Azərbaycanın enerji
siyasəti iqtisadi inkişafa
və çoxtərəfli əməkdaşlığa təminat
verir
“Əsrin müqaviləsi”nin Azərbaycan dövlətinə, ölkənin ictimai-siyasi və iqtisadi qurumlarına xarici ölkələrin maliyyə və texnoloji resurslarından geniş istifadə etmək imkanı yaratması heç kimə sirr deyil. Bu müqavilə çərçivəsində həyata keçirilən transmilli layihələr Cənubi Qafqazın və Xəzər hövzəsinin digər dövlətləri ilə müqayisədə Azərbaycanın beynəlxalq aləmdə geosiyasi və geoiqtisadi əhəmiyyətini artırdı, xarici dövlətlərlə tərəfdaşlıq əlaqələrinin inkişafına və dərinləşməsinə mühüm təsir göstərdi. Məhz “Əsrin müqaviləsi” sayəsində Azərbaycan gələcək inkişafı üçün zəruri olan maliyyə resursları və qabaqcıl texnologiyalar əldə edə bildi və nəticədə, ölkəmiz qlobal dünya iqtisadiyyatının tərkib hissəsinə çevrildi. Təsadüfi deyil ki, Azərbaycanın strateji tərəfdaş ölkələrlə reallaşdırdığı neft və qaz layihələri sayəsində bu gün ölkəmiz Avrasiyanın mühüm aktorlarından biri kimi qəbul edilir və bu qiymətləndirmə getdikcə artır.
Müəllifi ümummilli lider Heydər Əliyev olan “Əsrin müqaviləsi” ölkəmizin müstəqil gələcəyini, dünya dövlətləri ilə strateji tərəfdaşlığı, iqtisadi inkişafın uğurlu nəticələrini, regionda və beynəlxalq aləmdə aparıcı rolunu təmin etdi, Azərbaycanın bir sıra aparıcı dövlətlərlə qarşılıqlı hörmətə və bərabərhüquqlu əməkdaşlıq əlaqələri qurmasına imkan verdi. Neft strategiyası sonrakı illərdə ölkəmizin siyasi və iqtisadi qüdrətini artırmaqla onun təşəbbüsü və rəhbərliyi ilə regionun və Avropanın enerji təhlükəsizliyini təmin edəcək çoxsaylı transmilli enerji və nəqliyyat layihələrinin həyata keçirilməsinə şərait yaratdı. Azərbaycan hazırda böyük həcmdə qaz ixrac edən əsas ölkələrdən birinə çevrilmək potensialına malikdir. Təsadüfi deyil ki, bu gün Avropa Xəzər regionunu daha sabit və təhlükəsiz enerji mənbəyi kimi nəzərdən keçirir. Aİ nümayəndələri bildirirlər ki, təbii qaz təchizatı mənbələrinin şaxələndirilməsi və enerji təhlükəsizliyinin artırılması məsələlərində Cənub Qaz Dəhlizi layihəsi təkcə Cənub-şərqi Avropa regionu üçün deyil, həmçinin bütün Avropa İttifaqı ölkələri üçün çox əhəmiyyətlidir. Avropa İttifaqının (Aİ) genişləndirmə və qonşuluq siyasəti üzrə komissarı Oliver Varhelyi Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla görüşündən sonra keçirilən mətbuat konfransında bu qurumun Azərbaycanla əməkdaşlıq etməkdə maraqlı olduğunu vurğulamaqla yanaşı, bildirdi ki, Aİ ölkələri, eləcə də Balkan ölkələri üçün qaz tədarükü arzusundadırlar və Azərbaycan Avropanın etibarlı tərəfdaşı və enerji daşıyıcıları təchizatçısıdır.
Bu da bir həqiqətdir ki, enerji təhlükəsizliyini təmin etmək üçün ötən illərdə Azərbaycan hökuməti həm də xarici siyasət sahəsində, transmilli və regional aləmlə sistemli iş aparmış, bu istiqamətdə aşağıdakı əsas tədbirləri həyata keçirmişdir. Son illər ərzində nəinki ölkəmizdə, regionda, hətta, Avropa qitəsində enerji təhlükəsizliyi ilə bağlı olan məsələlər arasında ən böyük layihələr imzalanmışdır. Burada “Şahdəniz-2”, TANAP və TAP layihələrini xüsusilə vurğulamaq olar. Qobu Enerji Qovşağının açılış mərasimindən sonra Azərbaycanda enerji təhlükəsizliyi ilə bağlı heç bir problemin olmadığını, ölkəmizin həm bölgədə, həm də qitədə çox etibarlı enerji təchizatçısına çevrildiyini vurğulayan Prezident İlham Əliyev bildirdi ki, həm daxildə, həm xaricdə artan tələbatı ödəmək üçün böyük planlarımız var.
