Bu gün
İlaxır çərşənbədir
Bu, insanın, təbiətin, həyatın canlanması
ilə əlaqədardır
Milli–mənəvi dəyərləri
ilə yer üzündə tanınan Azərbaycan
xalqı əsrlərdən üzübəri
yaşatdığı və gələcək nəslə ötürdüyü bəşəri
ideyaları, gözəl adətləri, ənənələri,
milli xüsusiyyətləri ilə seçilib. Aparılan elmi tədqiqatlar
zamanı aydın olmuşdur ki, qədim köklərə malik
Azərbaycan əsrlər boyu öz maddi və mənəvi
xəzinəsini qoruyub saxlaya
bilmişdir. Nəticədə, həmin zəngin
irsdə xalqın soykökünə bağlı olan adət–ənənələr XXI əsrə
gəlib çatmışdır.
Novruz bayramına qədər dörd çərşənbənin qeyd edilməsi təsadüfi deyil. Belə ki, bayramın gəlişi zamanı xoş əhval-ruhiyyə yaşanır və müjdə verilir. Rəmzi məna daşıyan çərşənbələri ulu babalarımız bayram hesab etmişlər. Torpağa nəfəs gəlir. Təbiət, eləcə də, bütün canlılar oyanır. Ardıcıllıqla qeyd edilən çərşənbələr sırasında bu gün keçirdiyimiz sonuncu – Torpaq çərşənbəsidir. Xalq arasında Torpaq çərşənbəsi “İlaxır çərşənbə”, “Yer çərşənbəsi”, “Çərşənbə–suri” kimi də adlanır. Bu çərşənbədə torpağa istilik gəlir və bütün təbiət oyanmağa başlayır. Bununla bağlı xalq arasında bir çox inanclar yaranmışdır. Dörd ünsürdən sonuncunun oyanması ilə Sel, Atəş, Yel və Torpaq daha böyük güc alır. İnsanlar yoxsulluq və qıtlıqdan, çətinlik və məhrumiyyətdən xilas olurlar. Bu inamla bağlı xalq arasında yayılmış mifoloji təsəvvürə görə insanların qıtlıqdan, yoxsulluqdan əziyyət çəkdiyi bir zamanda Sel, Atəş, Yel, Torpaq Xatunun yeraltı məbədinə qonaq gəlirlər. Burada yatmış torpaq Xatunu oyadıb, insanların aclıq çəkdiyini ona deyirlər. O zaman Torpaq Xatun yerindən qalxaraq “Adamları fəlakətə salan, özü fəlakətə düşər”– deyir və beləliklə, Sel, Atəş, Yel və Torpaq Xatun əl-ələ verib:
Zəmzəm gəldi,
Atəş gəldi,
Yel gəldi,
Təzə ömür, təzə
məhsul, il gəldi
– deyə oxuya–oxuya işıqlı dünyaya çıxırlar. Deyilənə görə, həmin gün İlaxır çərşənbə olub Selə, Atəşə, Yelə və Torpağa inanc və inamı, bütövlükdə, özündə əks etdirən çərşənbələrin İslamdan və zərdüşlükdən əvvəlki görüşləri ilə bağlı olduğunu göstərir. Mənbələrə və müşahidələrə əsaslanaraq, demək mümkündür ki, Novruz torpağın oyanması, yəni əkin mövsümünün başlanması ilə səciyyələnir. Torpaqdan əvvəl oyanan Su, Od və Yelin başlıca məqsədi torpağı oyatmaqdır. Axır çərşənbə mərasim, ayin, etiqad, oyun və şənliklərlə daha çox zəngindir. Bu çərşənbədə əvvəlki çərşənbələrdə icra olunan bütün ayinlər kütləvi xalq şənlikləri kimi qeyd olunur. Şənliklər sübh tezdən suya inanc ayini ilə başlanır. Adamlar su üstündən atlanaraq, dərdini, arzusunu suya danışıb, ondan imdad diləyirlər. Gün ərzində müxtəlif ayinlər keçirilir. Axır çərşənbənin axşamı şənliklər daha da güclənir. Tonqallar alovlanır, həyətlərə torbalar atılır, qulaq falları qurulur və xoş ovqatlı ayinlər həyata keçirilir. Bu çərşənbə ilə bağlı olan ayinlər illərdir ki, yaşanır və xalq öz milli Novruz bayramını böyük əhvali–ruhiyyə ilə qeyd edir və bu gün də ruh yüksəkliyi insanların mənəvi dünyasında yaşayır.
