Çağdaş azərbaycançılıq
ideologiyasının banisi
Azərbaycan
dövlətinin milli ideologiyasının təməlini, əsasını
təşkil edən azərbaycançılıqdır.
Dövlətçilik, milli-mənəvi dəyərlər –
bunlar hamısı azərbaycançılıq
anlayışının tərkib hissəsidir.
Heydər
ƏLİYEV
Ümummilli lider
Müstəqilliyimizin
ilk illərində, xaosun, hakimiyyətsizliyin, hərc-mərcliyin
baş alıb getdiyi, problemlərin durmadan artdığı
zamanda azərbaycançılığın ümummilli ideya
halına gəlməsinə, eləcə də bütün
dünya azərbaycanlılarını, ölkəmizdə yaşayan
bütün dinlərin və xalqların nümayəndələrini
birləşdirən məfkurəyə ciddi ehtiyac
yaranmışdı. Bir sözlə, ötən əsrin 90-cı illərinin
əvvəllərində Azərbaycan, bəlkə də,
tarixinin ən dərin sosial-iqtisadi və mənəvi
böhranını yaşayırdı. Bəzi məkrli xarici
qüvvələr tərəfindən məqsədli və
sistemli şəkildə əhalinin qeyri-sağlam təbəqələri
hədəfə alınaraq, onlar arasında ciddi antimilli və
antidövlət meyillərin formalaşdırılmasına cəhdlər
artmışdı, müstəqil dövlətin əsaslarına,
vətəndaş həmrəyliyi və birliyinə təhlükə
yaranmışdı. Yetmiş illik əsarətdən yeni
qurtulmuş ölkəmizdə yaranmış ağır vəziyyət,
o cümlədən əhalinin dini biliklərinin az olması bəzi
dairələri Azərbaycanda dini radikalizmin özəyinin
formalaşdırılmasına sövq edirdi. Eləcə də,
dini inancdan öz geosiyasi maraqlarını həyata keçirmək
vasitəsi kimi yararlanmağa çalışan güclərin
təsiri və dəstəyi qeyri-ənənəvi dini cərəyanların
ölkəmizə ayaq açmasına zəmin
yaratmışdı.
Təəssüf
ki, bu dövrdə ölkəmizə Vətəninin,
xalqının gələcəyini, dövlət maraqlarını
deyil, özlərinin şəxsi mənafeyini düşünən,
imkanlarından qat-qat böyük ambisiyalarla yaşayan,
heç bir idarəçilik qabiliyyəti, təcrübəsi
olmayan şəxslərin rəhbərlik etməsi dövlətçiliyimizi
uçurumun kənarına gətirib
çıxarmışdı. Ölkədə xaosun, anarxiyanın,
özbaşınalıqların, iqtisadi və sosial
böhranın baş alıb getməsi, ərazilərimizin
bir-birinin ardınca ermənilər tərəfindən
işğalı, Azərbaycanın müstəqilliyini itirmək
təhlükəsini yaşaması, vətəndaş
qarşıdurmasının pik həddə çatması nəticəsində
xalq sabaha ümidini tamamilə itirmişdi.
Bu
yeni tarixi şəraitdə ölkəni
qarşılaşdığı böhranlardan
çıxarmaq, xalqın özünəinamını geri
qaytarmaq üçün milli dərkə və ideologiyaya
ehtiyac duyulurdu. Bu konsepsiya
həm milli-dini adət-ənənələrimizə
əsaslanmalı, həm də ölkənin
çağdaş dünyaya inteqrasiyasını təmin etməli
idi. Ümumiyyətlə, burada əsas missiya dünyada gedən
demokratiya, inkişaf və qloballaşma prosesindən geri
qalmamaq, o cümlədən milli-mənəvi dəyərlərimizi
qoruyub saxlamaqla yanaşı, tolerant və
multikultural dəyərləri yaşatmaq idi. Öz müdrik
siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi
sayəsində bu missiyanın öhdəsindən uğurla gələn
fenomenal şəxsiyyət Heydər Əliyev dövlətin
azərbaycançılıq ideologiyasının əsasında
gələcəyə gedən yolunu
məharətlə müəyyən etdi.
