Ulu öndər
Heydər Əliyevin dövlət quruculuğu strategiyası və
iqtisadi islahatlar
Ulu öndər Heydər Əliyevin 1993-cü ilin yayında Vətəni sevən hər bir azərbaycanlının ürəyində ümid çırağı yandıran “Biz Azərbaycanı bu vəziyyətdən çıxarmağa qadirik” sözlərini bütün xalq bir çağırış kimi qəbul etdi.
Dahi
şəxsiyyətin dövlət quruculuğu
strategiyasının ana xəttini təşkil edən cəmiyyətin
demokratikləşdirilməsi prinsipi artıq müstəqil Azərbaycan
Respublikasını bütün dünyada tanıtmış və
ölkəmizin dünya birliyində öz layiqli yerini
tutması üçün möhkəm zəmin
yaratmışdır.
Hələ 1994-cü il iyunun 21-də Prezident sarayında respublika iqtisadiyyatının və həyatının müxtəlif sahələrinin cari məsələlərinə həsr olunmuş müşavirədəki yekun nitqində ulu öndər demişdi: “Biz respublikamızda hüquqi-demokratik dövlət qurmaq yolu ilə gedirik. Bu, dövlət quruculuğunda, siyasi sahədə strateji yolumuzdur. Bununla çox sıx əlaqədə ikinci sahə iqtisadiyyatın demokratik yollarla idarə edilməsidir, yəni iqtisadiyyatda demokratik islahatlar aparılması, bazar iqtisadiyyatı yoludur. Bütün bunlar kompleks şəkildə respublikamızı gələcəyə aparan yollar, istiqamətlərdir”.
Qısa bir müddət ərzində Azərbaycanda demokratik prinsiplərin bərqərar olması, qayda-qanunun daha etibarlı qorunması təmin edilməklə hərc-mərcliyə və özbaşınalığa son qoyuldu. Belə bir məqam xüsusi qeyd olunmalıdır ki, dövlət quruculuğu prosesində demokratik prinsiplərin yer alması nəinki ictimai-siyasi mühiti saflaşdırmış, eləcə də iqtisadi sabitliyi təmin edən köklü faktora çevrilmişdir.
Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf strategiyasının Heydər Əliyev tərəfindən düzgün seçildiyini artıq 1996-cı ildə müşahidə olunan iqtisadi sabitlik və 1997-ci ildən başlayan sosial-iqtisadi inkişaf xətti daha bariz şəkildə nümayiş etdirir.
Azərbaycanın
sərbəst bazar münasibətlərinə əsaslanan
liberal iqtisadiyyat xəttini dəstəklədiyini dünyaya bəyan
edən ulu öndərin böyüklüyü onda idi ki, o, həqiqi
müstəqilliyin, siyasi azadlığın iqtisadi qüdrət
və inkişafdan keçdiyini bilir və ölkənin məhz
belə bir yolla irəliləməsini təqdir edirdi.
Heydər
Əliyevin iqtisadi platformasında iqtisadi islahatlar dedikdə, Azərbaycan
iqtisadiyyatını bazar iqtisadiyyatı yolu ilə aparmaq,
özəl bölmənin fəaliyyətini genişləndirmək
və özəlləşdirməni həyata keçirmək,
sahibkarlığa, təşəbbüskarlığa
geniş imkanlar yaratmaq, ölkə iqtisadiyyatını
dünyanın inkişaf etmiş ölkələrinin iqtisadi
sistemi əsasında qurmaq və dünya iqtisadiyyatına
inteqrasiya etmək nəzərdə tutulurdu.
