Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri Böyük Qayıdışın zəruri təməllərini yaradır

 

Qarabağ savaşında qazanılmış Qələbədə xalqımızın göstərdiyi yurdsevərlik və rəşadətin davamı olaraq, döyüş əməliyyatları dayanan vaxtdan bölgədə irimiqyaslı bərpa-quruculuq işləri başlamışdır. Ötən il aparılmış zəruri hazırlıqdan sonra Böyük Qayıdışın təməllərinin yaradılması prosesi daha geniş miqyas almışdır.

 

Müharibə günlərində cəbhədən aldığımız qələbə xəbərlərinə necə sevinirdiksə, sonrakı dövrdə də çoxsaylı layihələrə start verilməsi və onların başa çatdırılması barədə məlumatları eyni fərəh və qürur duyğuları ilə qarşılayırıq. Qarabağda və Şərqi Zəngəzurda gerçəkləşdirilən dövlət əhəmiyyətli layihə və proqramalara, çoxyönlü tədbirlərə Prezident İlham Əliyev birbaşa özü rəhbərlik edir.

 

Dövlət başçısının bildirdiyi kimi: “Müharibə başa çatandan dərhal sonra bütün bu işlərə start verildi. Çox böyük həcmli bir işdir. Dörd Lüksemburq boyda ərazini biz sıfırdan tikməliyik, qurmalıyıq. Çünki mənfur düşmən torpaqlarda hər şeyi, bütün binaları dağıdıb. İndi bunu bütün xarici qonaqlar da görürlər. Öz gözləri ilə erməni vəhşiliyini görürlər. Bu, misli görünməmiş vəhşilikdir. Dünya tarixində bir çox müharibələr olub. Ancaq bu qədər qəddarlıq, bu qədər düşmənçilik, məncə, dünya müharibə tarixində olmayıb. Hətta İkinci Dünya müharibəsi ilə müqayisə etsək, o vaxt belə vəhşiliyə yol verilmirdi, dini abidələr dağıdılmırdı”.

 

Qarabağda bölgə iqtisadiyya­tının dirçəldilməsi, erməni faşiz­minin bu ərazilərdə yerlə-yeksan etdiyi şəhər və kəndlərimizin ən qısa zamanda bərpası, yenidən qurulması, buraya qayıdışın tezliklə təmin edilməsi üçün azad edilən ərazilərdə geniş həcmdə tikinti-quruculuq, abadlıq işləri görülüb, ərazilərin minalardan təmizlənməsi, lazımi infrastruktu­run yaradılması diqqət mərkəzində saxlanılır. Ötən il noyabrın 16 -da başlanan təməlqoymalar elektirk enerjisi, avtomobil və dəmir yolları infrastrukturlarında, hava limanla­rında genişmiqyaslı tikinti işlərinə rəvac vermişdir. Qarabağda qu­ruculuq işlərinin aparılması üçün 2021-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılmışdır.

 

Prezident İlham Əliyevin 4 yan­var 2021-ci il tarixli fərmanı ilə iş­ğaldan azad edilmiş ərazilərdə da­yanıqlı məskunlaşma üçün müasirlayiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə, təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə “Qarabağ Dirçəliş Fondu” yaradılmışdır. Bu fond xal­qımızın və dövlətimizin Qarabağı dirçəldib gülüstana çevirmək ama­lının və əzminin canlı timsalı kimi imkanlarını və prosesə köməyini gündən-günə artırır.

 

Xatırladaq ki, təcavüzkar Ermənistan 30 il işğal altında saxladığı Azərbaycan ərazilərini başdan-başa xarabazara çevirdiyi kimi, II Qarbağ savaşının davam etdiyi 44 gündə cəbhə bölgəsində dinc əhalinin yaşadığı şəhər və kəndlərdə də irimiqyaslı dağıntı və təlafatlar törətmişdir. Bütün bu cinayətlərin irimiqyaslı dağıntılarla nəticələnməsinə baxmayaraq, müharibə Azərbaycanın qələbəsi ilə başa çatan gündən təmas xəttinə yaxın bölgələrdə və işğal­dan azad edilmiş ərazilərdə zəruri bərpa-quruculuq işlərinə start verilmişdir.

