Ulu öndər Heydər Əliyev meliorasiya və su təsərrüfatı kompleksinin inkişafına böyük qayğı göstərirdi

 

Azərbaycanın çağdaş tarixi dünya şöhrətli siyasətçi, dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ulu öndərimiz müstəqil Azərbaycan dövlətinin qurucusu və bəşəriyyətin yetirdi­yi ən böyük şəxsiyyətdir. “Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik” sözlərini tarixə yazmış ulu öndərimiz Heydər Əliyev ölkə iqtisadiyyatının, xüsusilə də kənd təsərrüfatının inkişafında böyük əhəmiyyət kəsb edən me­liorasiya və su təsərrüfatı kompleksinin yaradıcısı, müəllifi və təşkilatçısıdır.

Keçmiş Sovetlər İttifaqı kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından və geniş imkanla­rından istifadə edərək respublikanı tərəqqi yoluna çıxaran Heydər Əliyevin rəhbərliyi ilə yeni və mütərəqqi sənaye sahələrinin yaradılması istiqamətində mü­hüm tədbirlər həyata keçirilmişdir. Həmin illərdə respublikanın bütün bölgələrinin inkişafı, istehsalla bilavasitə bağlı olan elmi-tədqiqat sahələrinin genişləndirilməsi sahəsində kompleks tədbirlər görülmüş, elmi-texniki tərəqqinin nailiyyətləri, mütərəqqi texno­logiyaların istehsalatda tətbiqi Azərbaycanın keçmiş İttifaq miqyasında öncül mövqelərə çıxmasına, ölkənin sosial-iqtisadi həyatında yüksəlişə təkan vermiş­dir.

Dünya şöhrətli uzaqgörən ulu öndər Azərbaycanın işıqlı və par­laq gələcəyini görür, xalqımızı bu gələcəyə hazırlayır, respublikanın iqtisadi potensialını gücləndirirdi. O illərin canlı şahidi olan orta və yaşlı nəslin nümayəndələrinin yaxşı xatirindədir ki, Azərbaycan bütün sahələrdə sıçrayışa necə sürətlə nail olmuşdur.

Müstəqil dövlət quruculuğuna açılan yol əslində 1969-cu ildən – Heydər Əliyevin respublika rəhbəri seçildiyi vaxtdan başlamışdır.

Belə ki, 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçilən Heydər Əliyev heç bir ay keçməmiş Mərkəzi Komitənin av­qust plenumunu keçirdi, iqtisadiy­yatı bərbad vəziyyətdə olan res­publikanı dirçəltmək üçün qarşıda duran vəzifələri müəyyənləşdirdi.

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəldiyi vaxtdan Azərbaycanın kənd təsərrüfatında, sənayesində, ümumiyyətlə, xalq təsərrüfatının bütün sahələrində xüsusi canlan­ma başlandı. Kənd təsərrüfatının inkişaf etdirilməsi haqqında bir neçə tarixi qərar qəbul olun­du. Bunlardan “Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi tədbirləri haqqında” (1970-ci il), “Azərbaycanda kənd təsərrüfatı istehsalını daha da intensivləşdirmək tədbirləri haq­qında” (1975-ci il), “1976-1980-ci illərdə torpaqların meliorasiyası və meliorasiya olunmuş torpaqla­rın istifadəsinin yaxşılaşdırılması tədbirləri haqqında” (1976-cı il) və “Azərbaycanda kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdır­maq, üzümçülüyü və şərabçılığı inkişaf etdirmək tədbirləri haqqın­da” (1979-cu il) qərarları xüsusi əhəmiyyət kəsb edirdi. Məhz bu qərarlar əsasında Azərbaycanda kənd təsərrüfatı istehsalının yüksəldilməsi və ixtisaslaşdırılma­sı əsasında gələcək üçün respub­lika iqtisadiyyatının dinamik inkişaf proqramları qəbul olundu.

Qeyd etmək lazımdır ki, hələ o vaxtlar hər hansı bir ittifaq res­publikasında bu həcmdə işlərin görülməsini nəzərdə tutan belə böyük qərarlar çox nadir hallar­da verilirdi. Bu qərarların qəbul edilməsi yalnız Heydər Əliyevin qətiyyəti, uzaqgörənliyi, dahiliyi və yüksək nüfuzunun bilavasitə nəticəsi idi. Demək olar ki, hər beşillikdə aqrar sektorun müxtəlif sahələrinin inkişafı üzrə mərkəzi it­tifaq hökümətinin müvafiq qərarları olmuşdur.

 

Meliorasiya və su təsərrüfatının respublikamızın iqtisadiyyatının, xüsusi ilə də kənd təsərrüfatının inkişafında mühüm rolu olmasını ilk gündən böyük uzaqgörənliklə müəyyən edən dahi rəhbərimiz Heydər Əliyev bu sahəyə əsaslı vəsait qoyulmasını ittifaq hökuməti qarşınında bir vəzifə kimi qoydu.

Mürəkkəb iqlim və ağır torpaq şəraitinə malik respublikamızda kənd təsərrüfatı məhsullarının istehsalı əsasən suvarılan ərazilərdə olduğundan bu torpaq­ların daimi mühəndisi suvarma və kollektor-drenaj şəbəkələri ilə təchiz edilməsi tələb olunur.

Müasir meliorasiya və irriqasi­yanın təməlinin hələ keçən əsrin əvvəllərində qoyulmasına baxma­yaraq, onun əsas inkişafı ümum­milli lider Heydər Əliyevin 1969-1982-ci illərdə respublikamıza rəhbərlik etdiyi dövrə təsadüf edir. Bu illərdə onun şəxsi təşəbbüsü və bilavasitə köməkliyi ilə bu sahədə böyük quruculuq işləri aparılmış, güclü istehsal bazası­na, tikinti və istismar təşkilatlarına, elmi-tədqiqat və layihə institutları­na malik ixtisaslaşmış meliorasiya və su təsərrüfatı kompleksi, geniş və tutarlı meliorasiya potensialı yaradılmışdır.

