Azərbaycanın dövlət müstəqilliyini qoruyan və əbədiləşdirən lider
Çoxminillik tariximizin ən böyük
azərbaycanlısı olan ümummilli lider Heydər
Əliyevin zəmanəmizin canlı salnaməsinə çevrilmiş həyat və fəaliyyətini
çoxsaylı məqalələr, cild-cild
kitablar, silsilə filmlər hələ də
tam əhatə etmir.
Yaxşı deyiblər ki, insan
dağdan uzaqlaşdıqca, onun ümumi mənzərəsini
daha yaxşı görür.
Böyük rəhbər Heydər
Əliyevin uca şəxsiyyəti, nurlu obrazı da məhz
belədir– illər keçdikcə daha əzəmətli
və möhtəşəm görünür.
Bu sətirləri
yaza-yaza mən dünya şöhrətli siyasət və
dövlət xadimi Heydər Əliyevlə bir dövrdə
yaşamağımı və onun sərəncamları ilə
məsul vəzifələrdə işləməyimi talenin ən
yüksək töhfəsi kimi məmnunluqla
düşünürəm. Bu nəhəng
tarixi şəxsiyyətlə dəfələrlə
görüşüb söhbətlər
etdiyimə görə bir daha
fəxarət hissi duyuram
və həmişə ürəyimdən bir
göynərti keçir: “Kaş o böyük
insan yenə bizimlə olaydı, Azərbaycanda
aparılan indiki quruculuq
işlərini görəydi, şəxsiyətinə, zəkasına,
bacarığına inanaraq siyasi varis kimi
yerində qoyub getdiyi Oğul İlham Əliyevlə
bizim kimi bir daha qürur
duyaydı, siyasi fırtınalardan xilas edib dirçəltdiyi
müstəqil Azərbaycan dövlətini onun necə inkişaf etdirdiyini görəydi!”
Yeri
gəlmişkən, düşünürəm ki, dillər əzbərinə
çevrilmiş “layiqli davamçı” ifadəsi Ata vəsiyyətinə
sadiq qalaraq daha geniş miqyasda qurub-yaradan siyasi varis Prezident
İlham Əliyevin tarixdə yeni intibah kimi qalacaq işinə-əməlinə–
liderlik fəaliyyətinə verilən ümumxalq qiymətidir,
xalqın “göz tərəzisinin” doğru-düzgün
göstəricisidir.
Ümummilli
lider Heydər Əliyevin ürəyi həmişə xalqına,
vətəninə sevgi ilə döyünmüşdür. Mən
düz 30 ildir həmin
ürək döyüntüləri haqqında bildiklərimi
bacardığım qədər xalqımıza
çatdırmaq üçün səy
göstərirəm. Amma Böyük
öndərin ürək “döyüntülərini” hələ
1969-cu ildən başlayaraq duymuşam, görmüşəm. Onda cəmi 19 yaşındaydım. Qələmim
respublika mətbuatına təzəcə
yol açırdı. O zamandan
bir qəzetçi kimi
Heydər Əliyev haqqında yazmağa
başlamışam, yəni son 30 ildə
yazdıqlarımın bünövrəsi o
zamandan qoyulmuşdur.
İndi
çox gözəl xatırlayıram, Kremlin Qurultaylar sarayında
Heydər Əliyev məruzə edəndən sonra,
bütün salon ayağa qalxaraq, onu sürəklə
alqışlamağa başladı. Bu
alqışların ardı-arası kəsilmirdi. Məhz onda ürəyim dağa dönür, bir azərbaycanlı
kimi qəlbim köksümə
sığmırdı. Yetkin şəxsiyyət,
şahanə görkəm, gözəl nitq,
son dərəcə mənalı fikirlər,
böyük zəka məni heyran etdi. Onda
hələ bilmirdim ki,
vaxt gələcək bu
böyük İnsanla
mən yaxından tanış olacağam,
partiya və dövlət
quruculuğundakı kiçik töhfələrimlə
onun rəğbətini qazanacağam.
