Xüsusi Təyinatlı
Qüvvələr Azərbaycan hərb tarixinə yeni qəhrəmanlıq səhifələri
yazdılar
Zəfər yolu ilə Şuşaya yaxınlaşarkən, o sıldırım qayaları görəndə
hər dəfə mənim gözlərimin önünə siz gəlirsiniz. Bu alınmaz qala necə
alındı – yüngül silahlarla, şəhər döyüşlərində,
əlbəyaxa döyüşlərdə. Qarşıda,
yuxarıda, dağın başında təpədən
dırnağa qədər silahla, topla, tankla
silahlanmış ermənilər sizin
qarşınızda aciz idilər.
Azərbaycan
Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Xüsusi Təyinatlı
Qüvvələrin yaradılmasının 23-cü
ildönümü münasibətilə aprelin 30-da Müdafiə
Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin “N”
saylı hərbi hissənin şəxsi heyəti
qarşısındakı çıxışından
İkinci
Qarabağ müharibəsindən ilyarım vaxt keçməsinə
baxmayaraq, xalqımız hələ də
işğalçı Ermənistan üzərində
qazandığımız şanlı Qələbənin
sevinci ilə yaşayır. Hərbi
ekspertlər, konfliktoloqlar Azərbaycanın
qazandığı parlaq Zəfərdən
və hərbçilərimizin göstərdikləri
şücaətdən bu gün
də danışırlar. Əfsanəvi qəhrəmanlıq
dastanına çevrilmiş İkinci Qarabağ
müharibəsində qazandığımız şanlı Qələbədən,
Azərbaycan Ordusunun qəhrəmanlığından
bəhs edən məqalələr dünyanın
aparıcı kütləvi informasiya vasitələrinin
səhifələrindən hələ də düşməyib.
Bu gün
dünyanın müxtəlif ölkələrində yaşayan və fəaliyyət göstərən
soydaşlarımız azərbaycanlı olmasından qürur duyurlar. Axı,
respublikamız dünyada qalib
ölkə kimi tanınır. Biz otuz il
işğal altında qalan
torpaqlarını öz ordusunun
gücü ilə azad
edən ölkəyik.
Vətən
müharibəsində qazandığımız şanlı Qələbə
ilə Azərbaycan tarixinə yeni bir səhifə
yazıldı. Bu şanlı zəfər
ölkəmizi bütövləşdirdi, Ermənistanın 30
illik işğalına birdəfəlik son qoyuldu. Bu
qələbə ölkəmizin dünya
birliyindəki mövqeyini daha
da möhkəmləndirdi. Əvvəlki
illərlə müqayisədə Azərbaycanın beynəlxalq
aləmdəki reytinqi də xeyli yüksəldi. Dövlət
başçımızın qeyd etdiyi kimi, Azərbaycan Silahlı
Qüvvələrinin şanlı Zəfəri bizim tariximizdə əbədi qalacaq:
“Biz müzəffər xalq
kimi, qalib dövlət
kimi bundan sonra əbədi yaşayacağıq. Bu sevinci bizə bəxş
edən bizim övladlarımız, əsgər
və zabitlərimiz olub. Bütün Silahlı
Qüvvələr bu Qələbənin əldə
olunmasında öz dəyərli töhfəsini
vermişdir və cəmi 44 gün ərzində tarixi
Zəfər əldə olundu, düşmən
bizim qabağımızda diz
çökdü və məcbur oldu öz əli ilə kapitulyasiya aktına imza
atdı. Bu, tariximizin
və mənim həyatımda bəlkə də ən yaddaqalan, ən sevincli, ən
qürurlu anlardan biridir, bəlkə də birincisidir.
Ermənistanın kapitulyasiya aktına imza atması mənim həyatımda ən qürurlu hadisədir”.