1971-1975-ci illərdə meliorasi­ya işlərinə 580 milyon manatdan artıq vəsait xərclənmişdir ki, bu da 1966-1970-ci illərdə olduğun­dan iki dəfə çox idi. Bu müddətdə 23,5 min hektar yeni suvarılan torpaqlar istifadəyə verilmiş, 156,8 min hektar suvarılan torpaqların meliorativ vəziyyəti yaxşılaşdı­rılmış, 88 min hektar sahədə torpaqların yuyulması, o cümlədən 48 min hektarda əsaslı yuma, 110,3 min hektar sahədə suvarma şəbəkələrinin yenidən qurulması və su təchizatının yaxşılaşdırıl­ması, 133,2 min hektar sahədə hamarlama işləri aparılmış, 248,6 min hektar qış otlaq sahələrində su təminatı sistemləri inşa edil­mişdir.

Bu illər ərzində bir sıra iri irriqa­siya və meliorasiya obyektləri, o cümlədən Araz çayı üzərində həcmi 1 milyard 350 milyon kubmetr olan Araz su anbarı su elektrik stansiyası ilə birlikdə, İran İslam Respublikası və Azərbaycan Respublikası ərazilərində 400 min hektar sahəni suvaran Mil-Muğan hidroqovşağı, Baş Mil kanalı, Yu­xarı Mil və Yeni Xan qızı kanalları, Naxçıvan MR-də 6 min hektar sahəni suvaran üçpilləli Qaraçuq və ikipilləli Arpaçay nasos stansi­yaları, Naxçıvan suvarma sistemi, Abşeron suvarma sistemi, Qusar rayonunda Caqar-Cibir magistral kanalı, Şamaxı rayonunda həcmi 3,5 milyon kubmetr olan Zoqo­lovoçay su anbarı, Lənkərançay su qovşağı, Mərkəzi Muğan və Cənub-Şərqi Şirvan qış otlaqla­rının su təminatı sistemləri və s. obyektlər tikilib istismara verilmiş­dir.

Torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması və yeni suvarılan sahələrin istifadəyə verilməsi kənd təsərrüfatı is­tehsalının xeyli artırılmasına və məhsuldarlığın yüksəldilməsinə imkan verdi.

1976–1982-ci illərdə Heydər Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində su təsərrüfatı və me­liorasiya tikintisi, torpaq fondunun sağlamlaşdırılması və suvarma-drenaj sistemlərinin yenidən qu­rulması sahəsində aparılan işlərin miqyası daha da genişləndirildi. Bu illərdə meliorasiya tədbirlərinə yönəldilən vəsaitin həcmi 1971-1975-ci illərdəkinə nisbətən 2,4 dəfə artdı və 1 milyard 382 milyon manata çatdı, 1,2 milyard manata yaxın əsas fondlar işə salındı, 89,6 min hektar yeni suvarılan tor­paqlar istifadəyə verildi, 605 min hektar sahədə suvarma sistemləri yenidən quruldu, 137 min hektar ərazidə torpaq sahələri meliorativ cəhətdən yaxşılaşdırıldı, 274,4 min hektar sahədə əsaslı hamar­lama işləri aparıldı.

Bu dövrdə Tərtərçay üzərində həcmi 565 milyon kubmetr olan Sərsəng su anbarı su elektrik stansiyası ilə birlikdə, həcmi 5,86 milyon kubmetr olan Suqovuşan su anbarı, Tərtərçay magistral kanalları, Naxçıvan MR-də Arpa­çay üzərində həcmi 150 milyon kubmetr olan Arpaçay su anbarı və magistral kanallar, Naxçıvan­çay çayından qidalanan həcmi 12,7 milyon kubmetr olan Sirab su anbarı, Füzuli rayonunda Aşağı Köndələnçay su anbarı, Lənkəran rayonunda həcmi 52 milyon kub­metr olan Yuxarı Xanbulançay su anbarı kompleksi, Tovuz rayonun­da 3 pilləli nasos stansiyası və digər obyektlər tikilib istifadəyə verildi. Kür çayı üzərində Şəmkir su anbarının, Şəki rayonunda Əyriçay su anbarının, Qazax rayonunda Coğazçay su anba­rının, Füzuli rayonunda Qozlu­çay, Naxçıvan MR-də Qıvraq və Həmzəli nasos stansiyalarının və s.obyektlərin inşasına başlanıldı.

Ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrdə (1969-1982-ci illər) meliorasiya və su təsərrüfatı kompleksinə 2,5 milyard manat­dan artıq vəsait yönəldilmişdir ki, bu da sovet hakimiyyəti dövrünün 50 ili ərzində bu sahəyə qoyulan vəsaitdən 2 dəfədən artıq olmuş­dur.

Bu illərdə 200 min hektara yaxın yeni suvarılan torpaqlar kənd təsərrüfatı dövriyyəsinə cəlb edilmiş, 400 min hektara yaxın suvarılan torpaqların meliorativ vəziyyəti, 825 min hektar sahədə su təminatı yaxşılaşdırılmış, 460 min hektar sahədə əsaslı hamar­lama və 150 min hektara yaxın sahədə əsaslı yuma işləri aparıl­mış, texniki cəhətdən mükəmməl meliorasiya və irriqasiya sistemləri yaradılmışdır.

Həmin müddətdə uzunluğu 20 min kilometrə yaxın olan suvarma kanalları, 15 min kilometrdən çox kollektor-drenaj şəbəkəsi, 350 na­sos stansiyası, 4 min subartezian quyusu tikilib istifadəyə verilmiş, ümumi həcmi 3 milyard kubmetr olan su anbarları inşa edilmişdir.

Meliorasiya və su təsərrüfatı kompleksində əldə edilmiş nailiyyətlər ulu öndər Heydər Əliyevin bu sahəyə olan daimi diqqət və qayğısının nəticəsində əldə edilmişdir.

Respublikamız üçün son dərəcə vacib olan Tərtərçay hidrokompleksinin, Xanbulançay su anbarının və Samur-Abşeron kanalının yenidən qurulması obyektlərinin açılışında ümum­milli lider Heydər Əliyevin şəxsən iştirakı onun meliorasiya və su təsərrüfatına, bu sahənin inkişafı­na olan diqqət və qayğısının əyani sübutudur.

1983-cü ildə kənd təsərrüfatında faktiki istifadə olu­nan suvarılan torpaqların sahəsi 1970-ci il ilə müqayisədə 265,1 min hektar artmış, eyni zamanda istifadə olunmayan suvarılan tor­paqların sahəsi 89,7 min hektara qədər azalmışdır.