Ümummilli lider idarəetmənin sosialist inzibati-amirlik sistemindən, sosialist iqtisadiyyatından bazar münasibətlərinə, inkişafın bazar qanunlarına, azad sahibkarlığa əsaslanan iqtisadiyyata keçirilməsinin nə demək olduğunu aydın dərk edirdi. Yəni müstəqil dövlət kimi, Azərbaycan gələcəkdə də bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı iqtisadi və siyasi münasibətlər əsasında dünya birliyinin fəal iştirakçısına çevrilməyi nəzərdə tutaraq, öz müstəqilliyini daha da möhkəmləndirmək və inkişaf etdirmək yolu ilə getdi. Eyni zamanda, xarici investorların, dünya maliyyə institutlarının, transmilli korporasiyaların, xarici şirkətlərin imkanlarından istifadə edilməklə iqtisadiyyatı bazar prinsipləri zəminində yenidən quraraq, iqtisadi yüksəlişə böyük təkan vermək üçün məqsədyönlü tədbirlər gerçəkləşdirildi.
Keçirdiyi
müşavirələrdən birində ulu öndər bazar
iqtisadiyyatının fəlsəfəsi barədə
demişdir: “Bazar iqtisadiyyatı nədir? Məsələn, indi deyirlər ki,
Azərbaycanda firmalar, assosiasiyalar, banklar, daha nə bilim nələr
var. Bəli, var. Amma bunların əksəriyyəti, təkrar
edirəm, əksəriyyəti Azərbaycanın
iqtisadiyyatına heç bir xeyir verməyibdir. Mən
bunu tam cəsarətlə deyirəm. Bunların
əksəriyyəti ayrı-ayrı adamların varlanmasına
gətirib çıxarmışdır. Əgər
onların iqtisadiyyata xeyri dəysəydi, bu müddətdə
yeni-yeni müəssisələr tikilərdi. Bəlkə də bir neçəsi olub. Amma bazar iqtisadiyyatı yolu ilə son illərdə
Azərbaycanda kapital qoyuluşu olmayıb, olubsa da, təəssüf
ki, çox az miqdarda olub”.
Ulu öndər həmişə nominal islahatların, yəni
islahat xatirinə islahatların aparılmasının əleyhinə
olub. İslahatların keçirildiyi bir dövrdə
mövcud iqtisadi strukturların və inzibati-amirlik
metodlarının olduğu kimi saxlanması onun iqtisadi
baxışlar sistemində yolverilməz hesab edilirdi. Əksinə, iqtisadi islahatlar həyata keçirilərkən
iqtisadi qanunların və dünya təcrübəsinin əsas
götürülməsini, islahatların sistemli, kompleks
aparılmasını və sosial yönümlü
olmasının zəruriliyini vurğulayırdı.
Heydər
Əliyevin konkret situasiyaya və ölkənin iqtisadi
“landşaftına” hesablanmış iqtisadi konsepsiyasına əsasən
islahatların üç mərhələdə həyata
keçirilməsi daha məqsədəuyğun hesab
edilmişdi: birinci mərhələdə güclü dövlət
tənzimlənməsi ilə böhrandan çıxmaq, ikinci
mərhələdə iqtisadiyyatın sabitliyini təmin etmək,
üçüncü mərhələdə isə
iqtisadiyyatın dirçəlişinə və yüksək
xətlə inkişafına nail olmaq lazımdır.
Hər bir mərhələyə uyğun olaraq, həmin
illərdə məqsədli kompleks proqramlar işlənib
hazırlanmış, onların həyata keçirilmə
müddətləri müəyyən edilmişdi. Kompleks
proqramların məqsədi minimum itkilərlə və sosial
çaxnaşmalarsız böhrandan çıxmaq, cari tədbirlərdən
perspektiv tədbirlərə keçmək idi. Birinci mərhələni xalq üçün
ağır olduğuna görə, mümkün qədər
sürətlə həyata keçirmək nəzərdə
tutulurdu. Bu dövrdə
reallaşdırılan sosial təmayüllü bazar
iqtisadiyyatına keçid konsepsiyası dövlətin optimal
tənzimləmə roluna əsaslanırdı.