 

Erməni vəhşiliyi nəticəsində savaş günlərində 9 rayonda 2 min 442 yaşayış evi, 92 çoxmərtəbəli yaşayış binası və 423 mülki obyekt dağıdılmışdı. Ümumilikdə, 11 şəhər və rayon ərazisində 12 mindən artıq obyektə baxış keçirilmiş, operativ qiymətləndirmə və təmir-tikinti işləri aparılmışdır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı ölkə Prezidentinin verdiyi tapşırıqları rəhbər tutaraq, insanların ən qısa müddət ərzində doğma şəhər və qəsəbələrində əvvəlki həyata qayıtması üçün bütün zəruri re­surslarını səfərbər etmişbütün rayon və şəhərlər üzrə tikinti, təmir-bərpa işləri qısa müddətdə başa çatdırılmışdır.

 

Qarabağa böyük Qayıdışın yolu kommunikasiyaların bərpasından və işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı tikinti-quruculuq işləri aparılmasın­dan keçir. Lakin düşmən ölkənin hərbi quldur dəstələrinin 30 il müddətində Qarabağı mina və partlamamış sursat məzarlığına çevirməsi məcburi köçkünlərin öz yurdlarına dönüşünü ciddi surətdə əngəlləyir, irimiqyaslı layihələrin sürətlə gerçəkləşdirilməsinə mane olur.

 

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin son məlumatına görə, qələbədən son­rakı 1 ildə azad edilmiş ərazilərdə minaya düşmə nəticəsində 30-dək mülki şəxs həlak olmuş, 40-dək mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Rəsmi statistikaya görə, ümumilikdə, Azərbaycanda 2,5 min nəfər müharibənin təhlükəli partlayıcı qalıqlarından zərər çəkmiş, onlar­dan 388 nəfər ölmüş və 2 min 60 nəfər yaralanmışdır.

 

Ölkəmizin işğaldan azad edilmiş ərazisində hazırda Milli Minatəmizləmə Agentliyi və Türkiyə hərbi istehkamçıla­rı, ermənilər yaşayan hissədə isə Rusiya Müdafiə Nazirliyi minatəmizləmə işlərini sürətlə da­vam etdirirlər. Bu prosesin uğurla aparılması Qarabağda kommku­nikasiyaların bərpa edilməsinə və quruculuq işlərinə daha geniş meydan açır. Ərazilərin mina­lardan daha tez təmizlənməsi isə müvafiq xəritələrdən istifadə edilməsindən asılıdır.

 

Azərbaycan Respublikası­nın Minatəmizləmə Agentliyinin müvafiq açıqlamasında bildirilir ki, Azərbaycanın ardıcıl tələblərindən və beynəlxalq təzyiqlərdən sonra ötən il Ermənistan iş­ğaldan azad edilmiş ərazilərin minalanmış sahələrinin for­mulyarlarını ölkəmizə təqdim mişdir. Ermənistan tərəfi müva­fiq beynəlxalq məhkəmə işləri çərçivəsində məsuliyyətdən yayınmaq məqsədi ilə, guya, bütün mina sahələrini əhatə edən formulyarların verildiyini iddia etsə də, bu sənədlər işğaldan azad edilmiş əraziləri tam əhatə etmirciddi problemlər yaradır.

 

Ermənistanın daha öncə Ağdam, Füzuli və Zəngilan ra­yonları üzrə verdiyi mina sahələri üzrə məlumatların dəqiqliyi, ən yaxşı halda, 25 faizdir. ANAMA və Müdafiə Nazirliyinin apardığı təhlil və emal işləri isə göstərir ki, verilmiş xəritələr yenə də mina­lanmış bütün əraziləri tam əhatə etmir və gerçək vəziyyəti düzgün əks etdirmir.

 

Minalardan təmizləmə işləri uğurla davam etdikcə yeni ərazilər bərpa və quruculuq meydanına çevrilir. Minalar­dan təmizləmə işlərinin necə zəruri, mürəkkəb və çətin bir proses olduğunu anlamaq üçün ANAMA-nın son məlumatlarından birinə nəzər salaq. Təkcə mart ayının ilk 4 günündə Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 25, tank əleyhinə 39 mina və 36 partla­mamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilimiş, nəticədə, 129,8 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənmişdir.