Azərbaycanda hazırda su axınını bölüşdürən və tənzimləyən suvarma sistemləri, kollektor-drenaj şəbəkələri, nasos stansi­yaları və su anbarlarından ibarət geniş və mürəkkəb su təsərrüfatı kompleksi fəaliyyət göstərir. Bu böyük meliorasiya potensialının əsas hissəsi ulu öndərimiz Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi əvvəlki dövrdə yaradılmışdır.

Heydər Əliyevin müntəzəm nəzarəti və bilavasitə köməkliyi ilə bu illərdə respublikada iri su təsərrüfatı obyektləri, o cümlədən Füzuli və Beyləqan rayonlarının 19 min 600 hekatr suvarılan əkin sahələrinə xidmət edən Yuxarı Mil kanalı, Masallı rayonunun 11 min hektar əkin sahələrini suvarma suyu ilə təmin edən ümumi həcmi 46 milyon kubmetr olan Viləşçay su anbarı sağ sahil kanalı ilə birlikdə, Qax və Şəki rayonlarında 17 min 300 hektar əkin sahələrini suvarma suyu ilə təmin edən ümumi həcmi 80,6 milyon kub­metr olan Əyriçay su anbarı sol və sağ sahil magistral kanalları ilə birlikdə, Biləsuvar və Cəlilabad rayonlarında 32 min hektar sahəni suvara biləcək Cənubi Muğan kanalının maşın qolu, Şəmkir, Göygöl, Samux və Goranboy rayonlarında 100,9 min hektar sahəni su ilə təmin edən Şəmkir maşın kanalı, İmişli və Saatlı ra­yonlarının 17 min 500 hektar əkin sahələrini suvarma suyu ilə təmin edən Rəsul-arx kanalı, Beyləqan, Ağcabədi və Ağdam rayonlarında 57 min 300 hektar sahəni suvar­ma suyu ilə təmin edən Xan qızı kanalı və digər obyektlər tikilib istismara verilmişdir.

 

Respublikada kənd təsərrüfatı məhsullarının istehsalının ar­tırılmasına meliorasiya və su təsərrüfatı sahəsini inkişaf etdirmədən müvəffəq olmağın mümkünsüzlüyünü göstərən ulu öndərimiz Heydər Əliyevin bu sahəyə xüsusi diqqət yetirməsi və həyata keçirilən böyük tədbirlər nəticəsində kənd təsərrüfatı sahəsində böyük nailiyyətlər əldə olundu. Belə ki, 1970-ci ilə nisbətən 1980-ci ildə respublikada taxıl istehsalı 2,1, pambıq 2,6, üzüm 4,6, tərəvəz və tütün 2,3, meyvə 4,4, çay yarpağı 2,2, mal-qara və quş əti 1,4, süd istehsalı 1,8 dəfə artmışdır.

 

1987-ci ildən sonra respubli­kanın iqtisadiyyatında yaranmış ağır vəziyyətlə əlaqədar büdcə vəsaitinin çatışmamazlığı üzündən dövlət əhəmiyyətli sistemlərin istis­marında ciddi çətinliklər yaranmış, bir sıra mühüm əhəmiyyətli su təsərrüfatı kompleksləri qəzalı vəziyyətə düşmüşdür. Tikinti işləri demək olar ki, dayandırılmışdır. Meliorasiya və su təsərrüfatının maddi-texniki bazası da xeyli zəifləmişdir.

Yaranmış vəziyyətdən çıx­maq, su təsərrüfatını tədricən öz xərclərini ödəməyə keçirməklə sudan istifadənin səmərəliliyini yüksəltmək, meliorasiya və irriqa­siya obyektləri üzərində mülkiyyət münasibətlərini təkmilləşdirmək və sahənin gələcək inkişafına xarici investisiyaların cəlb edilməsini təmin etmək məqsədilə müvafiq islahatların keçirilməsi olduqca vacib idi.

Xalqın dəvəti, taleyin hökmü ilə müdrik rəhbərimiz, dünya miqyaslı siyasətçimiz ulu öndər Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı ilə meliorasiya və su təsərrüfatı öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Bu sahəyə diqqət və dövlət qayğısı bərpa olundu, mövcud meliorasiya potensialının dağılmasının qarşısı alındı, ondan daha səmərəli istifadə olunması yolları və sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi. Azərbaycanda mövcud meliorasi­ya potensialı qorunub saxlanıldı. Bütün bunlarla bərabər, sahənin normal fəaliyyətini təmin etmək məqsədilə kompleks tədbirlərin işlənib həyata keçirilməsi və islahatların sürətləndirilməsi olduqca vacib idi. Buna görə də, ilk növbədə, meliorasiya və su təsərrüfatı sahəsində islahatla­rın əsas məqsədi və vəzifələri müəyyənləşdirildi.

1993-1995-ci illərdə ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli və məqsədyönlü tədbirlər ölkədə əvvəllər baş alıb gedən özbaşı­nalıqlara və xaosa son qoymuş, ictimai-siyasi sabitliyi təmin etmiş, respublikada hərtərəfli sosial-iqtisadi siyasət aparmaq və beynəlxalq iqtisadi sistemə inteqrasiya olunmaq üçün əlverişli şərait yaratmışdır. 1995-ci ildən başlayaraq ardıcıl aparılan isla­hatlar nəticəsində iqtisadiyyatın inkişafında mühüm irəliləyişlərə, xüsusi ilə də aqrar sahədə yüksək nəticələrə nail olunmuşdur. Aqrar islahatlar başa çatdıqdan sonra kənd təsərrüfatında böyük uğurlar qazanılmış və rekord göstəricilər əldə olunmuşdur.

Aqrar islahatının bir hissəsi olaraq meliorasiya və su təsərrüfatı sahəsində islahatların torpaq islahatı ilə birlikdə, komp­leks şəkildə aparılması nəzərdə tutuldu. İslahatların normativ-hüquqi bazası yaradıldı. Bu məqsədlə 30-dan artıq normativ-hüquqi sənəd hazırlandı.

Bu sənədlərdən ən mühümü ümummilli lider tərəfindən 1996-cı ildə imzalanmış “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanunu və onun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 1996-cı il tarixli fərmanıdır. Bu qanunla melio­rasiya və irriqasiya sahəsində fəaliyyətin əsas istiqamətləri və prinsipləri, meliorasiya və irriqasi­ya obyektlərinin mülkiyyət hüququ müəyyənləşdirildi. Qanun meliora­siya və irriqasiya sahəsində dövlət idarəçiliyinin əsaslarını, meliorasi­ya və irriqasiya tədbirlərinin aparıl­ma qaydalarını müəyyən etdi.