Ulu öndərin iqtisadi siyasət proqramında neft
amilinin aparıcı rolu təmin olunmaqla, digər təbii
ehtiyatlardan səmərəli istifadə edilməsi bir daha
göstərdi ki, ölkənin inkişafı
üçün sistemli bir proqram mövcuddur. Buna görə neftlə
birlikdə ölkənin digər təbii ehtiyatlarının
iqtisadi inkişafa xidməti strategiyası həyata
keçirildi: ölkənin qızıl, mis və
gümüş ehtiyatlarının xarici investorlarla birlikdə
istismarı haqqında qərar verildi. Beləliklə,
makroiqtisadi sabitliyin dayanıqlığı üçün
neftdən başqa, ölkənin digər qiymətli təbii
sərvətlərindən səmərəli istifadə
olunması zərurəti meydana gəldi.
Azərbaycanda aparılan investisiya siyasəti spesefik
xüsusiyyətlərə malikdir. Bunun mahiyyəti ondan
ibarətdir ki, xarici investisiyaların cəlb olunmasında səmərəli
iqtisadi mühitin yaradılmasından başqa, həm də
Heydər Əliyevin dünya şöhrətinin yüksək
rolu olmuşdur. Belə yanaşma
investisiyaların təkanverici qüvvəsini artırmaqla,
onlardan iqtisadi səmərənin əldə olunması
müddətini yaxınlaşdırmışdır.
Beləliklə,
Heydər Əliyev islahatları dünya təcrübəsində
müşahidə etdiyimiz bütün proqramlardan əsas bir əlaməti
ilə fərqlənir: onun islahatlar keçirdiyi ölkə
dörd bir tərəfdən blokada, müharibə və
sosial sarsıntılar (qaçqınlar problemi) içərisində
olmasına baxmayaraq, Azərbaycanı 1993-cü ildən 1997-ci
ilin iqtisadi artımına ardıcıl siyasi və iqtisadi tədbirlər
həyata keçirməklə gətirmişdir. Belə ki, 1993-cü ildə respublikada sosial-siyasi vəziyyətin
ağır olmasına baxmayaraq, ölkə Prezidenti tərəfindən
nəticəsi sonralar bilinəcək tədbirlər
görülməyə başlandı. Həmin il iqtisadiyyata investisiya qoyuluşunun azalma
sürətində dəyişikliklər yarandı.
Tənəzzülün
sürətini aşağı salmaq üçün Heydər
Əliyev böyük səy göstərmiş və nəticədə
ölkə iqtisadiyyatına 1994-cü ildə əvvəlki
ildəkinə nisbətən 1,89 dəfə
çox investisiya cəlb edilmişdi ki, bunun da 48 faizi xarici
investisiyalar olmuşdur.
İqtisadi
islahatların son nəticədə nəyə xidmət etməsi
məsələsi barədə Heydər Əliyevin
çoxsaylı dərin fikirlərini ümumiləşdirərkən
belə bir qənaətə gəlmək olar ki,
islahatların nəticələri özünü daha
çox respublikanın mövcud iri istehsal müəssisələrində
zəruri struktur-profil dəyişiklikləri aparılmasında,
daxili bazarın ən zəruri məhsullarla doldurulmasında və
ixracat potensialının artırılmasına xidmət edən
yeni istehsalatların yaradılmasında, müəssisələrin
modernləşdirilməsində və yenidən
qurulmasında büruzə verməli idi.
Dahi şəxsiyyətin
iqtisadi baxışlarında struktur siyasətinin
aşağıdakı istiqamətlərdə həyata
keçirilməsi nəzərdə tutulurdu:
– maddi və
maliyyə ehtiyatlarının yığılması və
yenidən bölgüsü ilə “inzibati” və “bazar”
üsulları arasında dəqiq hədlərin, şərtlərin
qoyulması;
– ölkənin strateji mənafelərini nəzərə
almaqla idxal-ixrac əməliyyatlarının tənzimlənməsi;
– xarici investisiyaların struktur islahatlarında səmərəli
fəaliyyətinin təmin olunması.
Azərbaycan iqtisadiyyatının son onilliklərdəki
inkişaf tarixi bariz şəkildə göstərir ki, Heydər
Əliyev məntiqindəki “müstəqillik – iqtisadiyyat”
dialektikası öz dərinliyi, yeniliyi və konkretliyi ilə
həmişə aktual olmuş və ölkənin müasir
inkişaf gerçəkliyinin obyektiv nəzəri-praktiki təməli
kimi çıxış etmişdir.
