Heydər Əliyev Azərbaycan
xalqının əzəmətinin simvoludur
Bu, bir həqiqətdir ki, dövlətin
beynəlxalq koordinatlar sistemində tutduğu mövqeni şərtləndirən
parametrlər sırasında coğrafi şərait, əhalinin
sayı, təbii ehtiyatlar, iqtisadi güc, müdafiə
qüdrəti, milli əxlaq və diplomatiyanın rolu kifayət
qədər böyükdür. Burada digər həqiqət
ondan ibarətdir ki, bu parametrlər dövlətin statusunun təyinatında
nə qədər əhəmiyyətli olsa da, heç də
həlledici deyildir. Bu statusda məhz dövlətin şəksiz
lideri olan unikal şəxsiyyət fenomeni
çıxış edir. Xarizmatik lider mövcudluğu təhlükə
altında olan dövlətin xilaskarı funksiyasını
yerinə yetirir, onun sonrakı inkişafının təminatçısı
olur.
Azərbaycanın
çağdaş tarixində bu fenomen Heydər Əliyevin
adı ilə bağlıdır. Məhz
müdrik dövlət xadimi Heydər Əliyev Azərbaycan
dövlətçiliyini permanent xaos və böhran məngənəsindən
çıxarmış, ümummilli fəlakətin – vətəndaş
müharibəsinin qarşısını almış,
döyüş cəbhəsində məğlubiyyətlər
seriyasına son qoymuş və atəşkəs rejiminin
tətbiqinə nail olmuş, bir sözlə,
xalqımızın taleyində misilsiz xilaskar
missiyasını şərəflə yerinə yetirmişdir.
Heydər
Əliyev Azərbaycan xalqının milli sərvətidir. Aforizmə
çevrilmiş bu ifadə Heydər Əliyev şəxsiyyətinə
verilmiş ən lakonik və düzgün qiyməti əks
etdirir. O, xalqa və Vətənə sonsuz
sevgisi, dövlətçiliyə hədsiz sədaqəti ilə
indiki və gələcək nəsillərə örnək
ola biləcək bir fəaliyyət nümunəsi, ölkəmizin
davamlı inkişafının
uzunömürlüyünü təmin edən təkmil irs,
siyasi məktəb miras qoymuşdur.
O,
ölkə həyatının bütün sahələrində
quruculuğun, davamlı inkişafın və islahatların
banisi olmuşdur. İqtisadiyyatın yenidən
qurulması, kənd təsərrüfatının dirçəlişi,
peşəkar ordunun yaradılması, çevik və
balanslaşdırılmış xarici siyasət kursunun həyata
keçirilməsi, səhiyyə, elm, təhsil, mədəniyyət,
incəsənət sahələrinin tərəqqisi,
hüquqi və demokratik dövlət quruculuğu məhz
onun adı ilə bağlıdır.
Fransa müqavimət hərəkatının lideri Şarl de Qoll faşistlərin viran qoyuduğu və xarabazara çevirdiyi Paris şəhərinə 1944-cü ildə qədəm qoyarkən ürək ağrısı ilə bu sözləri söyləmişdi: “Fransada dövlətçilik yoxdur, deməli, heç nə yoxdur”. O, fransızların itirilmiş dövlətçiliyini bərpa etdi, “asayişə hə, xaosa yox dedi”. Fransızlar dövlətçilik qarşısında bu misilsiz xidmətinə görə əbədi olaraq Şarl de Qolla minnətdardırlar.
Ümummilli
lider Heydər Əliyev də 1993-cü ilin 9 iyununda Bakı
şəhərinə qədəm qoyaraq, ilk növbədə,
Azərbaycanı permanent xaos vəziyyətindən
çıxardı, vətəndaş müharibəsinin
qarşısını aldı, ölkədə milli
barışığa nail oldu, bütün sahələrdə
dinamik inkişaf tendensiyalarının əsasını qoydu. Azərbaycanda
siyasi sabitlik və inkişaf dövrü başlandı. Azərbaycan
xalqı da dövlətçilik qarşısında müstəsna
və misilsiz xidmətlərinə görə zəmanəmizin
dühası Heydər Əliyevə əbədi olaraq minnətdardır.