Azərbaycan Silahlı Qüvvələrinin , o cümlədən, Xüsusi Təyinatlı Qüvvələrin hər bir üzvü yüksək peşəkarlığı, qəhrəmanlığı və qibtə olunacaq Vətən sevgisi ilə bu işğalla barışmayacağını dünyaya əyani şəkildə nümayiş etdirdi. 30 il düşmən əsarətində olan həmin ərazilərdə indi əzəmətli Azərbaycan bayrağı dalğalanır. Şuşada, Cıdır düzündə musiqi festivallarının, beynəlxalq tədbirlərin, dünyamiqyaslı idman yarışlarının, poeziya günlərinin keçirilməsi tarixi Qələbəmizin bariz nümunəsidir. Bu qələbədə bütün hərbçilərimizin xidməti yüksək dəyərə malikdir. Xüsusilə, Xüsusi Təyinatlı Qüvvələrin Şuşanın işğaldan azad edilməsi zamanı göstərdiyi qeyri-adi qəhrəmanlıq dillər əzbəri olub.
Azərbaycan
Prezidenti, Ali Baş Komandan İlham Əliyev Xüsusi Təyinatlı
Qüvvələrin yaradılmasının 23-cü
ildönümü münasibətilə Müdafiə
Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin “N”
saylı hərbi hissənin şəxsi heyəti
qarşısındakı çıxışı zamanı
da bu məsələni diqqətə çatdırdı. Qeyd etdi ki, XTQ-çilər gücü, iradəsi, peşəkarlığı
və Vətən sevgisi ilə
düşməni diz çökdürdü.
Dövlət başçımız görüş
zamanı dedi ki, siz öz Vətəniniz uğrunda, doğma torpaqda vuruşurdunuz.
İşğalçı düşmən isə Azərbaycan
torpağında sizin
qarşınızda duruş gətirə
bilməzdi. Şuşanın azad
olunması müharibənin ən parlaq səhifəsidir.
Bu gün
dünyanın aparıcı hərbi məktəblərində
Şuşa əməliyyatı, Hadrut əməliyyatı, digər əməliyyatlar
öyrənilir.
Ümumiyyətlə,
Azərbaycan Ordusunda Xüsusi Təyinatlı Qüvvələr
özünəməxsus çəkiyə və əhəmiyyətə
malikdir. Hələ 2016-cı ilin Aprel döyüşlərində Xüsusi Təyinatlı Qüvvələr
yüksək döyüş
hazırlığı ilə işğalçını diz çökdürməyə layiq olduqlarını sübut
etmişdilər. Həmin döyüşlərdə xüsusi təyinatlılarımız
düşmənin çoxsaylı hərbi texnikasını və
canlı qüvvəsini məhv etdi.
XTQ-çilər düşmənə təkcə hərbi
müstəvidə deyil, psixoloji
baxımdan da böyük
zərbə vurdular. Aprel
döyüşləri, həmçinin Azərbaycan Ordusunun qüdrətini, onun
qarşıya qoyulan istənilən
tapşırığı yerinə yetirməyə hazır olduğunu bütün dünyaya göstərdi.
İkinci
Qarabağ müharibəsində isə Xüsusi Təyinatlı
Qüvvələr, sözün həqiqi mənasında, tarix
yazdılar. Təkcə Şuşa
şəhərinin düşməndən azad
edilməsində xüsusi təyinatlıların
göstərdiyi qəhrəmanlıq heç
vaxt unudulmayacaq. Bu döyüşlərdə Xüsusi
Təyinatlı Qüvvələr düşmənə elə
sarsıdıcı zərbələr vurdu
ki, işğalçı erməni əsgərləri
sonadək müqavimət göstərə bilmədi və
silah-sursatları atıb qaçdılar. Düşmənlər,
hətta, öz yaralılarını, cəsədlərini
belə götürmədən döyüş
yerindən qaçaraq, canlarını xilas etməyə çalışdılar. Bütün bu faktlar Xüsusi Təyinatlı
Qüvvələrin Vətən müharibəsində necə
böyük fədakarlıq sərgilədiyini
bir daha sübut edir.