Milli təhlükəsizliyin
əsas ideoloji təminatçısı
Ulu
öndər Heydər Əliyevin yaratdığı milli
ideologiya – azərbaycançılıq məfkurəsi,
ölkədə və beynəlxalq aləmdə yeritdiyi
sülhsevər siyasət ölkəmizin milli təhlükəsizliyinin,
həmçinin ideoloji təhlükəsizliyinin əsasını
təşkil etmişdir. Milli təhlükəsizliyin
əsas mahiyyəti təkcə ölkə ərazisinin və
əhalisinin müdafiə olunması deyil, həm də
ideoloji təhlükəsizliyinin təmin edilməsidir. Azərbaycançılıq
bir ideoloji sütun kimi ölkəmizin milli təhlükəsizliyini
təmin etmək potensialına malikdir. Yeri gəlmişkən,
milli mənafelərimizin başlıca tərkib hissəsi olan
qüdrətli və güclü Azərbaycan ideyası milli təhlükəsizlik
strategiyasının əsas hədəflərindən biridir.
Azərbaycançılıq ideologiyası istər Azərbaycanın
daxili siyasi həyatına, istərsə də, onun beynəlxalq
siyasi imicinə dəstək olan əsas ideoloji sütun kimi
götürülə bilər. Bu ideologiya bir tərəfdən
ölkədəki inkişafın, sabitliyin, digər tərəfdən
də onun geosiyasi və geostrateji mənafelərinin prioritetini
təşkil edir. Azərbaycan vətəndaşı olaraq
milli mənafeyimiz həm siyasi-iqtisadi və hüquqi
azadlıqlarımızın qorunmasını, bütün
ölkə əhalisinin bərabərliyini və
rifahını nəzərdə tutur, həm də sabit cəmiyyətin
mənəvi dəyərlərindən doğan ehtiyac kimi,
bütün bu dəyərlərin qoruyucusu olan dövlətimizin
mənafeyini formalaşdırır. Azərbaycançılıq
milli mənafeyimizə uyğun gəlməyən, milli təhlükəsizliyimizə
təhlükə yaradan təxribatlara sipər olan bir ideologiya
kimi, mənəvi dəyərlərimizdən, mentalitetimizdən,
uğurlu xarici siyasətimizdən
bəhrələnir.
Tolerantlıq və multikulturalizm
Heydər
Əliyev müasir azərbaycançılıq
ideologiyasının – dövrün, zamanın tələblərini,
dövlətçiliyin əsaslarını, milli-etnik şəraiti
nəzərə alan milli təlimin banisidir. Məhz azərbaycançılıq
ideologiyası ulu öndərin
dövründə həqiqi siyasi-ideoloji məzmun alaraq mükəmməl
bir təlimə çevrildi və müstəqil dövlət
ideologiyası səviyyəsinə qaldırıldı. Milli
olduğu qədər də bəşəri, universal səciyyə
daşıyan azərbaycançılıq ideologiyasında
tolerantlıq amilini xüsusi vurğulamaq lazımdır. Azərbaycançılıq
dilindən, millətindən, irqindən, sosial mənsubiyyətindən
asılı olmayaraq, bütün ölkə vətəndaşlarını
ümumi Vətən naminə həmrəyliyə dəvət
edir. Milli-dini mənsubiyyətindən asılı olmayaraq, hər
bir vətəndaşın bu torpaq üçün milli yiyəlik
hissini yaşaması tolerantlığın bariz təzahürüdür.
Əslində, dini və etnik tolerantlıq Azərbaycan
xalqının qanında, canında, kökündə var.
Milli ənənələrimizdə, mentalitetimizdə, habelə
sosial, mənəvi və dini düşüncə
laylarımızı özündə yaşadan folklorumuzda
başqa dinlərə, millətlərə dözümlü
münasibət də yaşadılır.
