Heydər Əliyevin elmin inkişafına diqqət və qayğısı

 

Bütün dövrlərdə – 70-ci illərdə, ondan sonra, 90-cı illərdə Heydər Əliyevin elmə diqqəti və qayğısı çox yüksək səviyyədə idi. O, çox gözəl bilirdi ki, hər bir ölkənin, hər bir xalqın tərəqqisində elmin inkişafı müstəsna rol oynayır.

 

İlham ƏLİYEV

 

Azərbaycan Respublikasının Prezidenti

 

Ümummilli lider Heydər Əliyev Azərbaycanda elmin inkişafına hər zaman prioritet istiqamət kimi yanaşır, bu sahəyə xüsusi diqqət yetirir, çağdaş elmin tərəqqisini yüksək dəyərləndirirdi: “Çoxəsrlik tariximizdə böyük elmimiz olubdur. Ancaq Azərbaycan elmi heç vaxt bu qədər mütəşəkkil və bu qədər qüvvətli, güclü, çoxsahəli olmayıb. Müstəqil Azərbaycanın Elmlər Akademiyası bütün elmi potensialı özündə cəmləyərək, xalqımızın yaradıcılıq sahəsində nəyə qadir oldu­ğunu dünyaya göstəribdir”.

Dahi şəxsiyyətin bu fikrinin təsdiqi olaraq, tarixin bəzi məqamlarını xa­tırlatmaq istərdim. Qeyd edim ki, hələ Azıx mağarasından tapılan əşyalar elm tariximizi xeyli qədimlərə aparır. Həmin nümunələr arasında üzərində xüsusi işarələr həkk edilən mağara ayılarının kəllələri də var. Alimlərin qənaətinə görə, bunlar çox güman ki, göy cisimlərinin hərəkətini izləmək və günləri, ayları say­maq məqsədi daşıyan say işarələridir.

E.ə. 2-ci minilliyin sonu, 1-ci minilliyin əvvəllərində isə Azərbaycan ərazisində ilk dövlət qurumları meydana gəlib. On­ların ən güclüsü Manna dövləti olub.

Mannada elmi inkişafın ən vacib şərti sayılan yazı mədəniyyəti xüsusi diqqət çəkib. Tibb, astronomiya və həndəsəyə aid biliklər gil lövhəciklərə mixi yazı ilə (xüsusi heroqliflərlə) həkk edilib. Qədim Assur mənbələrində belə yazıların möv­cudluğundan bəhs olunub və “mannalı katib yazacaq...” ifadəsi də işlədilib. Manna hökmdarları İranzuAhşeri tərəfindən ölkədə elm və mədəniyyətin inkişafına böyük diqqət verilib.

Sonrakı ictimai-siyasi formasiyalar zamanı Azərbaycan ərazilərində elmin təşəkkülü və inkişafına dair bir çox dəyərli əsərlər yazılıb. Oğuz tayfalarının tibb sahəsində olan səriştəsi “Kitabi-Dədə Qorqud” əsərində öz ifadəsini tapıb. Elxanilər dövlətinin zamanında Təbriz, Marağa, Urmiya, Xoy, Ərdəbil, Şamaxı, Beyləqan və Gəncə şəhərlərində neçə-neçə görkəmli alim fəaliyyət göstərib. Bundan başqa, 1259-cu ildə Marağa şəhəri yaxınlığında məhşur Marağa rəsədxanası işə başlayıb.

Rusiya imperiyası XIX əsrdə Şimali Azərbaycan xanlıqlarını işğal edəndən sonra burada Qərb elminin təsiri və nüfu­zu artmağa başlayıb. Ölkədə Qərb təhsil sistemi əsasında fəaliyyət göstərən məktəblər açılıb, azərbaycanlıların isə RusiyaAvropa ölkələrində təhsil almaq marağı güclənib. Azərbaycan alimləri tərəfindən çoxəsrlik Şərq elmi­nin ənənələrinin inkişaf etdirilməsi ilə bərabər, müasir Avropa elminin nailiyyət və metodlarından da bəhrələnilib. Məşhur “Qarabağnamə”lərdə isə tarix elminə, elmi və mədəni əlaqələrə dair dəyərli faktlar qələmə alınıb.

