Heydər Əliyev –
böyük və müdrik dövlət xadimi
Azərbaycan çox mühüm ölkədir, Siz çox görkəmli lidersiniz. Amerikada bunu getdikcə daha dərindən başa düşürlər. Elə buna görə də Azərbaycan – Amerika münasibətlərinin yalnız ikitərəfli deyil, həm də böyük regional, strateji əhəmiyyəti var.
Sizinlə söhbətlərimdən çox bəhrələnmişəm. Çünki ABŞ üçün mühüm olan ölkələr haqqında Sizin geniş məlumatınız var.
Zbiqnev BJEZİNSKİ,
ABŞ prezidentinin sabiq müşaviri, məşhur politoloq və siyasi xadim
Azərbaycan xalqının əsl
xoşbəxtliyi ondan ibarətdir ki, xalqın, dövlətin ən
çətin, böhranlı vaxtında görkəmli siyasətçi,
böyük şəxsiyyət cənab Heydər Əliyev məsuliyyəti
öz üzərinə götürmüşdür.
... Siz özünüzə tayı-bərabəri olmayan abidə, əsrlər boyu yaşayacaq əbədi abidə yaradırsınız. Bu abidənin adı Azərbaycandır – tərəqqi edən, yeni, xoşbəxt Azərbaycan.
Eduard ŞEVARDNADZE,
Gürcüstan Respublikasının sabiq prezidenti
Bizim günlərdə hadisələr çox sürətlə cərəyan edir, qloballaşır, təhlükəsizlik məsələləri, xüsusilə gündəlikdə durur. Bu baxımdan prezident Heydər Əliyev kimi təcrübəli siyasətçi ilə fikir mübadiləsindən çox şey əldə etmək mümkündür. Prezident Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində Asiya və Avropa arasında əlaqələr, əməkdaşlıq körpüsü qurulur.
Xavyer
SOLANA,
NATO-nun
keçmiş baş katibi,
Avropa
İttifaqının ali təmsilçisi
Sizin bioqrafiyanıza
yaxşı bələdəm. Biz cavan siyasətçilər
Sizin fəaliyyətinizi daim izləyirik. Sizə rəğbətlə yanaşırıq və
Sizdən çox şey öyrənirik. Azərbaycanın
dövlət müstəqilliyinin qorunması yolunda
qarşıya çıxan çətinliklərə necə
sinə gərdiyinizdən xəbərdaram.
Aleksandr
KVASNEVSKİ,
Polşa
Respublikasının sabiq prezidenti
Dövlətin
xilaskarı və qurucusu
Ulu öndər, ümummilli lider, mərhum Heydər
Əliyevin 99 illik yubileyi münasibəti ilə bu dahi şəxsiyyətin
özündən sonra qoyub getdiyi irsinə bir daha nəzər
salırıq.
Əlbəttə ki, ölkə hüdudları
daxilində və xaricdə Heydər Əliyev ilk növbədə,
haqlı olaraq, Azərbaycan dövlətçiliyinin
xilaskarı və qurucusu kimi şöhrət
tapmışdır. Bu böyük
insanın şəxsiyyətinin miqyası dövlət
quruculuğundan və dövlət xadimi olmaqdan savayı, millət
quruculuğunu və millət qurucusu, millət xadimi
olmağı da özündə ehtiva edir. Məhz buna görə də ulu öndər Heydər
Əliyevi böyük dövlət və millət xadimi kimi
anırıq.
Sadə və qısa şəkildə ifadə etsək,
dövlət xadimi dövlət quruculuğu və idarəçiliyində
əhəmiyyətli surətdə iştirak edən şəxsiyyəti
nəzərdə tutursa, millət xadimi millətin
formalaşmasına, millət quruculuğuna töhfə verən,
millətin vahid bir tam halına gəlməsi prosesində
öncüllük edən şəxsiyyət deməkdir. Azərbaycan
xalqının tarixində və həyatında kifayət qədər
həm millət, həm də dövlət xadimi olmuşdur.
Amma dövlət və millət xadimi olmaq şərəfi
nadir hallarda eyni bir insanın taleyinə yazılır. Tariximizə Heydər Əliyev Azərbaycan
xalqının böyük dövlət və millət
xadimliyi nəsib olmuş unikal bir fenomen kimi
düşmüşdür.
Türkiyədə
mühacir həyatı yaşamaq məcburiyyətində
qalmış həmvətənimiz Əhməd Cəfəroğlu
1940-cı ildə yazırdı ki, həmin dövrə qədər
Azərbaycanda millət xadimi adına layiq
üç mütəfəkkir - Mirzə Fətəli Axundov,
Həsən bəy Zərdabi və Əhməd bəy
Ağaoğlu olmuşdur. Onlar müvafiq olaraq latın
əlifbasına keçid, milli mətbuatın yaranması və
inkişafı, Azərbaycan xalqının türk
dünyasının tərkib hissəsi olması ideyalarının
yayılmasında müstəsna rol oynayıblar. Həmin mütəfəkkirlərin qeyd edilən
ideyaları və fəaliyyətləri Azərbaycan millətinin
təşəkkülünə mühüm töhfələr
veriblər.