Bəri başdan qeyd etdim ki, sadə bir jurnalist kimi az-çox məni tanıyırdılar. Amma Azərbaycan cəmiyyətinə məni təqdim edən Heydər Əliyev olmuşdur. Məhz onun ölkəmizə rəhbərlik etdiyi dövrdə Yeni Azərbaycan Partiyasının quruculuğunda iştirak etmişəm. “Yeni Azərbaycan” qəzetinin baş redaktoru olmuşam, Milli Məclisə deputat seçilmişəm, Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsinə təyin olunmuşam. Demək istəyirəm ki, kənd müəllimi ailəsində dünyaya göz açmışam, sadə bir həyat tərzi keçirmişəm. Lakin Heydər Əliyevin diqqəti və qayğısı ilə həyatımda yaddaqalan uğurlara imza atmışam.
Həmişə
fikirləşirəm, görəsən, Heydər Əliyev həyatı
boyu nə qədər mənim kimi insanlara kömək edib, nə
qədər insanlara atalıq qayğısı göstərib?!
Bircə onu bilirəm ki, onların sayı-hesabı yoxdur.
Heydər Əliyev təkcə ayrı-ayrı insanları
himayə etməyib, bütün Azərbaycana
arxa-dayaq olub, bizə
Azərbaycan adlı müstəqil və güclü
dövlət qoyub gedib.
Başı bəlalər çəkmiş millətimiz əsrlər
boyu belə bir
dövlətin qurulmasını arzulayıb. O dövlətin ki, indiki kimi
bütün dünyada
tanınmış olsun. Bayraqlar
içində bayrağımız dalğalansın – necə ki, 30 ildən çoxdur ki, dalğalanır! Ölkəmizdə yaşayan insanlar öz müstəqil dövlətləri ilə
fəxr edirlər. Bu uca
duyğular millətimizin qəlbinə əbədi
hakim kəsilib!
Zəmanəmizdə
Heydər Əliyevin adı Azərbaycan xalqının rəmzinə
çevrilmişdir. Onun keçdiyi ömür yolu doğma torpağa məhəbbət və sədaqətdən
yoğrulmuşdur. Heydər Əliyev Azərbaycan
xalqını yeni minilliyə, XXI
yüzilliyə, qloballaşma əsrinə
hazırlayıb çatdıran qüdrətli ümummilli liderdir. Onun möhtəşəm siyasi
və dövlətçilik fəaliyyəti respublikaya
ilk dəfə rəhbərlik etdiyi 1969–1982-ci illərdən
başlamışdır. Bu dövr sovet epoxası tariximizin iqtisadi, siyasi, mədəni və mənəvi yüksəliş
illəri kimi qiymətləndirilir. Böyük
öndərin həmin dövrdə Azərbaycana rəhbərlik
etməsi xalqımızın milli mənlik
şüurunda oyanışa səbəb oldu, onun siyasi
uzaqgörənliyi və müdrikliyi Azərbaycanın
gələcək dövlət müstəqilliyi üçün əsaslı zəmin
yaratdı.
O illərdə
Azərbaycanda ittifaq əhəmiyyətli bir sıra sənaye
müəssisələri tikilib istifadəyə verildi,
iqtisadiyyat, mədəniyyət, elm və digər sahələr
inkişaf etdirildi, gələcək üçün
mühüm layihələr işlənib hazırlandı. Sonralar Heydər
Əliyevin Sov.İKP
MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti
sədrinin birinci müavini
olarkən respublikamıza göstərdiyi xüsusi
diqqət və qayğısı nəticəsində ölkəmiz
daha daha inkişaf etdi. Azərbaycana
qarşı düşmənçilik mövqeyi
tutan qüvvələrin niyyətlərinin
gerçəkləşməsinə imkan
verilmədi.