Həmin əsrdə tarixçi-şərqşünas alim Mirzə Kazım bəy, daha sonralar kimya doktoru Mövsüm bəy Xanlarov, bioloq alimlər Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirovun adları ehtiramla xatırlanır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə və sovet zamanında ölkəmizdə elm daha sürətlə inkişaf edir.1919-cu ildə milli kadrları hazırlayan ilk ali təhsil müəssisəsi – Bakı Dövlət Universiteti təsis olunur. Sovet dövrü Azərbaycan elminin bütün sahələrinin çoxşaxəli tərəqqisi ilə müşayiət olunur. 1945-ci ildə Elmlər Akademiyasının təsis edilməsi isə xalqımızın böyük tarixi nailiyyəti sayılır.

Elmin daha sonrakı inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlı olub. Dahi şəxsiyyət fəaliyyətinin bütün mərhələlərində Azərbaycan elminin inkişafına misilsiz xidmətlər göstərib. Ümummilli lider elm sahəsində qazanı­lan nailiyyətləri daim dövlət quruculuğu prosesinin mühüm şərti kimi nəzərdən keçirib, milli elmimizin qüdrətli hami­si olub, bununla da hazırkı müstəqil Azərbaycanın möhkəm bünövrəsini qoyub. Ötən əsrin 70-ci illərində Azərbaycan Elmlər Akademiyası dahi şəxsiyyətin böyük təşkilatçılıq bacarığı nəticəsində dünyada tanınıb, bu elm ocağı özünün kadr potensialını yaradıb, maddi-texniki bazasını möhkəmləndirib.

Heydər Əliyevin vurğuladığı kimi, akademiyanın 50 ilinin yarısından çoxu onun həyatı, rəhbərliyi ilə bağlı idi. Ulu öndər öz fəaliyyəti və siyasi təcrübəsində hər zaman elmi fikrin ən yeni uğurlarından faydalanırdı. O, cəmiyyətin, xalqın inkişafını elmdə, intellektdə görürdü.

Azərbaycan aliminə və elminə ilk gündən yüksək qayğı göstərən Heydər Əliyev bu sahədəki fəaliyyətini ardıcıl və sistemli şəkildə həyata keçirirdi. Onun diqqəti nəticəsində elmi-tədqiqat institutlarının və elmi işçilərin sayı artır, Azərbaycan Elmlər Akademiyasının maddi-texniki bazası möhkəmlənir, elmi-tədqiqat institutları üçün yeni korpuslar tikilir, xüsusi təyinatlı layihə-konstruktor büroları yaradılırdı.

O zaman Azərbaycan elminin SSRİ-də və dünyada tanıdılmasına ciddi səy göstərilir, elmi-tədqiqat işlərinin səviyyəsi yüksəlir, elmin tətbiq sahələri genişlənir, görkəmli alimlərin fəaliyyətləri təqdir olunur, onlar mükafatlandırılırdı.

Əgər 1969-cu ildə Azərbaycanda fəaliyyət göstərən 89 elmi-tədqiqat institutunda, digər layihə müəssisələri və problem laboratoriyalarında 12 min 850 elmi işçi, o cümlədən 55 akademik və müxbir üzv, 329 elmlər doktoru və 3 min elmlər namizədi var idisə, cəmi 10 ilə bu rəqəmlər iki-üç dəfə artmışdı. Uzaqgörən siyasətçinin təşəbbüsü və rəhbərliyi ilə kimya, neft emalı və neft-kimya sənayesinə kapital qoyuluşunun həcmi yüksəlmiş, bu sahədə ən qabaqcıl tex­nologiya tətbiq olunmuşdu. Neft-kimya sənayesi modernləşdirilmiş və yenidən qurulmuşdu. Astronomiya, kosmik tədqiqatlar, biokimya, molekulyar biologi­ya, biofizika, biotexnologiya kimi sahələr inkişaf etdirilmişdi. Azərbaycanda onlarla nəhəng sənaye kompleksi - neft emalı, neft-kimya, maşınqayırma, cihazqayırma müəssisələri yaradılmışdı ki, bunlar da elmin sürətli inkişafını şərtləndirmişdi.

