Azərbaycan elminin böyük hamisi

 

Milli intibahın təminatında başlıca vasitə sayılan elm və təhsil cəmiyyətdə bir çox problemlərin həllində mühüm rol oynayır. Dünyəvi təhsilə inteqrasiya yolunu seçən Azərbaycan Respublikasında müstəqilliyin bərpasından sonra bu strateji sahəyə milli təhlükəsizliyin mühüm amillərindən biri kimi xüsusi diqqət yetirilməsi belə deməyə əsas verir ki, ölkədə elm və təhsil problemləri ümumi inkişaf və dövlət siyasəti ilə vəhdət təşkil edir.

   Görkəmli dövlət xadimi və siyasətçi, ümummilli lider Heydər Əliyevin parlaq xatirəsinin böyük ehtiram hissi ilə yad edildiyi bu günlərdə ulu öndərin gərgin fəaliyyəti sayəsində bütün sahələrdə olduğu kimi, Azərbaycan elmininbö­yük uğurlar əldə etdiyi haqlı olaraq minnətdarlıqla xatırlanır.

Bu xüsusda ilk olaraq vurğulan­malıdır ki, ümummilli lider ölkəmizə rəhbərliyinin bütün dövrlərində milli elmə diqqət və qayğısını əsirgəməmiş, bu sahənin qüdrətli hamisi kimi daim fəallıq göstərmişdir. Cəmiyyətin hər bir zümrəsinin də, alimlərimizin də qəti rəyi budur ki, o, Elmlər Akademiyasına, bütövlükdə Azərbaycan elminə, ziyalılara həmişə yüksək qiymət vermişdir.

Bu məqamda unutmaq olmaz ki, XX əsrin 90-cı illərində res­publikanın, demək olar ki, bütün fəaliyyət sahələri, o cümlədən siyasət, mədəniyyət, təhsil və elmdə olduqca gərgin vəziyyət yaranmış­dı. Elmimiz maliyyə imkanlarının kəskin azalması, istedadlı gənc tədqiqatçıların elmdən kütləvi surətdə ayrılmaları, təşəbbüskar adamların biznes sahəsinə keçməsi, Rusiya və Müstəqil Dövlətlər Birliyi (MDB) elmi təşkilatları və alimləri ilə əlaqələrin qırılması problemi ilə üz-üzə qalmışdı. Ölkənin ali rəhbəri vəzifəsinə gələn Heydər Əliyev bütün fəaliyyətini elm, təhsil və mədəniyyətin inkişafına xüsusi qayğı ilə yanaşmağa həsr edirdi. Bu da təsadüfi deyildi. Çünki müdrik rəhbər yaxşı bilirdi ki, Azərbaycanın tərəqqisinin, iqtisadi inkişafın, əhalinin rifah halının yaxşılaşmasının yeganə yolu məhz yüksək təhsildə, elmin bütün sahələrinin inkişafında, maariflənməkdədir. Buna misal kimi təkcə geoloqların fəaliyyətilə bağ­lı tarixi faktı göstərmək kifayətdir: 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycan ge­oloqlarının Qərb alimlərilə birgə tədqiqatları nəticəsində müasir texnologiyalar mənimsənildi, ölkə iqtisadiyyatının əsasını təşkil edən neft strategiyası uğurla reallaşmağa başladı.

Məhz ulu öndərin qətiyyəti, iradəsi və cəsarəti sayəsində Azərbaycanın “qara qızılı” bu millətin ağ günlərinin tarixini yazmağa başladı. Ulu öndərin öz sözləri ilə desək: “Azərbaycanın böyük neftqaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün, eləcə də gələcəkdə xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən əsas amildir”. Bu sözlərin müəllifi ölkəsinin karbohidrogen ehtiyatlarını strateji xammaldan böyük siyasətin, dünyada gedən inteqrasiya proseslərinin, milli təhlükəsizlik konsepsiyasının faktoru­na çevirməyi bacardı.

Məhz bu dövrdən etibarən Azərbaycan Respublikası bütün so­sial-iqtisadi istiqamətlərdə sürətlə in­kişaf etməyə başladı. Tezliklə ölkədə siyasi-iqtisadi sabitliyi təmin edən ulu öndər ölkəyə rəhbərlik etdiyi əvvəlki dövrlərdə olduğu kimi, müstəqil Azərbaycanda da elmin, təhsilin hamisinə çevrildi. Dövlət rəhbəri və siyasətçi kimi bütün müsbət xüsusiyyətləri özündə cəmləşdirən Heydər Əliyev çox düzgün olaraq elm-təhsil sahəsinə xüsusi diqqət göstərirdi.

Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə ölkədə 5 yeni ali təhsil müəssisəsi açılmış və ali məktəblərdə təhsil alanların sayı 70 mindən 100 minə qədər artmışdır. Eləcə də dahi rəhbər keçmiş İttifaqın ən nüfuzlu təhsil müəssisələrində azərbaycanlıların oxumasına çalışmış və bu istiqamətdə əsaslı dönüş yaratmışdır. Məhz Heydər Əliyevin təşəbbüsü və birbaşa himayəsi nəticəsində 1970-ci ildən başlayaraq hər il 800-900 nəfər gənc SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilmişdir ki, bu da respublika­nın milli kadr potensialının daha da gücləndirilməsinə imkan yaratmışdır.