 

Yeri gəlmişkən bildirək ki, bu ilin fevral ayında Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 96, tank əleyhinə 63 mina və 601 partla­mamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilmiş, cəmi 379,6 hektar ərazi ölüm təhlükəsindən xilas edilmişdir. Son 4 ayda isə azad edilmiş ərazilərdə piya­da əleyhinə 10 min 600, tank əleyhinə 4 865 mina və 14 045 partlamamış hərbi sursat aşkar­lanaraq zərərsizləşdirilmişdir. Bu­nunla, 7 min 560 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Azad edilmiş ərazilərdə aparılacaq sahələr isə yüz min hektarlara çatır və onların ölümsa­çan vasitələrdən təmizlənməsinə aylar deyil, illər tələb olunur.

 

İşğaldan azad edilmiş ərazilərdə və keçmiş təmas xəttində irimiqyaslı minatəmizləmə işləri ilə yanaşı, əsas infrast­ruktur layihələri də sürətlə gerçəkləşdirilmişdir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayon­larında aparılan çoxşaxəli və irimiqyaslı bərpa-quruculuq işlərini Prezident Administrasiyasında yaradılmış qərargah operativ olaraq əlaqələndirir. Burada apa­rılan işlərə cəlb edilmiş xidmət və istehsal qurumları da üstündə öz qərargahlarını yaratmışlar. Dövlətimizin başçısı tərəfindən Qarabağda müəyyənləşdirilən tapşırıqların icrası ilə yerində tanış olmaq, müxtəlif dövlət qurumları­nın həyata keçirdiyi genişmiqyaslı infrastruktur layihələrinin, tikinti, bərpa, quruculuq və abadlaşdırma işlərinin gedişatına ciddi nəzrət edilir. Bu, əsasən, layihələrin icrasını sürətləndirmək, qarşıya çıxan çətinlikləri aradan qaldırmaq məqsədi daşıyır.

 

Baş nazir Əli Əsədovun və Prezident Administrasiyasının Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradı­lan Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin başçı­lığı altında aidiyyəti dövlət qu­rumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyətinin bu il martın ilk günlərində düşməndən təmizlənən ərazilərə səfəri zamanı Füzuli Beynəlxalq Hava Limanı­na, “Füzuli” yarımstansiyasına, Horadiz–Ağbənd avtomobil və dəmir yollarının tikinti sahəsinə, minatəmizləmə əməliyyatlarına, “Araz Vadisi İqtisadi Zonası”nın Sənaye Parkına, Zəngilan Beynəlxalq Hava Limanının tikintisinə, Zəngilan rayonunun Ağalı kəndinə və s. yerlərə baxış keçirilmişdir.

 

Səfərdən sonra Şuşa şəhərində aidiyyəti dövlət qu­rumları rəhbərlərinin iştirakı ilə Qarabağda, o cümlədən, Şuşada icra olunan layihələr, aparılan bərpa, abadlıq-quruculuq işlərinin gedişi ilə bağlı vəziyyət müzakirə edilmişdir. Ümumiyyətlə, bölgədə həyata keçirilən bərpa-quruculuq layihələri ilə ətraflı tanışlıq və inşaatçılarlarla keçirilən görüşlər zamanı indiyədək görülmüş işlər yerindəcə nəzərdən keçirilmiş, bundan sonra da bərpa-quruculuq prosesinin nəzərdə tutulmuş qay­da və normalar üzrə aparılmasını təmin etmək üçün zəruri tapşırıq­lar verilmişdir.

 

Məlumat üçün bildirək ki, azad edilmiş ərazinin elektrik təchizatı ötən ilin sonuna qədər başa çat­dırılmışdır. Kommunikasiyalar bo­yunca yeni elektrik xətləri çəkilmiş, yeni yarımstansiyalar tikilmişdir. Şuşa şəhəri 2020-ci ilin aprel ayından elektrik enerjisi ilə tam təmin edilmişdir. Daşkəsəndən isə Kəlbəcərə Murov dağlarından yeni ötürücü xətlər çəkilmişdir. Yol infrastrukturunun yaradılması ilə bağlı bütün istiqamətlər üzrə əsaslı layihələrə start verilmiş, işlər sürətlə davam etdirilir.