Ümumiyyətlə,
Heydər Əliyevin iqtisadi baxışlarında bir-birini
tamamlayan iki məqam nəzərə çarpır: Birinci,
iqtisadiyyatın bütün sahələrində islahatlar
aparmaq və bu islahatlar vasitəsilə ölkə
iqtisadiyyatını inkişaf etdirmək, ikincisi isə
mövcud iqtisadi potensialdan istifadənin səmərəsini təxirə
salmadan yüksəltmək, onun dağılmasına yol verməmək
və bu potensialı bütün Azərbaycan xalqının sərvəti
kimi respublikamızın vətəndaşlarının, əhalinin
bütün təbəqələrinin həyat tərzinin
yaxşılaşdırılmasına yönəltməkdir.
Belə
ki, müstəqillik şəraitində heç kimə
ümid olmadan iqtisadiyyatımızı düzgün
inkişaf etdirməyi, öz sərvətlərimizdən səmərəli
istifadə etməklə dövlətçiliyimizi möhkəmləndirməyi,
özü də təkcə siyasi-mənəvi deyil, həm də
maddi nəticələr əldə etməklə insanların
həyat səviyyəsini yaxşılaşdırmağı əsas
şərt sayan Heydər Əliyev deyirdi: “Müstəqillik
ona görədir ki, biz öz taleyimizin sahibi olaq, öz sərvətlərimizin
sahibi olaq və bu sərvətlərdən istifadə edərək
xalqımız daha yaxşı
yaşasın”.
Azərbaycanın
müstəqil dövlət kimi yaşaması və
inkişaf etməsi üçün respublikanın iqtisadi
potensialı əsas şərt sayılsa da (hətta Sovetlər
İttifaqının dağılması prosesi zamanı
dövrünün böyük iqtisadçıları dəfələrlə
belə fikir söyləyirdilər ki, SSRİ kimi nəhəng
dövlətin daxilində olan yalnız Rusiya və Azərbaycan
iqtisadi cəhətdən müstəqil yaşamaq imkanına
malikdir) bu potensialdan səmərəli istifadənin çox
mühüm əhəmiyyət kəsb etdiyi, bunun isə
öz növbəsində, ancaq çox
düşünülmüş, cəsarətli islahatlar yolu
ilə reallaşdırılma imkanı ölkə
başçısı tərəfindən dəfələrlə
vurğulanmışdır.
Mövcud
iqtisadi potensialdan səmərəli istifadə etmək
üçün hər gün, hər ay, hər rüb və
hər il yorulmadan çalışmağı tövsiyə
edən Heydər Əliyev bunu iqtisadiyyatın inkişafı,
adamların işlə təmin edilməsi və nəticədə
maliyyə vəziyyətimizin
yaxşılaşdırılması, vətəndaşlarımızın
həyat səviyyəsinin yüksəldilməsi və
bütövlükdə, iqtisadi böhrandan
çıxış üçün əsas kimi qiymətləndirirdi.
İslahatlar
aparılarkən xarici ölkələrin təcrübəsindən
yaradıcılıqla bəhrələnməyi daim tövsiyə
etməklə yanaşı, həmin işdə kor-koranə
ehkamçılığa və tələskənliyə
qarşı çıxan Heydər Əliyev dəfələrlə
qeyd etmişdir ki, bu iş Azərbaycan Respublikasının
iqtisadiyyatına, ənənələrinə uyğun olaraq təşkil
edilməlidir və yerli şərait, milli xüsusiyyətlər,
milli ənənələr nəzərə alınmaqla həyata
keçirilməlidir. Keçid
dövrünün Azərbaycan üçün xarakterik
xüsusiyyətləri nəzərə alınmaqla iqtisadi
islahatların aparılması onun müvəffəqiyyətini
təmin etmişdir və burada Heydər Əliyev
dühasının əvəzolunmaz rolu vardır. Belə ki, ilk növbədə, onun fövqəladə
zəhməti sayəsində bağlanan neft sazişləri
iqtisadiyyatın bütün sahələrinin dirçəlməsində
əhəmiyyətli rol oynadı.