1987-ci
ildə dünya şöhrətli siyasət və dövlət
xadimi Heydər Əliyevin SSRİ rəhbərliyindən
uzaqlaşdırılması Azərbaycanın tarixi faciələrinə
səbəb oldu. Qondarma
“Dağlıq Qarabağ problemi”
ortaya atıldı. Ermənistan ərazisində
yaşayan azərbaycanlılar öz doğma
torpaqlarından vəhşicəsinə qovuldular.
Azərbaycana qarşı mənfur planlar
həyata keçirildi. Məkrli
Sumqayıt hadisələri törədildi. 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə
Bakıya sovet qoşunlarının
yeridilməsi nəticəsində çoxsaylı dinc insan amansızlıqla
qətlə yetirildi.
Həmin
dövrdə Moskvada yaşayan ümummilli lider Heydər
Əliyev bütün təqib və təzyiqlərdən
çəkinməyərək Moskvada Azərbaycanın daimi
nümayəndəliyinə gəldi, bu misilsiz cinayəti
törədənləri kəskin tənqid etdi. Heydər Əliyevin həmin
çıxışı xalqımızı, sanki,
hamılıqla oyatdı, millətimiz tək
olmadığını, onun arxasında
Heydər Əliyev kimi görkəmli bir siyasətçinin, şəxsiyyətin
dayandığını bir daha gördü və gələcəyə
ümidlə baxdı. Respublikada səriştəsiz,
cəsarətsiz, mənsəbpərəst rəhbərliyin
olduğunu yəqin edən millətimiz
Heydər Əliyevin hakimiyyətə qayıtmasını
arzuladı. Bütün millətimiz düşündü ki,
Azərbaycan xalqını üzləşdiyi ağır bəlalardan
yalnız Heydər Əliyev qurtara bilər.
Belə düşüncələrlə gələcəyə ümidlə baxanlardan biri də mən idim. Qəlbimdəki ədalət hissi bir daha baş qaldırmışdı. O zamankı kommunist mətbuatında Heydər Əliyevə qarşı başlanan çirkin kompaniyaya qarşı mübarizəyə qalxdım, bacardığım qədər bu böyük insana, millət atasına atılan böhtan və iftiraları məqalələrimlə təkzib etməyə başladım.
Nəhayət,
ittifaq və respublika rəhbərliyinin yaratdığı
bütün maneələrə, çətinliklərə
baxmayaraq, 1990-cı ildə Heydər Əliyev Bakıya gəldi
və doğma Naxçıvana getdi. Bütün
əhalinin istəyi və dəstəyi ilə Heydər
Əliyev Azərbaycan və Naxçıvan parlamentlərinin
deputatı seçildi. Sonra
o, Muxtar
Respublikanın Ali Məclisinin sədri oldu. Onda mən də tez-tez Naxçıvana gedir,
Heydər Əliyevlə görüşürdüm.
Görürüdüm ki,
Heydər Əliyevə xalq sevgisi hüdudsuzdur.
O
zaman xəyanətkar Ermənistanla dərinləşən
münaqişə ilə əlaqədar Naxçıvanı
Azərbaycanın əsas hissəsi ilə bağlayan nəqliyyat
yolları kəsilmişdi. Muxtar respublika Azərbaycandan təcrid
olunmuş vəziyyətdə, blokada şəraitində yaşayırdı.
Heydər Əliyev Naxçıvanı ağır vəziyyətdən
çıxarmağa çalışır, əhalinin normal fəaliyyətini təmin etmək üçün gecəsini-gündüzə
qatırdı və xalq üçün
böyük işlər görürdü.
Naxçıvan əhalisi isə böyük
mərdlik və mübarizlik göstərirdi.
Beləliklə, muxtar respublikanın erməni
işğalı təhlükəsinin qarşısı
alındı, Naxçıvanın muxtariyyət statusu qorunub saxladı.