Millət xadimi kimi Heydər Əliyevin
unikallığı ondadır ki, onun fəaliyyəti qeyd
olunan üç mütəfəkkirin ayrı-ayrılıqda
çalışdıqları fəaliyyət istiqamətlərinin
hər birini əhatə edib və siyasi müstəvidə
baş verib. Qısaca olaraq bir neçə misal gətirək.
Mirzə
Fətəli Axundovun ideyası olan latın
əlifbasına tam keçidə müstəqil Azərbaycanda
Heydər Əliyevin rəhbərliyi ilə nail olunub. Onun 18
iyun 2001-ci il tarixli fərmanına əsasən,
2001-ci il avqustun 1-də Azərbaycan ərazisində
bütün idarə-müəssisələr, təşkilatlar
Azərbaycan dilində fəaliyyət göstərib,
bütün nəşrlər latın qrafikalı əlifbaya
keçib. Ulu öndərin 2001-ci il 9
avqust tarixli Fərmanı ilə 1 avqust Azərbaycan
Əlifbası və Azərbaycan Dili Günü elan edilib. Həsən bəy Zərdabinin əsasını
qoyduğu Azərbaycan milli mətbuatı Heydər Əliyevin
dövründə böyük inkişaf yolu keçib.
1998- ci il avqustun 6-da ümummilli lider Heydər
Əliyevin mətbuatda senzuranı ləğv etməsi milli mətbuatın
inkişafına önəmli töhfə oldu. Ulu
öndər həmişə jurnalistlərlə səmimi
münasibətlər qurub, mətbuata daim açıq olub, ən
gərgin dövrlərdə ən çətin məsələlər
haqqında jurnalistlərlə söhbət edib. Hətta bəzən jurnalistlərlə zarafat edirdi.
Əhməd bəy Ağaoğlu Azərbaycanı
türk dünyasının tərkib hissəsi kimi
görürdü. O, Azərbaycan milli mətbuatının
inkişafına və milli oyanışa verdiyi ciddi töhfələrlə
yanaşı, Türkiyə və Azərbaycan arasında mənəvi,
intellektual və digər bağların qurulmasında fəal
iştirak etmiş, Türkiyə və Azərbaycan
arasında müəyyən mənada bir körpü
olmuşdur. Ulu öndər Heydər Əliyevin
təşəbbüsü ilə 1992-ci ildə
Naxçıvanla Türkiyə arasında Araz çayı
üzərində inşa edilmiş “Ümid
körpüsü” həm də rəmzi məna
daşıyır. Heydər Əliyev
“Ümid körpüsü”nü həsrət
körpüsü kimi xarakterizə edirdi. Çünki
bu körpü iki qardaş xalqı bir-birinə qovuşdurdu,
onlar arasındakı həsrətə son qoydu. Onun “Bir millət, iki dövlət” ifadəsi
Türkiyə və Azərbaycan münasibətlərində
rəhbər tutulan əsas prinsipə çevrilib, dünyada
iki ölkə arasındakı münasibətlərin
xarakterini lakonik surətdə və müdrikliklə ifadə
edən baxış kimi qəbul edilir.
Yuxarıda qeyd edilənlər
Azərbaycanda millət quruculuğunda və millətin
inkişafında mühüm amillər kimi
çıxış ediblər. Amma Heydər
Əliyevin sovet və müstəqillik illərində bu sahədə
fəaliyyəti çoxşaxəli və dərindir, eləcə
də onun millət quruculuğu işləri təkcə
ictimai və intellektual sahələrlə məhdudlaşmamışdır.
Ən önəmlisi isə o, millət
quruculuğu sahəsində fəaliyyəti siyasi müstəviyə
yüksəlmişdir. Yuxarıda adı
çəkilən xadimlərimiz ictimai, mənəvi və
intellektual sahədə, Heydər Əliyev isə daha
çox siyasi millət quruculuğu ilə məşğul
olmuşdur. Heydər Əliyevi unikal edən
və digər millət xadimlərindən fərqləndirən
əsas amillərdən biri məhz millət quruculuğunu
siyasi müstəvidə həyata keçirməsidir. Çünki millət siyasi xarakter
daşıyır, ictimai və ya etnikdən daha çox siyasi
birlikdir, effektli millət quruculuğu üçün siyasi
komponent zəruridir.