Çoxəsrlik tariximizdə ilk univer­sal-milli, on cildlik Azərbaycan Ensik­lopediyasının meydana gəlməsi də ümummilli liderin adı ilə sıx bağlıdır. Bu ensiklopediya Heydər Əliyev dövrünün təkzibedilməz mənəvi abidəsidir.

O da qeyd edilməlidir ki, ulu öndərin hakimiyyəti illərində Azərbaycan dilinə, tarixinə, mədəniyyətinə dair elmi tədqiqatların aparılması və monoqrafiya­ların nəşri xeyli artırılıb. Yeni-yeni əsərlər yazılaraq çap edilib, Azərbaycan tarixi və dilçilik sahələrində qələmə alınan bir sıra əsərlərə dövlət mükafatları verilib.

Keçən əsrin 80-ci illərinin sonu – 90-cı illərinin əvvəlləri respublikamız üçün ən çətin sınaqlar dövrü olub, Azərbaycan elminə ciddi zərbələr vurulub, durğunluq hökm sürüb. Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə bu sahədə də əsaslı dönüş başlanıb.

Dahi şəxsiyyət hələ Azərbaycan Prezidenti seçilməzdən əvvəl ziyalılarla ilk görüşlərindən birini Elmlər Akademi­yasında keçirib ki, bunu da haqlı olaraq ölkə rəhbərinin alimlərə bəslədiyi böyük ehtiram, Azərbaycan elminin gələcəyinə göstərdiyi hədsiz qayğı və diqqətlə izah etmək olar. Ulu öndərin ikinci dəfə hakimiyyətə gəlməsi xalqın qurtuluşu olmaqla bərabər, milli elmin xilası kimi də səciyyələnir.

Elmi və elm məbədlərini məhv etmək tendensiyasına birdəfəlik son qoyan ümummilli liderin müdrikliyi sayəsində bu sahənin yenidən dirçəldilməsi sürətlə aparılıb. Heydər Əliyev 1995-ci ilin oktyabrında ana dilimizlə bağlı ümum­respublika müzakirəsini də akademiyada keçirib, orada etdiyi tarixi çıxış unudul­maz hadisəyə çevrilib.

Prezident Heydər Əliyev 1997-ci il yanvarın 31-də respublika Elmlər Akade­miyası rəhbərliyini və aparıcı alimlərin bir qrupunu qəbul edərək, elm sahəsində islahatların aparılmasının vacibliyini təsdiqləyib, Azərbaycanda elmi inkişaf strategiyasının əsas müddəalarını qəti olaraq müəyyənləşdirib.

Beləliklə, Heydər Əliyevin sayəsində elmimizin nüfuzu yenidən artıb, onun cəmiyyətdəki rolu və mövqeyi möhkəmlənib. Ulu öndər akademiyanın cəmiyyətdə yerirolunu bütün dəqiqliyi ilə dəyərləndirib: “Elmlər Akademiyası­na keçmiş illərdə də və son illərdə də mənim hörmətim və diqqətim, qayğım olmuşdur. Ancaq hesab edirəm ki, bizim elmimizə, xüsusən Elmlər Akademiyası­na qayğı, diqqət daha da artıq olmalıdır. XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyətlərindən biri ölkəmizdə elmin, təhsilin sürətlə inkişaf etməsidir. Biz bununla fəxr edirik. Bir şeyi bilməlisiniz ki, bu mənim fikrimdir – Azərbaycan Elmlər Akademiyası respublikamızın ən yüksək elmi müəssisəsidir. Azərbaycan dövlətinin ən yüksək elmi müəssisəsi Elmlər Akademiyasıdır. Bu akademiya­nın işiorada işləyənlərin səviyyəsi, şübhəsiz ki, başqalarından yüksəkdir, yüksək də olacaq. Biz akademiyanın hörmətini həmişə qoruyub saxlamalı­yıq, heç vaxt imkan vermək olmaz ki, akademiyamız, yüksək səviyyəli elmi-tədqiqat institutlarımız cürbəcür özəl elmi müəssisələr arasında ərisin, itsin. Buna yol vermək olmaz. Azərbaycan Elmlər Akademiyası dövlətin akademi­yasıdır. Prezidentin birbaşa himayəsi altındadır, tabeliyindədir və Prezidentin qarşısında cavabdehdir. Bir daha bunu deməyə məcburam ki, Azərbaycan Respublikasının müstəqil Elmlər Aka­demiyası Azərbaycanın ən yüksək elmi müəssisəsi, elmi təşkilatıdır...”.