Prezident,
Ali Baş Komandan İlham Əliyev çıxışı
zamanı bu məqamları bir daha diqqətə
çatdırdı. Dedi ki, bizim bütün
əsas həlledici əməliyyatlarımızda xüsusi təyinatlılar ön
sırada idilər. Digər hərbi birləşmələr
ilə birlikdə şəhər və kəndlərimizi azad edən xüsusi təyinatlıların
rolunu vurğulayan
dövlət başçımız uğurlu
əməliyyatlardan sonra yolumuzun
Şuşaya
açıldığını bildirdi:
“Yolumuz deyəndə, o
yol yox idi.
Uğurlu Hadrut əməliyyatından
sonra, – hansı ki, Ermənistanda
fərarilərin sayını kəskin
artırmışdır, – onlar
inanmırdılar ki, biz
o istiqamətdə gedəcəyik. Onlar bizi başqa
yerlərdən gözləyirdilər. Amma
bizim aslanlarımız, igidlərimiz olmayan yerdə yol
açdılar, öz əlləri ilə,
öz ayaqları ilə, öz
sinələri ilə. Dərələrdən, meşələrdən,
cığırlardan keçərək istiqamət Şuşaya idi”.
XTQ yarandığı gündən Vətən müharibəsinədək həmişə öndə olub. Ancaq İkinci Qarabağ döyüşlərində bu “aslanlar” tarixdə silinməz iz buraxdılar. Xatırladaq ki, 1999-cu ildə ulu öndər Heydər Əliyevin fərmanı ilə Azərbaycan Ordusunun ən çevik və yüksək döyüş qabiliyyətinə malik bölmələrindən biri –Xüsusi Təyinatlı Qüvvələr yaradılmışdı. XTQ-nin formalaşmasında Birinci Qarabağ müharibəsinin iştirakçıları olan zabit və gizirlər fəal iştirak ediblər. Ümummilli lider tərəfindən vahid komandanlıq altında birləşdirilən Azərbaycan Ordusunun bu bölmələri Türkiyə Silahlı Qüvvələri və onun Xüsusi Təyinatlı Qüvvələri ilə sıx əməkdaşlıqla formalaşdırılıb.
Ordu
quruculuğunu daim diqqqət mərkəzində saxlayan
Prezident, Ali Baş Komandan İlham Əliyev Xüsusi Təyinatlı
Qüvvələrin fəaliyyətinə, təchizatına,
gündəlik məşqlərinə mütəmadi nəzarət
edib. Heç də hər hərbçi
Xüsusi Təyinatlı Qüvvələrin
üzvü seçilmək hüququnu qazana bilmir. Bunun üçün ağır təlimlər,
hərbi imtahanlar, güclü
iradə nümayişi vacib
şərtlərdəndir. Çünki burada əlbəyaxa döyüş,
bacarıqlı kəşfiyyat, risk edərək
düşmən arxasına keçmə, mühəndis, atəş,
psixoloji, desant,
dalğıc, tibbi və sair
kimi hazırlıqlar üzrə təlimlər
keçirilir.
Xüsusi
Təyinatlı Qüvvələrin şəxsi heyəti
2016-cı ilin Aprel döyüşlərində düşmənə
vurduğu ağır zərbələrlə nəyə qadir
olduqlarını nümayiş etdirdi. Ancaq
işğalçılar Azərbaycan Ordusunun
gücündən özləri üçün
nəticə çıxarmadılar. Onların faşizm xisləti
işğalçılıq siyasətini dayandırmağa imkan vermədi. Hətta, 2018-ci ildə
Naxçıvanın Günnüt əməliyyatı
zamanı aldıqları ağır zərbə də
düşmənə ibrət olmadı. 2020-ci il
sentyabrın 27-də yenidən sərhədboyu ərazilərimizə
hücum etdilər. Bu,
artıq təxribat yox, müharibə idi. Bu müharibədə Azərbaycan Ordusunun
Xüsusi Təyinatlı Qüvvələri
hərb tariximizə yeni qəhrəmanlıq
səhifələri yazdılar. Ən mühüm
əməliyyatların, ilk növbədə,
Şuşa əməliyyatının
keçirilməsində həlledici rol
oynadılar. Peşəkarlıqla bərabər, burada fədakarlıq, ölümün
üzərinə atılma həlledici amillərdən idi. Dövlət başçımız
çıxışında hərbçilərimizin qəhrəmanlığını
yüksək qiymətləndirdi: “Biz cəmi 44 gün ərzində
300-dən çox şəhər və
kəndi düşmənin əlindən aldıq, döyüş meydanında bu
Zəfəri qazandıq, danışıqlar yolu
ilə yox, kiminsə güzəşti ilə
yox, qan tökərək,
şəhidlər verərək. Bizi
irəliyə nə aparırdı? Vətən sevgisi, Vətənə sevgi,
düşmənə nifrət! Bax, biz gənc nəsli bu əhval-ruhiyyədə
yetişdirmişik, bu
əhval-ruhiyyədə bizim ordumuz yetişib və ordumuzun ən döyüşkən birləşməsi
olan xüsusi təyinatlılar
bu amalla, bu ideya ilə irəliyə
gedirdi, öz sinəsini
qabağa verirdi”.