Sovet
dövründəki fəaliyyət
1920-ci ildə
Azərbaycan Xalq Cümhuriyyətinin süqutu, bolşevik
hakimiyyətinin bərqərar olması və az
sonra Azərbaycanın SSRİ-nin tərkibinə
qatılması millət quruculuğu prosesinə böyük
zərbə oldu. Başlıca səbəb o idi
ki, SSRİ-də rəsmi ideologiya vahid sovet millətinin və
sovet vətəndaşının
formalaşdırılmasını tələb edirdi və
bu, əsas hədəflərdən idi. Bu fonda
Azərbaycanda millət quruculuğu nəinki arxa plana
keçmişdi, ümumiyyətlə, bu məsələ
heç mövzu deyildi. Hüseyn Cavid, Mikayıl Müşfiq
kimi ədib və ziyalıların 1937-ci il
repressiyalarının qurbanına çevrilməsi isə demək
olar ki, bu sahədə ədəbiyyatın imkanlarını
da minimallaşdırmışdı. Milli ruh, milli hiss, müəyyən
mənada Səməd Vurğun kimi şair və ədiblərin
Azərbaycan təbiətini vəsf edən şeirlərində,
onların yazıb-yaratdığı Azərbaycan dilinin
varlığında yaşadılırdı. Yəni
Azərbaycan dili əsas milli birləşdirici amil kimi
çıxış edirdi. 1940-cı ildə Azərbaycanda
latın əlifbasının ləğv
olunması isə millət quruculuğu prosesinə daha bir zərbə
olmuşdu.
Millətimizin və milli kimliyimizin üzərini qara
buludlar aldığı belə bir çətin dövrdən
sonra Azərbaycanda millət quruculuğuna və milli
varlığımızın qorunub saxlanmasına yeni nəfəs
gətirən böyük tarixi şəxsiyyət Heydər
Əliyev ümid işığı kimi parlamağa
başladı.
Ulu öndər hələ SSRİ-nin
güclü olduğu zaman həmin dövrün şərtləri
daxilində milli quruculuq sahəsində mümkün olan zəruri
addımları atdı. 1967-69-cu illərdə
Azərbaycanda Dövlət Təhlükəsizliyi Komitəsinin
sədri kimi milli kadrların təhlükəsizlik
orqanlarında irəli çəkilməsinə, yüksək
vəzifələrə təyin olunmasına xüsusi önəm
vermiş, yerli təhlükəsizlik orqanlarının kadr
heyətinin xeyli dərəcədə milliləşdirilməsinə
əhəmiyyətli dərəcədə nail olmuşdu.
1969-cu ildə Azərbaycan SSR-in rəhbəri
seçildikdən sonra isə onun millət quruculuğuna
töhfə verən işləri geniş miqyasda və
çoxşaxəli olmuşdur. Azərbaycanda Cəmşid
Naxçıvanski adına Hərbi Məktəbin
yaradılması, Bakı şəhərində demoqrafik vəziyyətin
süni şəkildə dəyişdirilməsinin
qarşısının alınması və azərbaycanlı
əhalinin sayının bərpa edilməsi, Şuşada
Qarabağ xanının vəziri və şair Molla Pənah
Vaqifin məqbərəsinin açılışı, Vaqif
Poeziya Günlərinin keçirilməsi və digər
addımlar ulu öndərin sovet dövründə milli
quruculuğa yönəlmiş silsilə işlərindəndir.
Ulu
öndər Heydər Əliyevin tarixi təşəbbüsü
ilə 1978-ci il aprelin 21-də qəbul
olunmuş Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinə
dövlət dili statusu verilmişdir.
Millət
quruculuğunun ideoloji əsasları və praktik xüsusiyyətləri
Dövlət və millət quruculuğu Heydər
Əliyevin həm Sovet Azərbaycanına, həm də
müstəqil Azərbaycan Respublikasına rəhbərlik
etdiyi dönəmlərdə həyata keçirilib. SSRİ kimi nəhəng
ölkənin əsas dövlət xadimlərindən biri
olaraq Heydər Əliyev millət quruculuğunun vacibliyini
gözəl bilirdi. Ən azı, ona görə ki,
SSRİ-nin dağılmasında əsas amillərdən biri
onun mövcud olduğu 70 il ərzində
millət quruculuğu işinin uğursuzluğu idi.
Ulu öndərin rəhbərliyi və təşəbbüsü
ilə 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik
Gününün təsis edilməsi onun Azərbaycanda millət
quruculuğuna daha bir töhfəsi oldu. Bu əlamətdar hadisənin
SSRİ-nin varlığına 1991-ci il
dekabrın 8-də rəsmi surətdə son qoymuş Belavejsk
sazişinin imzalanmasından cəmi bir həftə sonra
baş verməsi məntiqlidir. SSRİ-nin
süqutu ilə, digər sovet respublikaları kimi, Azərbaycan
da müstəqilliyini bərpa etdi.
Yenicə müstəqillik qazanmış ölkələrə
xas xüsusiyyətlərdən biri millət quruculuğu
prosesinin həyata keçirilməsi idi. Yunan əsilli
Amerika alimi Harris Milonas qeyd edir ki, “müasir milli dövlətlərdə
hakimiyyətin legitimliyi xalqa, əksəriyyətə
bağlıdır. Belə əksəriyyət
isə millət quruculuğu vasitəsilə əmələ
gətirilir”. Əks halda isə xalq və
ya ölkə əhalisi özünü azlıqda qalan
müxtəlif qruplara bölünür və millət kimi
formalaşa bilmir. Millət kimi formalaşa
bilməmək və onun acı nəticəsi olaraq,
xalqın pərakəndəliyi milli birliyə və dövlətçiliyə
böyük təhdiddir. Həm də millət
quruculuğu olmadan təkcə dövlət quruculuğu
ölkənin həqiqi müstəqilliyi üçün yetərli
deyil.