Təsadüfi deyildir ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi coşqun yüksəliş illəri “Milli intibah dövrü” kimi xarakterizə olunur. Bu dövrün hər iki mərhələsi (1969-1982 və 1993-2003-cü illər) bir-birindən zaman və ictimai-siyasi formasiya baxımından fərqlənsə də, zəmanəmizin dühasının xalqa, Vətənə xidməti və hakimiyyətin hər iki mərhələsində qazandığı böyük uğurlar baxımından olduqca oxşardır. Təkcə bir faktı qeyd edək ki, 1969-1982-ci illərdə respublika iqtisadiyyatına 32 milyard rubldan çox kapital qoyulmuşdu ki, bu göstərici 1920-ci ildən başlayaraq Azərbaycan iqtisadiyyatına yatırılan investisiyadan 2,3 dəfə çox idi. Azərbaycan həmin illərdə 65 ölkəyə 350 adda məhsullar ixrac edən sənaye respublikası kimi özünü təsdiqləmişdi.
Heydər
Əliyev 1982-1987-ci illərdə SSRİ Nazirlər Soveti Sədrinin
birinci müavini vəzifəsini icra etdiyi müddətdə də
öz doğma respublikasının vəziyəti ilə daim
maraqlanmış, ona xüsusi diqqət və qayğı
göstərmişdir. Bu dövrdə Azərbaycan
iqtisadiyyatına yönəldilən irimiqyaslı sərmayələr,
xüsusilə neft və neft-kimya sənayesi, kənd təsərrüfatı
və emaledici sənaye sahələrinin sürətli
inkişafı, tikilib istifadəyə verilən yüzlərcə
istehsal müəssisələri, ictimai-mədəni və
sosial obyektlər, hazırlanan yüksək ixtisaslı
kadrlar, açılan yeni iş yerləri və s. bu
münasibətin əyani sübutudur.
SSRİ-nin
birinci və sonuncu prezidenti Mixail Qorbaçovun qatı ermənipərəst
mövqedə dayanması və bu xüsusda Heydər
Əliyev şəxsiyyətinə münasibətdə qərəzli
və qisqanc davranışı 1987-ci il 21 oktyabr tarixində
bu nadir şəxsiyyətin tutduğu vəzifədən
istefa verməsinə səbəb oldu.
1990-cı
ilin 20 iyul tarixində Moskvadan Bakıya, 2 gün sonra isə
Naxçıvana qayıdan Heydər Əliyev, sözün həqiqi
mənasında, bu qədim Azərbaycan torpağını erməni
işğalından hifz edə bildi. Qədirbilən Naxçıvan
əhalisi bir yumruq kimi ulu öndərin ətrafında birləşdi.
Bu birlik sayəsində Naxçıvan şəhəri
Azərbaycanın qurtuluşuna gedən tarixi proseslərin mərkəzinə
çevrildi. 1990-cı il 17 noyabr tarixində Heydər
Əliyevin sədrliyi ilə Naxçıvan parlamentinin sessiyasında
Muxtar Respublikanın adından “Sovet Sosialist” sözləri
götürüldü. “Ali Sovet” sözü “Ali Məclis”
sözü ilə əvəz olundu. Azərbaycan Xalq
Cümhuriyyətinin (AXC) üçrəngli bayrağı
dövlət bayrağı kimi təsdiqləndi. Dövlət
gerbi haqqında qərar qəbul edildi ki, məsələ
araşdırılsın və konkret təkliflər Ali Məclisin
müzakirəsinə verilsin. Eyni zamanda AXC-nin
üçrəngli dövlət bayrağının
bütövlükdə Azərbaycan SSR-in dövlət rəmzi
kimi təsis edilməsi və digər dövlət
atributlarının bərpası məsələsinin qanunvericilik
təşəbbüsü qaydasında Azərbaycan
Respublikası Ali Soveti qarşısında qaldırılması
haqqında qərar qəbul edildi.
Nəticədə
1991-ci il fevralın 5-də ulu öndər Heydər
Əliyevin tarixi təşəbbüsü reallaşdı. Belə ki, həmin gün Azərbaycan
Respublikasının Ali Sovetinin sessiyası “Azərbaycan SSR”
adının “Azərbaycan Respublikası”
adlandırılması, AXC-nin bayrağının Dövlət
Bayrağı kimi təsis edilməsi haqqında qərar
verdi.
1991-ci il 17 mart tarixində SSRİ-nin saxlanılmasına dair Azərbaycanda referendum keçirilən zaman ümummili lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda ümumxalq səsverməsi keçirilmədi. Bu addımı ilə zəmanəmizin dühası olan Heydər Əliyev növbəti tarixi uzaqgörənliyə imza atdı, böyük qorxmazlıq və cəsarət nümunəsi sərgiləmiş oldu.
