Dünya Azərbaycanı güclü dövlət və qalib ölkə kimi
tanıyır
İdman sahəsində əldə
edilmiş uğurlar,
bayrağımızın qaldırılması, himnimizin səsləndirilməsi vətənpərvərlik
hisslərini daha da
gücləndirirdi və hər birimizə bir
daha göstərirdi ki,
əgər biz idman
yarışlarında düşməni təmsil edən
idmançıları məğlub edə biliriksə, döyüş
meydanında da mütləq qələbə
qazanacağıq. Belə də oldu.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Respublikamızın idman sahəsində əldə etdiyi uğurlar aparılan məqsədyönlü siyasətin, düşünülən proqramın inamla reallaşdırılmasının məntiqi nəticəsidir. Azərbaycan Prezidenti İlham Əliyev martın 17-də 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçılarını qəbul edərkən bu barədə ətraflı söhbət açaraq, güləşçilərimizin komanda hesabında birinci yerə layiq görüldüklərini, Vətənə 7-si qızıl olmaqla 16 medalla dönmələrini, bununla da ölkəmizə ləyaqətlə xidmət göstərdiklərini bildirib. Dövlətimizin başçısı daha sonra deyib: “Bu, bir daha onu göstərir ki, Azərbaycanda idman uğurla inkişaf edir, Azərbaycan idman dövlətidir və həm böyüklər, həm də gənclər arasında keçirilmiş beynəlxalq yarışlarda bizim idmançılarımız öz gücünü, dövlətimizin qüdrətini nümayiş etdirirlər”.
Ölkə rəhbəri Azərbaycanın idmanın bütün növlərində, o cümlədən güləşdə rəqabətin ildən-ilə artdığını, müxtəlif ölkələrdə keçirilən yarışlarda güclü idmançılarımızın üzə çıxdığını vurğulayaraq, bu sahədə yüksək mübarizə şəraitinin mövcud olduğu Avropada birinci yerə yüksəlməsini böyük nailiyyət kimi dəyərləndirib.
Prezident İlham Əliyev daha sonra güləşin Azərbaycanda idmanın bütün növləri arasında xüsusi yer tutduğunu, milli idman növü olaraq daim diqqətdə saxlanıldığını, ölkəmizin bütün dövrlərdə – istər sovet, istərsə də müstəqillik illərində həm də güclü güləşçilərimizlə tanındığını diqqətə çatdırıb: “Bizim güləşçilərimiz Azərbaycanı müxtəlif yarışlarda ləyaqətlə təmsil ediblər. Bizim bir çox Olimpiya, dünya, Avropa çempionlarımız var. Əlbəttə, güləşin ənənələri Azərbaycanda kifayət qədər güclüdür və şadam ki, indi gənc nəsil bu ənənələri davam etdirir. Əminəm ki, bu yaxınlarda medallar qazanmış idmançılar arasında gələcəyin Avropa, dünya və Olimpiya çempionları olacaqlar. Nəsildən-nəslə keçən bu təcrübə, bilik, səriştə əminəm ki, Azərbaycanı bundan sonra da dünya miqyasında aparıcı güləş ölkələrindən birinə çevirəcəkdir. Hər halda Avropada gənclər arasında biz birinciyik və mənə verilən məlumata görə, çempionatda 34 ölkə iştirak edirdi. Bunu nəzərə alaraq, bir daha qeyd etmək istəyirəm ki, bu, doğrudan da böyük nailiyyətdir...”.
Dövlətimizin başçısı son vaxtlar Güləş Federasiyasında gedən proseslərin narahatlıq doğurduğunu, bu qurumda durğunluq hiss olunduğunu, bir sözlə, adı çəkilən federasiyada idarəetmə mexanizminin zəiflədiyini, faktiki olaraq özbaşınalıq hökm sürdüyünü də vurğulayıb. Ölkə rəhbərinin bildirdiyi kimi, əlbəttə, bu, idman nəticələrinə də mənfi təsir göstərib. Belə bir xoşagəlməz meylin qarşısının alınması məqsədilə artıq Güləş Federasiyasının rəhbərliyi dəyişdirilib. Bu isə, şübhəsiz ki, federasiyada həm buraxılmış bütün nöqsanların aradan qaldırılmasını, həm də idmançılara lazımi şərait yaradılmasını şərtləndirib. Təbii ki, bu məsələdə dövlətimizin başçısının tövsiyə və tapşırıqları da qarşıya mühüm vəzifə kimi qoyulub. Bax, bu gün gələcəkdə güləş idman növündə daha böyük uğurlar əldə ediləcəyi, Güləş Federasiyası ilə Gənclər və İdman Nazirliyinin birgə fəaliyyətinin daha səmərəli olacağı əminliyi də buradan yaranıb.