Ümummilli lider o zaman bu nitqi ilə Azərbaycan Elmlər Akademiyası­na ikinci bir həyat vermişdir. Həmin tarixi görüşdən başlayaraq, Elmlər Akademiyasının Rəyasət Heyəti ulu öndərin tövsiyələrini rəhbər tutaraq, bu elm ocağında islahatların aparıl­ması, elmi-tədqiqat istiqamətlərinin dəqiqləşdirilməsi, elmi-təşkilati bazanın hazırlanması sahələrinə dair qərarlar qəbul edib və tədbirlər həyata keçirib. Eyni zamanda, “Elmin strateji inkişafı və Azərbaycanın Milli Elmlər Akademiyasın­da islahatlar” konsepsiyası hazırlanıb.

Müstəqillik illərində ölkəmizdə elm sahəsini böyük uzaqgörənliklə nəzərə alan ulu öndərin 2001-ci il 15 may tarixli fərmanı ilə Elmlər Akademiyasına Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) adı verilib. Bununla da akade­miyanın elmimizin inkişafındakı rolu və nailiyyətləri yenidən rəsmən təsdiqlənib. Dahi rəhbərin milli elmin inkişafı naminə atdığı mühüm addımlardan biri də 2002-ci ildə AMEA-nın Naxçıvan bölməsinin yaradılması haqqında tarixi sərəncam imzalaması olub. Ümummilli lider Nax­çıvan Muxtar Respublikasının geosiyasi vəziyyətinin nəzərə alınaraq, regional elm mərkəzinin akademiya bölməsi statusuna yüksəldilməsinə həsr olunan müşavirədə blokada şəraitində yaşayan qədim Azərbaycan diyarının hərtərəfli öyrənilməsinə böyük ehtiyac duyulduğu­nu vurğulayıb, bu sahədə genişmiqyaslı tədqiqatların aparılması üçün müəyyən göstərişlər verib.

Azərbaycan Prezidentinin 2003-cü il yanvarın 4-də imzaladığı fərmanla isə Milli Elmlər Akademiyasının statusu, nizamnaməsi, prezidentinin vəzifəsi, səlahiyyətləri müəyyənləşdirilib. Beləliklə, elmin inkişafını təşkil və təmin edən, dövlətin elmielmi-texniki siyasətini həyata keçirən, elmi müəssisə və ali məktəblərin elmi fəaliyyətini əlaqələndirən və istiqamətləndirən, respublikamızı beynəlxalq aləmdə elmielmi-texniki fəaliyyət sahəsində təmsil edən AMEA-nın xüsusi önəmi nəzərə alınıb və dəqiqləşdirilib. Ulu öndər bu məsələyə münasibətini aydın ifadə edərək deyib: “Milli Elmlər Akademiyası bizim milli sərvətimizdir”.

Göründüyü kimi, dahi rəhbər bütün həyatı boyu xeyirxah əməlləri, ədalətli mövqeyi, uzaqgörən müdrikliyi ilə xalqı­mızın güvənc yerinə çevrilib. Müasir, mo­dern idarəetmə metodlarına, elmi-texniki tərəqqi meyllərinə uyğun elmi kadrların hazırlanmasında, ölkəmizin beynəlxalq aləmə və qlobal iqtisadi mühitə sürətlə inteqrasiya etməsində ciddi uğurlar qazanmasında ulu öndərin rəhbərliyi ilə reallaşan tədbirlərin və islahatların rolu danılmaz olub.