Ümummilli
lider Heydər Əliyevin Azərbaycan xalqı və tarix
qarşısında ən böyük xidmətlərindən
biri də xalqımızın xarakterik keyfiyyəti olan
tolerantlığın daha da inkişaf etdirilməsi
üçün hüquqi bazanın yaradılması, bu sahənin
dövlətin nəzarəti və qayğısı
altına keçirilməsidir. Ulu
öndər Heydər Əliyevin həyata keçirdiyi
uğurlu siyasət nəticəsində Azərbaycanda dövlət-din
münasibətlərində həssas nəzarətlə bərabər,
ölkədə etiqad azadlığı üçün
şərait yaradıldı, dini dəyərlərə, ibadət
yerlərinə xüsusi qayğı göstərilməyə
başlanıldı, dövlətlə din
arasında qarşılıqlı anlaşma və əməkdaşlıq
gücləndi. Ümummilli liderin xalqın təkidli tələbi
ilə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan
nəinki vətəndaş müharibəsindən
qurtardı, eyni zamanda, ölkəmizdə mövcud olan
bütün milli azlıqlar vahid azərbaycançılıq
ideologiyası ətrafında birləşdi.
Azərbaycanın müstəqillik yolunda kövrək addımlarla irəlilədiyi ilk illərdə ümummilli lider Heydər Əliyevin ölkənin vahidliyini və bütövlüyünü təmin etməyin ən uğurlu modeli kimi azərbaycançılığı dövlət siyasəti halına gətirməsi, həmçinin XXI əsrin astanasında beynəlxalq miqyasda iqtisadi-siyasi sferada dayanıqlılığı və etibarlı tərəfdaş imici ilə qəbul edilən ölkəmizdə multikulturalizmin dövlət siyasətinin prioritetlərindən birinə çevrilməsi Azərbaycan dövlətçilik tarixində imza atılan, dönüş xarakterli uğurlardan sayılır. Çünki azərbaycançılığın inkişafı multikultural mühitdən kənarda reallaşa bilməzdi. Eyni zamanda, Azərbaycanda multikultural mühitin təşəkkül tapmasında azərbaycançılıq ideologiyasının yeri və rolu danılmazdır. Bununla da birmənalı olaraq deyə bilərik ki, ulu öndər Heydər Əliyev azərbaycançılıq ideologiyası ilə müasir Azərbaycan multikulturalizminin də əsasını qoymuşdur. Ümummilli lider ölkədə mövcud olan xaos və özbaşınalığa son qoymuş, ölkəmizi vətəndaş qarşıdurması kimi böyük bəlalardan xilas etmişdir. Belə bir dövrdə Azərbaycanda yaşayan bütün xalqların və dinlərin nümayəndələrinin ortaq dəyərlər ətrafında birləşməsinə ehtiyac var idi.
Ulu
öndər azərbaycançılıq məfkurəsinin
prinsiplərini bəyan etməklə ölkəmizin
inkişafı və tərəqqisi üçün
işıqlı yolun təməlini qoymuşdur. Heydər
Əliyev öz
çıxışlarının birində deyirdi: “Azərbaycanda
qədim dövrlərdən müxtəlif xalqların
nümayəndələri yaşamış, bir çox
xalqların dinləri mövcud olmuşdur. Azərbaycan və
onun xalqı həmişə dini dözümlülüyü
ilə fərqlənmişdir. Azərbaycandaheç vaxt dini zəmində
heç bir münaqişə, heç bir toqquşma
olmamışdır. Hətta ötən əsrin 80-ci illərinin
axırı və 90-cı illərinin əvvəllərindəki
ağır dövrdə belə heç bir mənfi fakt qeydə
alınmamışdır. Bu gün də müstəqil Azərbaycanda
biz hər bir insanın azadlığı üçün, o
cümlədən dini mənsubiyyət azadlığı,
vicdan azadlığı üçün hər cür şərait
yaratmışıq. Hər kəs hansı dinə mənsubdursa,
həmin dinə etiqad edir. Lakin bu, Azərbaycanda insanların
mehriban, qarşılıqlı anlaşma şəraitində
yaşamasına mane olmur, burada milli və dini mənsubiyyətlə
əlaqədar heç bir ayrı-seçkilik yoxdur”. Məhz
bu fikirlər dahi şəxsiyyətin uzaqgörən siyasətinin
mahiyyətini dərk etməyə kifayətdir.