Respublikamızda
vəziyyətin getdikcə
ağırlaşdığını görən
ziyalılar, ağsaqqallar, sadə əmək adamları
Naxçıvana, Heydər Əliyevin yanına gedərək
ondan hakimiyyətə qaytımağı xahiş etməyə
başladılar. Nəhayət, 1992-ci ilin
oktyabrında Heydər Əliyevə Bakıdan 91 nəfər
ziyalının imzası ilə tarixi
müraciət göndərildi. Həmin sənədi imzalayanlardan biri də mən
oldum. “91-lər” Heydər Əliyevin rəhbərliyi
ilə yeni bir
partiyanın yaradılmasını istəyirdilər. Ulu öndərin
Azərbaycanın xilası naminə, xalqın mütəşşəkil
tələbi və istəyi ilə YAP-a rəhbərlik
etməyə razılıq verməsi onun böyük siyasətə
qaydışının əsasını qoydu.
1992-ci il noyabrın 21-də
Naxçıvan şəhərində Yeni
Azərbaycan Pariyasının təsis konfransı keçirildi və böyük
dövlət xadimi Heydər Əliyev
partiyanın sədri seçildi.
Əlbəttə, YAP-ın təsis konfransında mən də iştirak edirdim. Yaxşı yadımdadır, Heydər Əliyev mənə İdarə Heyətinin üzvü olmağı təklif etdi. Mən İdarə Heyətinin tez-tez iclasları olacağından, jurnalist kimi həmin iclaslara qatıla bilməyəcəyimdən ehtiyat etdiyimi partiyanın sədrinə – Heydər Əliyevə bildirəndə o, dedi: “Onda səni siyasi şuranın üzvü edərik”. Belə də oldu. Mən düz 28 il YAP-ın Siyasi Şurasının üzvü olmağımla qürur duyuram.
Tarix boyu dövlət və cəmiyyət həyatında müəyyən rol oynayan, demokratik, hüquqi, dünyəvi dövlətçiliyin əsas atributlarından sayılan siyasi partiyalar, adətən, obyektiv zərurətdən və milli tələbatdan yaranmışdır. Müstəqilliyə yenicə qədəm qoymuş Azərbaycanda milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi müqəddəs amalı özünün siyasi idealı, əsas strateji xətti seçən YAP-ın yaranması da tarixi zərurətdən, o illərdə mövcud olmuş ideoloji-siyasi durumun doğurduğu obyektiv şəraitdən irəli gəlmişdir.
Ulu
öndər Heydər Əliyev ideyalarının
daşıyıcısı olan bir partiyanın siyasi səhnəyə
vəsiqə alması həm də 1988-ci ildən
başlayaraq respublikada cərəyan edən hadisələrin
yekunu, ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Azərbaycanda siyasi qurumların
formalaşması prosesi 80-ci illərin sonundan xalq hərəkatının
gedişində başlamış, çox
keçmədən bir sıra siyasi təşkilatlar meydana
çıxmışdı. Lakin
yaradılan həmin qurumlar ölkəni düşdüyü ağır iqtisadi-siyasi, mənəvi böhrandan
qurtara bilmədi, əksinə, hakimiyyətdə
olan və bir-birini əvəz
edən siyasi qüvvələr respublikada vəziyyəti daha
da ağırlaşdıraraq təhlükəli
böhran vəziyyətinə
çatdırdı.
Ölkəni
bürümüş dərin siyasi-iqtisadi, sosial gərginlik
xalqın qabaqcıl hissəsi olan ziyalıları,
tanınmış insanları son dərəcə narahat
edirdi. Məhz ona görə də
Azərbaycanın taleyini düşünən
insanlar ölkəni böhrandan
çıxara biləcək yeni bir partiya yaradaraq
xalqın sınanmış lideri Heydər
Əliyevin ətrafında birləşmişdilər. YAP-ın yaranması xalqın istək və
arzularının təcəssümü, yekdil
iradəsinin ifadəsi kimi tarixi
reallıqdan irəli gəlmiş, vətənpərvərlik,
əqidə birliyi, dövlət müstəqilliyi
və suverenlik, azərbaycançılıq
ideyalarının möhkəm təməli üzərində
qurulub inkişaf etmişdir.
