Milli qürur rəmzi

 

Ulu öndər Heydər Əliyev Azərbaycanın XX və XXI əsr ictimai-siyasi fikir tarixində daim böyük ehtiramla xatırlanan dahi şəxsiyyətdir. Müasir Azərbaycan dövlətçiliyinin qurulmasını və möhkəmlənməsini yalnız Heydər Əliyev ideyalarını yeni tarixi şərait və dəyərlər prizması ilə vəhdətdə təhlil etməklə düzgün nəticəyə gəlmək olar. Başqa sözlə, etiraf edilməlidir ki, Azərbaycan Respublikasının siyasi həyatında yeni güc mərkəzinin yaranması yalnız Heydər Əliyev şəxsiyyətinə ümumxalq etimadının tarixi-ictimai təzahürü nəticəsində mümkün ola bilərdi. Çağdaş siyasi tariximizin bu fundamental hadisəsi hər zaman gələcək nəsillər üçün xüsusi məktəbdir.

Azərbaycan Respublikasına uzun illər rəhbərlik etmiş ümummilli lider Heydər Əliyevə ölkənin siyasi, iqtisadi, mədəni və sosial inkişafında müstəsna irəliləyişlərin birbaşa təminatçısı kimi həmişə xalq tərəfindən dərin rəğbət bəslənilib. Eyni zamanda ulu öndər keçmiş SSRİ kimi nəhəng dövlətdə ali siyasi məqama yüksəlmiş ilk və yeganə azərbaycanlı olduğundan, sözün əsl mənasında, milli qürur mənbəyi və mənəvi fəxarət simvolu sayılırdı. İn­sanlar onunla, onun tarixi şəxsiyyəti və əməlləri ilə fəxr edir, ona dərin hörmət və etimadını hər zaman ifadə edirdilər.

Qeyd olunan tarixi reallıqla yanaşı, SSRİ-nin süqutundan sonra hakimiyyət uğrunda çəkişmələrdə kommunist ideologiyası ilə mübarizə adı altında Azərbaycanın bütün tarixi keçmişini şübhə altına almaq, reallıqları kommu­nist libasında təqdim etmək zəminində ölkənin bütün formalaşmış kadr poten­sialına və sosial-iqtisadi bazaya qarşı təqiblər geniş tətbiq edilirdi. Belə bir vəziyyətdə cəmiyyətdə Heydər Əliyev şəxsiyyətinə, onun tarixi xidmətlərinə yeni dəyərlər əsasında yanaşılmasına və qiymətləndirilməsinə xüsusi ehtiyac hiss olunurdu.

Heydər Əliyevə qayıdış onun şəxsiyyətinə və ideyalarına inamın müstəqillik dövrünün milli məfkurəsinin vacib tərkib hissəsinə çevrilməsini nəzərdə tuturdu. Ötən əsrin 70-ci illərindən etibarən ölkəmizin ictimai-siyasi həyatının hərəkətverici qüvvəsi kimi çıxış edən Heydər Əliyev ideyaları Azərbaycan xalqının milli inkişaf kodek­sinin əsasları rolunu oynayırdı. Məhz bu dərin dövlətçilik məfkurəsi əsasında Azərbaycan Respublikası həmin dövrdə sürətli yüksəlişi təmin edə bilmiş, müstəqilliyin, bir növ, siyasi-iqtisadi təməli qoyulmuşdu.

Dövlət müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın ən bö­yük problemi olan Dağlıq Qarabağ münaqişəsinin başlaması, torpaqların erməni qəsbkarları tərəfindən işğalı və ölkədə vətəndaş qarşıdurması­nın başlaması ilə milli dövlətçiliyin itirilməsi təhlükəsinin yaranması idi. Bu mərhələdə yenidən Azərbaycanın siyasi həyatına rəhbərlik etməyə başlayan ulu öndəri ilk növbədə əsrlərlə yaşayacaqözünün adlandırdığı tarixi sərvətimiz olan milli dövlətçiliyimizi yaşatmaq, möhkəmləndirmək, ölkənin ərazi bütövlüyünü qorumaq və Azərbaycanı beynəlxalq birliyin bərabər hüquqlu bir üzvünə çevirmək kimi ciddi tarixi sınaq­lar qarşılayırdı.

