Vətənə və xalqa xidmət onun həyatının
əsas qayəsi idi
Hər hansı bir ölkənin keçdiyi yola nəzər salsaq görərik ki, hər bir dövlətin inkişafında, güclənməsində, tanınmasında, xalqın taleyində həlledici rol və böyük məsuliyyət dövlət başçısının üzərinə düşür. Azərbaycanın müstəqilliyini əldə etməsi, qüvvətlənməsi, dünya dövlətləri arasında seçilməsi də məhz ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində mümkün olmuşdur. Ulu öndər Azərbaycan xalqının yaddaşında həm böyük siyasətçi, həm dahi tarixi şəxsiyyət, həm də təcrübəli bir dövlət başçısı kimi qalmışdır. Heydər Əliyev ölkənin həyatında dərin iz qoymuş və gələcəyini müəyyən etmiş unikal şəxsiyyətdir. Ulu öndər dövlətçiliyimizin daha da möhkəmləndirilməsi və tarixi ənənələrinin bərpası, ölkədə demokratiyanın bərqərar olunması istiqamətində əhəmiyyətli və misilsiz işlər görmüşdür. O, zəngin və mənalı həyatı boyu həmişə xalqını düşünmüş, onu qarşılaşdığı çətinliklərdən xilas etmək üçün böyük fədakarlıqlar göstərmişdir. Dahi şəxsiyyət müstəqil Azərbaycanın memarı kimi ən uca missiyanı gerçəkləşdirərək şanlı tarix yazmışdır. "Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm" deyən Heydər Əliyevin ömür yolu Vətənə xidmətin parlaq nümunəsinə çevrilib. Vətənimizin, xalqımızın taleyində ötən əsrin 70-ci illərindən XXI əsrin əvvəllərinədək taleyüklü bir dövrdə öz adını əməlləri, cəsarətli addımları və böyük uğurları ilə Azərbaycan tarixinə, millətin ictimai-siyasi fikir tarixinə həkk etmiş Heydər Əliyevin çoxşaxəli fəaliyyəti gənc nəsil üçün parlaq və əvəzolunmaz bir örnəkdir.
Onun
sovet dövründə Azərbaycana rəhbərlik etdiyi
dövr tariximizə əzəmətli
sıçrayış və yeniləşmə illəri
kimi daxil olub. İqtisadi böhran şəraitində olan respublika məhz onun müdrikliyi, qətiyyəti,
təşkilatçılığı sayəsində ən
qısa vaxtda sürətli sosial-iqtisadi yüksəliş mərhələsinə
daxil ola bildi. Azərbaycan cəmi bir neçə il ərzində
ən geridə qalan respublikadan
ən qabaqcıl respublikaya çevrildi, sənayesi inkişaf
etdirildi, güclü
aqrar-sənaye kompleksi formalaşdı. Azərbaycanın
iqtisadi inkişafı xalqın
özünəinamını artırdı, milli
özünüdərk hissi gücləndi,
mənəvi tərəqqi sürətləndi. Elmin, mədəniyyətin, təhsilin
inkişafında böyük nailiyyətlər
əldə edildi. Bakının milli siması formalaşdırıldı, bütün sahələrdə, o cümlədən idarəçilikdə, mədəniyyətdə
milli kadrlar yetişdirildi, milli ruhun yüksəlişi təmin edildi. Bu, əslində Azərbaycanın intibah
dövrü idi və
o zaman yaradılan
bünövrə ölkənin gələcək taleyində
müstəsna rol oynadı. Ötən əsrin
60-cı illərinədək Azərbaycan aqrar
ölkəsi kimi tanınırdı. Onun əsas sənaye mənbəyi neft idi. Lakin məhz Heydər Əliyev hakimiyyətinin
ilk illərindən qəti addımlar atmaqla bu vəziyyəti dəyişməyə
nail oldu. Belə ki, qısa müddət ərzində həm yüngül, həm də ağır sənaye
inkişaf etdi, bir sıra zavod və
fabriklər istifadəyə verildi. Yaradılmış yeni iş yerləri əsasında insanların rifah halı daha da yaxşılaşdı.Heydər Əliyev o illərdə respublikanı nəhəng tikinti meydançasına çevirmək,
irimiqyaslı obyektlərin, strateji əhəmiyyətli
sənaye müəssisələrinin inşasına xüsusi əhəmiyyət verməklə
yanaşı, bir sıra yeni təhsil ocaqları, o
cümlədən Cəmşid Naxçıvanski adına hərbi
məktəbi yaratmışdı. Bu hadisə
azərbaycanlıların döyüş
ruhunun inkişaf
etdirilməsində mühüm rol oynamışdır. Ordu
quruculuğunda bu məktəbin
rolu böyükdür.