YAP-ın
qısa müddətdə cəmiyyətədə həlledici
çoxluq tərəfindən idarə etməyə qadir
alternativsiz qüvvə kimi qəbul olunması da məhz ulu
öndər Heydər Əliyevin fenomenal liderlik və
müdrik idarəçilik keyfiyyətləri ilə şərtlənmişdir.
1993-cü ilin məlum iyun böhranı zamanı ölkənin
taleyinə biganə olmayan insanlar yaxşı başa
düşürdülər ki, Azərbaycanı sürətlə
fəlakətə sürükləyən məkrli
planların qarşısını almağa, düçar
olduğu bəlalardan qurtarmağa qadir yeganə şəxsiyyət
məhz Heydər Əliyevdir.
Ümummilli
lider Heydər Əliyevin iyun ayının 15-də Azərbaycan
Respublikası Ali Sovetinin sədri seçilməsi ölkədəki
kütləvi inamsızlıq, xaos və hərc-mərclik
mühitinin aradan qalıdırlması siyasi gərginliyin tədricən
azalmasına və sözün həqiqi mənasında,
xalqın böyük flakətlərdən qurtulmasına real
zəmin yaratmışdır. Məhz bu xilaskarlıq misiyasının nəticəsi
kimi Azərbaycan xalqı 1993-cü ilin oktyabrında ölkə parlamenti
sədri, YAP lideri Heydər Əliyevə etimad göstərərək onu
özünün layiqli
rəhbəri seçmiş, müdrik liderinin rəhbərliyi
altında davamlı və dönməz inkişaf
yoluna qədəm qoymuşdur.
İctimai-siyasi
sabitliyi təmin edən böyük strateq Heydər Əliyev
özünün zəngin idarəetmə bilik və təcrübəsi
əsasında Azərbaycanın yeni dövr üçün
iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirmiş,
bu sahədə mövcud problemlərin həlli
yollarını dahiyanəliklə göstərmişdir. Ümummilli lider mərkəzi
planlaşdırma və inzibatçılıq prinsiplərinin
hakim olduğu bir ictimai-iqtisadi formasiyadan azad bazar iqtisadiyyatına optimal
keçid modelini irəli
sürərək, onun həyata
keçirilməsinə çalışmışdır.
Ulu
öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi
qarşısında böyük xidmətlərindən biri
yeni neft strategiyasını hazırlayaraq həyata keçirməsi
olmuşdur. 1994-cü ilin
20 sentyabrında “Əsrin müqaviləsi”nin
imzalanmasının milli
inkişafındakı misilsiz əhəmiyyəti
bugünkü intensiv
sosial-iqtisadi inkişaf
timsalında daha qabarıq görünür.
Bu strategiyanın həyata keçirilməsi
iqtisadi-sosial mənafe ilə
yanaşı, milli təhlükəsizlik
maraqlarının da təmin olunmasına
yönəlmişdir. Məhz bu strategiya nəticəsində Azərbaycan
dünyanın siyasi xəritəsində öz geostrateji mövqeyini möhkəmləndirə bilmiş, zaman-zaman qlobal məkanda gedən proseslərin istiqamətverici
subyektinə çevrilməyə nail olmuşdur.
Prezident Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında ən böyük xidmətlərindən biri də müstəqil respublikamızın ilk milli Konstitusiyasının yüksək demokratik meyarlar əsasında hazırlanması və ümumxalq səsverməsi yolu ilə təsdiq edilməsi olmuşdur. 1995-ci ilin 12 noyabrında qəbul edilmiş müstəqil Azərbaycanın Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını da dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır. Konstitusiyada hakimiyyət bölgüsü prinsipləri dəqiq əksini tapmış, zamanın tələbi ilə səsləşən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə fundamental hüquqi zəmin yaranmışdır.