Ulu
öndər azərbaycançılıq ideologiyası ilə
dilindən, dinindən, millətindən, irqindən, sosial mənsubiyyətindən
asılı olmayaraq, bütün ölkə vətəndaşlarını
ümumi vətən naminə həmrəyliyə dəvət
etdi. Təbii ki, onun
milli-mənəvi sahədə həyata keçirdiyi mütərəqqi
islahatlar bununla məhdudlaşmır. Milli-mənəvi,
xüsusilə dini dəyərlər sisteminin sağlam
müstəvidə inkişaf etdirilməsi və qorunması
üçün güclü siyasi iradə, habelə dövlətçilik
təcrübəsi tələb olunurdu. Heydər Əliyev bu
xüsusiyyətləri özündə ehtiva edən tarixi
şəxsiyyət kimi həmin işin öhdəsindən də
məharətlə gəldi. Dini təhlükəsizliyin təmin
edilməsi üçün hüquqi-inzibati sferada lazımi
addımlar atılmaqla yanaşı, məzhəbçilik,
dini-nifrət və ayrı-seçkiliyin ölkəmizə
ayaq açmasının da qarşısı qətiyyətlə
alındı. O dövrdə Azərbaycanın
düşdüyü çətin vəziyyətdən
çıxmasını istəməyən daxili və xarici
qüvvələr Heydər Əliyevə hər vəchlə
mane olmağa çalışsalar da, xalqın ulu öndərə
verdiyi böyük dəstək nəticəsində bu
çirkin təxribatların sonu uğursuzluqla bitdi. Azərbaycanın
ən böyük ziyalısı ulu öndər çox
çətin bir vaxtda məsuliyyəti öz üzərinə
götürüb xalqımızın dəyərlər
sistemini məhvolma təhlükəsindən xilas
etdi.
Dünənin, bugünün
və sabahın məfkurəsi
Dövlətin
uzun illər dini icmalarla multikulturalizm və tolerantlıq
prinsipləri əsasında həyata keçirdiyi
düşünülmüş siyasət nəticəsində
bu gün ölkəmizdə dini həmrəylik ən yüksək
səviyyədə təzahür edir. Azərbaycan dinlərin
və mədəniyyətlərin qovuşduğu tarixi məkan
kimi bəşəri dəyərlərin zənginləşdirilməsi,
beynəlxalq və regional sülhün bərqərar
olması üzrə olduqca əhəmiyyət kəsb edən
özünəməxsus multikulturalizm, tolerantlıq və
dövlət-din münasibətləri nümunəsi
formalaşdıran ölkə kimi tanınmaqdadır.
Əsrlərdir
tolerantlıq və multikulturalizm xalqımızın
ictimai-siyasi həyatının mühüm, həm də
ayrılmaz dəyərinə çevrilib. İndi isə bu dəyərlər
müstəqilliyimizin milli sərvəti kimi
çıxış edir. Xalqın əsrlərlə
yol gələn mənəvi dəyərlər sistemi dövlətin
dəstəyi sayəsində daha güclü və daha təsirli
xarakter alıb. İslamofobiyanın geniş
yayıldığı bir dövrdə Azərbaycan
dünyanı vəhdət namazları ilə heyrətləndirməyi
bacarmışdır.
