Tarix yaradan müdrik şəxsiyyət

 

Liderin vəzifəsidir dövləti qorumaq, liderin vəzifəsidir xalqla bir yerdə olmaq. Ən ağır, ən çətin anlarda lider qabaqda olmalıdır, Heydər Əliyev kimi. O, hər birimiz üçün nümunədir.

 

İlham ƏLİYEV

 

Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycan beynəlxalq müstəvidə güclü və nüfuzlu dövlət, ictimai-siyasi sabitliyin və davamlı inkişafın təmin olunduğu ölkə kimi tanınır. Ölkəmizin inkişafının, əldə etdiyi nailiyyətlərin əsasında uğurla, uzaqgörənliklə reallaşdırılan praqmatik daxilixarici siyasət kursu dayanır. Heç şübhəsiz, müasir müstəqil Azərbaycan dövləti hazırkı inkişaf mərhələsinə asan yolla çatmayıb. Tarixin müxtəlif dönəmlərində ayrı-ayrı problemlər və situasiyalarla qarşılaşan Azərbaycan xalqı əzmkarlıq və birlik nümayiş etdirərək, dövlətçilik ənənələrimizin əbədiliyinə, müstəqil Azərbaycanın tərəqqisinə nail olub. Şübhəsiz, bütün bu tariximisilsiz nailiyyətlərin əldə edilməsində lider faktoru əvəzolunmaz rol oynayıb.

Təbii ki, hər kəsə tarixin yaddaşına köçmək, əbədi yaşamaq haqqı qazanmaq nəsib olmur. Bunun üçün fitri istedada malik olmaq, Tanrının bəxş etdiyi ömrü xalqının yaxşı yaşaması yolunda şam kimi əritmək lazımdır. Bəli, Heydər Əliyev bir çox cəhətlərinə görə nadir tarixi şəxsiyyət kimi yaddaşlara həkk olunub. Ən başlıcası isə odur ki, ümumilli liderimiz ömrünü xalqının azadlığı, istiqlalı, Vətəninin müstəqilliyi, insanların xoşbəxt, təhlükəsiz, rahat yaşaması naminə apardığı mübarizəyə həsr etdi və başladığı haqq-ədalət mübadiləsini zəfərlə başa çatdırdı.

Qədim tarixə, dövlətçilik ənənələrinə, zəngin mədəniyyətə malik olan xalqımız əsrlər boyu yadellilərin işğalçılıq siyasətinin qurbanına çevrilərək, böyük əzab əziyyətlə üzləşmişdir. 1969-cu ildə ulu öndərimiz Heydər Əliyev respublikamıza rəhbərliyə gəldiyi gündən Azərbaycanın müstəqilliyi, xalqımızın öz haqqına sahib çıxması ugrunda mübarizəyə başlamış və bu işi böyük uzaqgörənliklə aparmışdır. Müstəqilliyimizin ilk illərində ümumilli liderimizin siyasi hakimiyyətdən kənarda qalması Azərbaycanı ciddi təhlükələrlə üz- üzə qoydu ki, bunun da başlıca səbəbi səriştəsiz, şəxsi maraqları hər şeydən üstün tutan insanların ən ali vəzifələrdə təmsil olunması idi. Lakin müdrik Azərbaycan xalqı baş verən hadisələrə biganə qalmayaraq, öz liderinə qovuşmaq üçün bütün imkanları səfərbərliyə aldı. Nəticədə, xalqımızın iftixarı, qüruru, əvəzedilməz tarixi şəxsiyyət Heydər Əliyev yenidən Azərbaycan rəhbərliyinə gəldi və bununla da böyük uğurların əsası qoyuldu. Xalqın çoxsaylı xahiş, təkidi ilə siyasi hakimiyyətə qayıdan ümumilli liderimiz Azərbaycanı təhlükələrdən, parçalanmaq, yenidən hansısa ölkənin müstəmləkəsinə çevrilmək qorxusundan xilas etdi. Heydər Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimiz çox böyük uğurlar qazandı. Uzaqgörən siyasəti xadim Azərbaycanın sürətli, hərtərəfli və uzunmüddətli inkişaf strategiyasını hazırladı.

