı
elan etmişdir. Bu sərəncamla Vaqif Poeziya Günləri
və “Xarıbülbül”
festivalı da bərpa olunmuşdur.
2021-ci il mayın 12–13-də “Xarıbülbül”
festivalı düşməndən
azad olunmuş Şuşada keçirilmişdir.
Festival Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin çıxışı ilə başlamışdır. Prezident demişdir: “Biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək. Builki festival Azərbaycanda yaşayan xalqların nümayəndələrini əhatə edir. Bugünkü festivalda ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri çıxış edəcəklər.
Bu tövsiyəni festivalın təşkilatçısı olan Heydər Əliyev Fonduna mən vermişdim, çünki Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır. Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır”.
Daha sonra Azərbaycanda yaşayan xalqların folklor ansambllarının çıxışları baş tutmuşdur. Sənətçiləri səhnədə Azərbaycan Dövlət Akademik Filarmoniyasının Dövlət Rəqs Ansamblının musiqiçiləri müşayiət etmişdir. Həmçinin müxtəlif illərdə Şuşada lentə alınan azərbaycanlı müğənnilər Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid Behbudov, Şövkət Ələkbərovanın ifaları ilə videolar nümayiş olunmuşdur.
Festivalın ikinci günü qala-konsert baş tutmuşdur. Azərbaycan bəstəkarlarının klassik musiqi əsərləri təqdim
edilmişdir. Konsert proqramı
Azərbaycan Dövlət
Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellasının ifasında
“Koroğlu” operasından
üvertura ilə açılmışdır.
İndi növbəti “Xarıbülbül”
festivalına hazırlıq
görülür. “Şuşa
ili”nin ilk böyük tədbiri bu ilin may ayında
Mədəniyyət Nazirliyi,
Heydər Əliyev Fondu və Şuşa
Şəhəri Dövlət
Qoruğu İdarəsinin
təşkilatçılığı ilə keçiriləcək
“Xarıbülbül” Beynəlxalq
Folklor Festivalı olacaq.
İnanırıq ki, növbəti festival milli musiqi sənətimizin
əsl təntənəsinə
çevriləcək.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti
2022.- 15 mart.- S.6.