Eyni cəsarət, prinsipiallıq və vətənsevərliyi ulu öndər Heydər Əliyev 1990-cı il 20 Yanvar faciəsinə münasibətdə bir daha nümayiş etdirdi. Faciənin səhərisi günü Heydər Əliyev özünün və ailə üzvlərinin həyatını təhlükəyə qoyaraq Azərbaycanın Moskvadakı nümayandəliyinə gəldi və 20 Yanvar faciəsini törədənlərə qarşı açıq ittihamlarla çıxış etdi. Qətliama görə birbaşa məsuliyyət daşıyan SSRİ və Azərbaycan rəhbərliyini ifşa etdi.
Beləliklə,
20 Yanvar faciəsində qanlı təcavüzə məruz
qalmış Azərbaycan xalqının haqq səsini dünya
ictimaiyyətinə çatdıran yeganə şəxsiyyət
ümummilli lider Heydər Əliyev oldu. Məhz
xalqımıza qarşı bu amansız hərbi təcavüz
cinayətinə cavab olaraq Heydər Əliyev Sovet
İttifaqı Kommunust Partiyasının sıralarını tərk
etdi. 1991-ci il iyulun 19-da Heydər Əliyev partiya
sıralarından çıxmaq barədə SSRİ Nazirlər
Kabinetinin partiya təşkilatına müraciət etməklə
bu addımı rəsmiləşdirdi.
Xüsusilə dövlətçilik tariximizdə müstəsna əhəmiyyətə malik olan ikinci mərhələnin ən başlıca nailiyyəti odur ki, ölkəmizin dövlət müstəqilliyi qorunub saxlanmış, daha da möhkəmləndirilmiş və inkişaf etdirilmişdir. Azərbaycanda hüquqi dövlət quruculuğu, demokratiyanın inkişafı, insan hüquq və azadlıqlarının qorunması, işlək bazar iqtisadiyyatına keçid istiqamətində mühüm uğurların əldə edilməsi bu çox mürəkkəb və son dərəcə məsuliyyətli dövrün xarakterik cəhətlərindəndir.
Ulu öndər Heydər Əliyev xalqın təkidli xahişi və tələbi ilə Bakıya gəldi və 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri vəzifəsinə seçildi. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.
Bu dövr ulu öndərin təbirincə desək, “müstəqilliyin əldə edilməsindən daha çətin olan onun qorunması və möhkəmləndirilməsi” ilə xarakterizə olunurdu. Həmin dövrdə Rusiyanın siyasi-hərbi elitasında formalaşmış mövqeyə görə, ərazisindən hərbi bazaları çıxarılan və birmənalı olaraq Qərbə inteqrasiya xəttini seçən Azərbaycan regionda Kremlin uzağagedən planları üçün birbaşa təhlükə mənbəyi rolunu oynayırdı. Həmin mərhələdə hakimiyyətdə olan Müsavat–AXC cütlüyünün həyata keçirdiyi səbatsız daxili və xarici siyasət kursu Rusiyanın Azərbaycana münasibətdə məlum sərt mövqeyinin formalaşmasında az rol oynamadı. Nəticədə məhz həmin illərdə Rusiyanın himayəsi ilə torpaqlarımızın Ermənistan tərəfindən işğalı həyata keçirildi.Yeri gəlmişkən, burada bir həqiqəti də xüsusi olaraq qeyd edək ki, Azərbaycan xalqının ən ağır dərdi olan Dağlıq Qarabağ problemi ilə bağlı ulu öndər Heydər Əliyevin 1969-1982-ci illərdə həyata keçirdiyi siyasətin nəticəsində bu dövrdə erməni millətçiləri bir dəfə də olsun ölkəmizə qarşı ərazi iddialarını açıq şəkildə dilə gətirməyə cəsarət etmədilər və buna imkan verilmədi.
Prezident
Ilham Əliiyevin Sumqayıtın 70 illiyinə həsr
olunmuş tədbirdə qeyd etdiyi kimi, “1987-ci ildə Heydər
Əliyev vəzifədən gedəndən sonra iki həftə
keçməmiş erməni millətçiləri
Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana
vermək haqqında beynəlxalq mətbuatda və sovet mətbuatında
məsələ qaldırmışlar. Artıq
Dağlıq Qarabağda separatçı meyillərə elə
bil ki, yaşıl işıq yandırıldı. Heydər
Əliyev vəzifədən gedəndən 3 ay sonra
Sumqayıt hadisələri baş vermişdir. Sumqayıt hadisələri
də məkrli planın tərkib hissəsi idi. Plan ondan ibarət
idi ki, Heydər Əliyev hakimiyyətdən getsin.
Çünki onun Siyasi Büronun üzvü kimi fəaliyyəti
erməni millətçilərə imkan vermirdi ki, məsələ
qaldırsınlar”.