Ümummilli lider Azərbaycanı vətəndaş müharibəsindən – qarşıdurmadan, tənəzzül və məhv olmaq təhlükəsindən xilas edərək dirçəliş yoluna çıxardı. Beləliklə, Azərbaycanı parçalamaq, forposta çevirmək və öz korporativ maraqları əsasında idarə etmək istəyənlər bu çirkin niyyətlərinə çata bilmədilər. Bölücülərlə yanaşı, onlara havadarlıq edənlər Azərbaycanda ulu öndər Heydər Əliyevin yaratdığı milli birliyə məğlub oldular.

 

Bir məqama xüsusi olaraq nəzər salmaq lazımdır. Belə ki, ölkəmizdə hökm sürən xaotikanarxik meyillərin neytrallaşdırılmasında, mürəkkəb siyasi-hüquqi kataklizmlərin qarşısının alınmasında və ictimai-siyasi sabitliyin əldə edilməsində Heydər Əliyevin liderlik keyfiyyətləri birinci dərəcəli amil kimi xüsusi rol oynamışdı. Ulu öndər Azərbaycan xalqının xilaskarı olmasını ölkəmizin müstəqilliyini qoruyub- saxlamaqlayeni inkişaf üfüqləri açmaqla sübut etdi. Məhz bütün bu hadisələrin təhlili belə qənaətə gəlməyə imkan verir ki, bugünədək əldə etdiyimiz nailiyyətlərin kökündə bilavasitə Heydər Əliyev siyasətinin dayanması tarixi gerçəklikdir.

Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi illər ölkəmizdə sabitlik və inkişaf dövrü kimi tarixə düşüb

Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində Milli Ordu yaradıldı, sosial-iqtisadi inkişafa, möhkəm əsaslara söykənən sabitliyə nail olundu. Tarixdən məlumdur ki, ordu dövlətin suverenliyi və ərazi bütövlüyünü təmin etmək üçün əsas qüvvə olaraq dövlət quruculuğunun tərkib hissələrindən biridir. O da məlumdur ki, Azərbaycanın zəngin dövlətçilik tarixində güclü ordunun yaradılması hər zaman prioritet məsələlərdən olub. Müasir Azərbaycan dövlət müstəqilliyinin bərpasına 1991-ci ildə nail olsa da, vahid komandanlığa əsaslanan nizami və mütəşəkkil, ən əsası müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yarana biləcək hər hansı təhdidin qarşısını almağa qadir ordunun yaradılması ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Bu mənada fəxrlə deyə bilərik ki, ümummilli liderin rəhbərliyi ilə dövlətçilik ənənələrimizə söykənərək, 1993-cü ildən ölkəmizdə həyata keçirilən dövlət quruculuğunun ən şərəfli və parlaq səhifələrindən biri bu gün artan və qüdrətlənən gücü ilə qürurlandığımız rəşadətli Azərbaycan Ordusudur.

Heydər Əliyev hakimiyyətdə olduğu illərdə Azərbaycan Ordusunu və onun formalaşması prosesini daim diqqət mərkəzində saxladı. Hələ Sovetlər dönəmində ulu öndərin uzaqgörənliyi sayəsində Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması ilə gələcəkdə müstəqil Azərbaycanın Milli Ordusunun formalaşması üçün kadr probleminin həlli yolunda mühüm addım atıldı.

Aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycanın beynəlxalq aləmdə mövqeləri möhkəmləndi. 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsinin imzalanması və onun gerçəkləşdirilməsi dahi öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanmışdır ki, bu da müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.