İnanclar: çərşənbə axşamı libas üstə libas geyən heç vaxt paltar dərdi çəkməz. Çərşənbə axşamı qulağı cingildəyənə müjdə gələr.
Çərşənbə adətləri: axır çərşənbə günü ilin müqəddəs yeməkləri 7 cür xörək və ya şirniyyat bişirilir, səməni halvası hazırlanır.
Sınamalar: əkin–biçin sahəsindən ilk olaraq göyərçinlər uçarsa, həmin il bolluq olacağını göstərir. Əgər əks–halda quru yerlərə evlərin damına qonarlarsa, il quraqlıq olacaq. Bayram süfrəsi üçün göyərdilmiş səməninin ortadan saralması, kənarlarının yaşıl qalması taxıl qıtlığı olacağına işarədir.
Qulaq falına çıxmaq, qapılara papaq atmaq, küsülüləri barışdırmaq, xəstələrə baş çəkmək, körpələrə yeni libas almaq da bu bayrama aid xüsusiyyətlərdəndir. Bu günə el arasında həm də niyyət, dilək çərşənbəsi deyilir. İnanca görə, həmin gün ürəkdə tutulan xoş diləklərin hamısı hasil olur. Odur ki, həmin gün mütləq xoş sözlər danışılmalıdır. Axı kimsə qulaq falına çıxıb qapıya gələ bilər. Çərşənbə axşamı ailədə könül açan sözlər danışıb, dava–dalaş etməzlər ki, qulaq falına çıxan şəxs xoşagəlməz ifadələr eşidib evinə ümidsiz dönməsin. Qədim el adət və inanclarına görə, ilaxır çərşənbədə uşağa beşik düzəldərlər, gün çıxmamış su üstündən hoppanar, tonqal yandırar, kəlin buynuzuna qırmızı bağlayarlar. Bu gündə qorxanların başından su töküb qorxuluğunu alarlar, şamı yarımçıq söndürməzlər, ailə üzvlərinin sayına görə şam yandırar, evdən od, kibrit, neft, ağartı, un, çörək verməzlər. Axır çərşənbə gecəsi tez yatmazlar, evdə qazan asar, vəfat etmiş yaxın adamları yada salar, onların adını çəkib “filankəslərin adına qazan asdım” deyib qazana ət, düyü və s. tökərlər. Axır çərşənbə günü ertədən lampa yandırarlar.
Cavanlar fala baxarlar. Qızlar bir qaba su tökər, əllərindəki üzükləri çıxarıb saçlarına salarlar. Niyyət tutub üzüyü suyun üstündən keçirərlər. Üzük fırlanıb qabın divarlarına dəyir. Üzük neçə dəfə qaba dəyirsə, demək, o yaşda da gəlin gedəcəksən. Axır çərşənbə gecəsi ürəkdə niyyət tutub yatmaq lazımdır. Gecə yarısı yuxudan dur və şamı yandır. Şamı götürüb güzgüyə yaxınlaş. Güzgüdə gələcək nişanlını görəcəksən. İlaxır çərşənbədə həyət–bacada tonqallar qalanır, insanlar tonqalın üstündən atılıb ağrı–acılarının oda tökülməsini arzu edirlər: “Ağırlığım–uğurluğum, qadam–balam tonqalda yansın”, yaxud “ağırlığım–uğurluğum odlara, tonqaldan mənimlə atılmayan yadlara”. Burada məqsəd qışdan qalan dərdin, ağrı–acının adamın canından tökülməsi, insanın sağlam ruhla, saf qəlblə bayrama qovuşmaq istəyidir.
Həmin gün süfrədə balığın olması bərəkət rəmzi hesab edilir. Bişmiş və ya qurudulmuş bütöv balığı süfrəyə gətirər, bir tərəfinə su, digər tərəfinə isə düyü qoyar, balığın gözünə baxıb, arzu tutarlar. Sonra balıqdan bir az yeyər və inanarlar ki, arzular tezliklə çin olacaq. Süfrənin əsas bəzəyi al-əlvan boyadılmış şadlıq rəmzi olan yumurta bir də baharın gəlişini əks etdirən səmənidir. Evimizin xeyir–bərəkəti, ruzisi bol olsun, ocağımız gur yansın! İlaxır çərşənbəmiz mübarək olsun!
Zərifə BƏŞİRQIZI
Xalq qəzeti
2022.- 15 mart.- S.6.