Müsavat–AXC
cütlüyünün mövcud şəraitə adekvat
olmayan məqamda “Cənubi Azərbaycan” problemini
qaldırması nəticəsində İranla da münasibətlər
son dərəcə kəskinləşmişdi. Bu siyasətin nəticəsində faktiki olaraq Azərbaycan
həm şimaldan, həm də cənubdan ağır təzyiq
altına düşmüşdü. ABŞ Konqresi isə Azərbaycanı
dövlət səviyyəsində hər cür yardımdan
məhrum edən “907-ci əlavə”ni qəbul etmişdi.
Bu şəraitdə dövlətçiliyimiz üçün ən təhlükəli proses separatizm və onun nəticəsində ərazi bütövlüyümüzün növbəti dəfə pozulması idi. Erməni işğalçılarının aramsız hücumları, Cənubda “Talış Muğan Respublikası”nın elan edilməsi, şimalda “Sadval” təşkilatının ərazi iddiaları və Gəncədə Surət Hüseynova məxsus hərbi hissənin dövlət çevrilişinə cəhd etməsi həmin dövrdə ölkəmizin dəhşətli siyasi kataklizmlər mərhələsində olduğunu bir daha təsdiqləyir. Əslində respublikamız real vətəndaş müharibəsi astanasına idi. Ölkədə hakimiyyətsizlik və xaos hökm sürürdü. İnfilyasiya 1992-ci ildə 1174 faiz, 1993-cü ildə isə 1080 faizə çatmışdı. 1993-cü ildə ÜDM 31,4 milyon manat, dövlət büdcəsi 10,7 milyon manat təşkil edirdi. Bu məqamda Prezident İlham Əliyevin həmin dövrü tam xarakterizə edən fikirlərinə diqqəti cəlb etmək yerinə düşər: “1991-ci ilin oktyabr ayından 1992-ci ilin yay aylarına qədər olan dövr itirilmiş imkanlar, itkilər dövrü idi... 1992-ci ilin yay aylarından 1993-cü ilin iyun ayına qədərki dövr biabırçılıq, rüsvayçılıq, fəlakət dövrü idi.”
Yuxarıda
qeyd etdiyimiz kimi, yalnız ümummilli lider Heydər Əliyevin
1993-cü ildə xalqın tələbi və xahişi ilə
hakimiyyətə qayıdışından sonra hədəfinə
çevrildiyimiz bu ağır problemlər öz həllini
tapmağa başladı. Lakin bu prosesin özü də hamar
yol ilə getmədi. 1994-cü ilin oktyabr və
1995-ci ilin mart aylarında Azərbaycanın müstəqilliyini
istəməyən xarici qüvvələrin himayəsi ilə
respublikamızda dövlət çevrilişlərinə cəhdlər
edildi. Prezident Heydər Əliyevlə xalqın
sarsılmaz birliyi bu sınaqlardan da uğurlu
çıxışı təmin etdi. Zəmanəmizin
dühası olan Heydər Əliyev xalqımızın və
dövlətçiliyimizin tarixində, əgər bir sözlə
ifadə etmək mümkünsə, məhz Xilaskar
missiyasını yerinə yetirdi.
Məlum
olduğu kimi, 1997-ci ildə Prezident Heydər Əliyevin
ABŞ-a ilk rəsmi səfəri zamanı
ona bu dövlətin ən məşhur 4 prezidentindən biri
olan (C.Vaşinqton, T.Cefferson F.D. Ruzveltlə birlikdə) Avraam
Linkolnun büstü bağışlanmışdı. Bu, təsadüfi olmayıb, rəmzi mənası
olan bir hadisə idi. Prezident A.Linkoln ABŞ-ın
bütövlüyünün qorunması naminə
separatçı Cənub ştatları ilə mübarizə
aparmalı olmuş və nəticədə ölkə
miqyasında 600 mindən artıq itkilərin verilməsinə
baxmayaraq, dövlətçiliyin məhvinin
qarşısını ala bilmişdi. Amerikalılar
indiyədək seçdikləri bütün prezidentlər
içərisində yalnız dördünə heykəl
qoyublar. Həmin prezidentlərdən biri də
məhz A.Linkolndur. Zənnimizcə,
amerikalıların Heydər Əliyevlə Avraam Linkoln
arasında paralel aparmalarının motivi gün kimi
aydındır. Hər ikisi öz
xalqları və dövlətlərinin
xilaskarlarıdırlar.
