Dahi şəxsiyyət,
dünya şöhrətli siyasətçi,
böyük vətənpərvər
XX əsrdə Azərbaycan xalqının dünyaya bəxş etdiyi
dahi şəxsiyyətlər
sırasında ən parlaq ulduz ulu öndər Heydər
Əliyevdir.
Ölkəmizin
inkişafında Heydər Əliyevin zəhməti, xidmətləri,
qazandığı nailiyyətləri ölçüyəgəlməzdir.
Azərbaycanı SSRİ məkanında ən
qabaqcıl iqtisadiyyat və sənaye mərkəzinə
çevirən Heydər Əliyev olub. O,
xalqının qədim mədəniyyətinə, möhtəşəm
tarixinə, mədəniyyətinə hər zaman
böyük qayğı ilə
yanaşmışdır.
Ötən
əsrin 70-ci illərinin sonu, 80-ci illərinin əvvəlində
Naxçıvan Muxtar Respublikasının inkişafına
böyük diqqət yetirilirdi. Burada yeni istehsalat müəssisələri,
sosial obyektlər, yaşayış evləri inşa olunur,
şəhər və qəsəbələrin
inkişafı üçün onların baş planları tərtib
olunurdu.
Bir
neçə iri qəsəbənin baş planlarının
hazırlanması o vaxtlar baş memarı vəzifəsində
çalışdığım “Azərkəndtikinti” layihə
institutuna tapşırılmışdı. Bununla bağlı Naxçıvana ezamiyyətə
yollandım. Bir neçə günə
işlərimi tamamlayıb, Bakıya dönməyə
yığışırdım ki, birdən
mehmanxanaya vilayət partiya
komitəsindən bir nümayəndə gəlib
məni inşa olunan trikotaj kombinatına aparacağını
söylədi.
- Mənim
orada nə işim var? – sualıma cavab verdi ki, MK-nın katibi
Fuad Musayev ora gəlib və mənim Naxçıvanda
olduğumu bilib, görüşmək istədiyini bildirib.
Fuad
Musayevlə görüş zamanı gördüyüm
işlər haqda məlumat verəndən sonra mənə
dedi:
- Sən
vilayət komitəsinin adamları ilə İliç rayonuna
(sonralar Noraşen, Şərur) getməlisən. Heydər
Əliyeviçin bir
tapşırığı var. Orada düz Ermənistan sərhədlərində
yeni nümunəvi qəsəbə tikiləcək.
Onun yerini seç, bütün sənədləşdirməsini
apar. Tapşırığı Bakıda
Heydər Əliyev özü verəcək.
Eyni zamanda Batabata getmək gərəkdir. Orada müasir istirahət kompleksi inşa olunacaq.
Söhbətdə
iştirak edən rəhbər şəxslər dedilər ki,
İliç rayonuna getmək rahatdır, amma qışın
bu vaxtında Batabata getmək qeyri-mümkündür. Hər
yan qardır, Biçənək kəndindən
sonra getmək mümkün
deyil.
Fuad Musayev bir qədər
sərt adam
idi. Dedi ki, bu 1-ci katibin
tapşırığıdır. Zəhmət
çəkib, icrasını
təmin edin. Elbay bir də vaxt
itirib bura qayıtmasın.
O vaxtlar mənim 30-31 yaşım olardı. Cavan idim və çətinliklərə
baxmayaraq, hər iki sahədə oldum və işimi
gördüm. Qeyd etməliyəm
ki, Batabata getmək hədsiz çətin idi. Biçənək kəndinə kimi
birtəhər maşınla
çatdıqdan sonra,
ta Batabata qədər qarşımızda
buldozer gedirdi və 2 metr hündürlüyündə qarın
içində bizə
yol açırdı.
Bakıya qayıdandan bir neçə gün sonra məni Azərbaycan KP MK-ya, Fuad Musayevin yanına çağırdılar. Məni çox
yaxşı qarşıladı
və bütün çətinliklərdən xəbəri
olduğunu və bunlar haqda Heydər
Əliyevə məlumat
verdiyini bildirdi.
Heydər Əliyevin bizi
gözlədiyini söylədi.
Mən çox həyəcanlıydım.
Amma 1-ci katibin kabinetinə daxil olanda onun
gülümsəməyini görüb
sakitləşdim. Salamlaşıb
dedi:
- Deyirlər böyük qəhrəmanlıq göstərmisən.
Batabata bu qışın günü getmək hər igidin işi deyil. Oralar qarın altındadır.
Sən orada bir şey
görə bildinmi?
- Heydər Əliyeviç,
həqiqətən, oralar
qar altındadır, amma mən o gözəlliyi gördüm
və mənzərəyə
vuruldum. Düşünürəm ki, ikinci elə yer yoxdur.