Respublikamız müstəqillik əldə etdikdən sonra hərbi liseyin məzunları
ordumuzun yaranmasında, vətənimizin ərazi
bütövlüyünün qorunması uğrunda mübarizədə həmişə
ön cəbhədə olmuşlar.
Qarabağ döyüşlərində vuruşan Azərbaycan zabitlərinin 70 faizdən
çoxu hərbi liseyin
yetirmələridir.
İndi
dünya analitiklərinin böyük önəm verdiyi milli mədəniyyətin
yayılması siyasətini Heydər Əliyev hələ
sovet dövründə özünəməxsus tərzdə
həyata keçirirdi. Xüsusilə o
dövrdə sovet ideologiyasının mövcud olduğu bir zamanda, Heydər
Əliyev milli ideologiyanın, azərbaycançılığın
formalaşması istiqamətində iş
aparırdı. Bu isə müstəqil
dövlət qurmaq üçün
mühüm şərt idi.
O, həmişə belə bir prinsipi əsas götürürdü:
“Xalq gərək daim öz kökünü
xatırlasın, tarixini öyrənsin, milli mədəniyyətindən, elmindən heç vaxt
ayrılmasın”. Hələ sovet
dövründə Azərbaycanın mədəni irsinin yaşadılması üçün
tanınmış alimlərin, tarixi şəxsiyyətlərin,
yazıçı və şairlərin, bəstəkar və
incəsənət xadimlərinin ev muzeyləri
yaradılır, abidələr qoyulur, məqbərələr
tikilirdi. Mən bunu həm də atam Kamran Hüseynovdan eşitmişdim. Şəxsən ulu öndərin tapşırığı ilə
bu layihələr həyata keçirilirdi, bütün
çətinliklərlə şəxsən özü
maraqlanırdı. Çünki ulu öndər Azərbaycanı dünyada məhz milli dəyərləri,
tarixi, mədəniyyət özəlliyi ilə tanıdırdı. Məhz onun təşəbbüsü ilə ölkənin
tanınmış musiqiçiləri, şairləri,
yazıçıları, müğənniləri, bəstəkarları,
artistləri dünyanın ayrı-ayrı ölkələrində
çıxış edirdilər. Əlbəttə ki, burada əsas məqsəd
Azərbaycanı tanıtmaq idi. Heydər
Əliyevin misilsiz tarixi
missiyası ölkəmizin müstəqilliyinə qovuşduqdan sonrakı dövrdə özünü daha
qabarıq şəkildə büruzə verdi.
Azərbaycan xalqı əvəzsiz xidmətlərinə
görə ümummilli lideri
xilaskar adlandırmışdır və hesab edirəm ki, bu, tamamilə məntiqli və ədalətlidir.
Heç
şübhəsiz, Azərbaycanın 1991-ci ildə
qazandığı müstəqilliyin qorunub
saxlanması, onun əbədi və
dönməz xarakter alması müstəsna
olaraq Heydər Əliyevin xidməti
sayılmalıdır və sayılır. 1993-cü ildə Onun qayıdışı sayəsində Azərbaycan
parçalanmaqdan, xaos
və anarxiyadan, iqtisadi
böhrandan və sair
bəlalardan xilas oldu. Ölkədə sabitlik
və əmin-amanlıq təmin edildi, islahatlar həyata keçirildi,
iqtisadi tənəzzül cilovlandı. Azərbaycanın
iqtisadi çiçəklənməsinə
və təhlükəsizliyinə təminat verən böyük neft sazişləri
imzalandı, iqtisadi, sosial
və siyasi islahatlar
strategiyası hazırlanaraq ardıcıl surətdə həyata keçirilməyə
başlandı. Yeni, müstəqil Azərbaycan
dövləti quruldu, dövlətçiliyin
ideologiyası və təməl prinsipləri yaradıldı.