Ulu öndərin göstərişlərini əsas tutaraq respublikaya qoyulan xari­ci investisiyalar ilk növbədə meli­orasiya və su təsərrüfatı sahəsinə yönəldildi. Xarici investisiyala­rın səmərəliliyini təmin etmək məqsədilə tikintisi yarımçıq qalmış 150 obyektdən respublika üçün mühüm əhəmiyyət kəsb edən 11 obyekt seçildi və onlardan iqtisa­diyyatımız üçün ən vacib olan üç obyektin-Baş Mil-Muğan kollek­torunun tikintisinin, Samur-Abşe­ron suvarma sisteminin yenidən qurulmasının və Naxçıvan Muxtar Respublikasında Vayxır su anba­rının tikintisinin birinci növbədə maliyyələşdirilməsi qərara alındı.

Ümummilli lider Heydər Əliyevə İslam dünyasının böyük hörmətinin və ehtiramının rəmzi olaraq, İslam İnkişaf Bankının rəhbərliyi Baş Mil-Muğan kol­lektorunun tikintisinin davam etdirilməsinə güzəştli kredit və Samur-Abşeron suvarma sistemi­nin yenidən qurulması sxeminin hazırlanmasına əvəzsiz olaraq vəsait ayırdı.

İslam İnkişaf Bankının kre­diti və respublika büdcəsindən ayrılan vəsait hesabına 1998-ci ildə kollektorun tikintisinin davam etdirilməsinə başlanıldı və 2000-ci ilin noyabr ayında kollektorun 52,7 kilometr uzunluğunda 2-ci bura­xılış kompleksinin tikintisi yüksək keyfiyyətlə başa çatdırılaraq istis­mara qəbul olundu.

Heydər Əliyevin yaxından köməkliyi sayəsində Dünya Bankının krediti ilə 2003-cü ildə Baş Mil-Muğan kollektorunun 28,5 kilometr uzunluğunda 3-cü buraxılış kompleksinin tikintisinə başlanılmışdır.

Samur-Abşeron suvarma sistemi ölkəmizin şimal bölgəsinin, eləcə də Bakı-Sumqayıt şəhərlərinin və Abşeron yarıma­dasının yaşayış məntəqələrini, kənd təsərrüfatı və sənaye müəssisələrini içməli, suvarma və texniki su ilə təmin edən irimiqyaslı kompleks su təsərrüfatı obyektidir.

Hazırda bu sistem respubli­kanın şimal bölgəsinin 150 min hektara yaxın torpaq sahəsinin suvarma suyuna və Bakı, Sumqa­yıt şəhərlərinin, habelə Abşeron yarımadasının içməli, suvarma və texniki suya olan tələbatının 60 faizini təmin edir.

Uzun müddət ərzində suya daim artan ehtiyacı ödəmək məqsədilə Samur-Abşeron magistral kanalı fasiləsiz olaraq, əsaslı təmirə dayanmadan istis­mar olunurdu. Bunun nəticəsində kanalın beton örtüyü dağılıb hissə-hissə sıradan çıxmış, qurğuların bir hissəsi funksiyasını itirmiş, su itkisi artmışdır.

Heydər Əliyevin tapşırığına əsasən bu problemin həlli yolları araşdırılmış və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması ilə bağlı təxirəsalınmaz tədbirlərin işlənib həyata keçirilməsi təklif olunmuşdur.

Sxemin birinci mərhələsində Samur çayı üzərində baş sugötü­rücü qurğunun və Samur-Abşeron kanalının Vəlvələçaya qədər olan hissəsinin yenidən qurulması, Xanarx kanalının, Vəlvələçay-Taxtakörpü, Taxtakörpü-Ceyran­batan kanallarının və Taxtakörpü su anbarının tikintisi nəzərdə tutulurdu. İqtisadi səmərəlilik nöqteyi-nəzərindən bu layihə çox sərfəlidir. Təkçə suyun öz axını ilə Ceyranbatan gölünə ötürülməsi nəticəsində Sitalçay və Ceyran­batan nasos stansiyalarının ləğv edilməsi ilə ildə 167 milyon kilovat/saat elektrik enerjisinə qənaət edilməsi mümkün olmuşdur.

Vayxır su anbarının inşasına 1983-cü ildə başlanılmış, lakin 1995-ci ildən maliyyə vəsaitinin olmamasına görə tikinti işləri ya­rımçıq dayandırılmışdır.

Ulu öndərimiz Heydər Əliyev 2002-ci ildə Naxçıvan Muxtar Respublikasında olarkən, onun su anbarının istismara verilməsi barədə göstərişindən sonra dövlət büdcəsindən ayrılmış vəsait he­sabına Türkiyənin tikinti şirkətləri tərəfindən bu obyektin tikintisi başa çatdırılmışdır.

Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında ən böyük tarixi xidmətlərindən biri dünyanı bürümüş iqtisa­di böhranların, münaqişələrin hökm sürdüyü çətin bir şəraitdə ölkəmizin onun tərəfindən əsası qoyulmuş uğurlu inkişaf strategi­yasının davam etdirilməsi kimi çox böyük məsuliyyətli və taleyüklü bir vəzifəni şərəflə irəli apara biləcək unikal dövlət idarəçiliyi təfəkkürünə malik İlham Əliyev cənablarını xalqımıza bəxş etməsi olmuşdur.

Çox böyük fəxr ilə qeyd etmək olar ki, ulu öndərimizin, Azərbaycan dövlətinin yaradıcısı Heydər Əliyevin siyasi xətti və ideyaları möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə və müvəffəqiyyətlə davam etdirilir. Azərbaycanda müstəqil, demok­ratik, hüquqi dövlət quruculuğu sahəsində, iqtisadiyyatımızın yenidən qurulmasında, davam­lı inkişaf yoluna çıxmasında, milli adət-ənənələrimizin qoru­nub saxlanılmasında və digər istiqamətlərdə böyük nailiyyətlər əldə olunur.

Möhtərəm Prezidentimizin rəhbərliyi altında Azərbaycan böyük və şərəfli bir inkişaf yolu keçmişdir. Ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atmış, 30 ilə yaxın bir müddətdə işğal altında olan əzəli və doğ­ma Qarabağımız işğaldan azad edilmişdir. Ölkəmizin beynəlxalq nüfuzu artmış və aparılan siya­si-iqtisadi islahatlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Bütün beynəlxalq mötəbər qurum­ların reytinqlərində Azərbaycan qabaqcıl yerlərdədir. Ölkəmizdə təhlükəsizlik, sabitlik təmin edilir.