Böyük siyasət adamı, dünya liderlərinin nüfuzlu şəxsiyət, dövlətçilik memarı adlandırdıqları ümummilli lider bu ağır mərhələləri öz peşəkar bilik, bacarıq və təcrübəsi ilə aradan qaldırdı və hər zaman qürur duyduğu, şah əsəri olan müstəqil Azərbaycan dövlətçiliyini qorudu, yaşatdı və biz nəsillərə ərmağan etdi.

İlk növbədə cəbhədə atəşkəsə nail olub, hər zaman arzuladığı güclü ordu yaradılmasına start verən Heydər Əliyev Ermənistan və onun havadarlarının beynəlxalq siyasi, diplomatik təzyiq ma­şınını darmadağın edərək, Azərbaycanı dünyanın və regionun əsas əməkdaşlıq və tərəfdaşlıq mərkəzinə çevirdi.

Azərbaycan xalqının ümummilli lideri tərəfindən aparılan siyasət nəticəsində Azərbaycan Qafqazın və Xəzər regio­nunun geosiyasətində əhəmiyyətli rol oynamağa başlamışdır. Azərbaycan yalnız neftqaz ehtiyatlarına görə deyil, həmçinin Qara və Xəzər dənizləri regionunda tutduğu mövqeyə görə ABŞ, AvropaAsiya dövlətlərinin maraq­larının kəsişdiyi geosiyasi mərkəzə çevrilmişdir. Neftqaz ehtiyatlarının işlənməsi, həmçinin onların dünya ba­zarlarına ixracı üzrə nəhəng layihələrin həyata keçirilməsi sayəsində Xəzər regionu XXI əsrdə dünyanın əhəmiyyətli regionlarından birinə çevrilmişdir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən aparılan müdrik siyasət sayəsində 20 sentyabr 1994-cü ildə “Xəzərin Azərbaycan sektorunda yerləşən Azəri, Çıraq və Günəşli (dərin hissəsi) yataqlarının (AÇG) işlənməsi və hasilatın pay bölgüsü” üzrə birinci saziş imzalandı. Sonralar bu saziş “Əsrin müqaviləsi” adı ilə tanındı. Bu saziş xarici şirkətlərə Azərbaycanda yeni sazişlərin imzalan­ması üçün geniş yol açdı. Bu sazişlərin Azərbaycan Respublikasına və onun vətəndaşlarına nələr vəd etdiyi barədə Prezident İlham Əliyev belə deyib: “Son illərdə həyata keçirilən neft strategiyası bu yolun düzgün olduğunu bir daha sübut etdi. Amma bu heço demək deyil ki, biz gələcəyimizi də yalnız neftlə bağlamaq istəyirik. Neft faktoru bizim üçün vasitədir. Müstəqilliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımı­zın gücləndirilməsi istiqamətində bir vasitədir. Yəni biz bu vasitədən istifadə edirik.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə bağlanmış bu müqavilə Azərbaycan xalqının rifah halının yax­şılaşdırılmasında yeni dövrün əsasını qoydu”.

Bu gün ulu öndərin neft strategi­yası Azərbaycanın dövlət başçısının rəhbərliyi altında uğurla davam etdirilir. Məhz bu strategiyanın müvəffəqiyyətlə həyata keçirilməsinin nəticəsidir ki, hazırda Azərbaycanda neft yataq­larının işlənməsi üzrə beynəlxalq münasibətlərin inkişaf etmiş sistemi formalaşıb. Milli neft strategiyasının uğurlarının nəticəsi olaraq Azərbaycanın regionun lider dövləti, eləcə də regionalqlobal iqtisadi layihələrin aparıcı iştirakçılarından biri kimi tanınmasına şərait yaranıb. Bu gün ölkəmizdə əldə edilən bütün iqtisadi uğurların başlan­ğıcında məhz milli neft strategiyası, bu strategiyanın ilk şanlı səhifəsini və təməl daşını isə məhz "Əsrin müqaviləsi" təşkil edir.

Azərbaycan vətəndaşlarının ən mü­hüm problemləri ulu öndəri hər zaman düşündürmüşdür. Bu xüsusda ən ciddi amil isə milli-mənəvi dəyərlərimizin inkişafı məsələsi idi. Tarixi təcrübə sübut edir ki, dövlətin inkişafında ən aparıcı vasitə insan və mükəmməl kadr poten­sialıdır.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev sağlığında təhsil sahəsini də daimi diqqətində saxlamış, müəllimlərə böyük hörmətlə yanaşmış­dır. Bu üzdən təhsil işçiləri də ümummilli lider Heydər Əliyevə öz sevgilərini daimi nümayiş edirirlər.