Millət quruculuğu, bir qayda olaraq, dövlətin sərhədləri
daxilində baş verir. Amma dünya təcrübəsi göstərir
ki, bir sıra dövlətlərdə millət
quruculuğunun xarici ölçüsünün və ya beynəlxalq
uzantısının olması bu prosesi daha təsirli edir.
Bu zaman diaspor icmaları və lobbi qrupları
xüsusi önəm daşıyır. Yəhudi,
yunan və erməni diasporu kimi güclü diasporların fəaliyyətinə
nəzər salsaq, görərik ki, onların tarixi vətənlərində
dövlət və millət quruculuğuna təsirləri
böyükdür. Amma, bu, Ermənistanda
millət quruculuğunun işğal siyasəti ətrafında
həyata keçirilməsi ilə nəticələnib.
Yəni Ermənistan cəmiyyəti işğal
və absurd “böyük Ermənistan” ideyası ətrafında
mono-etnik şəkildə birləşib. Bunun
nəticəsi isə Ermənistanın ən yaxşı
halda yarımmüstəqil vəziyyətə, əslində
isə forpost rolunda çıxış etməsinə gətirib
çıxarıb.
Bu fonda aydın görünür ki, Azərbaycanda
millət quruculuğu mono-etnik deyil, əksinə tamamilə
inklüziv xarakter daşıyır. Azərbaycanın
öz diasporunun təşkilatlanması və əlaqələrin
qurulması dünyada bütün azərbaycanlıların həmrəyliyinə
və ümumi Vətənimiz Azərbaycan dövlətinə
bağlılığına əsaslanıb. Bu da ulu öndərin azərbaycançılıq məfkurəsinin
özəyini təşkil edir. Bizim bir
xüsusiyyətimiz isə ondan ibarətdir ki, yuxarıda qeyd
etdiyimiz diasporlar öz tarixi vətənlərinə ciddi
maddi və siyasi yardımları ilə xarakterizə olunurlar.
Azərbaycanda isə əksinə dövlətimiz,
hökumətimiz xaricdəki diaspor təşkilatlarımızın
formalaşmasına və fəaliyyətinə töhfə
verir.
Azərbaycançılıq məfkurəsi və
diaspor fəaliyyətimiz dini və ya etnik sərhədlərlə
məhdudlaşmayıb. Azərbaycançılıq ümumbəşəri
dəyərlərə hörmətə, dini, etnik, dil və
sair mənsubiyyətindən asılı olmayaraq, ölkəmiz
və dövlətinizə bağlılığa və Azərbaycana
bağlı olanların həmrəyliyinə əsaslanır.
Fərqli dinə, fərqli etnik kimliyə mənsub
insanlar da Azərbaycan diasporu sıralarında geniş yer
alır və azərbaycanlı hesab olunurlar. Onların
arasında dünya şöhrətli musiqiçilər
Mstislav Rastropoviç və Müslim Maqomayev, qeyri-səlis məntiq
nəzəriyyəsinin yaradıcısı Lütfi Zadə,
fotoqraf Reza Deqqati, Şuşada doğulmuş Əhməd bəy
Ağaoğlunun varisləri, Şuşanın müdafiəsi
zamanı qəhrəmancasına həlak olmuş yəhudi əsilli
vətəndaşımız və Milli Qəhrəmanımız
Albert Aqarunovun mənsub olduğu yəhudi icmasının
nümayəndələri, eləcə də, Bakıda
doğulub böyümüş etnik rus Nikolay Baybakov və
başqaları kimi dinindən, dilindən və etnik mənsubiyyətindən
asılı olmayaraq, Azərbaycana bağlı
çoxsaylı həmvətənlərimizin adlarını
qeyd edə bilərik.
Heydər Əliyevin azərbaycançılıq məfkurəsi
və multikulturalizm doktrinası millət quruculuğu və
milli həmrəyliyimizin formalaşması proseslərində
müvafiq olaraq ideoloji və praktiki baxımdan xüsusi önəm
kəsb edir. Dünya azərbaycanlılarının həmrəyliyinin
və millət quruculuğunun bəhrəsini Vətən
müharibəsində gördük. Ermənistan
və digər xarici qüvvələr Azərbaycanın etnik
və dini mənsubiyyət baxımından zəngin bir
ölkə olmasından istifadə edərək, müharibənin
gedişində kimlik zəminində nifaq və təfriqə
salmağa cəhdlər etdilər. Elə
cəhdlərə ən yaxşı cavab Azərbaycandakı
bütün xalqların nümayəndələrinin din və
etnik mənsubiyyətindən asılı olmayaraq, müzəffər
Ali Baş Komandan İlham Əliyevin “dəmir yumruğu” ətrafında
sarsılmaz birlik və həmrəylik nümayiş etdirərək
düşmənə çökdürücü zərbə
vurmaları oldu. Dünya azərbaycanlıları
isə müharibənin gedişində öz mənəvi dəstəklərini
və doğma Vətənlə həmrəyliklərini əsirgəmədilər.