Ümummilli lider Azərbaycanda demokratik inkişaf proseslərinin
də əsasını qoydu. Məhz onun təşəbbüsi və
siyasi iradəsinin nəticəsi olaraq qəbul edilmiş
1995-ci il konstitusiyası və ona
edilmiş əlavə və düzəlişlər ölkəmizdə
hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin
formalaşması prosesində müstəsna rol oynadı. Ölkəmizdə şəxsiyyətin
azadlığı və toxunulmazlığı, habelə
hüquqi müdafiəsi təmin edildi, çoxpartiyalı
sistem üçün əsaslar yaradıldı, siyasi
plüralizm, vicdan və etiqad azadlığı,
azlıqların hüquqları, qanun qarşısında bərabərlik
təmin edildi. Azərbaycan
Respublikasının qanunvericilik aktlarında əks olunan, onun
ayrılmaz komponenti olan təqsirsizlik prezumpsiyası təmin
edildi. Bundan savayı, Konstitusiya Məhkəməsi,
üçpilləli məhkəmə sistemi, yeni məhkəmə
korpusu yaradıldı, məhkəmələrin müstəqilliyi
və prosedur qaydalarının şəffaflaşması təmin
edildi, on minlərlə insana amnistiya tətbiq edildi və
böyük sayda məhkum əfv olundu, senzura ləğv
edildi, KİV-in azadlığı və QHT-lərin sərbəst
fəaliyyəti təmin edildi.
Bu prosesdə-demokratik
dövlət quruculuğu istiqamətində ümummilli
liderin miras qoyduğu irsin öyrənilməsi, təbliği
və tətbiqində unikal genetik irsə, zəngin təcrübəyə,
böyük intellektə və geniş təşkilatçılıq
qabiliyyətinə malik Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti, UNESCO və İCESCO-nun xoşməramlı səfiri
Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər
Əliyev Fondunun xidmətləri müstəsna əhəmiyyət
kəsb edir. Başqa sözlə, ulu öndərin irsinin
öyrənilməsi istiqamətində irimiqyaslı
proqramların həyata keçirilməsini dəstəkləmək,
Azərbaycan xalqının rifahının yüksəldilməsinə
yönəldilmiş təşəbbüsləri himayə
etmək, ölkədə elm, təhsil, mədəniyyət,
səhiyyə və idmanın inkişafını təmin edən
layihələrə yardımçı olmaq, milli-mənəvi
dəyərlərə sadiq gənclərin yetişdirilməsinə
və digər mühüm vəzifələrin yerinə
yetirilməsinə nail olmaq ölkənin birinci
xanımının rəhbərlik etdiyi təşkilatın
genişmiqyaslı fəaliyyətinin prioritet istiqamətlərini
təşkil edir və geniş ictimaiyyət tərəfindən
olduqca yüksək dəyərləndirilir. Hörmətli
Mehriban xanımın qazandığı ümumxalq sevgisinin
kökündə dayanan əsas amil insanların inamını
qazanması ilə bağlıdır. Mehriban
xanım Əliyeva Rusiyanın nüfuzlu “Rossiya-24” kanalına
müsahibəsində bu xüsusda haqlı olaraq
vurğulayır ki, “Üzərimə düşən məsuliyyət
olduqca böyükdür. Mən Prezidentin
etimadını doğrultmalıyam və ən
başlıcası isə inamı, ümidi olan insanların
etimadını doğrultmalıyam.”
1993-cü ildən etibarən ümummilli liderimiz Heydər
Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti
nəticəsində 1995-ci ildən başlayaraq ölkəmizin
sosial-iqtisadi inkişafı və dünya iqtisadi sisteminə
inteqrasiyası sahəsində çox böyük nailiyyətlərə
imza atıldı. Ən böyük nailiyyət isə ondan
ibarətdir ki, bu dövrdə ölkəmizdə aparılan
müstəqil dövlət quruculuğu prosesində iqtisadi
islahatların və inkişafın mahiyyət etibarı ilə
yeni bir modeli – Azərbaycan modeli yaradıldı.
Dayanıqlı
və dinamik inkişaf tempinə əsaslanan bu modeli 3
mühüm parametrlə xarakterizə etmək olar: 1) sərbəst
bazar münasibətlərinə əsaslanan və
özünüinkişaf qabiliyyətinə malik olan
sosialyönümlü bütöv iqtisadi sistemin-müstəqil
milli iqtisadiyyatın formalaşdırılması; 2) ölkədə
mövcud olan təbii-iqtisadi, texniki-istehsal və elmi-texniki
potensialın fəal surətdə təsərrüfat
dövriyyəsinə cəlb olunması; 3) milli iqtisadiyyatın
dünya təsərrüfat sisteminə səmərəli
inteqrasiyasının təmin olunması.