Bununla yanaşı, daxili tələbatın ödənildiyini və bundan sonra da ödəniləcəyini, ixracla bağlı öz fəaliyyətimizi genişləndiriləcəyini, yeni ixrac bazarlarına çıxılacağını vurğulayan ölkə başçısı əlavə etdi ki, Azərbaycanın bütün dörd qonşu ölkə ilə enerji bağlantıları var. Hazırda yeni bir layihə üzərində iş gedir: “Zəngəzur dəhlizi ilə Azərbaycandan Naxçıvan Muxtar Respublikasına, oradan isə Türkiyəyə və İrana yeni xəttin çəkilişi indi planlarımızdadır”. Prezident İlham Əliyev xüsusilə bildirdi ki, Qobu Enerji Qovşağının açılış mərasimi bir daha Azərbaycanın gücünü, iradəmizi göstərir: “Onu göstərir ki, qarşımızda duran bütün vəzifələri biz uğurla icra edirik”.
Cənub Qaz Dəhlizi Azərbaycanın tərəfdaşları ilə birgə həyata keçirdiyi geosiyasi və geoiqtisadi və eyni zamanda, ən sanballı transmilli layihələrdən biridir. Xüsusilə qeyd etmək lazımdır ki, sözügedən layihənin ərsəyə gəlməsində regionda qlobal xarakterli bütün layihələrin təşəbbüskarı olan Azərbaycanın siyasi iradəsi həlledici rol oynayır. Mütəxəssislərin yekdil fikri bundan ibarətdir ki, layihənin reallaşdırılması Azərbaycanın tək iqtisadi dividendlər deyil, həm də bir çox ciddi siyasi dividendlər əldə etməsinə imkan verir. Məlumdur ki, bu gün Avropa öz enerji təchizatı mənbələrini şaxələndirmək yolunda genişmiqyaslı addımlar atır. Bu mənada Azərbaycan qazının Avropa bazarlarına çıxarılması Azərbaycanın Avropanın enerji təchizatındakı rolunun artmasına şərait yaratmaqla yanaşı, ölkəmizin Avropa siyasi meydanında daha ciddi dividendlər əldə etməsinə də imkan verir.
Bundan başqa, varlı Avropa bazarına qaz ixracı Azərbaycanın ciddi gəlir əldə etməsinə imkan yaradcaq və bu da iqtisadiyyatımızın real sektorunu daha böyük sürətlə inkişaf etdirməyə əlavə təkan verəcək. Bu səbəbdən də Prezident İlham Əliyevin yürütdüyü praqmatik, uzaqgörən və tam müstəqil siyasət sayəsində Azərbaycan sözü eşidilən, rəyi nəzərə alınan ölkə kimi dünya dövlətləri arasında öz layiqli yerini tutmuş və etibarlı tərəfdaş imicini daha da möhkəmləndirmişdir.
Bu gün heç kim mübahisə etmir ki, Azərbaycan Avropa ölkələrinin enerji təchizatının təmin olunmasında çox mühüm rol oynayır. Bir sıra Avropa ölkələrinin qaz bazarında Azərbaycanın payı 40 faizdir və hazırda Azərbaycandan neft və neft məhsulları dünyanın 30-dək ölkəsinə ixrac edilir. Bu gün beynəlxalq əməkdaşlıq məkanına çevrilmiş Xəzər hövzəsi malik olduğu zəngin karbohidrogen ehtiyatları hesabına bir sıra qlobal enerji layihələrinin reallaşdırıldığı mərkəz kimi diqqət çəkir. 2,6 trilyon kubmetrə bərabər olan Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatlarının istismarı Avrasiyada çoxtərəfli regional əməkdaşlıq formatlarının yaranmasına imkan vermişdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan fəal və məqsədyönlü diplomatiya yolu ilə öz tərəfdaşları ilə birlikdə təkcə regionun deyil, həm də Avrasiyanın enerji xəritəsində dəyişikliklərə nail olmuşdur. Ən əsası, bu gün regional geosiyasət və iqtisadiyyatda əsas rol oynayan Azərbaycan yürütdüyü çoxaspektli və çoxşaxəli siyasət sayəsində “Köhnə dünya”nın uzun illərdə formalaşmış enerji mənzərəsinə təsir etmək gücünü nümayiş etdirir.