Dünya Azərbaycanlılarının V
Qurultayının 22 apreldə Şuşada keçirilməsi
bu şəhərin ölkəmizdə və dünyada bütün
azərbaycanlıların mənəvi paytaxtı olaraq
ümummilli birlik rəmzinə çevrilməsini göstərir.
Bu isə təbii ki, millət quruculuğu
istiqamətində görülmüş işlərin və
yürüdülmüş siyasətin bəhrəsidir.
Ulu
öndərin millət quruculuğu müstəqil dövlətçilik
kontekstində
Bəzən millət quruculuğu dövlət
quruculuğuna nisbətdə arxa planda qalır. Halbuki, millət
quruculuğu dövlətçilik və dövlət
quruculuğu ilə sıx bağlıdır. Məhz ona görə də beynəlxalq münasibətlər
sistemində və siyasi diskursda “milli dövlət” və ya
“millət-dövlət” məfhumları meydana
çıxmışdır. Fransa, Almaniya, Türkiyə,
Yaponiya millət-dövlət kimi səciyyələnən
ölkələrə aiddirlər. Həmin
dövlətlərin nümunəsindən də
göründüyü kimi, millət quruculuğu nə qədər
uğurlu və etibarlı olarsa, dövlət quruculuğu və
dövlətçilik də bir o qədər möhkəm
olar. Bu baxımdan, ulu öndərin
uğurunu şərtləndirən əsas amillərdən
biri onu millət quruculuğu və dövlət quruculuğu
mövzularına tam bir vəhdət halında baxması
ıdı. Buna görə də Heydər
Əliyevin millət quruculuğu fəaliyyətinin önəmini
düzgün, dərindən və hərtərəfli surətdə
anlamaq üçün mövzu müstəqil dövlətçilik
kontekstində nəzərdən keçirilməlidir.
Böyük qazax yazıçısı Oljas
Süleymenovun fikrincə, “çox zaman müstəqillik
mövcud problemləri həll etmir, əksinə, yeni problemlər
gətirir”. Təəssüf ki, bu fikrin doğru olduğunu
müstəqilliyimizin elə ilk ilində gördük. Amma qüdrətli, müdrik liderlər bu ssenarini dəyişib
müstəqilliyi ölkənin rifahı və
inkişafına xidmət istiqamətinə yönəldə
bilərlər. Müstəqilliyimizin ilk
illərində Azərbaycanın rəhbərliyində belə
lider olmadı. Nəticədə
torpaqlarımızn işğalı, siyasi xaos və hərc-mərclik,
iqtisadi tənəzzül, xarici siyasətdəki ciddi problemlər
ölkəni uçuruma sürükləyirdi. Amma Azərbaycan “ziyanın yarısından
qayıtmağı” bacardı. 1993-cü
ildə xalqın təkidli tələbi və o zamankı
ölkə rəhbəliyinin xahişi ilə ulu öndər,
Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı.
“Müstəqillik yolu qədər çətin
yol yoxdur” – deyən Heydər Əliyev bütün çətinliklərə
sinə gərərək qayıdışı ilə
müstəqilliyin problemlər deyil, yeni imkanlar və
inkişaf Azərbaycan dövlətini qurdu. Heydər Əliyevin Azərbaycan üçün nəinki
mümkün olan, hətta qeyri-mümkün hesab olunanları
etdiyi dünya liderləri və beynəlxalq ictimaiyyət tərəfindən
də etiraf olunur. Məsələn, Rusiya Prezidenti Vladimir
Putin Heydər Əliyevin dəfnində iştirak etmək
üçün Bakıya gələrkən belə dedi: “Heydər
Əliyev Azərbaycan xalqı üçün
mümkünsüz işlər görmüşdür. Onu heç vaxt unutmaq olmaz. Qoy azərbaycanlılar
məndən inciməsinlər, Heydər Əliyev Azərbaycan
çərçıvəsinə sığan siyasətçi
deyildi. O, ümumbəşəri bir siyasətçi
idi”.