 

İlk növbədə, FüzuliŞuşa istiqamətində yeni magistral çəkilmiş, Horadiz–Zəngilan, FüzuliHadrut, Füzuli–Cəbrayıl, Bərdə–Ağdam, Göygöl–Toğana­lı–Kəlbəcər avtomobil yollarının tikintisi də sürətlə davam etdiril­mişdir. Bununla yanaşı, Bərdə–Ağdam və Horadiz–Zəngilan–Ağbənd dəmir yolu infrastrukturu da əsaslı surətdə bərpa edilir. İşğal ərazisində ölkəmizə vurulan ziyanın hesablanması ilə yanaşı, şəhərlər üzrə, ilk olaraq, Ağdamın bərpası, və kəndlərdə birinci pilot layihə olan Zəngilan rayonunun 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən ilk “Ağıllı kənd” layihələrinin icrasına başlanmışdır.

 

Digər şəhərlərin də baş planları hazırlanmışdır. Kəndlərin bərpasına gəldikdə isə işlər mərhələlərlə aparılır, əvvəlcə mövcud infrastruktura yaxın olan kəndlər dirçəldilir. Dövlət başçı­sının Ağdam, Füzuli, Cəbrayıl rayonlarının keçmiş təmas xəttinə yaxın olan kəndlərinin bərpası ilə bağlı müvafiq göstərişləri yerinə yetirilməkdədir.

 

Füzuli Beynəlxalq Hava Limanının tikintisi sürətlə aparıl­mış və Zəngilan rayonunda da yeni hava limanının tikintisinə start verilmişdir. Üçüncü hava limanı Laçın rayonu ərazisində inşa edilir. Zəngəzur dəhlizinin açılması isə Qarabağla bağlı həyata keçirilən müxtəlif yönlü layihələrin zəruri davamı olacaq. Prezident İlham Əliyevin dediyi kimi: “Bu, bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyieyni olacaq”.

 

Ötən 1 il 5 ayda böyük Qayı­dışa ilkin hazırlıq layihələri uğurla yerinə yetirilmişdir. Qarabağda qələbəmizin rəmzinə çevrilmiş yeni Zəfər yolu sürətlə çəkilmiş. Ötən ilin Novruz günlərində bu yolla Şuşaya getmiş Prezident İlham Əliyev Cıdır düzündə bayram tonqalı yandırmış, şənliyi ailəsi ilə burada keçirmişdir. İki ay sonra Füzulidə istifadəyə verilmiş və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı gətirmiş təyyarənin ilk enişi ilə fəaliyyətə başlamış beynəlxalq aeropor­tun cəmi 8 ayda ərsəyə gəlməsi Azərbaycanın işğaldan azad edil­miş ərazilərdə nümayiş etdirdiyi güc və imkanın parlaq göstəricisi olmuşdur.

 

Göründüyü kimi, Qarabağın və Şərqi Zəngəzurun bərpası, bu bölgələrdə zəruri quruculuq işlərinin aparılması ölkəmizdə prioritet istiqamət kimi müəyyən edilmişuğurla davam etdirilməkdədir. Ölkəmizdə aparı­lan quruculuq işlərində fəal iştirak edən və bu sahədə ciddi uğurlar qazanan Heydər Əliyev Fondu da Qarabağın mədəni irsinin bərpa edilməsində və humanitar yönlü obyektlərin yaradılmasında yaxın­dan iştirak edir.

 

Prezident İlham Əliyev iş­ğaldan azad edilmiş ərazilərdə həyatın canlanması, böyük Qa­yıdışın təmin edilməsi məqsədilə reallaşdırılan layihələrin icra­sını daim diqqətdə saxlayır. Dövlətimizin başçısının həmin bölgələrə ardıcıl səfərləri zama­nı bərpa ilə əlaqədar qarşıya qoyduğu vəzifələr vaxtında və ardıcıl yerinə yetyirilir. Ölkə rəhbəri indiyədək düşməndən təmizlənən ərazilərdə 40-dan çox səfərdə olub, azad edilən rayonlarda strateji infrastruktur obyektlərinin açılışını edib, yenilərinin təməlini qoyub.