Məlumdur ki, geosiyasətin tarixi özəyi coğrafiyadır. Əlverişli geosiyasi və coğrafi mövqe Azərbaycana zəngin karbohidrogen ehtiyatlarından yeni dividendlər əldə etmək şansı verdi. Hazırda Azərbaycanın dünya dövlətləri, güc mərkəzləri ilə əlaqələrinin əsasını məhz üstünlüyü təşkil edən geosiyasi, geoiqtisadi və coğrafi reallıqlar təşkil edir ki, bu da müvafiq olaraq ölkənin strateji maraqlarının yüksək səviyyədə təmin olunmasında aparıcı rol oynayır. Qlobal arenada enerji təchizatçısı kimi Azərbaycanın müstəqil beynəlxalq siyasət həyata keçirmə imkanları da güclüdür. Geosiyasi mövqelərimizin güclənməsi milli maraqlarımızın yüksək səviyyədə təmin olunmasına imkan verir. Avropa İttifaqının iqtisadi investisiya proqramı çərçivəsində Azərbaycana iki milyard avro məbləğində maliyyə paketi ayırması barədə qərar qəbul etməsi buna sübutdur.
Xatırladaq ki, ötən ilin yayında Aİ Ermənistana 2,6 milyard avro yardım ediləcəyini bildirmişdi. Bir gün sonra isə Aİ Azərbaycana dəfələrlə az – 150 milyon avro ayıracağını açıqlamışdı. Təbii ki, belə bir qeyri-mütənasiblik, Azərbaycanda narazılıqla qarşılanmışdı və Prezident İlham Əliyev bu yanaşmanın ədalətsizlik olması barədə fikrini də bildirmişdi. Aİ tezliklə yanaşmasını dəyişdi və 30 illik işğala məruz qalmış Azərbaycana da iki milyard dollar ayrılacağını açıqladı. Çünki “Köhnə dünya”da gözəl anlayırlar ki, qlobal qeyri-sabitlik şəraitində Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfə verən etibarlı və sübut olunmuş tərəfdaşdır.
Bir sözlə, bu gün təbii qaz öz qızıl dövrünü yaşayır, belə ki, geosiyasi əhəmiyyət qazanmış və beynəlxalq enerji siyasətinin vacib elementinə çevrilmiş “mavi yanacaq” uğrunda amansız mübarizələr gedir. Xüsusilə, Avropada təbii qaza tələbatın günü-gündən artması fonunda enerji ehtiyatlarına və enerji dəhlizlərinə malik olan Azərbaycanın müsbət təsir imkanları da artır. Bununla yanaşı, regional sabitliyi gücləndirəcək Cənub Qaz Dəhlizi Azərbaycanın Türkiyənin, eləcə də Gürcüstanın Avropa ilə iqtisadi, siyasi və geostrateji əməkdaşlığına öz töhfəsini verəcək. Xəzər dənizi regionundan qazın Avropaya nəqli üzrə ilk layihə olan Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyini təmin etməsilə yanaşı, Azərbaycan qazına olan tələbatın qarantı olacaq.
Mütəxəssislərin fikrincə, bu, Avropada enerjinin şaxələndirilməsini təmin etmək üçün nəzərdə tutulmuş yeganə layihədir. Cənub Qaz Dəhlizi Azərbaycan və Türkiyənin Avropada strateji mövqelərini daha da gücləndirəcək. Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans – Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə Avropaya kommersiya qazının tədarükünə başlanmasını Azərbaycan və Türkiyənin ən böyük nailiyyəti kimi qiymətləndirən mütəxəssislər əlavə edirlər ki, bu layihə Şərq – Qərb arasında ticari və mədəni əməkdaşlığın daha da inkişafına gətirib çıxaracaq.
Beləliklə, Azərbaycanın strateji uğuru adlandırılan Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsi kimi dünyada yüksək dəyərləndirilir. Bu dəyər hazırda enerji təhlükəsizliyinin təmin edilməsi fonunda daha da artır. Belə ki, Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycanın qaz təchizatı marşrutlarının şaxələndirilməsi, Avropa İttifaqı üçün isə mənbələrin şaxələndirilməsi təmin edilir. Şübhə yoxdur ki, bu, coğrafiyası, miqyası və nəticə etibarilə əhəmiyyəti daha da artacaq böyük regional enerji layihəsi bütün tərəflərə iqtisadi dividend və sabit enerji təminatı gətirəcək, həmçinin xalqlar arasında çoxtərəfli əməkdaşlıq əlaqələrinin daha da güclənməsinə şərait yaradacaq.
Səbuhi MƏMMƏDOV
Xalq qəzeti
2022.- 15 mart.- S.1;3.