Bütün mənalı həyatını
ölkəmizin tərəqqisinə, insanların
rifahının yaxşılaşdırılmasına həsr
edən ümummilli liderimizin
ən böyük arzusu
işğal olunmuş
torpaqlarımızın azad edilməsi idi. O, bunun üçün var
qüvvəsi ilə çalışırdı. Bu gün onun
ruhu şaddır, çünki
Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi. Özü qədər
inandığı Prezident, Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi ilə
rəşadətli ordumuz erməni faşizmini məhv etdi.
Hazırda Azərbaycan təkcə Cənubi Qafqazda
deyil, bütün regionda yeni reallıq
yaratmışdır. Ölkəmizin gündən –günə
artan nüfuzu bunu bir daha
sübut edir. Ulu öndər
Azərbaycanı hansı vəziyyətdən yüksək inkişaf səviyyəsinə gətirib
çıxardı. Bir tərəfdən,
Ermənistanın doğma ocaqlarından
didərgin saldığı qaçqın və məcburi
köçkünləri yerləşdirmək, onların bütün problemlərinin həll edilməsinə
nail olmaq, digər tərəfdən,
ölkənin vətəndaş müharibəsi alovundan xilas etmək
lazım idi. İqtisadiyyat
çökmüşdü, sərmayə
qoyulmurdu, siyasi
münasibətlər xaotik durumda idi. Bütün
bu gərgin dövrdə ulu
öndərin ən böyük xidmətlərindən
biri 1994-cü ildə atəşkəslə
bağlı sənədin imzalanması olmuşdur.
Atəşkəs imkan verdi
ki, Azərbaycan iqtisadiyyatını qura bilsin, ordu
və dövlətin demokratik, hüquqi əsaslarını yaratsın. Bu, heç də asan deyildi. Lakin
Heydər Əliyev dühası bütün
bu çətinliklərin öhdəsindən
gələ bildi. O, hər zaman
inanırdı ki, Azərbaycan inkişaf edəcək, müstəqil dövlət
olacaq, Qarabağ və
Şərqi Zəngəzur mütləq işğaldan
azad ediləcək. O, təkcə
inanmırdı, bu arzuların
reallaşması üçün
mübarizə aparırdı və xalqın
inandırırdı ki, mütləq biz öz istəyimizə nail olacağıq.
Böyük
strateq Heydər Əliyev hüquqi dövlətin Azərbaycan
modelini ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi.
Heydər Əliyevin müəllifi olduğu 1995-ci ildə ümumxalq
səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının
Konstitusiyasında hüquqi dövlətin
bütün prinsipləri - qanunun aliliyi, insan hüquqlarının müdafiəsi,
hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit
olundu, insan haqlarının təminini dövlətin ali məqsədi kimi bəyan
edildi. Ölkəmiz müstəqilliyini əldə
etdikdən sonra SSRİ-dən miras qalmış, totalitar
rejimə xarakterik olan
hüquq sistemi və qanunlar sivil və demokratik cəmiyyət quruculuğuna,
qanunun aliliyinin təmin
olunmasına, insan hüquq
və azadlıqlarının müdafiəsinə
təminat vermirdi. Əsas Qanunun
qəbulu ölkədə bütün sahələrdə,
o cümlədən hüquqi
islahatların hərtərəfli və kompleks
həyata keçirilməsinə rəvac verdi
və bu məqsədlə müxtəlif
komissiyalar yaradıldı. Hüquq
sisteminə müstəsna əhəmiyyət
verən ümummilli lider
Heydər Əliyev Hüquqi İslahat Komissiyasına rəhbərliyi
bilavasitə öz üzərinə
götürərək islahatların qısa müddətdə
və mütəşəkkil aparılmasını təmin etdi. “Əsrin müqaviləsi”nin
imzalanmasına, 1995-ci ildə Konstitusiyanın qəbul edilməsinə,
Şərqlə Qərbi birləşdirən qədim
İpək Yolunun bərpa edilməsinə
və digər mühüm əhəmiyyətli
işlərin həyata keçirilməsinə nail olundu. Dahi liderin
düşünülmüş və müdrik siyasəti nəticəsində
qısa zamanda Azərbaycan iqtisadiyyatı inkişaf etdi. İqtisadi azadlıq və sosial
ədalət prinsipləri əsasında torpaq
üzərində yeni mülkiyyət
münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü
inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o
cümlədən, ərzaq təminatına nail
olmaq və nəticə etibarı ilə
Azərbaycan xalqının maddi
rifahını yüksəltmək məqsədilə MDB məkanında
ilk dəfə olaraq torpaq islahatı həyata keçirildi.
