Qarabağ getdikcə libasını təzələyir, gözəlləşir

 

Hazırda işğaldan azad edilən Qarabağ torpağında geniş quruculuq, abadlıq, tikinti işləri aparılır, pilot layihələr uğurla reallaşdırılır. Qara­bağ və Şərqi Zəngəzurda “yaşıl enerji” zonaları yaradılır, “ağıllı şəhər”, “ağıllı kənd” layihələri həyata keçirilir. Cəmi bir neçə aydan sonra isə Böyük Qayıdışın Zəngilan rayonunda həyata keçiriləcəyi nəzərdə tutulur. Təqribən 200 ailənin artıq bu ilin yazında oraya qayıdacağı gözlənilir. Qeyd edək ki, daşı-daş üstündə qalmayan həmin ərazilərdə, sözün əsl mənasında, hər şey dağıdılıb. 30-40 min insan yaşayan Ağdam şəhərində, eləcə də digər ərazilərdə xarabalıqdan başqa heçyoxdur. Dövlət başçımızın ən ümdə arzusu böyük vəsait və güc hesabı­na həmin yerləri əvvəlkindən də gözəl görkəminə qaytarmaqdır.

 

Böyük Qayıdışın ilk olaraq həyata keçiriləcəyi Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd” layihəsi çərçivəsində görülən işlər Qarabağın sürətli inkişafının parlaq ifadəsidir. Bu, bölgənin yaxın gələcəkdə dün­yada “ağıllı diyarkimi tanınacağına əminlik yaradır. Azad edilmiş ərazilərdə quruculuq-abadlıq işlərinin uğurla həyata keçirilməsi, eləcə də əhalinin doğma ata-baba yurdlarında daimi məskunlaşmasının təmin edilməsi məqsədilə lazımi, eyni zamanda, sürətli tədbirlər həyata keçirilir.

 

Hazırda həmin ərazilərin milli iqtisa­diyyata sürətli inteqrasiyasının təmini, eləcə də, layiqli yaşayış şəraitinə nail olunması üçün genişmiqyaslı qurucu­luq və bərpa işləri xalqımızın diqqət mərkəzindədir. Həmçinin dövlət başçı­mızın işğaldan azad edilmiş rayonlarda aparılan abadlıq-quruculuq, təmir-bərpa işləri ilə tanış olmaq məqsədilə Qara­bağa səfərləri hər dəfə yeni məna və məzmun kəsb etməklə, orada yaxın aylarda yaşayışın bərpa olacağını şərtləndirir. Bu amil yalnız qarabağlıları deyil, ürəyində Vətən sevgisi olan hər bir azərbaycanlını qəlbən sevindirir. Biz görürük ki, Prezidentimiz Qarabağla, orada sakinlərin rahat yaşaması ilə bağ­lı nə qədər böyük işlərə imza atır. Ona görə də Qarabağımız getdikcə abad­laşır, gündən-günə görkəmini dəyişir, gözəlləşir.

 

Dövlət başçımız Qarabağa səfərləri zamanı həmişə bir sıra obyektlərin açılışlarında iştirak edib, həmçinin bəzi mühüm inzibati bina və obyektlərin təməlini qoyub xeyir-dua verib. İxtisas­ca həkim olduğumdan, diqqətimi daha çox Qarabağa növbəti səfər zamanı 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməlinin qoyulması çəkdi. Məlumdur ki, insanın yaşaması, fəaliyyət göstərməsi üçün onun öncə canı sağ olmalıdır. Bunun üçün isə hər bir şəhər, rayon və kənddə ilkin yardım göstərə biləcək xəstəxana, poliklinika, yaxud tibb mntəqəsinin olması vacibdir. Bu mənada hələ ya­şayış başlamadan öncə xəstəxananın da təməlinin qoyulması, orada ya­şayacaq vətəndaşlarımıza sonsuz diqqətin nəticəsidir. Dövlət başçımız bu diqqətinə görə var olsun!

 

Nəzərdə tutulur ki, həmçinin bu bölgədə yaradılacaq sosi­al xidmət mərkəzləri şəbəkəsinin genişləndirilməsi işləri işğaldan azad olunmuş bütün ərazilərimizi əhatə edəcək. Bu bölgələrimizdə tənha, ahıl və əlilliyi olan şəxslərin evlərində sosial məişət xidmətləri ilə təminatı həyata keçirilməklə yanaşı, stasionar və yarımstasionar tipli sosial xidmət müəssisələri də yaradılacaq. Eyni za­manda, dövlət sosial sifarişləri əsasında qeyd edilən ərazilərdə reabilitasiya xidmətləri göstərən mərkəzlərin qurul­ması nəzərdə tutulur. Bu zaman bərpa-müalicə prosedurlarının formalaşdırıl­masında bölgənin yerli təbii müalicəvi resurslarından da səmərəli istifadə olunması diqqətdə saxlanılacaq.

 

Ağdamda yeni yaşayış komplek­sinin təməlinin qoyulması isə oraya köçmək həsrətilə yaşayan ağdamlılara əsl ərməğan oldu. Ümumi sahəsi 1,55 hektar olan ərazidə ilkin mərhələdə 209 mənzildən ibarət 6 yaşayış binası inşa ediləcək. Mənzillərin ümumi yaşayış sahəsi 21 min 921 kvadratmetr olacaq. Kompleksin tikintisinin 2023-cü ilin dekabrında başa çatdırılması nəzərdə tutulub. 209 mənzil neçə-neçə insa­nın sevincinə səbəb olacaq. Neçə ahılın torpaq həsrətinə son qoyulacaq. Yaşayış kompleksinin təməlini qoyan Prezident İlham Əliyevə uğurlar ar­zulamaqla, əsl liderlik edən bir dövlət başçısı kimi hələ uzun illər sağ canla xalqa rəhbərlik etməsini arzulayıram. Onun fəaliyyəti ilə Azərbaycan, eləcə də Qarabağ getdikcə libasını dəyişir, gülüstana çevrilir.

 

Yazgül ABDIYEVA

 

tibb üzrə fəlsəfə doktoru,

 

Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini

 

Xalq qəzeti .- 2022.- 19 mart.- S.5.