 

Prezident İlham Əliyev II Qarabağ müharibəsindən ötən müddətdə azad edilmiş ərazilərdə aparılan tikinti, abadlıq-quruculuq layihələrinun belə uğurla davam etdirilməsindən məmnunluğunu belə ifadə etmişdir: “Deyə bilərəm ki, dünya müharibələrinin tarixində müharibələrdən son­ra bu sürətlə heç bir yerdə quruculuq-bərpa işləri aparılma­yıb. Bu işlər haqqında Azərbaycan vətəndaşları müntəzəm olaraq məlumatlandırılır. Əgər mən bu haqda danışmağa başlasam, yəqin ki, bir neçə saat vaxt lazım olacaq, hər şey göz qabağında­dır. Bizim əsas vəzifəmiz keçmiş köçkünləri tezliklə dədə-baba torpaqlarına qaytarmaqdır və biz buna nail olacağıq”.

 

Bu ilin əvvəlindən daha sürətlə reallaşdırılan layihələr nəticəsində düşmənin darmadağın etdiyi şəhər və kəndlərimizə həyatın yenidən qayıtması üçün zəruri hazırlıq yaradılır. Azadlığına qovuşan tor­paqlarımızda böyük quruculuq və bərpa işləri aparılır. Tikinti-abadlıq tədbirlərinin miqyası getdikcə genişlənir.

 

İşğaldan azad edilən ərazilərdə “Yaşıl enerji” zonasının tətbiq edilməsinə dair konsepsiya da uğurla həyata keçirilir. Qara­bağ və Şərqi Zəngəzurda su, Günəş, külək enerjisindən istifadə edilməsi üçün lazımi şərait oldu­ğundan alternativ və bərpaolunan enerji mənbələrindən istifadəyə xüsusi önəm verilir.

 

Hazırda Azərbaycanda fəaliyyət göstərən 5 sənaye parkı­nın – Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ və Piralla­hı sənaye parklarının sırasına dövlətimizin başçısının 2021-ci il 28 may tarixli müvafiq fərmanına əsasən Ağdam, 4 oktyabr tarixli fərmanı ilə “Araz Vadisi İqtisa­di Zonası” sənaye parklarının da adları əlavə edilib. Beləliklə, respublikada bu cür qeyri-neft sənaye mərkəzlərinin sayı 7-yə çatdırılıb. Vətən müharibəsində Azərbaycanın qazandığı böyük zəfərlə ərazi bütövlüyümüzün bərpa olunması, işğaldan azad edilmiş torpaqlarımızın ölkə iqtisadiyyatına reinteqrasiyası, regionda mövcud yeni reallıqlar və əməkdaşlıq imkanları, beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin artan potensialı res­publikamızın sürətli inkişafı üçün əlavə stimul yaradır.

 

Bütün bu tədbirlər Prezi­dent İlham Əliyevin rəhbərliyi ilə region üçün çox böyük strateji əhəmiyyətə malik olacaq Zəngəzur dəhlizinin gerçəkləşdirilməsini şərtləndirir. Bu dəhlizin reallaşdırılması dünya, eləcə də region ölkələri üçün mühüm öməm daşıyır. Əlverişli coğrafi mövqeyə, zəngin enerji ehtiyatlarına malik Azərbaycan bu gün dünyada qlobal əhəmiyyətli layihələrin müəllifi kimi tanınır. Ölkəmiz həm də Şərqlə Qərbi, Şi­malla Cənubu birləşdirən nəqliyyat qovşağı və logistik mərkəz rolunu oynayır.

 

II Qarabağ müharibəsində əldə edilmiş böyük zəfərdən sonra yaranmış yeni reallıqlara uyğun addım atan dövlətimizin başçısı iş­ğaldan azad edilən torpaqlarımız­da gerçəkləşdirdiyi yeni layihələr isə Azərbaycanın geosiyasigeoitqisadi imkanlarının getdikcə daha da yüksəlməsini təmin edir.

 

Bəlli olduğu kimi, Qarabağın bərpası və inkişafı modeli beləbir: dəyərli və zəngin mədəni irs nümunələri bərpa ediləcək, lazım olanlar isə yaradılacaq. Qarabağın bərpası tarixi Zəfərimizin davamı­dır. Quruculuq layihələrinin uğurlu icrası dövlətimizin gücünün nəyə qadir olduğunu dünyaya bir daha nümayiş etdirir.

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti .- 2022.-19 mart.-S.6.