Heydər Əliyev siyasətinin mahiyyəti Azərbaycan
hüdudlarını aşırdı, o, dünyada mövcud
olan beynəlxalq ziddiyyətlərin Azərbaycan
üçün problem mənbəyinə çevrilməsinin
qarşısını alaraq, əksinə məharətlə
həmin ziddiyyətləri milli maraqlarımız naminə
istifadə etdi. Buna ən bariz misal Bakı – Tbilisi – Ceyhan
neft boru kəməri layihəsi və “Əsrin müqaviləsi”
kimi transmilli və trans-regional layihələrin həyata
keçirilməsidir. Həmin fəaliyyətin bəhrələri
2020-ci il zəfərimizin təməlində
dayanır. O qəbildən olan beynəlxalq layihələr Azərbaycanın
müstəqil dövlət olaraq dünyaya səmərəli
inteqrasiyasını möhkəmləndirir, onu dünyanın
hörmət və etibar edilən dövlətlərindən
birinə çevirir, müstəqil dövlətçiliyini
dayanıqlılığına xidmət edirdi və
hazırda da etməkdədir. Eyni zamanda, bu layihələr
millətimizin, vətəndaşlarımızın ümumi
qürur mənbəyinə çevrilir, beləliklə, bu
qürur mənbəyi millətimiz üçün daha bir
birləşdirici amil kimi çıxış edir. Bu kontekstdən yanaşdıqda ulu öndərin
dillərdə əzbər olan “Fəxr edirəm ki, azərbaycanlıyam”
ifadəsindəki azərbaycanlı məfhumu həm müstəqil
Azərbaycan dövlətinin vətəndaşını, həm
də Azərbaycan millətinə mənsub olan insanı ehtiva
edir.
Milli
qürur mənbəyi
Azərbaycanlı olmağın fəxr, qürur mənbəyinə
çevrildiyi başqa bir məqam isə Heydər Əliyevin
1970-ci illərdə dünya, xüsusən də Qərb mətbuatının
və ictimaiyyətinin diqqət mərkəzinə
çıxması ilə bağlıdır. Ulu öndər
1969-cı ildə Azərbaycanda hakimiyyətə gəlməsindən
sonra korrupsiya və rüşvətxorluqla amansız
mübarizəsinə görə 1970-ci illərdə
dünyanın, xüsusən də Qərb mətbuatının
diqqət mərkəzinə çevrilmişdi. 1980-ci
illərdə Böyük Britaniyanın məşhur “Tayms”
(Times) nəşri Heydər Əliyevi yüksək bacarıq
və keyfiyyətlərinə görə “SSRİ-nin parlayan
ulduzu” adlandıraraq onu Sovet İttifaqının növbəti
rəhbəri olmağa əsas namizəd kimi qiymətləndirirdi.
Beləliklə, Heydər Əliyev sovet dönəmindən
azərbaycanlıların ümumi fəxr, qürur mənbəyi
olmaqla, milləti öz ətrafında birləşdirən
amilə çevrilmiş və millət quruculuğuna sovet
dövründə belə bir töhfə də vermişdir.
Amma
Qorbaçov 1985-ci ildə hakimiyyət başına
keçdikdən sonra nəinki Heydər Əliyevin nəhəng
potensialından ölkənin maraqları naminə istifadə
etmədi, hətta onun, ümumiyyətlə, SSRİ-nin rəhbərliyindən
kənarlşadırılmasına və faktiki olaraq ev dustaqlığı şəraitində
qalmasına nail odu. Heydər Əliyevə
qarşı repressiyalar onun ailəsindən də yan
keçmədi. Oğlu İlham Əliyev
məzunu olduğu və mühazirə dediyi Moskva Dövlət
Beynəlxalq Əlaqələr İnstitutunda Heydər
Əliyevin oğlu olduğu üçün işdən azad
edildi. Təbii ki, bu məsələdə
əsas bir səbəb Qorbaçovun Heydər Əliyevə
qarşı olan şəxsi həsəd və
qısqanclıq hissi və onun kölgəsində qalmaq
kompleksi idi.
Amma digər, bəlkə də ən əsas səbəb
Heydər Əliyevin Moskvada Azərbaycanın arxa-dayağı
olaraq xalqın maraqlarını müdafiə etməsi və
Azərbaycanda olan nüfuzu idi. Heydər Əliyevin
hakimiyyətdən uzaqlaşdırılması və Azərbaycandan
təcrid edilməsi ölkəmizə qarşı
hazırlanan məkrli planların həyata keçirilməsinin
tərkib hissəsi, xüsusən də Qarabağ
münaqişəsinə hazırlıq kimi dəyərləndirilməlidir.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin
Heydər Əliyevin istefasından bir neçə ay sonra –
1988-ci ildə hazırladığı məxfi hesabatı da
deyilənləri təsdiq edir. Qeyd edilən
hesabatın hazırda üzərindən məxfilik
götürülmüş müəyyən hissələrində
1982-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi
Komitəsinin Siyasi Bürosunun üzvü seçilmiş və
SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini təyin
olunmuş Heydər Əliyevin 1987-ci ilin oktyabrında qəfildən
təqaüdə göndərildiyi bildirilir və bu qəfil
hərəkətin səbəbi Azərbaycanın siyasi
nüfuzunun məqsədli şəkildə azaldılması
kimi təsvir edilir.