Bu illərdə Azərbaycan Meli­orasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, tələb olunan həcmlərdə təmir-bərpa işlərinin görülməsi, su­varılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaş­dırılması, sel və daşqın sularına qarşı mübarizə işlərinin davam etdirilməsi və digər sahələrdə mü­vafiq tədbirlər həyata keçirilmişdir.

Belə ki, bütün maliyyə mənbələri hesabına 2004-2021-ci illərdə 4,6 min kilometr uzunlu­ğunda suvarma kanallarının, 3,4 min km uzunluğunda kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidənqurulması və bərpası, 483 min hektar sahədə torpaqların su təminatının və 307 min hektar sahədə meliorativ vəziyyətinin yaxşılaşdırılması işləri yerinə yetirilmiş, 204 min hektar yeni suvarılan torpaq sahələri əkin dövriyyəsinə daxil edilmişdir. Möv­cud torpaq mühafizə bəndlərinin 800 km-dən artıq hissəsi əsaslı surətdə hündürləndirilmiş və möhkəmləndirilmiş, çaylarda sel və daşqınlara qarşı 203 km muhafizə tədbirləri həyata keçi­rilmiş, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırıl­ması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 3061 ədəd subartezian quyusu qazılaraq istifadəyə verilmişdir. Ümumi sutututmu 456 milyon kub­metr olan 4 su anbarı (Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göytəpə) tikilmiş, ümumi sutututmu 15,5 mil­yon kubmetr olan 3 su anbarı isə (Pirsaatçay, Zoqolovoçay, Ləvain) təmir-bərpa edilmişdir.

“Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinə daxil olan Xanarx kanalının tikintisi 2006-cı ildə, Samur çayı üzərində yerləşən Baş Suqəbuledici qurğunun bərpası, Samur çayı yaxınlığında Baş su durulducunun tikintisi, Samur-Abşeron kanalının ilk 50 km-lik hissəsinin və bu hissədə yerləşən uzunluğu 185,7 km olan təsərrüfatlararası kanalların yenidənqurulması işləri 2007-ci ildə başa çatdırılmışdır. Respub­likanın 500 min hektar suvarılan sahələrindən duzlu qrunt sula­rının Xəzər dənizinə axıdılma­sını təmin edən Baş Mil-Muğan kollektorunun 3-cü hissəsinin tikintisi 2006-cı ildə başa çatdırı­laraq Mil-Qarabağ kollektoru ilə birləşdirilmiş və bununla da onun xidmət etdiyi ərazilərdə suvarılan torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına və kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına şərait yaranmışdır.

Samur-Abşeron kanalının 50-ci km-dən suyun Taxtakörpü su anbarına verilməsi məqsədi ilə 2008-ci ildə tikintisinə başlanılmış uzunluğu 32 km olan Vəlvələçay-Taxtakörpü kanalının, ümumi sututumu 268,4 milyon kubmetr olan Taxtakörpü su anbarının (ümumi gücü 25 MVt olan Su Elektrik Stansiyası ilə birlikdə) və uzunluğu 108 km-ə yaxın olan Taxtakörpü-Ceyranbatan kanalının tikintisi işləri 2013-cü ildə başa çatdırılmışdır.

15 noyabr 2014-cü ildə Möhtərəm Prezident İlham Əliyev cənablarının iştirakı ilə açılış mərasimi keçirilmiş Şəmkirçay su anbarı zonasında 2015-ci ildə əkin sahələrini suvarma suyu ilə təmin edəcək 60,5 km uzunluğunda magistral kanalların tikintisi işləri başa çatdırılmışdır.

Keçmiş Sovetlər birliyi dövründən tikintisi yarımçıq qalmış Tovuz və Şəmkir rayon­larının 20000 hektara yaxın əkin sahələrinin su təminatının yaxşı­laşdırılmasına və yeni suvarılacaq torpaqların istifadəyə verilməsinə imkan yaradan və ümumi sututu­mu 20 milyon kbm olan Tovuzçay su anbarının inşası 2016-cı ildə başa çatdırılmışdır.

Azərbaycan Respublikası Prezidentinin ölkədə taxılçılığın, pambıqçılığın, tütünçülüyün, baramaçılığın və digər sahələrin inkişafı, eləcə də aqroparkların və iri təsərrüfatların yaradılması ilə əlaqədar verdiyi tapşırıqların icrası olaraq səhmdar cəmiyyəti meliora­siya və irriqasiya sistemlərinin nor­mal istismarının təşkili, suvarılan torpaqların su təminatının və meli­orativ vəziyyətinin yaxşılaşdırılma­sı, sahələrin genişləndirilməsi, sel və daşqın sularına qarşı mübarizə və digər istiqamətlərdə əvvəlki illərdə olduğu kimi, 2021-ci ildə də öz uğurlu fəaliyyətini davam etdirmişdir.

Aqroparkların, iri taxıl­çılıq, pambıqçılıq və digər təsərrüfatların yaradılması məqsədi ilə Şəmkir maşın kanalı­nın nasos stansiyasının suvermə qabiliyyətinin artırılması və onun I növbəsinin təmir-bərpası üzrə 3775 pm basqılı boru kəmərinin 1202 pm hissəsinin quraşdırılması işləri yerinə yetirilmişdir. Basqılı boru kəmərinin trassasında qrunt sularının kənarlaşdırılması üçün drenaj şəbəkəsi qurulmuşdur. Goranboy rayonunun 6955 ha (ondan su təminatının yaxşılaş­dırılması-5373 ha, yeni suvarılan sahələr-1582 ha) torpaq sahəsinə suvarma suyunun verilməsi üçün Şəmkir maşın kanalının II növbəsinin zonasında 15413 pm uzunluğunda beton üzlüklü təsərrüfatlararası paylayıcı kanal­ların tikintisi üzrə işlər aparılmış­dır. Arazın yeni qol kanalının sol sahilində yerləşən 9461 ha yeni torpaq sahəsinin suvarılması üçün 9506 pm uzunluğunda dəmir-beton üzlüklü paylayıcı kanalların və 12000 pm qəza sutullayıcı kanalın qurğularla birlikdə tikin­tisi üzrə işlər başa çatdırılmışdır. Sabirabad rayonunun 3500 ha qış otlaq sahəsinin meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün 25335 pm qapalı suyığıcılar və 108032 pm qapalı drenlər tikilmiş­dir.