Görkəmli ictimai-siyasi xadim Heydər Əliyev insan, vətəndaş hü­quq və təhlükəsizliyini cəmiyyətdaxili münasibətlərin güzgüsü hesab edir, bu prinsipləri özünün siyasi təcrübəsində və dövlət idarəçiliyində tətbiq etməyə çalışırdı. Ümummilli lider yeni, müasir siyası dövlət idarəemə mədəniyyətinin bütün istiqamətlərini də çox asanlıqla müəyyən etdi. Buraya bazar iqtisadiyya­tı, plüralizm, demokratiya, milli-mənəvi irsin qorunması, enerji təhlükəsizliyi kimi mühüm aktual sosial-siyası mexanizmlərin sistemli, funksional fəaliyyəti daxil idi. Bu siyasi idarəetmə sistemi isə həm də, yeni siyası mədəniyyəti labüd edirdi.

Azərbaycanda siyasi mədəniyyət plüralizmin geniş spektrini əhatə edərək ulu öndərin ideya və real fəaliyətləri ilə formalaşmışdır. Hələ vaxtilə Heydər Əliyevin siyasi mədəniyyət, vətəndaş cəmiyyəti quruculuğu uğrunda et­diyi çağırışlar və apardığı siyasət Azərbaycanda müasir demokratik, açıq və plüralist cəmiyyətin formalaşmasını surətləndirdi.

Sovet totalitarizmindən çıxmış müstəqil Azərbaycan cəmiyyətinin yeni siyasi mədəniyyəti formalaşmağa başladı. SSRİ-nin dağılması prosesində ən gərgin şəraitlərlə üzləşmiş Azərbaycanda siyasi mədəniyyət məhz ulu öndərin sayəsində sabit şəkil aldı.

Azərbaycanda siyasi mədəniyyətin, onunla bağlı olan siyasi dialoq və milli həmrəylik komponentlərinin formalaşması prosesində ümummilli lider Heydər Əliyevin nəzəri və prak­tiki siyasi fəaliyyəti həlledici olmuş­dur. Əsasən, Azərbaycanın yenidən müstəqillik əldə etməsindən sonra formalaşan milli dövlətçilik dəyərləri azərbaycançılıq kontekstində özünün fərqli xüsusiyyətləri ilə seçilir.

Azərbaycançılıq məfkurəsi milli, etnik, siyasi və sosial mənsubiyyətindən asılı olmayaraq, hər bir azərbaycanlının Azərbaycana və dövlətimizə olan sevgi, məhəbbət və kökdən bağlılığın gündəlik həyat norması və fəaliyyət strategiya­sıdır.

Ümummilli lider müasir Avropanın irəli sürdüyü və dövlətlər üçün tövsiyə olaraq formalaşdırmaq istədiyi “xalq, millət anlayışının getdikcə cəmiyət anlayışı ilə əvəzlənməsi” prinsiplərini hələ 26-27 il əvvəl irəli sürərək, va­hid Azərbaycan cəmiyyəti fəlsəfəsini yaratdı.

O məfkurə ki, qısa bir müddətdə Azərbaycan cəmiyyətinin bütövlüyü­nü, sabitliyini, monolitliyini və davamlı inkişafını təmin etdi və bu nəzəri-praktik politoloji fikrin yaradıcısı məhz Heydər Əliyevdir.

Müasir dövrdə siyasi və sosial inki­şaf yolu keçən ölkələr üçün bir etalon ola biləcək bu vahid cəmiyyət ideyasını ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyev 44 günlük Vətən müharibəsində dəmir yumruğunun gücü ilə ulu öndərimizin vəsiyyət etdiyi Böyük Zəfəri bizə yaşat­dı.

Budur məhz Böyük Heydər Əliyev məktəbi, tarixi ümummilli lider ideyaları­nın yenilməzliyi.

 

Asif ƏSGƏRLİ,

 

YAP İdarə Heyətinin üzvü

 

Xalq qəzeti .- 2022.- 8 may.- S.7.