Məhz
ulu öndərin siyasi iradəsi və səriştəli rəhbərliyi
altında Azərbaycan Respublikasında qeyd edilən modelin
gerçəkləşməsinin rəsmi bazası kimi bir
çox irimiqyaslı konsepsiya və proqramlar- ''Azərbaycanda
Kiçik və Orta Sahibkarlığa Dövlət
Yardımı Proqramı (1997-2000-ci illər)'', "Azərbaycan
Respublikasında kiçik və orta sahibkarlığın
inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)",
"Azərbaycan Respublikasında maşınqayırma sənayesinin
inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)",
"Azərbaycan Respublikasında aqrar bölmənin
inkişafının Dövlət Proqramı (2002-2006-cı
illər)", "Azərbaycan Respublikasının demoqrafik
inkişaf konsepsiyası", "Azərbaycan
Respublikasında 2002-2005-ci illərdə turizmin
inkişafına dair Dövlət Proqramı" qəbul
olunmuş və uğurla həyata keçirilmişdir.
Güclü dövlət ideyasına sadiq qalan Heydər
Əliyev ilk öncə sosial problemlərin həlli sahəsində
dövlətin aparıcı rolunun artırılmasına
xüsusi diqqət yetirdi. Belə ki, 1994-cü il 15 iyun tarixli
“Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və
iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşdirilməsi
tədbirləri haqqında“ və “Əhalinin sosial müdafiəsi
sahəsində əlavə tədbirlər haqqında”
1994-cü il 24 oktyabr tarixli Fərmanları əhalinin sosial
rifahının yaxşılaşdırılması
üçün mühüm hüquqi-normativ baza yaratdı.
Ayrı-ayrı kateqoriya üzrə şəxslərin sosial
müdafiəsi istiqamətində müxtəlif qanunlar-“Şəhid
adının əbədiləşdirilməsi və şəhid
ailələrinə edilən güzəştlər haqqında”,
“Çernobıl qəzasının ləğvində
iştirak etmiş və həmin qəza nəticəsində
zərər çəkmiş vətəndaşların
statusu və sosial müdafiəsi haqqında”, “Veteranlar
haqqında” və s. hüquqi sənədlər qəbul
edildi. Nəticədə şəhid ailələrinin,
müharibə və 20 Yanvar əlillərinin, qaçqın
və məcburi köçkünlərin, veteranların
sosial təminatı daha da gücləndirildi.
Daxili
siyasi sabitlik və iqtisadi inkişafa nail olan Heydər
Əliyev təkcə düzgün daxili siyasət kursunu deyil,
həm də onun davamı və tamamlanması olan uğurlu xarici
siyasət strategiyasını müəyyənləşdirdi.
Balanslı və çoxvektorlu xarici siyasət
kursu kimi xarakterizə olunan bu siyasətin prioritet istiqamətlərindən
birini də “yeni neft diplomatiyası” təşkil edirdi.
Azərbaycanın yeni enerji strategiyasının memarı
ümummilli lider Heydər Əliyevin otən əsrin 90-cı
illərində müəllifi olduğu iki siyasi qərar
ölkəmizin neft-qaz siyasətinin formalaşmasında həlledici
əhəmiyətə malik oldu, eyni zamanda
respublikamızın Avropanın enerji təhlükəsizliyinə
töhfə verməyə hazır olduğunu nümayiş
etdirdi. Daha dəqiq
desək, 1994-cü il sentyabrın 20-də
dünyanın 8 ölkəsinin 12 şirkətinin
iştirakı ilə “Əsrin müqaviləsi”nin
imzalanması ölkəmizin yeni neft strategiyasının
başlanğıcı oldu. 1996-ci il
iyunun 6-da regionun və Avropanın enerji təhlükəsizliyində
vacib rol oynayan “Şahdəniz” qaz yatağının işlənməsinə
dair müqavilənin imzalanması ilə bu proses dönməz
xarakter aldı.
Bu gün
ölkənin təsdiq edilmiş enerji ehtiyatları 1,5-2 mlrd. tondan artıq neft və
2,6 trln. kubmetr qazdan ibarətdir və 7 kəmərlə
Avropa və dünya bazarlarına çatdırılır.
Bunlardan 3-ü neft (Rusiya, Gürcüstan və Türkiyə
istiqamətləri) 4-ü isə qaz ( Türkiyə,
Gürcüstan, Rusiya və İran istiqamətləri) kəmərləridir.
Bunların içərisində Heydər Əliyevin
adını daşıyan Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri
və Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz boru kəmərlərinin
istifadəyə verilməsi həm regional, həm də
Avropanın enerji təhlükəsizliyi baxımından
xüsusi əhəmiyyiyyət kəsb etmişdir.