Artıq 19 ildir ki, Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin siyasi xəttini layiqincə davam etdirir və xalqın gələcəyinin məhz elm və təhsillə bağlı olduğunu hər zaman diqqətdə saxlayır. Dövlət başçısının elmə dair fikirləri bu sahənin inkişafının zəruriliyini şərtləndirir: “Mən çox istəyirəm ki, Azərbaycan alimləri gələcəkdə də ölkəmizin hərtərəfli inkişafında daha fəal rol oynasınlar. Çünki ölkəmizin gələcəyi elmi potensialın səviyyəsi ilə bilavasitə bağlıdır. Hər bir ölkədə, o cümlədən Azərbaycanda inkişaf elmin səviyyəsi ilə bağlıdır. Bu gün yeni texnologiyalar əsridir. O ölkələr ki, bu texnologiyaların sahibidir, əlbəttə, onlar dünya miqyasın­da öz maraqlarını daha böyük dərəcədə müdafiə edə bilirlər”.

Yeri gəlmişkən, 2014-cü ildə ölkəmizin tarixində ilk dəfə olaraq akade­miyada Azərbaycan alimlərinin I Qurul­tayı keçirilib və Prezident İlham Əliyevin qurultay iştirakçılarına müraciəti oxunub. Bundan bir il sonra, 2015-ci il noyabrın 9-da AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda dövlətimizin başçısı iştirak edibparlaq nitq söyləyib.

Azərbaycan Respublikasının “Elm haqqında” Qanununun 2016-cı ildə qəbul edilməsi isə ölkəmizdə müstəqil elm siyasətinin aparılmasına tam hü­quqi-siyasi təminat verir. Elmin İnkişafı Fondunun yaradılması da bu istiqamətdə atılan çox önəmli addımdır. Bu fond həm elmi araşdırmaların genişləndirilməsinə vəsilə olur, həm də gənc alimlərə qrantlar verilməsini gerçəkləşdirir, elmin sanballı inkişafını şərtləndirir.

Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin şəksiz əhəmiyyətini bir daha lazımınca dəyərləndirərək, “Azərbaycanda Respublikasında Elm Gününün təsis edilməsi haqqında” 9 ap­rel 2018-ci il tarixli sərəncam imzalayıb.

Beynəlxalq aləmdə Elm Günü 10 no­yabr tarixində qeyd edilsə də, ölkəmizdə martın 27-də keçirilir, çünki bu tarix AMEA-nın yaradıldığı günə təsadüf edir.

Azərbaycanda elmin inkişafı prioritet istiqamət kimi qəbul edilir və həyata keçirilən bütün islahatlar elmi cəhətdən əsaslandırılır. Hazırda müasir telekom­munikasiya, sensor, “Böyük həcmli verilənlər ” (Big Data) və digər rəqəmsal və süni intellekt texnologiyalarının, həmçinin innovasiya və biliklərin istifadə edilməsi sosial-iqtisadi münasibətləri daha məhsuldar və səmərəli edir, iqtisadiyyatın ümumi dəyər zəncirində yeni gəlir imkanları yaradır. Qeyd edilən texnologiyaların bir-birilə inteqrasiya olunmuş formada istifadəsi ilə rəqəmsal məlumatların formalaşdırılması, yı­ğılması, saxlanılması, işlənilməsi və analitik təhlillər əsasında qərarvermə və idarəetmənin keyfiyyətinin yüksəldilməsi səmərəli, eləcə də keyfiyyətli xidmətlərin göstərilməsi üçün geniş üfüqlər açır. Bu imkanlar erməni işğalından azad olunmuş Qarabağ ərazilərində funksio­nal, genişmiqyaslı “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) xidmətlərinə keçid üçün zəmin yaradır. Budur, məsələlərə elmi yanaşmanın əməli təzahürləri, budur, problemlərin kompleks elmi əsaslarla çözülməsi!

Bəli, varislik ənənəsinin yaşadılması və yaradıcı şəkildə inkişaf etdirilməsi nəticə etibarı ilə ölkəmizin daha da güclənməsinə, sözümüzün dünya miq­yasında keçərli olmasına, xalqın daha xoş gələcəyinə və yeni-yeni zirvələrin fəth olunmasına xidmət edir.

 

Amin İSMAYILOV,

 

AMEA-nın müxbir üzvü, professor,

 

YAP İdarə Heyətinin üzvü

 

Xalq qəzeti .- 2022.- 7 may.- S.6.