Azərbaycan Prezidenti çıxışında idmançılarımızın uzun illər ərzində ölkəmizi dünyada ləyaqətlə təmsil etdiklərini diqqətə çatdıraraq, idmanın dövlət siyasəti olduğunu, prioritet istiqamət kimi daim diqqətdə saxlanıldığını və bu sahədə qabaqcıl dövlətlərin sırasında yer aldığını bildirib. Məhz elə buna görə də beynəlxalq idman qurumları tərəfindən Azərbaycana hər zaman böyük rəğbətlə yanaşılıb. Bunun məntiqi nəticəsidir ki, respublikamızda indiyədək dünya səviyyəli iki tədbir–Avropa Oyunları və İslam Həmrəyliyi Oyunları keçirilib. Təkcə bu fakt, yəni bir ölkədə, bir şəhərdə cəmi iki il ərzində iki böyük tədbirin gerçəkləşdirilməsi beynəlxalq idman ictimaiyyətinin, federasiyalarının Azərbaycana olan münasibəti kimi dəyərləndirilib.
Dövlətimizin başçısı nitqində idmanın bundan sonra da diqqət mərkəzində saxlanılacağını, idmanın kütləviliyinin təmin ediləcəyini və bütün bölgələrdə mövcud infrastrukturdan səmərəli istifadə olunmasının vacibliyini, bu sahədə istedadlı uşaqların seçilib onlara qayğı, diqqət göstərilməsini, habelə ölkəmizdə bundan sonra təşkil olunacaq beynəlxalq yarışların davamlı xarakter almasının zəruriliyini qeyd edib: “Çünki ölkəmizin həm imkanları, həm Azərbaycanda qonaqpərvərlik, idman infrastrukturunun mövcudluğu sayəsində biz bütün istənilən idman yarışını keçirə bilərik. Məsələn, Avropa Oyunlarında 5 mindən çox idmançı iştirak edirdi və onların bir çoxu qeyd edirdi ki, bu Oyunlar Yay Olimpiya Oyunlarının səviyyəsində keçirilir. Yəni, bütün bu şəraiti biz yaratmışıq ki, həm idmançılar dövlətimizin şöhrətini həmişə yüksəkliklərdə saxlasınlar, həm də idman kütləvi xarakter alsın...”.
Prezident İlham Əliyev çıxışında Vətən müharibəsindən sonra idmançılarımızın beynəlxalq yarışlarda qalib dövləti təmsil etdiklərini xüsusi vurğulayıb. Eyni zamanda, Azərbaycanın İkinci Qarabağ savaşında qazandığı möhtəşəm zəfərlə güclü-qüdrətli ölkə olduğunu, qələbə əldə edilməsində idman amilinin də çox böyük rol oynadığını bildirərək, ötən 18 ildə gənclərdə vətənpərvərlik hisslərinin daim yüksək olmasına çalışdığını qeyd edib. Dövlətimizin başçısı daha sonra deyib: “Biz uzun illər-30 ilə yaxın beynəlxalq arenalarda, istər idman, istər siyasi arenalarda məğlub edilmiş ölkə kimi təmsil olunurduq. Bunu etiraf etmək nə qədər ağırdırsa, o qədər də sadədir. Yəni, biz həqiqəti olduğu kimi bilməliyik və deməliyik. Bəli, bu məğlubiyyətin səbəbləri var idi, ovaxtkı antimilli hakimiyyətin xəyanətkarlığı, ordunun olmaması, Ermənistana xarici dövlətlərin göstərdikləri yardımlar – bütün bunlar var idi. Məhz bu amillər məğlubiyyəti şərtləndirmişdir. Amma həqiqət o idi ki, torpaqlarımız işğal altında idi və biz sübut etməli idik ki, nəyin bahasına olursa-olsun torpaqlarımızı işğalçılardan azad edəcəyik və etdik...”.