Artıq dünya ictimaiyyətinə də məlumdur ki, Azərbaycan Ordusu müharibə zamanı düşmənin 53 “Tank əleyhinə” vasitələrini, 4 “Smerç”ini, 97 “Qrad”ını , 2 “Uraqan”ını, bir “YARS”ını, TOS odsaçanını , 7 ədəd “S-300” zenit-raket komplekslərini - atıcı qurğusunu məhv etdi. Bundan əlavə, Ermənistan ordusunun atıcı qurğuları , “S-300” radiolokatoru və “S-300” aşkaretmə stansiyaları da sıradan çıxarıldı. Əgər düşmənin məhv edilmiş silah-sursatını bir-bir sadalasaq, uzun bir siyahı alınar.
Bu gün Bakıda yaradılmış Hərbi Qənimətlər Parkında nümayiş etdirilən məhv edilmiş və qənimət götürülmüş düşmən texnikaları Ermənistana və onun havadarlarına göz dağıdr. Hətta bəzi ermənipərəst təşkilatlar həmin parkın yığışdırılması tələbini irəli sürmüşdülər. Çünki havadarlıq etdikləri işğalçı ölkənin beynəlxalq aləmdə bu şəkildə rüsvay olmasını həzm edə bilmirdilər. Lakin həmin qərəzli və riyakar ermənipərəstlərin sözlərini özlərindən başqa eşidən olmadı.
Xüsusi
Təyinatlı Qüvvələrin mənsubları
döyüş tapşırıqlarını uğurla yerinə
yetirdiklərinə görə, dövlət
başçısının müvafiq sərəncamları
ilə “Azərbaycanın Milli Qəhrəmanı”, “Vətən
Müharibəsi Qəhrəmanı” fəxri adlarına layiq
görüldülər. Eləcə də müxtəlif
orden və medallarla təltif olundular.
İkinci
Qarabağ müharibəsindən sonra Xüsusi Təyinatlı
Qüvvələrin sayı 2 dəfə artırıldı. Hazırda bu bölməyə seçimin daha sərt
olmasına baxmayaraq, maraq
da böyükdür
və müraciət edənlərin sayı durmadan
artır. Bu seçimin
əsas şərtləri mənəvi-psixoloji keyfiyyətlər,
fiziki hazırlıq, peşəkarlıq
və ən önəmlisi Vətən sevgisidir.
Prezident, Ali Baş Komandan İlham Əliyevin tapşırığı əsasında silahlı birləşmələrimizdə islahatlar davam etdirilir, xüsusi əməliyyatları aparmaq iqtidarında olan yeni hərbi birləşmələr yaradılır. Bütün bunlar Azərbaycan Ordusunun daha da güclənməsindən xəbər verir. Bu gün Azərbaycan Silahlı Qüvvələri müharibə dövründəkindən də güclü və qüvvətlidir.
Əliqismət
BƏDƏLOV
Xalq qəzeti .- 2022.- 7 may.- S.8.