Təkcə
“Şahdəniz” yatağında təsdiqlənmiş qaz
ehtiyatı 1,2 trln. kubmetr
təşkil edir. Təxminən, Ümid” yatağında 200
milyard kubmetr, “Babək” yatağında 400 milyard kubmetr,
“Abşeron” blokunda aşkar edilmiş yeni böyük qaz
yatağında isə 350 milyard kubmetrə bərabər qaz
ehtiyatı vardır. Bu reallıqlar fonunda Azərbaycan
dövləti qarşısında ya yeni qaz bazarlarına
çıxış yolları axtarmaq, ya da ənənəvi
istiqamətlər üzrə ixracı artırmaq vəzifəsi
dururdu. Elə bu vəzifədən irəli
gələrək ulu öndər Heydər Əliyevin müəllifi
olduğu neft diplomatiyasını uğurla davam etdirən cənab
İlham Əliyev müxtəlif obyektiv və subyektiv çətinliklərin
öhdəsindən gələrək 2006-cı ildə
“Bakı-Tbilisi-Ceyhan, 2007-ci ildə “Bakı-Tbilisi-Ərzurum”
kimi nəhəng neft və qaz marşrutlarının
reallaşmasına nail oldu. Dövlət
başçısının qeyd etdiyi kimi, “neft kəmərlərinin,
xüsusilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi
tarixi hadisə idi. Təkcə ona görə
yox ki, ilk dəfə olaraq Xəzər dənizinin nefti
Aralıq dənizinin bazarlarına
çıxarılırdı. Eyni zamanda,
ona görə ki, bu kəmər yeni bir yol, yeni bir dəhliz
açdı. Söhbət ilk növbədə
“Cənub” qaz dəhlizindən gedir. Onun
yaradılması istiqamətində ilk addım olaraq 2011-ci
ildə Avropa Komissiyası ilə Azərbaycan arasında
Strateji əməkdaşlıq və enerji sahəsində
Anlaşma Memorandumu, növbəti ildə isə TANAP-ın
çəkilişinə dair Azərbaycan və Türkiyə
arasında tarixi saziş imzalandı. Bu prosesdə
ən əsas həlqələrdən biri sərmayə
qoyuluşu ilə bağlı idi. 2013-cü
ildə bu məsələ də öz müsbət həllini
tapdı. “Şahdəniz-2” layihəsinə
investisiya qoyuluşuna dair qərar qəbul edildi. 2014-cü ildə isə “Cənub” qaz dəhlizinin
Bakıda təməlqoyma mərasimi keçirildi. 2015-ci ildə Qarsda TANAP-ın təməlqoyma mərasimi
oldu. 2016-cı ildə analoji addım TAP
layihəsi ilə bağlı atıldı. Nəhayət,
2018-ci il mayın 29-da “Cənub” qaz dəhlizinin,
iyunun 12-də isə TANAP-ın rəsmi
açılış mərasimləri oldu. 2019-cu
ilin 30 noyabr tarixində isə TANAP-ın Avropa ilə birləşən
hissəsinin açılışı oldu. Cənub Qaz Dəhlizinin son hissəsi olan TAP kəməri
üzrə işlər 2020-ci ilin 15 noyabr tarixində
tamamlandı. Həmin ilin 31 dekabr tarixində
Azərbaycan qazının birbaşa olaraq Avropa bazarına
çıxışı tam təmin olundu.
Prezident
İlham Əliyev “Cənub” qaz dəhlizi layihəsinin
uğurunu təmin edən səbəblərdən bəhs edərkən
xüsusi olaraq aşağıdakı amilləri ön plana
çəkmişdir: “Birincisi, bu layihə enerji təhlükəsizliyi,
enerji şaxələndirilməsi və azad rəqabəti
özündə ehtiva edir. İkincisi, bu layihədə
istehsalçı, istehlakçı və tranzit dövlətlər
arasında balans yaratmağa nail olmuşuq. Yəni burada uduzan tərəf yoxdur. Üçüncüsü, siyasət və enerji
bir-birindən ayrı olmalıdır. Enerji
siyasi alət kimi istifadə edilməməlidir. Hesab edirəm ki, “Cənub” qaz dəhlizi sazişində
göstərdiyimiz nümunə nümayiş etdirir ki, enerji
ilə siyasət ayrılanda uğur əldə edilə bilər.”