Respublikamızda
iqtisadi islahatlar ardıcıl surətdə həyata
keçirilməklə öz müsbət nəticələrini
verdi. İslahatların hüquqi
bazasını təşkil edən “Müəssisələr
haqqında”, “Səhmdar cəmiyyəti haqqında”, “Torpaq
islahatı haqqında”, “Sovxoz və kolxozların islahatı
haqqında”, “Banklar və bank fəaliyyəti haqqında”,
“Müflisləşmə və iflas haqqında” və bir
sıra digər qanunlar qəbul edilmiş, vergi qanunvericiliyinin
beynəlxalq təcrübəyə
uyğunlaşdırılması istiqamətində
mühüm dəyişikliklər edilmiş, “Azərbaycan
Respublikasında 1995-1998-ci illərdə dövlət
mülkiyyətinin özəlləşdirilməsinin
Dövlət Proqramı” təsdiq olunmuşdur. Ümummilli liderin birbaşa göstərişi ilə
müvafiq dövlət orqanları tərəfindən təcili
olaraq hökumətin iqtisadi proqramı işlənib
hazırlamış və həyata keçirilməyə
başlanmışdı. 1995-1996-cı illər
ərzində makroiqtisadi sabitliyin təmin olunması və
iqtisadiyyatda struktur dəyişikliklərinin aparılması
tədbirlərini nəzərdə tutan iki hökumət
proqramı müvəffəqiyyətlə
reallaşdırılmışdır.
Çox böyük əhəmiyyəti olan beynəlxalq
kontraktların bağlanması, dünya ölkələri ilə
iqtisadi əlaqələrin genişlənməsi, Azərbaycana
investisiya axınının güclənməsi, iqtisadi
inteqrasiyanın dərinləşməsi və s. məhz Heydər
Əliyevin müdrik daxili və xarici siyasətinin məntiqi nəticəsi
kimi mümkün olmuşdur. Bütün bunlar Azərbaycanın
sabahına inam yaratmış, respublikamızın ümdə
problemlərinin həllinə, əhalinin rifahının
yüksələcəyinə böyük ümidlər
doğurmuş, xalqın iqtisadi fəallığının
artmasına təsir etmişdir.
Qeyd edilənlərə yekun vuraraq belə bir nəticəyə
gəlmək olar ki, 1993-cü ilin iyununda xalqın təkidli tələbi
ilə ümummilli liderin ikinci dəfə hakimiyyətə
qayıdışından sonra müstəqil Azərbaycanın
iqtisadi tərəqqisinin dayaq sütunlarını müəyyən
edən milli inkişaf doktrinası hazırlandı. Heydər
Əliyev ölkənin yeni makroiqtisadi siyasətinin şaxələrini
dərinliklərinə qədər məharətlə tədqiq
edərək, fundamental iqtisadi model hazırladı. Bu model çoxistiqamətli və uzunmüddətli
dinamik inkişafın sütunlarını təşkil edən
zəngin bir konsepsiya idi. Bu mükəmməl
inkişaf konsepsiyasının həyata keçirilməsi
dövlət suverenliyini bərpa edən Azərbaycanda
demokratik dövlət quruculuğu və azad bazar münasibətlərinə
əsaslanan milli iqtisadiyyatın
formalaşdırılmasına, yeni iqtisadi dövrün tələblərinə
uyğun təsərrüfat sisteminin yaradılmasına və
sıçrayışlı inkişafın təmin
olunmasına, kompleks islahatların reallaşmasına möhkəm
əsas yaratdı.
Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyev tərəfindən müəyyən edilmiş
demokratik, dünyəvi dövlət quruculuğu və sosial
yönümlü bazar prinsiplərinə əsaslanan
sosial-iqtisadi inkişaf siyasəti artıq on doqquz ilə
yaxındır ki, möhtərəm Prezidentimiz İlham
Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Bu siyasət Azərbaycanın
bölgədə iqtisadi cəhətdən lider dövlətə
çevrilməsi və dünya iqtisadi sisteminə uğurla
inteqrasiya etməsi, ölkədə sosial problemlərin həlli
və əhalinin həyat səviyyəsinin
yaxşılaşdırılması, yoxsulluğun sürətlə
azaldılması, işsizlik problemlərinin həlli və
infrastrukturun yenidən qurulması istiqamətində
mühüm dövlət proqramlarının ardıcıl həyata
keçirilməsi üçün möhkəm təməl
yaratmışdır.
Ulu
öndərin əsasını qoyduğu inkişaf
strategiyasını uğurla davam etdirən Prezident İlham
Əliyevin səyi ilə tarixən qısa müddət ərzində
Azərbaycanın keçid iqtisadiyyatını arxada
qoymasına nail olunmuşdur. Ölkədə həyata
keçirilən mükəmməl islahatlar
konsepsiyasının müəllifi kimi, Prezident İlham
Əliyev iqtisadi inkişafın müasir Azərbaycan modelini
yaratmışdır. Bu, ölkəmizin
ümumi siyasətinin ayrılmaz tərkib hissəsi olmaqla, Azərbaycanın
iqtisadi tərəqqisinə, hərbi qüdrətimizin
gücləndirilməsinə, dünya birliyində
köklü mövqeyinin möhkəmlənməsinə,
inkişaf etmiş güclü dövlətlər
sırasında yer almasına xidmət edir.
Bu gün ölkəmizin tərəqqisinin əsasında
ulu öndər Heydər Əliyevin ideyaları dayanır. Azərbaycanın
indiki zənginliyi, intibahı Heydər Əliyev ideyalarının
öz real təsdiqini tapması sayəsində mümkün
olmuşdur. Bu gün ölkə əhalisinin sosial
rifahının yaxşılaşdırılması, yeni
iş yerlərinin getdikcə artması və yoxsulluğun əhəmiyyətli
dərəcədə azaldılması, 30 il
işğal altında olan torpaqlarımızın işğaldan
azad edilməsi dövlət başçısı İlham
Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir.
Yürüdülən uğurlu, qətiyyətli
siyasət, həyata keçirilən makroiqtisadi layihələr
Azərbaycan iqtisadiyyatının daha da yüksələcəyindən
xəbər verir. Ayrı-ayrı dövlət
proqramlarında, Böyük Qayıdış
strategiyasında nəzərdə tutulan tədbirlərin həyata
keçirilməsi Azərbaycanın sosial-iqtisadi
inkişafında vacib mərhələ olmaqla, ölkənin
iqtisadi inkişafında və əhalinin rifah halının
yaxşılaşdırılmasında getdikcə
mühüm rol oynayır.
Əlbəttə,
bir məqalə çərçivəsində Heydər
Əliyevin Azərbaycanın dövlət quruculuğunda,
iqtisadiyyatın idarə olunmasında, təsərrüfatçılıqda
məqsədyönlü, zəngin, çoxcəhətli əməli
iş təcrübəsini ümumiləşdirərək
şərh etmək mümkünsüzdür. Bu baxımdan,
ulu öndər haqda ən obyektiv və dərin mənalı
fikirlərdən biri kimi dəyərləndirilən Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu sözləri
yerinə düşər: “Böyük siyasət xadimi,
müasir Azərbaycan dövlətinin qurucusu Heydər
Əliyev hər bir azərbaycanlının qəlbində
qoyub getdiyi azərbaycançılıq fəlsəfəsi,
dövlətçilik irsi və gördüyü nəhəng
işlərlə yaşayacaqdır!”
Vahid NOVRUZOV,
YAP Veteranlar Şurasının
üzvü, Respublika Ağsaqqallar Şurasının sədr
müavini,
Azərbaycan Respublikası Auditorlar
Palatasının sədri, iqtisad elmləri doktoru, professor
Xalq qəzeti 2022.- 7 may.- S.3.