Ölkə rəhbərinin sözləri ilə desək, amma Azərbaycan torpaqları işğal altında olduğu 30 il ərzində idman sahəsində əldə edilən uğurlar, bayrağımızın qaldırılması, himnimizin səsləndirilməsi vətənpərvərlik hisslərini daha da gücləndirirdi və hər birimizə bir daha göstərirdi ki, əgər biz idman yarışlarında düşməni təmsil edən idmançıları məğlub edə biliriksə, döyüş meydanında da mütləq qələbə qazanacağıq. Zaman bu əminliyi sübuta yetirdi.
Dövlətimizin başçısının nitqində idmançılara müraciəti də diqqət çəkib: “Siz gənclər artıq başqa Azərbaycanı təmsil edirsiniz. Siz qalib gəlmiş müzəffər xalqı təmsil edirsiniz. Əminəm ki, o arenaya çıxanda sizin ürəyinizdə mütləq bu duyğular olmalıdır. Təkcə Azərbaycan vətəndaşları yox, bütün dünya azərbaycanlıları bu gün özlərini əmin hiss edirlər, yaşadıqları ölkələrdə Azərbaycan həqiqətlərini çatdıraraq, o cümlədən İkinci Qarabağ müharibəsi haqqında qürur hissi ilə danışırlar... Biz qalib ölkəni, müzəffər xalqı təmsil edirik. Biz müharibəni ləyaqətlə aparmışıq, bütün müharibə qanunlarına riayət edərək aparmışıq. Biz mülki əhaliyə qarşı vuruşmamışıq, biz binaları bombalamamışıq, biz qəddarlıqla məşğul olmamışıq...”.
Bəli, Azərbaycan Vətən müharibəsində öz ləyaqətini, insanpərvərliyini nümayiş etdirdi. Halbuki xalqımızda düşmənə qarşı dərin nifrət var idi. Çünki işğalçı tərəfindən ölkəmizə qarşı soyqırımı törədilmişdi, etnik təmizləmə siyasəti aparılmışdı və qisas hissinin olması təbii idi. Ancaq Azərbaycan düşməndən intiqamı döyüş meydanında aldı, savaşı müharibə qanunlarına uyğun həyata keçirdi, özünü mübarizədə ləyaqətlə apardı, düşmən tərəfində mülki əhali arasında itkilər 30-dan da az oldu.
Yeri gəlmişkən, xatırladaq ki, Vətən müharibəsində döyüşlərin ilk günündən acı məğlubiyyətini hiss edən Ermənistan informasiya mübarizəsini demək olar ki, yalan üzərində qurmuşdu, ordumuzun bir qarış olsun belə irəliləyə bilmədiyi barədə erməni ictimaiyyətinə saxta, həqiqətdən uzaq məlumatlar ötürmüşdü. Bu, Şuşa işğaldan azad ediləndən sonra şəhərdə Azərbaycan bayrağı ucalana qədər davam etmişdi. Bu miqyasda saxta, yalan xəbərlərin yayılmasında əsas məqsəd isə işğalçı ordunun onsuz da tam sarsılan mənəvi-psixoloji vəziyyətinin iflasa uğramasının qarşısını almaq idi. Amma bu məğlubiyyəti gizlətmək, pərdələmək mümkün deyildi. Ona görə də həqiqət tez bir zamanda üzə çıxandan sonra Ermənistan ordusunda fərarilik halları daha da geniş vüsət almağa başlamışdı.
Əsl həqiqət isə qeyd etdiyimiz kimi, döyüşlərin ilk günündən Ermənistanın “məğlubedilməz” hərbi birləşmələrinin süqutu, işğalçı orduda fərariliyin sürətlə yayılması və düşmənin özünün etirafına görə, müharibənin sonunda ordudan yayınan əsgər və zabitlərin sayının 10 minə çatması idi. İkinci Qarabağ müharibəsində isə Azərbaycan Ordusunda tamamilə fərqli mənzərə müşahidə olunurdu: silahlı qüvvələrimiz yüksək döyüş ruhu ilə mübarizə aparırdı, əməliyyatlar zamanı bir nəfər də olsun belə fərariyə təsadüf edilmirdi. Çünki, əvvəla, ordumuz haqq-ədalət uğurunda döyüşürdü, digər tərəfdən əsgər və zabitlərimizdə Vətənə, torpağa dərin bağlılıq, torpağımızı yağıdan geri almaq qətiyyəti var idi. Bu baxımdan Azərbaycan Silahlı Qüvvələri təkcə silah və müasir texnika gücünə yox, həm də yüksək döyüş ruhu, vətənpərvərlik nümunəsi ilə möhtəşəm qələbəni reallaşdırdı. Əsgər və zabitlərimizin fiziki və qəhrəmanlıq gücü hesabına 30 il ərzində işğal altında qalan ərazilərimiz düşməndən təmizləndi.