2017-ci il sentyabrın 14-də beynəlxalq ictimaiyyət
Azərbaycanın enerji təhlükəsizliyi sahəsində
yeni və tarixi bir səhifə yazdığına şahidlik
etdi. Həmin gün Azərbaycanın unikal enerji
strategiyasının memarı olan Heydər Əliyevin
adını daşıyan mərkəzdə “Azəri”,
“Çıraq” və “Günəşli” yataqları üzrə
yeni sazişin imzalanması ilə bu yataqların işlənilməsi
2050-ci ilə qədər uzadıldı.
Ulu
öndər Heydər Əliyevin müəllifi olduğu və
cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyi
“yeni neft diplomatiyası”nın möhtəşəm
nailiyyətlərinin yuxarıdakı təqdimatı sübut
edir ki, Azərbaycan bütün sferalarda, xüsusilə də
enerji sahəsində regionun həlledici aktoruna
çevrilmişdir.
Azərbaycan xalqı qəlbində əbədi heykəlini
qoyduğu ulu öndərin doğum gününü onun siyasi
xətti ətrafında daha sıx və monolit birlik
nümayiş etdirərək qeyd edir. Bu gün ulu öndərin
şah əsəri olan müstəqil Azərbaycan etibarlı əllərdədir,
davamlı və dinamik inkişaf tempinə malikdir. Zəmanəmizin
dühasından “Ona özüm qədər inanıram və
gələcəyinə böyük ümidlər bəsləyirəm”,
–qiymətini alan Prezident İlham Əliyev
Azərbaycanın bugünkü və gələcək
inkişafının təminatçısıdır. O, Azərbaycanın
çağdaş tarixinə yeni missiya ilə daxil
olmuşdur. Cənab İlham Əliyevin rəhbərliyi
altında Azərbaycan son 19 il ərzində
özünün milli dövlət quruculuğu və idarəçiliyinin
növbəti şərəfli mərhələsini
yaşayır. Bu mərhələ Azərbaycanın
siyasi sabitliyində, iqtisadi gücündə, sosial
rifahında, uğurlu xarici siyasətində, xüsusilə də
tarix yazan güclü ordusunda öz təsdiqini tapır.
Bu gün müzəffər Azərbaycan ordusu Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi altında
torpaqlarımızı Ermənistanın
işğalçı silahlı qüvvələrindən
azad etmək kimi müqəddəs vəzifəni şərəflə
yerinə yetirmişdir
Məhz Ali Baş Komandanımızın
böyük sərkərdəlik məharəti, güclü
iradəsi və qətiyyəti, müzəffər və
yenilməz ordumuzun şücaəti, xalqın Prezidentinə
olan birmənalı dəstəyi və onun ətrafında
monolit birliyi, Türkiyə kimi güclü qardaş dövlətin Azərbaycanın yanında olması və onun
atdığı istənilən addımı müdafiə
etməsi, dost Pakistan dövlətinin ölkəmizə
kömək etməyə hazır olduğunu bəyan etməsi
və digər tərəfdaş dövlətlərin haqq
işimizi müdafiə etməsi Vətən müharibəsində
Azərbaycanın tam qələbəsini təmin edən həlledici
amillərdir. O qələbə ki, şəhidlərimizin
ruhunu şad edtmişdir, o qələbə ki, Cəbrayılımızı,
Füzulimizi, Zəngilanımızı,
Qubadlımızı, Ağdamımızı, Kəlbəcərimizi,
Laçınımızı, Hadrutumuzu,
Suqovuşanımızı, Şuşamızı və
bütövlükdə işğal altındakı
bütün ərazilərimizi öz əbədi sahibinə –
Azərbaycan xalqına qaytarmışdır.
Bu məqamda
Rusiyanın tanınmış ictimai xadimi, Beynəlxalq
Avrasiya Hərəkatının rəhbəri Aleksandr Duqinin
fikirlərinə istinad etmək yerinə düşər:
“Düşünürəm, hal-hazırda İlham Əliyev
dünyada bir nömrəli siyasətçidir. Son illər
ərzində heç bir siyasi liderə İlham Əliyev qədər
öz xalqı və dövlətinin milli maraqlarının
müdafiəsi işinin öhdəsindən belə parlaq səviyyədə
gəlmək nəsib olmamışdır.” Əlavə şərhə
ehtiyac yoxdur.
Yaşasın Heydər Əliyev siyasi kursu! Yaşasın xilaskar Ali Baş Komandanımız! Yaşasın müzəffər ordumuz! Yaşasın qalib xalqımız!
Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Elman
NƏSİROV,
Milli Məclisin
deputatı, YAP Təftiş Komissiyasının üzvü,
Dövlət İdarəçilik Akademiyası Siyasi
Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru,
professor
Xalq qəzeti .- 2022.- 7 may.- S.4.