Azərbaycanın müasir inkişaf tarixi dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Yeni Azərbaycanın yaradıcısı kimi tarixə düşən Heydər Əliyevin siyasi irsi bugünkü uğurlarımızın əsasını təşkil edir. Onun ictimai-siyasi və dövlət xadimi kimi xalqımız qarşısında ən böyük xidməti ondan ibarət olmuşdur ki, hələ sovet dövründə Azərbaycan Respublikasının gələcək müstəqilliyinin iqtisadi əsaslarını yaratmışdır. Müstəqilliyimizin ilk illərində isə dövlətçiliyimiz üçün təhlükə yarananda xarici qüvvələrin, daxildəki əlaltıların pozuculuq fəaliyyətinin təxribatlarının qarşısını ala bilmişdir. Sonrakı dövrdə ölkəmizdə sabitliyi və əmin-amanlığı formalaşdırmış, Azərbaycanın güdrətli bir dövlətə çevrilməsini şərtləndirən misli görünməmiş yenidənqurma və quruculuq işlərini həyata keçirmişdir.

“Nə qədər ki, Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam”– deyən ümumilli liderin hazırladığı mükəmməl strategiya ölkənin iqtisadi inkişaf potensialının hərəkətə gətirilməsi, mövcud təbii sərvətlərin hər bir vətəndaşın mənafeyinə xidmət etməsi üçün ciddi əsaslar formalaşdırır, cəmiyyətin siyasi-hüquqi cəhətdən təkmilləşdirilməsinə, dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə şərait yaradırdı.

Beləliklə, Heydər Əliyev zəmanəmizin ən böyük şəxsiyyəti kimi tarixə düşdü. O, tarixə düşməklə yanaşı, həm də şərəfli bir tarix yazdı. Xalqımızın azadlığı, istiqlalı, Azərbaycanın müstəqilliyi, inkişafı yolunda əzmlə, fədakarlıqla mübarizə apardı. Şərəfli, mənalı ömür yolu keçdi. Bütün ömrünü xalqın yaxşı yaşaması, ümumiyyətlə, dinindən, dilindən, siyasi baxışlarından, milliyətindən asılı olmayaraq, bütün insanlara eyni münasibət bəslənilməsi üçün apardığı mübarizəyə həsr etdi. O, təkcə Azərbaycanda deyil, bütün dünyada insanlara ən böyük dəyər verən şəxsiyyət kimi tarixə düşdü. Humanist, qayğıkeş, hər kəsə layiq olduğu qiyməti verməyi bacaran insan kimi tanındı.

“Mən gələcək nəsillərə çox güclü, güdrətli, iqtisadi cəhətdən inkişaf etmiş Azərbaycan qoyub getmək istəyirəm”– deyən Heydər Əliyev dediyi sözə əməl etdi. Ulu öndərə həm də ona görə minnətdarıq ki, o böyük zəhmət hesabına qurduğu müstəqil Azərbaycanın və onun vətəndaşlarının, dünya azərbaycanlılarının xoşbəxt gələcəyinin təminatçısı ola biləcək İlham Əliyev kimi güclü bir siyasətçi yetişdirdi. Onaonun timsalında Azərbaycanın xoşbəxt gələcəyinə inandı.

Son illər ölkəmizdə qazanılan uğurların fonunda bu inamın, etimadın doğrulduğunun şahidiyik. Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin davamlı inkişafının təmin edilməsi ümumilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasətin uğurla davam etdiyini göstərir. Belə ki, Azərbaycan çox böyük nailiyyətlər qazandı. Ölkəmiz bir çox sahələrdə, xüsusilə, iqtisadi inkişafda regionun lideri oldu. Qazanılan uğurlar ilbəil artdı.

 

Bugünkü azad, demokratik, güclü və güdrətli Azərbaycan xalqımızın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu siyasətin bəhrəsidir. Azərbaycan tarixinin şanlı səhifələrini yazan ulu öndərin keçdiyi həyat yolu bizə və gələcək nəsillərə əvəzsiz nümunədir.

 

Kamilə ƏLİYEVA,

 

Milli Məclisin deputatı, BDU-nun professor

 

Xalq qəzeti.- 2022.- 8 may.- S.7.