Yevlax rayonunda Aqro­parka məxsus 2960 ha torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi işlərinin tamamlanması ilə əlaqədar 1 ədəd 100 min kbm həcmində ehtiyat su hovuzunun tikintisi, nasos stansiyasının mexaniki və elektrik avadanlıqla­rının quraşdırılması, xarici elektrik təchizatı və 13114 pm basqılı boru kəmərinin çəkilməsi üzrə işlər gö­rülmüşdür. Şəki və Oğuz rayonları ərazisində yaradılacaq Aqroparkın 12300 ha torpaq sahəsində meli­orativ tədbirlərin aparılması üçün 4820 pm uzunluğunda qapalı kol­lektor və suyığıcıların qurğularla birlikdə tikintisi üzrə işlər aparıl­mış, Ağsu rayonunun 3860 ha (on­dan 560 ha yeni suvarılan sahə) torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi üçün Qazanarx kanalının 3775 pm hissəsinin yenidən qurulması ilə əlaqədar tədbirlər həyata keçirilmişdir.

Ağstafa rayonunun Muğanlı kəndinin 1496 ha torpaq sahəsinin su təminatının yaxşılaşdırılması üçün 4150 pm dəmir-beton pay­layıcı kanalların və Qazax rayo­nunun İkinci Şıxlı kəndinin 865 ha sahəsinin su təminatının yaxşılaş­dırılması üçün I pillə nasos stan­siyasının, 4006 pm basqılı boru kəmərinin, 16172 pm uzunluğunda paylayıcı boru kəmərlərinin tikintisi işləri həyata keçirilmişdir. Abşeron yarımadasında kənd təsərrüfatına yararlı əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün Abşeron magistral kanalının 256 pm-lik hissəsi qurğularla birlikdə yenidənqurulmuş, novvari kanalın 208 pm və kanalın Binə qəsəbəsi ərazisində qapalı şəkildə olan 885 pm hissəsinin tikintisi tamamlan­mışdır.

Azərbaycan Respublikası Pre­zidentinin müvafiq sərəncamı ilə respublikanın 38 şəhər və rayo­nunun 177 yaşayış məntəqəsində 3600 ha (ondan 450 ha yeni suvarılan sahə) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin su­varma suyu ilə təminatının yaxşı­laşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 200 ədəd subartezian qu­yusunun layihə-smeta sənədləri hazırlanaraq qazma işləri həyata keçirilmişdir. Eyni zamanda 2020-ci ildən qalan 71 ədəd subartezian quyusunda qazma işləri tamamla­naraq istismara verilmişdir.

Hacıqabul rayonu ərazisində Aqroparka məxsus torpaq sahəsinə Kür çayından sərfi 3,0 m3/san olan nasos stansiyası vasitəsi ilə suvarma suyunun çatdırılması məqsədi ilə layihə sənədləri hazırlanaraq tikinti işlərinə başlanılmışdır.

Sel və daşqın təhlükəli çay­larda sahilbərkitmə və qəza vəziyyətinin aradan qaldırılma­sı tədbirləri üzrə respublikanın Balakən, Qax, Şəki, Qəbələ, Quba, Xaçmaz, Ağcabədi və Lənkəran rayonlarının ərazisindən keçən çaylarında ümumilikdə 1863 pm uzunluğunda istinad divarları tikilmişdir. Eyni zaman­da Ağstafa rayonunun Köçəsgər kəndi ərazisindəki “Acı” dərənin sel sularından qorunması üçün tədbirlərin layihə sənədləri ha­zırlanmış və tikinti işləri yerinə yetirilmişdir.

Tovuz rayonunun Ağdam, Yuxarı Öysüzlü, Aşağı Öysüzlü, Dondar Quşçu və Hacallı, Ağstafa rayonunun Köhnəqışlaq, Yara­dullu və Tatlı, Qazax rayonunun Kəmərli, Oğuz rayonunun Qarabu­laq, Zərdab rayonunun Dəkkəoba kəndlərinin, Saatlı rayonunun əkin sahələrinin su təminatının yaxşı­laşdırılması, Şamaxı rayonunda yerləşən heyvandarlıq komplek­sinin su ilə təmin edilməsi, eləcə də Astara rayonunda Astaraçay sərhəd çayının 138-141 saylı sərhəd nişanları ərazilərində, Qax rayonunun Lələli kəndi və Qusar rayonunun Krik kəndinin ərazisində yerləşən sərhəd zasta­valarının və Lənkəran rayonunun Viravul kəndinin ərazisinin Viravul­çay çayının sel və daşqın suların­dan mühafizəsi tədbirlərinin apa­rılması üçün layihə sənədlərinin hazırlanması işləri yerinə yetiril­mişdir.

Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin mü­vafiq sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”na daxil olan layihələrin icrasına uyğun olaraq İmişli rayo­nunun 10838 ha torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi üçün uzunluğu 29,5 km, sərfi 12 kbm/san olan Qızılarx kanalının, Tərtər, Goranboy, Yevlax və Bərdə rayonlarının 29660 ha torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi üçün uzunluğu 22,4 km, sərfi 20,2 kbm/san olan Tərtər Sol Sahil və uzunluğu 12,6 km, sərfi 10 kbm/san olan Xanarx kanalla­rının, Qusar rayonunun 6091 ha əkin sahəsini suvarma suyu ilə təmin edən uzunluğu 42 km, sərfi 4,5 kbm/san olan Yuxarı Zeyxur kanalının yenidən qurulmasının texniki-iqtisadi əsaslandırılması üzrə işlər yerinə yetirilmişdir.

İşğaldan azad olunmuş ərazilərdə yerləşən su anbar­larının (Suqovuşan, Xaçınçay, Köndələnçay-3 ədəd) və ma­gistral kanalların təmir-bərpası üçün layihə sənədləri hazırlan­mış, Tərtərçay, Həkəriçay və Bərgüşadçay su anbarları komp­leksinin su ehtiyatlarının istifadəsi üzrə layihə-axtarış, topoqrafiya, geodeziya və ilkin konseptual layihə işlərinin görülməsinə başla­nılmışdır.