Bazar
iqtisadiyyatı prinsiplərinin, sahibkarlıq sinfinin
formalaşdırılması məqsədilə dövlət
tərəfindən zəruri addımlar atıldı.
Sahibkarlığın inkişafı və bu
sahədə mövcud problemlərin aradan qaldırılması üçün
ardıcıl dövlət proqramları qəbul edildi, qanunvericilik
bazası yaradıldı. İqtisadiyyatda
aparılan islahatlar, qanunvericiliyin, vergi və bank sistemlərinin sürətlə dəyişən
iqtisadi şəraitə
uyğunlaşdırılması, bazar
iqtisadiyyatı prinsiplərinə cavab verən
yeni iqtisadi siyasətin
həyata keçirilməsi Azərbaycanın dünya
iqtisadiyyatına inteqra-siyasına, dövlətlərarası
münasibətlərin fəal subyektinə çevrilərək
dünya miqyasında layiqli
yer tutmasına təkan verdi.
Ulu
öndər çox yaxşı bilirdi ki, cəmiyyətin tərəqqisinə,
elmin, mədəniyyətin inkişafına təsir göstərən
ən qüdrətli vasitələrdən biri də təhsildir.
Heydər Əliyev şəxsiyyətinin böyüklüyü məhz onda
idi ki, o,
bütün fəaliyyəti boyu bu sahələrə
diqqət və qayğısını əsirgəməmiş,
cəmiyyətdə yüksək bilikli, intellektual və elitar təbəqənin
formalaşmasına çalışmışdır. Təsadüfi
deyildir ki, 1969-1982-ci
illər həm də Azərbaycan elminin,
təhsilinin intibah dövrü
kimi xatırlanır. Heydər Əliyev öz fəaliyyəti və siyasi
təcrübəsində hər zaman elmi fikrin ən yeni, mütərəqqi nailiyyətlərindən
faydalanmış, cəmiyyətin, xalqın inkişaf
zəminini elmdə, maariflənmədə görmüşdür.
Ulu
öndər ötən əsrin 70-80-ci illərində gənclərin
respublikada və onun
hüdudlarından kənarda yüksək səviyyədə
təhsil almasına, ixtisaslı kadr kimi yetişməsinə hər cür şərait yaradırdı. Məlum olduğu kimi müasir dövrdə qadınların
kişilərlə bərabər hüquqa
malik olması, yüksək dövlət
vəzifələrində çalışması, lider olması, təhsil alması olduqca vacibdir. Hələ,
1974-cü ildə “Azərbaycan qadını” jurnalının
50 illik yubiley təntənəsində
ulu öndər Heydər Əliyev demişdi: “Biz
çalışmalıyıq ki, ali məktəblərdə və texnikumlarda daha çox qadın təhsil alsın, elmi fəaliyyətlə məşğul olsun. Xüsusən, kənddə qadınlar və
uşaqlar arasında bədən tərbiyəsi
və idmanın daha da
inkişaf etdirilməsi problemlərinə
biz diqqətimizi xeyli
artırmalıyıq”. Heydər Əliyev Azərbaycanla, onun tarixi və bu günü ilə
bağlı biliklərin tədrisinə böyük
önəm verir və bunu
vətənpərvərlik tərbiyəsinin ən mühüm amili hesab edirdi. Bununla
əlaqədar Heydər Əliyev demişdir:
“... Müstəqil Azərbaycanın hər bir gənci məktəbdə milli
təhsil alaraq, öz
xalqının, millətinin qədim zamanlardan
indiyə qədər olan tarixini
gərək yaxşı bilsin. Əgər
bunu bilməsə o, həqiqi
vətəndaş ola bilməz. Əgər
bunu bilməsə o,
millətini qiymətləndirə bilməz. Əgər bunu bilməsə o, millətinə
olan münasibəti ilə istənilən
səviyyədə fəxr edə bilməz”. Ulu öndərin bu gün də yaşamaqda olan ideya-siyasi varlığına öz
münasibətimizi təkcə iftixar hissi keçirməklə deyil,
həm də bu ideya
dünyasını öyrənmək, tədqiq etmək və
həyata keçirməklə ifadə etməliyik. Əsas məsələ
bu ideyalara sahib çıxan yeni nəslin
yetişdirilməsidir.