Bundan əlavə, hesabatda qeyd olunur ki, eyni zamanda, mətbuatda
Heydər Əliyevə qarşı böyük qarayaxma
kampaniyası aparılırdı. Hesabatda daha bir maraqlı məqam
ondan ibarətdir ki, nəinki Heydər Əliyevin, hətta əslən
rus olan Bakıda doğulmuş SSRİ Dövlət Plan Komitəsinin
sədri vəzifəsini tutan Nikolay Baybakovun 1985-ci ildə vəzifəsindən
uzaqlaşdırılması da Azərbaycanın siyasi
nüfuzunun azaldılmasına yönəlmiş addım kimi
xarakterizə olunur. Hesabat müəllifləri
Baybakovu Azərbaycanın “etnik rus olmasına rəğmən
doğma oğlu” adlandırırlar. Eləcə
də onun SSRİ Dövlət Plan Komitəsinin sədri olaraq
ölkədə resursların bölüşdürülməsində
böyük təsirə malik olduğu qeyd edilməklə
Baybakovun vəzifəsindən kənarlaşdırılmasında
məqsədin Azərbaycana ayrılan iqtisadi resursların
azaldılması olduğuna eyham vurulur. Nikolay
Baybakovun Heydər Əliyevlə işgüzar və dostluq
münasibətlərini və Azərbaycana olan
bağlılığını nəzərə aldıqda məsələnin
mahiyyəti daha da aydın olur.
Heydər Əliyevə qarşı aparılan
bütün kampaniyalara baxmayaraq, o, xalqının, millətinin
qürur mənbəyi olaraq qalırdı və sonrakı
hadisələr də bunu qətiyyətlə sübut etdi. Məsələnin
mahiyyəti ondan ibarətdir ki, Azərbaycan xalqının Heydər
Əliyevə etibarı və etimadı onun tutduğu yüksək
vəzifə və mövqeyə görə yox, ulu öndərin
şəxsiyyətinə, millətinə fədakarcasına
bağlılığına və göstərdiyi xidmətlərinə
görə idi. Heydər Əliyev milləti
yolunda fədakarlığını 1990-cı ilin yanvar hadisələri
zamanı bir daha göstərdi.
Azərbaycan
xalqının əyilməz vüqarı
Heydər Əliyevin bədxahları və Azərbaycana
qarşı məkrli planlar quran qüvvələr
cılız qarayaxma kampaniyaları ilə ulu öndərin Azərbaycan
xalqı üçün millət qurucusu rolunu
neytrallaşdırmağa, onunla xalq arasında uçurum
yaratmağa çalışırdılar. Xüsusən
də erməni dairələri və ermənipərəst
qüvvələr ilk növbədə Heydər Əliyevi
millət qurucusu kimi görürdülər və Azərbaycanı
belə bir nəhəng və unikal millət qurucusundan məhrum
etmək istəyirdilər. Çünki
tarix dönə-dönə sübut edir ki, münaqişələr,
böhranlar və müharibələr zamanı milləti,
xalqı ətrafında yumruq kimi birləşdirməyə
qadir liderin varlığı hadisələrin gedişatına
həlledici təsir göstərir, millətin gələcək
taleyinin müəyyən edilməsində öz
sözünü deyir.
ABŞ kəşfiyyatının
yuxarıda istinad edilən 1988-ci il hesabatında qeyd olunur ki,
Heydər Əliyevin SSRİ rəhbərliyindən kənarlaşdırılması
və buna görə də Azərbaycanın mövqelərinin
zəifləməsi fonunda ermənilər davamlı olaraq
Qorbaçov tərəfindən yüksək siyasi vəzifələrə
irəli çəkilir, bununla da azərbaycanlılar
Moskvanın Ermənistanın tərəfini tutmasını
başa düşürdü. Həmin qeydlər
də bu qənaətə gəlməyə əsas verir ki,
Heydər Əliyev adi bir şəxsiyyət deyildi, o, hələ
Azərbaycanın müstəqil dövlət
olmadığı sovet dönəmində millət qurucusu və
ümummilli lider kimi Azərbaycanın Moskvada və sovet rəhbərliyində
təcəssümü idi. Ona görə
də Heydər Əliyevin vəzifəsindən
uzaqlaşdırılması və xalqından təcrid edilməsi,
ilk növbədə Azərbaycan millətini Qarabağ
münaqişəsində başsız qoymaq, pərakəndə
vəziyyətə salmaq məqsədini güdürdü.
Eləcə də Heydər Əliyevə
qarşı belə davranışla Azərbaycan
xalqının milli qürurunu sındırmağa cəhd
edirdilər. Təəssüf ki, Azərbaycanın
o zamankı rəhbərləri bunu başa düşsələr
də, şəxsi və ya qrup maraqlarını ümummilli
maraqlardan üstün tutaraq, elə kampaniyaların
qarşısını almağa nəinki cəhd etmədilər,
bir sıra hallarda isə əksinə, Heydər Əliyevə
qarşı aparılan çirkin kampaniyaya qoşuldular.