Silahlı qüvvələrimizdəki bu fəallığı bir amil də şərtləndirirdi. Bu da ordumuzun döyüş hazırlığının yüksək səviyyədə olmasından irəli gəlirdi. Belə ki, uzun müddətli işğal zamanı əsgər və zabitlərimizin müharibəyə hazırlığı diqqət mərkəzində saxlanılmışdı, bunun üçün irimiqyaslı təlimlərin keçirilməsinə, ordunun Ali Baş Komandanın diqqəti və səyi nəticəsində müasir silahlarla silahlandırılmasına, artilleriya və aviasiyanın, eləcə də digər sahələrin inkişaf etdirilməsinə mühüm önəm verilmişdi.
Azərbaycan Ordusunun 44 günlük müharibə zamanı müasir texnologiyalar əsasında hazırlanan silahlardan istifadə edərək həyata keçirdiyi hücum taktikası dünya praktikasında ilk oldu – silahlı qüvvələrimizin hücum taktikası hərbi mütəxəssislər tərəfindən XXI əsrdə aparılacaq müharibələrin modeli kimi qəbul edildi.
Vətən müharibəsində Ermənistan məğlubiyyətinin qaçılmaz olduğunu anlasa da, namərd əməllərindən əl çəkmədi, dinc şəhərlərimizi uzaqmənzilli ballistik raketlərlə atəşə tutdu. Bunun nəticəsində 100-dən çox günahsız insan həlak oldu. Azərbaycan Ordusu isə dövlət başçımızın vurğuladığı kimi, bütün savaş dövründə müharibə qanunlarına əməl edərək döyüşü ləyaqətlə apardı, dinc əhaliyə qarşı silah işlətmədi. Silahlı qüvvələrimiz əsas hədəfi ancaq düşmənin hərbi birləşmələrinə, texnikalarına və silah anbarlarına yönəltdi. Bu, bir daha bütün dünyaya xalqımızın yüksək mənəvi keyfiyyətini göstərdi.
Ermənilərin 30 ilə yaxın dövrdə işğal altında olan torpaqlarımızda törətdikləri dağıntıların, cinayətlərin onların daimi xisləti olduğu 10 noyabr üçtərəfli Bəyanatına uyğun olaraq Kəlbəcər, Ağdam və Laçın geri qaytarılanda bu əraziləri boşaldarkən etdikləri vəhşiliklər zamanı da bir daha təsdiqini tapdı. Bu dünyanın gözü qarşısında baş verdi. Halbuki onlar Rusiyanın vasitəsilə Azərbaycandan vaxt istəmişdilər. Ermənilər bu addımın qarşılığında həmin ərazilərdən apara bildiklərini apardılar, apara bilmədiklərini yandırdılar.
Azərbaycanda ümumbəşəri, multikultural dəyərlərin, bütün millətlərin və etnik azlıqların mədəni irsinin qorunub saxlanılığı, birgə yaşanıldığı halda, Ermənistanın monoetnik dövlət olaraq digər xalqların mədəni irsinə, mənəvi dəyərlərinə qarşı barışmaz mövqeyi onların müasir dünyada mənfur bir topluma çevrilməsini göstərir. Müharibə dövründəki əməlləri və müharibədən sonra işğaldan azad edilmiş torpaqlardan edilən reportajlar bunların bir daha təsdiqidir.
Dövlətimizin başçısı çıxışının sonunda azad edilmiş torpaqlarda idmanın inkişafına da xüsusi önəm veriləcəyini xatırladaraq, indidən bu işlərlə məşğul olunduğunu, Qarabağ və Şərqi Zəngəzurda stadionlar, idman kompleksləri və digər idman qurğularının tikiləcəyinin bütün şəhərlərin Baş planlarında öz əksini tapdığını da diqqətə çatdırıb.
Vaqif BAYRAMOV
Xalq qəzeti
2022.- 19 mart.- S.3.