Bütün
mənalı həyatını ölkəmizin tərəqqisinə,
insanların rifahının
yaxşılaşdırılmasına həsr edən
ümummilli liderimiz ailənin cəmiyyətdəki rolunu
xüsusi olaraq qeyd edərək, deyirdi: “Ailə dəyərləri,
ailə ənənələri, milli mənəvi dəyərlərimizə
sədaqət, uşaqların müasir səviyyədə tərbiyəsi
mühüm əhəmiyyət kəsb edir”. O, ailədə
ananın rolunu yüksək qiymətləndirirdi:
“...hər bir insan dünyada həyatına görə, bütün varlığına görə anaya borcludur”. O, hesab edirdi ki,
insan yalnız oxuyub təhsil
aldığı məktəbdə,
çalışdığı kollektivdə deyil,
həmçinin böyüyüb boya-başa çatdığı ailədə
formalaşır. Hər bir ailədə
böyüyən və tərbiyə alan
insan, bütövlükdə dünyaya təsir edə bilir
və onun təməlini təşkil edir. Ona görə də bu sosial təsisatın
qorunması və müdafiə edilməsi hamımızın
vəzifə borcudur. Biz
bu vəzifələri yerinə yetirməklə,
ulu öndərin ruhunu
da şad etmiş oluruq.
Uşaqların sağlamlığı, onların
yaxşı təhsil və təlim - tərbiyə alması,
Vətən və xalq üçün
gərəkli övladlar kimi
böyüməsi ümummilli liderin daim diqqətində
olmuşdur. “Mən həyatımın,
bu günümün, gələcəyimin
xoşbəxtliyini məhz uşaqlara
qayğıda, diqqətdə görürəm”, - deyən dahi şəxsiyyətin rəhbərliyi ilə
müstəqillik illərində ölkəmizdə dövlət
uşaq siyasəti yeni
forma və məzmun qazanmış, bu sahədə zəngin qanunvericilik
bazası yaradılmışdır. O deyirdi:
“Uşaqlar bizim gələcəyimizdir.
Gələcəyimizi nə cür tərbiyə
edəcəyiksə, böyüdəcəyiksə ölkəmizin,
millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır”.
İndiki qlobal inkişaf zəminində dünyanın gender balansı böyük əhəmiyyət daşıyır. İnkişaf etmiş ölkələrdə gender stereotiplərinə kreativ yanaşma zamanın tələbidir. Bu da çoxəsrlik ənənələrə malik, Şərqlə Qərbin arasında körpü rolu oynayan Azərbaycan üçün prioritet xarakter daşıyır. Ölkəmiz genderlə bağlı yeniliklərə ilk imza atan dövlətlərlə bir sıradadır. Ona görə ki, digər sahələrdə olduğu kimi gender problemində də bizim əlimizdən tutan bir böyük siyasi irs və siyasi məktəb var. Bu, dahi Heydər Əliyev irsi, Heydər Əliyev məktəbidir. 90-cı illərin ortalarından başlayaraq ölkədə yaranan sosial və iqtisadi sabitlik qadın məsələlərinin inkişafına təkan verdi. Ölkə Prezidentinin qadınların ictimai-siyasi həyatda fəaliyyətinin artırılması və Konstitusiyanın verdiyi hüquqları müdafiə edən fərman və sərəncamları qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üçün irəliyə doğru atılmış addım oldu. 1995-ci ilin sentyabr ayında Pekində keçirilən IV Ümumdünya Qadın Konfransında Azərbaycan qadınlarından ibarət böyük nümayəndə heyəti iştirak etdi. Bu informasiya blokadası şəraitində yaşayan Azərbaycan üçün əsl həqiqətlərin çatdırılmasında mühüm bir vasitə idi. Azərbaycan qadınları ölkəmizin Ermənistan tərəfindən işğala məruz qalması, 500 mindən çox qadının və 300 mindən çox uşağın öz Vətənində məcburi köçkün vəziyyətinə düşməsini bütün dünyaya çatdırdılar. Konfransda qadınların vəziyyətinin yaxşılaşdırılması sahəsində 12 strateji istiqamətin, xüsusilə də qaçqın və məcburi köçkün qadınlarla bağlı istiqamətin müəyyən edilməsində aktiv iştirak etdilər. Bunu da qeyd etmək lazımdır ki, Pekin Konfransına ilk adekvat cavabı Azərbaycan verdi. Bu konfransdan sonra respublikamızda qadınların fəallığı daha da artdı və onların problemlərinə digər ölkələrdə olduğu kimi Azərbaycanda da diqqət və maraq çoxaldı. 