Ümumiyyətlə, uzaqgörən ali rəhbərin elm sahəsinə, xüsusən də Azərbaycan Elmlər Akademiyasına özəl münasibəti diqqət çəkir. Onun söyləmiş olduğu bu mülahizələri bir də xatırlayaq: "Akademiya Azərbaycan xalqının milli sərvətidir. Onu qoruyub-saxlamalıyıq".

 

Milli sərvət statuslu akademiyanı həm də ona görə qoruyub-saxlama­lıyıq ki, müasir dövrdə bu mənəvi sərvətin intellektual-mənəvi dividenti hesabına strateji oriyentirləri dəqiq müəyyənləşdirməyi bacaraq, necə deyərlər, hardan gəldiyimizi bilməklə yanaşı, hara yön aldığımızı da dəqiq müəyyənləşdirə bilək”.

Heydər Əliyev elmin müxtəlif sahələrinə eyni dərəcədə diqqət göstərirdi.Onun akademiya işçiləri ilə görüşü zamanı dediyi: "Əlbəttə, müstəqil Azərbaycanda fizika, riya­ziyyat, biologiya, kimya və başqa fənlərin hamısı inkişaf etməlidir. An­caq bunların hərəsinin özünəməxsus çərçivəsi vardır. Amma tarix hər bir insan üçün yeniyetməlikdən başlayaraq lazımdır. O cümlədən, mədəniyyətimizin, ədəbiyyatımızın, elmimizin tarixi lazımdır" - sözləri hər bir alim üçün fəaliyyət prinsipi kimi qəbul edilirdi.

Ulu öndər Heydər Əliyev müstəqillik illərində də elm və təhsilin inkişafını diqqətdən kənarda qoymamış, o cümlədən elm-təhsil problemlərinə kompleks şəkildə ya­naşmışdır. Dövlət başçısı bu sahədə mövcud olan problemlərin aradan qal­dırılması və Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının həyata keçirilməsi məqsədilə ciddi tədbirlər görmüş, mühüm tarixi fərman və sərəncamlar imzalamışdır.

Bütün sahələrdə olduğu kimi, Azərbaycan elminin də inkişafı istiqamətində ümummilli lider Heydər Əliyevin siyasəti bu gün islahatların zəruriliyinə ciddi diqqət yetirən ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Elmə və təhsilə göstərilən diqqətin nəticəsidir ki, ümummilli lider Heydər Əliyev özünün milli dövlət quruculuğu strategiya­sında təhsil siyasətinə dövlətçiliyin təməl prinsiplərindən biri kimi yanaş­mış, bu sahəyə diqqət və qayğısını həmişə önə çəkmişdir. Ulu öndər təhsilin dünya standartlarına uyğun inkişafı, müəllimlərin, elm adamlarının əməkhaqlarının artırılması, məktəb şəbəkəsinin genişləndirilməsi ilə bağlı onlarla tarixi əhəmiyyətli fərman və sərəncamlar, islahat və dövlət proqramlarını təsdiq edən sənədlər imzalamışdır ki, bunlar da birbaşa elmdə və təhsildə problemlərin həllinə yönəlmişdir.

Heydər Əliyevin elm və təhsil siyasətinin prioritetlərindən biri də hər iki sahənin idarə edilməsinə yeni yanaşmanın olmasıdır. Belə ki, əgər güclü təhsil sistemi gələcəyin elmi tədqiqatçılarının hazırlanması­na xidmət edirsə, elmi araşdırmalar da, öz növbəsində, ölkənin ayrı-ayrı sahələrinin müasir tələbata və qabaq­cıl təcrübəyə uyğun inkişafını təmin etməlidir.

Günümüzün reallıqları sübut edir ki, hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu istiqamətdə aparılan işlər Azərbaycan xalqının xoş gələcəyinə xidmət edəcək səviyyədə uğurla davam etdirilir. Eyni zamanda, bütün bunlar elm adamlarının daha da fəallaşmasını, ölkədə həyata keçirilən islahatların elmi əsaslarının işlənib hazırlanmasında xüsusi fəallıq göstərilməsini tələb edir.

Heydər Əliyevin müdrikliklə müəyyən etdiyi və həyata keçirdiyi elm siyasəti bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla davam etdirilir. El­min inkişafına göstərilən yüksək diqqət eyni zamanda Azərbaycanın güclənməsinə, inkişafına, dünya miq­yasında tanınmasına və layiqli yerinin təmin olunmasına uğurla xidmət edir.

 

Akif ƏLİZADƏ,

 

YAP Veteranlar Şurasının üzvü, akademik

 

Xalq qəzeti .- 2022.- 8 may.- S.2.