Cəmiyyət tərəfindən 2021-ci ildə icra olunmuş layihələr he­sabına 9,5 min hektar sahədə torpaqların su təminatı və 3,5 min hektar sahədə meliorativ vəziyyəti yaxşılaşdırılmış, 2,1 min hektar yeni torpaq sahəsi suvarma suyu ilə təmin edilmişdir.

İdarəetmənin təkmilləşdirilməsi məqsədi ilə cəmiyyətdə müəyyən struktur islahatları aparılmışdır. Belə ki, daha çevik və səmərəli struktura malik idarəetmə siste­minin yaradılması məqsədi ilə eyni rayon ərazisində fəaliyyət göstərən və bir-birini təkrarlayan 26 struktur vahidi ləğv edilmişdir.

Ölkə ərazisində su ehtiyatla­rından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədi ilə “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2020-ci il tarixli 1986 nömrəli Sərəncamı ilə yaradıl­mış Komissiyanın rəhbərliyi və aidiyyəti qurumların iştirakı ilə ötən ilin kəskin quraqlıq və su qıtlığı şəraitində əhalinin içməli və kommunal-məişət su təchizatının, əkin sahələrinin su təminatının, elektrik enerjisi istehsalının təmin edilməsi üçün müvafiq qabaqlayıcı tədbirlər görülmüş, su anbarları və magistral kanallar üzrə operativ qaydada iş rejimləri hazırlanaraq suyun düzgün paylanılması, su­dan səmərəli və qənaətlə istifadə olunması təmin edilmişdir.

Əkin sahələrinin su təminatının və meliorativ vəziyyətinin daha da yaxşılaşdırılması məqsədi ilə cəmiyyət tərəfindən respublika üzrə sudan istifadə planı, ma­gistral kanallar üzrə su limitləri, respublikanın çayları üzrə suvar­ma dövründə rayonlararası su bölgüsü cədvəlləri hazırlanaraq təsdiq edilmişdir. Bütün istismar təşkilatlarında gecə-gündüz növbətçilik yaradılmış, vegeta­siya suvarmalarının mütəşəkkil həyata keçirilməsi, sudan səmərəli və qənaətlə istifadənin təmin edilməsi və su limitlərinə nəzarətin gücləndirilməsi məqsədi ilə cəmiyyətin mütəxəssisləri ayrı-ayrı obyektlərə təhkim edilmiş, çayların gursululuq dövründə su anbarlarının doldurulması və yarana biləcək sel və daşqın su­larının maneəsiz axıdılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir

Komissiya tərəfindən su anbar­larının iş rejimləri ciddi nəzarətə götürüldüyündən və rejimlərdə operativ qaydada dürüstləşmələr aparıldığından 2021-ci ildə 2020-ci ilə nisbətən su anbarlarında suvarma mövsümünün əvvəlində (əsasən Mingəçevir su anbarın­da) 2,1 mlrd.kbm artıq həcmdə su toplanılmışdır. Bu da ötən ilin kəskin su qıtlığı şəraitində əkin sahələrinin su təminatında öz müsbət nəticəsini göstərmişdir.

Pambıq əkinlərinin su təminatı komissiya tərəfindən ciddi nəzarətdə saxlanılmış, cəmiyyət tərəfindən Kənd Təsərrüfatı Nazir­liyi və aidiyyəti şirkətlərlə birlikdə qarşıya çıxan problemlərin aradan qaldırılması üçün zəruri operativ tədbirlər görülmüş, su təminatı çətin olan ərazilərdə imkan olan yerlərdə kollektor-drenaj sularının kanal suları ilə qarışdırılaraq su­varmada istifadə olunması və bir sıra ərazilərdə səyyar tipli nasos stansiyalarından istifadə edilərək suvarmaların aparılması təşkil edilmişdir.

Suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə Cəmiyyət tərəfindən istismar tədbirlərinə ayrılmış vəsait hesabına suvarma və kollektor-drenaj şəbəkələrində 58,0 mln. kbm həcmində (14200 km su­varma, 1900 km kollektor-drenaj şəbəkəsi) lildən təmizləmə işləri aparılmış, torpaq məcralı kanal­ların 53 km hissəsi beton üzlüyə alınmış, 5250 hidrotexniki qurğu, 6100 subartezian quyusu, 330 na­sos stansiyası əsaslı və cari təmir edilmişdir.

Çay məcralarında 16,3 mln.kbm həcmində məcratəmizləmə işləri aparılmış, 6,5 min kbm şax-daş və faşın, 2,1 min kbm qabion bəndlər quraşdırılmış və daş-beton bəndlərdə 25,7 min kbm həcmində təmir işləri yerinə yetirilmişdir.

 

Kür, Araz və onlara qovuşan dağ çayları boyunca salınmış torpaq mühafizə bəndlərinin 107,9 km-lik hissəsində möhkəmləndirmə işləri görül­müş və 44130 kbm həcmində daş və beton məmulatları ilə sahilbərkitmə işləri yerinə yetiril­mişdir.

Görülmüş tədbirlər nəticəsində suvarılan torpaq sahələri əsasən suvarma suyu ilə təmin edilmiş­dir. Respublika üzrə bütün kənd təsərrüfatı bitkiləri 1 milyon 443 min 293 hektar sahədə orta he­sabla 3,0 dəfə suvarılmışdır.

2021-ci ildə 728 min hektara yaxın torpaq sahələrini əhatə etməklə suvarma qrafiki hazırlan­mış və “Elektron kənd təsərrüfatı” informasiya sisteminə inteqrasiya edilmişdir. Eyni zamanda ötən ilin noyabr ayından başlayaraq, 2022-ci ilin məhsulu üçün payızlıq əkin aparılmış 390 min hektar torpaq sahələri üzrə suvarma qrafiki hazırlanmış və “Elektron kənd təsərrüfatı” informasiya sisteminə inteqrasiya edilmişdir.

Cəmiyyətin mütəxəssisləri və istismar idarələrinin nümayəndələri tərəfindən yerli Dövlət Aqrar İnkişaf Mərkəzləri, icra hakimiyyəti orqanları və bələdiyyələrlə birlikdə mütəmadi olaraq sudan səmərəli istifadə, suvarma qrafikləri üzrə növbəliyə riayət olunması ilə bağlı kənd təsərrüfatı məhsulları istehsal­çılarının maarifləndirilməsi işləri həyata keçirilir.