2006-cı il fevralın 6-da dövlət başçımızın imzaladığı fərmanla Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması əslində qadın məsələlərinə kompleks yanaşmanın nəticəsi idi. Bu, o deməkdir ki, ailə, qadın və uşaq problemləri dövlət siyasətinin prioritet istiqamətlərinin əsasını təşkil edir. İndi qadınlar həyatımızın aparıcı qüvvəsinə çevrilib. Dövlət qadın siyasətinin bariz nümunəsi kimi qadınların rəhbər vəzifələrə irəli çəkilməsini, parlamentdə qadın deputatların sayının artmasını, bələdiyyə seçkilərində və qeyri-hökümət təşkilatlarında qadınların artan sürətlə təmsilçiliyini xüsusi qeyd etmək lazımdır. Həyatımızın bütün sahələrini əhatə edən “Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında” ölkə Prezidentinin 10 oktyabr 2006-cı il tarixli Fərmanı, əslində müstəqillik dövrünün ən önəmli qanunlarından birinin təsdiqinə şərait yaratmış oldu. Buradan belə nəticəyə gələ bilərik ki, “Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında” Qanun təkcə qadınlara şamil olunmur, həm də cəmiyyətin bütün üzvlərini əhatə edir. Fərəhli haldır ki, Azərbaycanda Gender büdcələşməsi təsdiq olunmuşdur. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2 oktyabr 2010-cu il tarixində imzaladığı Fərmanla “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun qəbulu qadın məsələlərinin hər zaman dövlət başçımızın diqqət mərkəzində olduğunu göstərir. Həmçinin Ailə Məcəlləsində qızların nikah yaşının 17-dən 18-ə qaldırılması ilə bağlı dəyişiklik də dediklərimizi bir daha təsdiq edir. Bu qanunların və məcəlləyə dəyişikliklərin edilməsində ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın xüsusi dəstəyi olub. Mehriban xanım Azərbaycan qadın hərəkatının lideri kimi dövlətimizin tərəqqisi naminə geniş fəaliyyət göstərir. Həm ölkəmizin daxilində, həm də ölkə hüdudlarından kənarlarda bir sıra beynəlxalq təşkilatlar tərəfindən yüksək mükafatlara və orden-medallara layiq görülməsi onun öz xalqına, dövlətinə sədaqətinin, yerinə yetirdiyi şərəfli missiyanın göstəricisidir.
Zaman keçdikcə biz bir daha görürük ki, sözün hər mənasında, böyük və ibrətamiz həyat yaşamış ümummilli lider Heydər Əliyevin ideya dünyasının, təməlini qoyduğu siyasi kursun, strateji inkişaf xəttinin ömrü çox uzaq gələcəyə hesablanıb. Yaxın tarixə nəzər salanda bir daha şahid oluruq ki, Heydər Əliyev dühasının xalqı, vətəni yolunda etdiyi fədakarlıqlar, göstərdiyi xidmətlər, atdığı addımlar unudula bilməz. Çünki onun xatirəsini, gördüyü işləri, xalqımız qarşısındakı xidmətlərini yaddan çıxarmaq mümkün deyil. Ulu öndər bütün fəaliyyəti boyu qabaqcıl və mütərəqqi qüvvələrə arxa, dayaq olmuş, xalqı ardınca aparmışdır. Bu gün xalqımız ümummilli liderin siyasi varisi – yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını dərindən bilən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşmişdir.
Hicran HÜSEYNOVA,
Milli Məclisin Ailə, Qadın və
Uşaq məsələləri komitəsinin
sədri, professor
Xalq qəzeti .- 2022.- 8 may.- S.4.