- Sən ora baharda,
may ayında getsən, orada nimçə ölçüsündə
lalələr görərsən
və Alp dağlarında
olan çəmənliklərdən
daha gözəl mənzərə görərsən.
Mütləq baharda ora gedərsən.
Təxminən bir saat müddətində
İliç rayonunda
tikiləcək qəsəbədən
danışdıq. Ulu öndər
hələ o zamanlar ermənilərin hiyləgər
planlarını çox
yaxşı başa düşürdü. Sərhəd zonasında Sədərək
kəndi ətrafındakı
torpaqları addım-addım
mənimsəmələri haqda
danışdı. Vaxtaşırı bizim torpaqlarda çoban alaçığı,
bir kiçik daxma və yaxud
məzar salırdılar.
Buna görə burada,
düz sərhəddə
yeni qəsəbənin
inşasının zəruri
bir addım olduğunu dedi:
- Sən elə layihə hazırlamalısan
ki, bütün
SSRİ-yə nümunə
olsun. Bu layihə
qonşularımıza göz
dağı və maneə olmalıdır.
Qısa bir müddətdə hər iki layihəni
hazırladıq və
tikinti başlandı. Bu ərəfədə Heydər
Əliyev SSRİ Nazirlər
Soveti sədrinin 1-ci müavini təyin olundu və MK-nın Siyasi Bürosuna üzv seçildi. Moskvaya getdi.
Bir müddət
keçəndən sonra
xəbər verdilər
ki, onun Ermənistana işgüzar
səfəri olacaq və oradan Naxçıvana gələcək. Tapşırıb ki, ona layihəni
və inşaatın gedişini göstərək.
Naxçıvan Vilayət Partiya
Komitəsinin binasında
böyük sərgi təşkil etdik. Maket, planşetlər quruldu.
Bir müddət keçdi və salona Azərbaycan KP MK-nın katibləri, yerli rəhbərlər daxil oldular. Hamı Heydər Əliyevi
gözləyirdi, mən
isə fikrimdə deyəcəklərimi düşünürdüm.
Bu zaman Heydər
Əliyev salona daxil oldu. Uca boylu,
enlikürək, üzügülər,
enerji ilə dolu böyük şəxsiyyət. Gözüm onun
yaxasında olan Sosialist Əməyi Qəhrəmanının Qızıl
Ulduz medalında idi. Mənə elə gəldi
ki, o standart nişandan çox böyükdür və bu mənim bütün
fikirlərimi qarışdırdı.
Heydər Əliyev yaxınlaşdı,
arxasında büro üzvləri...Mənim isə dilim tutulmuşdu, gözümü
ulduzdan çəkə
bilmirdim. Bu vəziyyətə
düşdüyümü görüb, Heydər Əliyeviç dirsəyimə
toxundu, gülümsəyərək
dedi:
- Gördüyümüz qəsəbənin
maketidir, eləmi? Ardını
sən danış.
Dilim açıldı. Çox sakit,
həyəcansız, mükəmməl
məlumat verdim.
Suallarına cavab verdim.
Qeydlərini kitabçama yazdım.
Çox bəyəndi
və xeyir-duasını
verdi.
Müharibənin ilk ərəfələrində, 90-cıların
əvvəlində Yeni
Sədərək düşmən
tərəfindən minomyot
atəşinə məruz
qalmışdı. Amma eşitdiyimə
görə, yenidən
bərpa olunub və bu gün
də öz forpost vəzifəsini yerinə yetirir.
Bu qəsəbənin Azərbaycan
sərhədində inşa
olunması Heydər Əliyevin uzaqgörənliyinin,
müdrikliyinin çoxsaylı
nümunələrindən biridir.
İkinci Qarabağ müharibəsi
nəticəsində müdrik
siyasətçi, iradəli
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi
altında işğaldan
azad olunmuş torpaqlarımızda böyük
quruculuq işlərinə
başlanmışdır. Burada yaradılacaq
yeni qəsəbələr
üçün yeni məskunlaşma sxemi hazırlanmaqdadır. Və əsas
tələb, yeni qəsəbələrin sərhəd
boyu yerləşdirilməsi
olmalıdır. Bu qəsəbələrlə biz sərhədlərimizi möhkəmlətməliyik.
Eyni zamanda, qoy, bizə xəyanət edənlər həsrətlə
bu qəsəbələrimizə
baxıb, Azərbaycanın
qüdrətini anlasınlar.
Elbay QASIMZADƏ,
YAP Veteranlar Şurasının üzvü,
Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin
sədri, Əməkdar memar, professor
Xalq qəzeti .- 2022.- 7 may.- S.7.