1995-ci ildə Azərbaycanın parlamentinə keçirilən seçkilər isə dövlət müsəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar açmışdır. Bu hadisə dövlət müstəqilliyinin prioritet istiqamətlərini müəyyənləşdirmək və həyata keçirmək yolunda əsas istinad mənbəyi rolunu oynamışdır. Azərbaycanda aparılan hüquqi islahatlar respublikada sabitliyin və inkişafın təməl prinsipəlrinin müəyyənləşdirilməsini təmin etmişdir.
Ulu
öndər Azərbaycanın hüdudlarından kənarda
yaşayan soydaşlarımızın vahid ideologiya və
milli-mənəvi dəyərlər ətrafında birləşməsinə,
onların malik olduğu güclü potensialın ümummilli
problemlərin həllinə yönəldilməsinə xidmət
edən bir sıra tədbirlər həyata
keçirmişdir. Heydər Əliyev cəmiyyətin
bütövləşməsi, azərbaycançılıq
ideologiyasının milli həmrəyliyin
aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görmüş,
ümumxalq birliyinin dərin
politoloji və nəzəri əsaslarını
irəli sürmüşdür. “Hər
bir insan üçün milli mənsubiyyət
onun qürur mənbəyidir.
Mən həmişə fəxr etmişəm, bu
gün də fəxr edirəm ki, mən azərbaycanılyam”– deyən millət
atası bu amalı ilə Dünya
azərbaycanlılarının şəksiz siyasi-mənəvi
liderinə çevrilmişdir.
2001-ci il noyabrın 9–10-da Bakıda Heydər Əliyevin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin, həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyytinin gücləndirilməsi və əlaqələndirilməsi üçün yaxşı şərait yaratmışdır. Dünya azərbaycanlılarının həmrəyliyinə və yekdilliyinə nail olmaq yönündə görülən işlər Azərbaycanın dövlət siyasətinin tərkib hissəsinə çevrilmişdir.
Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra onun müdrik rəhbərliyi ilə dünyanın ən nüfuzlu dövlətləri ilə sıx tərəfdaşlıq münasibətləri qurulmuşdur. Ümumiyyətlə, Azərbaycan Respublikası dünyaınn bütün dövlətləri ilə dostluq, əməkdaşlıq münasibətləri qurmağa çalışır. Təsadüfi deyil ki, bu gün bütün dünya Azərbaycana böyük diqqətlə yanaşır, Yer kürəsinin müxtəlif bölgələrində baş verən hadisələr barəsində ölkə rəhbərinin rəyini dinləməyə çalışır. Müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində qazanılan böyük nailiyyətlərdən biri də ölkəmizin tam bərabərbər hüquqlu üz kimi Avropa Şurasına qəbul edilməsidir.
Ümumiyyətlə, ölkəmizin uğurlarının qazanılmasında bütün şüurlu həyatını xalqına, vətəninə həsr etmiş, mlli tariximizə qurucu və xilaskar rəhbər kimi daxil olmuş ümummilli lider Heydər Əliyevin xidmətləri misilsizdir. Bütün bunları müstəsna bir qədirbilənliklə dəyərləndirən xalqımız ulu öndərin anadan olmasının 99 illik yubileyini böyük təntənə ilə qarşılayır, onun ulu adını uca tutur, xatirəsinə sonsuz ehtiram bəsləyir. Azərbaycanın dövlət müstəqilliyini qoruyan və əbədiləşdirən lider kimi Heydər Əliyevin ideya və əməlləri daim bizimlədir!
Xeyrəddin QOCA,
yazıçı-dramaturq
Xalq qəzeti .- 2022.- 8 may.- S.8.