2022-ci ildə Səhmdar Cəmiyyəti meliorasiya və su təsərrüfatı obyektlərinin tikintisi, yenidənqurulması işlərinin davam etdirilməsi üzrə təkliflərini aidiyyəti qurumlara təqdim etmişdir.

Cari ildə təxminən 1 milyon 450 min hektar sahədə kənd təsərrüfatı bitkilərinin suvarılma­sı nəzərdə tutulur. Hazırda əkin sahələrinin su təminatının və meliorativ vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində cəmiyyət tərəfindən müvafiq tədbirlərin həyata keçirilməsi da­vam etdirilir.

Su ehtiyatlarının dəqiq uçotu­nun aparılması məqsədi ilə əsas suvarma kanallarında 18 ədəd müasir tipli suölçmə qurğuları quraşdırılmış və cari ildə daha 150 ədəd bu tipli qurğuların quraşdırıl­ması işlərinə başlanılmışdır. Eyni zamanda, 694 ədəd subartezian quyusunda avtomatlaşdırılmış idarəetmə sistemi (SCADA) quraş­dırılmış, 185 quyuda isə bu işlər davam etdirilir.

Hazırda cəmiyyət üzrə mərkəzləşdirilmiş elektron uçot sisteminin, meliorasiya və su təsərrüfatı obyektlərinin elektron məlumat bazasının, insan resurs­ları, maliyyə-mühasibat uçotunda vahid elektron uçot bazasının yaradılması və elektron sənəd dövriyyəsinin təşkili istiqamətində işlər aparılır.

Ölkəmizdə su ehtiyatla­rından daha səmərəli istifadə edilməsi məqsədi ilə qabaqcıl dünya ölkələrinin təcrübələrinin tətbiqi üzrə də işlər aparılır. Bu istiqamətdə cari ilin 04 aprel tarixində İsrailin “Mekorot” milli su şirkəti ilə cəmiyyət arasında suva­rılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdı­rılması, müasir suvarma üsulları­nın tətbiqi ilə suya qənaət poten­sialının qiymətləndirilməsi, su təsərrüfatının iqlim dəyişikliklərinə uyğunlaşdırılması, meliorasiya obyektlərinin planlaşdırılma­sı, layihələndirilməsi, yenidən qurulması və tikintisi üçün mü­asir su təchizatı texnologiya­larını tətbiq etmək məqsədi ilə məsləhət xidmətləri müqaviləsi imzalanmışdır.

Azərbaycan Respublikası Pre­zidentinin müvafiq sərəncamları ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü” və “Azərbaycan Res­publikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olun­muş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə cari ildə Səhmdar cəmiyyəti tərəfindən Araz çayının yeni qolundan suyun yeni suvarılacaq torpaq sahələrinə verilməsi üçün paylayıcı kanal­ların tikintisi, Ağsu rayonunun əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün Qazanarx kanalının yenidən qurulması, Qa­zax rayonunun Xanlıqlar, Kəmərli, Aslanbəyli, Qaymaqlı və İkinci Şıx­lı kəndlərinin əkin sahələrini su ilə təmin etmək məqsədi ilə su nasos stansiyalarının və yeraltı suvar­ma şəbəkələrinin bərpası (İkinci Şıxlı təsərrüfatı üzrə), Şəmkir maşın kanalının nasos stansi­yasının suvermə qabiliyyətinin artırılması və onun I növbəsinin təmir-bərpası, Şəmkir maşın kanalının II növbəsinin zonasında təsərrüfatlararsı paylayıcı kanal­ların layihələndirilməsi və tikintisi, Sabirabad və Salyan rayonla­rında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin aparılması, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması (Ha­cıqabul rayonu üzrə), Azərbaycan Respublikasının rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyula­rının layihələndirilməsi və qa­zılması, sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə və qəza vəziyyətinin aradan qaldırılması tədbirləri, Həkəriçay və Bərgüşadçay su anbarlarının texniki – iqtisadi əsaslandırmalarının və layihə sənədlərinin hazırlanması, Suqo­vuşan (5,2 km magistral kanalla birlikdə), Xaçınçay (7 km uzun­luğunda kanalla birlikdə), Aşağı Köndələnçay, Köndələnçay-1 və Köndələnçay-2 su anbarlarının təmir və bərpası, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad olunmuş ərazilərində meli­orasiya və su təsərrüfatı komp­leksinin bərpası və inkişafı üzrə texniki-iqtisadi əsaslandırmanın və layihə sənədlərinin hazırlanması,Tərtərçay Sol Sahil kanalının yenidən qurulması, Qız qalası su anbarından magistral kanalın tikintisinin texniki-iqtisa­di əsaslandırmasının və layihə sənədlərinin hazırlanması və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Bu tədbirlərin həyata keçirilməsi ilə suvarılan torpaq­ların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması­na, yeni suvarılan torpaqların istifadəyə verilməsi nəticəsində ölkə əhalisinin daxili isteh­sal hesabına çörək və ərzaq məhsulları ilə etibarlı təminatına, yaşayış məntəqələrinin, əkin sahələrinin, hidrotexniki qurğuların və digər infrastruktur obyektlərin sel və daşqın sularının zərərli təsirlərindən mühafizəsinə, çayla­rın su ehtiyatlarının nizamlanması hesabına onlardan daha səmərəli istifadə edilməsinə geniş imkanlar yaranacaqdır.

Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən ölkə meliorator­larının əməyinə və sahənin roluna verilən yüksək qiymət bizi daha böyük məsuliyyətlə işləməyə və yeni nailiyyətlər qazanmağa sövq edir. Bu böyük diqqət və qayğıya cavab olaraq, cəmiyyətin kollektivi mövcud meliorasiya və irriqasiya sistemlərinin qorunub saxlanılma­sı, lazımi səviyyədə istismarının həyata keçirilməsi, təmir-bərpa işlərinin təşkili sahəsində qar­şıya qoyulmuş tapşırıqları tam məsuliyyəti ilə dərk edərək onların vaxtında və layiqincə yerinə yetirilməsi üçün bundan sonra da bütün bacarıq və imkanların­dan istifadə edəcək, daha səylə çalışacaq, ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatında üzərilərinə düşən vəzifələri şərəflə yerinə yetirəcəklər.

 

Zaur MIKAYILOV,

 

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Sədri

 

Xalq qəzeti .- 2022.- 8 may.- S.5-6.