Fərəhli
haldır ki, bu gün ölkədə mütərəqqi
dövlətçilik ənənələri,
formalaşdırılan bünövrə yeni uğurlarla daha
da möhkəmləndirilir. Qlobal inkişaf proseslərinin önəmli
üzvünə çevrilən Azərbaycanın yüksəlişi
davamlı xarakter daşıyır. Bəşəriyyətin
xoşbəxt gələcəyinə hesablanmış qlobal təşəbbüsləri,
çağırışları ilə sivilizasiya və dinlərarası
dialoq mərkəzinə çevrilib. Azərbaycanda
tolerantlıq, multikulturalizm, dinlər və mədəniyyətlərarası
dialoq sahəsində müxtəlif tərəflərin bir
araya gəlməsi istiqamətində kifayət qədər tədbirlər
həyata keçirilir. Azərbaycan son illərdə bu sahədə
onlarca beynəlxalq və regional konfrans, forum və simpoziumlara evsahibliyi edib.
Müstəqilliyimizi
bərpa etdikdən sonra ölkəmizdəki dini
dözümlülük, multikultural dəyərlər
ümummilli liderimiz Heydər Əliyevin alternativsiz siyasi xəttini
uğurla və uzaqgörənliklə həyata keçirən
Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci ildə mədəniyyətlərarası
və dinlərarası dialoqun inkişafı məqsədilə
əsasını qoyduğu “Bakı prosesi”, eləcə də
digər dünya miqyaslı təşəbbüslərlə
möhkəmləndi. Dövlətimizin ümumbəşəri
ideyaların carçısı olması bizim
üçün qürur mənbəyi, Azərbaycanın beynəlxalq
nüfuzu üçün yenilməz zəfərə
çevrildi.
44
günlük Vətən müharibəsi müddətində
siyasi əqidəsindən, statusundan, vəzifəsindən,
milli mənsubiyyətindən və dünyanın harasında
yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı
milli həmrəylik nümayiş etdirdi.
Vətən
müharibəsində işğalçını həm də
xalqımızın bu həmrəyliyi, birliyi vəlvələyə
salmışdı. Siyasət və döyüş
meydanında məğlubiyyətə düçar olan ermənilər
bu vəhdəti, birliyi zəiflətməyə, millətlər
arasında nifaq, təfriqə salmağa çalışsalar
da, ölkəmizdəki birgəyaşayış modelinin
sınaqlardan uğurla çıxdığını,
böyük gücə çevrildiyini, Azərbaycanda tarixən
yaşayan xalqların, dinlərin nümayəndələrinin
hamısının azərbaycançılığa, Azərbaycan
dövlətçiliyinə sıx bağlılığını
və bu bağların illər keçdikcə daha da möhkəmləndiyini
unutmuşdular.
Vətən
müharibəsində torpaqlarımızın işğaldan
azad olunması həm də milli həmrəyliyimizin və
bütün azərbaycanlıların Prezident İlham
Əliyevin ətrafında birliyinin təntənəsi oldu.
Bütövlükdə, 44 günlük savaşdakı Zəfərlə
xalqımız Ali Baş Komandanımızın rəhbərliyi
ilə milli həmrəyliyin ən mükəmməl nümunəsini
göstərdi.
Prezident
İlham Əliyevin də qeyd etdiyi kimi, Vətən müharibəsində
Azərbaycanda yaşayan bütün xalqların böyük
payı vardır. Vətən müharibəsi bir daha onu göstərdi
ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik
şəraitində yaşayır. Bu 44 günlük
müharibə bir daha göstərdi ki, ölkəmizdə
milli birlik, milli həmrəylik vardır.
Bununla da ümummilli liderimizin azərbaycançılıq ideyası özünün yenilməz gücünü Vətən müharibəsində bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycanın bütün uğurlarının, parlaq qələbəsinin təməlində XX əsr tariximizin parlaq siması, böyük şəxsiyyəti, zəmanəni qabaqlayan Heydər Əliyevin siyasəti və azərbaycançılıq ideologiyası dayanır.
Səyavuş
HEYDƏROV,
Azərbaycan
Respublikası Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsi sədrinin müavini
Xalq qəzeti .- 2022.- 7 may.- S.7.