20 Yanvarla bağlı Heydər Əliyevin hərəkəti
ona görə xüsusi önəm daşıyır ki,
Moskvadakı ermənipərəst qüvvələr dinc
nümayişləri islamçı qüvvələrin hərəkatı
kimi qələmə verməklə Azərbaycanın milli
azadlıq və Qarabağ uğrunda mübarizəsini gözdən
salmaq məqsədi güdürdülər. ABŞ Mərkəzi
Kəşfiyyat İdarəsinin sözügedən
hesabatında da oxşar süjet xətti nəzərə
çarpır. Hesabatda bildirilir ki,
Sumqayıt hadisələri zamanı azərbaycanlıların,
guya, İranın o dövrdəki dini lideri Xomeyninin şəkillərini
qaldırdıqları iddia olunurdu. Azərbaycanı
İrana bağlamaq, baş verənləri dini motivli hadisə
kimi qələmə vermək cəhdləri edilirdi. Bunun da arxasında Azərbaycanı ləkələməklə
Ermənistanın maraqlarını təbliğ etmək məqsədi
və Azərbaycan daxilində müxtəlif zəminli təfriqələrə
yol açmaq niyyəti dayanırdı. Bu fonda 20 Yanvarla
bağlı Heydər Əliyevin qətiyyətli, uzaqgörən
və fədakar davranışı onun şəxsiyyətinin
böyüklüyünü, Azərbaycan üçün
misilsiz tarixi rol oynadığını və Azərbaycanı
hansı məkrli qəsd və planlardan qoruduğunu bir daha bəlli
edir.
Şuşa təntənəsi
Məqalənin
əvvəlində qeyd etdiyim mütəfəkkirlər Azərbaycan
millətinin təşəkkül tapib formalaşmasında və
milli oyanışda mühüm rol oynamışdırlar. Eləcə
də müxtəlif dövrlərdə Azərbaycanın
görkəmli ictimai və dövlət xadimləri olmuşdular.
Amma tarix və tale elə gətirmişdir ki, millət xadimləri
dövlət xadimi, dövlət xadimləri isə millət
xadimləri olmamış və yaxud ola bilməmişlər.
Bu iki xüsusiyyətin bir şəxsiyyətdə üzvi surətdə,
vəhdət halında və parlaq surətdə birləşməsi
Heydər Əliyevin taleyinə yazılmışdır. O,
eyni zamanda, həm dövlət xadimi, həm də millət
xadimi missiyasını yerinə yetirmişdir. Və hər
iki missiyanı nəhəng miqyasda və digərləri ilə
müqayisəolunmaz surətdə həyata
keçirmişdir. Buna görə də Heydər Əliyev
tarixə unikal və nəhəng millət və dövlət
qurucusu kimi düşüb.
Heydər Əliyev Azərbaycan dövlətçiliyini məhv olmaqdan xilas etdi, onu qoruyub saxlamağa, inkişaf etdirməyə müvəffəq oldu. Dövlət quruculuğu ilə yanaşı, millət quruculuğu sahəsində də Heydər Əliyev böyük və ardıcıl işlərə imza atdi. Burada həm Heydər Əliyevin azərbaycançılıq məfkurəsi, həm də onun əsasını qoyduğu multikulturalizm doktrinası vurğulanmalıdır. Ulu öndərin azərbaycançılıq məfkurəsi və multikulturalizm doktrinası mahiyyət etibarı ilə onun dövlət və millət quruculuğuna yanaşma fəlsəfəsini özündə ehtiva edir.
Millət quruculuğu Mirzə Fətəli Axundovun, Həsən bəy Zərdabinin və Əhməd bəy Ağaoğlunun dövründə nə qədər aktual və vacib idisə, zaman keçdikcə bu aktuallıq daha da artır və ehtiyac böyüyür. Çünki dövlətin və dövlətçiliyin qorunması milli şüurun inkişafından və millət quruculuğundan asılı olur. Millət nə qədər möhkəm əsaslara söykənirsə, milli birlik və millət bir-birinə nə qədər möhkəm tellərlə bərkidilirsə, dövlətin gələcəyi və dövlətçilik də bir o qədər etibarlı olur.
Zaman bunu 44 günlük Vətən müharibəsində bir daha sübut etdi. Millətimiz Heydər Əliyevin siyasi varisi, onun millət quruculuğu işinin ləyaqətli və ardıcıl davamçısı, Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ətrafında birləşərək, “dəmir yumruğ”a çevrildi və işğal edilmiş torpaqlarımızı düşmən tapdağından azad etdi. Heydər Əliyevin vəsiyyəti yerinə yetirildi. Şuşa və işğal altında qalan digər torpaqlarımız azad edildi. İndi böyük millət xadimi Heydər Əliyevin ruhu şaddır. 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edən ulu öndər Heydər Əliyevin fərmanı və iştirakı ilə soydaşlarımızın 1-ci qurultayı 2001-ci ildə Bakıda keçirilmişdi. 5-ci qurultayımız isə 2022-ci ildə Şuşada keçirildi, dünya azərbaycanlıları mədəniyyət paytaxtımız azad Şuşaya toplaşdı. Vətən müharibəsindəki böyük Zəfər həm də “Şuşa Azərbaycanın gözüdür”, “Biz mütləq o torpaqlara qayıdacağıq” – deyən ulu öndər Heydər Əliyevin millət quruculuğu fəlsəfəsinin və siyasətinin təntənəsidir.
Adil ƏLIYEV
Milli Məclis Sədrinin müavini
Xalq qəzeti .-
2022.- 8 may.- S.1;3.