Milli mədəniyyətimizin himayədarı
Xalq bir çox xüsusiyyətləri ilə
tanınır, sayılır və dünya
xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi,
ən böyüyü mədəniyyətdir.
Heydər
ƏLİYEV
Ümummilli lider
Bu gün tarixə nəzər salarkən, əminliklə deyə bilərik ki, ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının taleyində, dövlətçiliyimizin tarixində əvəzolunmaz iz qoymuş, xidmətlər göstərmişdir. Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin. Musiqi, teatr, kino və xalça sənəti, heykəltaraşlıq, rəssamlıq bugünkü inkişafında ulu öndərin çox dəyərli ideyalarından bəhrələnib.
Hələ Sovet İttifaqı dövründə Heydər Əliyevin mədəniyyət sahəsində apardığı siyasətin əsasını hər zaman milli ənənələrin qorunub saxlanılması təşkil edirdi. Lakin yaxşı məlumdur ki, Azərbaycan mədəniyyəti tarixində elə bir dövr də olmuşdur ki, xalq yaradıcılığı, milli ənənələr diqqətdən kənarda qalmış, bunlara qarşı yad münasibət bəslənmişdir. Bütün bu neqativ halların hansı nəticələrə gətirib çıxardığını yaxşı dərk edən ulu öndər bunların qarşısını almağa var qüvvəsi ilə çalışmışdır. Respublikaya rəhbərliyi dövründə Heydər Əliyev musiqi, balet, teatr, kino sahəsində uğur qazanan istedadların ölkədən kənarda tanınması üçün məqsədyönlü tədbirlər həyata keçirmişdir. Həmin dövrdə Azərbaycan professional musiqi sənətinin görkəmli nümayəndələri Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin, Bülbülün, SSRİ Xalq artistləri Qara Qarayevin, Niyazinin, Fikrət Əmirovun, Xalq şairi Səməd Vurğunun, Xalq yazıçısı Mirzə İbrahimovun yubileylərinin təkcə Bakıda deyil, müxtəlif şəhərlərdə də təntənə ilə keçirilməsinə nail olmuşdur. Bununla yanaşı, dramaturgiyamızın banisi Mirzə Fətəli Axundovun, böyük dramaturq Cəfər Cabbarlının, SSRİ Xalq artistləri Şövkət Məmmədovanın, Mirzağa Əliyevin və onlarca başqa istedadlı sənətkarlarımızın, xanəndələrimizin eləcə də Azərbaycan mədəniyyətinin inkişafında xüsusi yer tutan ayrı-ayrı məbədlərin – Akademik Milli Dram Teatrının, Naxçıvan Dövlət Dram Teatrının, Azərbaycan Dövlət Rus Dram Teatrının, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin yubileyləri keçirilmişdir. Əlbəttə, bu sovet dövründə Azərbaycan mədəniyyətinin inkişafı üçün dəyərli töhfələr idi.
Nəhayət, XX əsrin ikinci yarısından başlayaraq Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoydu. Həm dövlət başçısı, həm də vətənpərvər şəxsiyyət kimi onun milli mədəniyyətə göstərdiyi diqqət, verdiyi dəyər bu sahədə yeni dövrün başlanğıcı kimi qiymətləndirilir. Xalqın mədəniyyətini böyük sərvət hesab edən ümumumilli lider onun milli-mənəvi dəyərlərinin qorunması, təbliği və yeni estetik düşüncəyə məxsus əsərlərin yaradılması üçün mümkün olan hər şeyi edirdi. O, var qüvvəsini Azərbaycanın yüksəlişinə həsr etmiş, respublikamızın hər yerində nəhəng quruculuq işlərinin təşəbbüskarı və memarı olmuşdur. Bütün sahələrdə olduğu kimi, onun dahiyanə uzaqgörənliyi, mükəmməl bilik və bacarığı mədəniyyət sahəsində də dərin və silinməz iz qoymuşdur.
Azərbaycan
mədəniyyətinin bütün sahələrinin sürətli
inkişafı və böyük nailiyyətləri Heydər
Əliyevin müstəsna xidmətlərinin nəticəsi
idi. Onun rəhbərliyi ilə Azərbaycanın müstəqillik
dövründə mədəni və ədəbi irsimizə,
təsviri sənətə, teatr, musiqi və kino sənətinə
qayğı əsaslı şəkildə
artmışdır. 1993-2003 illərdə göstərdiyi
yüksək liderlik keyfiyyətləri,
bacarığı, zəngin idarəçilik təcrübəsi
ilə müstəqil dövlətçiliyimizin qorunub möhkəmləndirilməsi, Azərbaycanın
beynəlxalq birlikdə layiqli yer qazanması üçün
əlindən gələni əsirgəmədi. O, Azərbaycana
rəhbərlik etdiyi dövrdə mədəniyyət
sahəsinin formalaşdırılması istiqamətində mühüm əhəmiyyətli işlər görmüşdür. Xüsusilə,
ölkəmizin dünyanın ən nüfuzlu
mədəniyyət təşkilatı olan
UNESCO ilə əməkdaşlığı böyük
əhəmiyyət kəsb edir. Ümummilli liderin rəhbərliyi
ilə 1993-cı illərin ortalarından təşəkkül
tapan Azərbaycan-UNESCO əlaqələri
mühüm inkişaf
yolu keçərək mədəni
irsimizin dünyada
tanıdılması və təbliğinə də geniş zəmin yaratmışdır. Dahi şair Məhəmməd Füzulinin
500 illik, “Kitabi-Dədə Qorqud”
dastanının 1300 illik yubileylərinin UNESCO-da qeyd olunması,
2000-ci ildə İçərişəhərin Qız
qalası və Şirvanşahlar Saray Kompleksi ilə birlikdə
Dünya İrs
Siyahısına daxil edilməsi həm də
Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzunun təsdiqi
idi.
Milli-mədəni
dəyərlərimizin inkişafında daha bir nailiyyəti
vurğulamaq lazımdır ki, məhz ulu öndər Heydər
Əliyevin birbaşa təşəbüsü və göstərişi
ilə 2000-ci il 13 iyun tarixində Azərbaycan Milli
Konservatoriyasının yaranması və təsis edilməsi
haqqında fərman imzalandı. 2014-cü ildə ulu öndərin yadigarı olan
musiqi məbədin
açılışı məhz, onun ənənlərini
davam etdirən Prezident
İlham Əliyev və Mehriban
xanımın iştirakı ilə baş
tutdu.
2004-cü
ildən başlayaraq ölkənin mədəni həyatının
tənzimlənməsində, mədəniyyət siyasətinin
səmərəli həyata keçirilməsində dövlət
orqanları ilə birlikdə Heydər Əliyev Fondu da
yaxından iştirak edir. Mehriban
xanım Əliyevanın rəhbərliyi ilə fond tərəfindən bir
çox genişmiqyaslı layihələrin
həyata keçirilməsi milli mədəniyyətimizin
inkişafını intensivləşdirərək daha da zənginləşdirirdi.
Mənəvi irsimizin mühafizəsi, Azərbaycan
mədəniyyətinin özünəxas
unikallığının qorunması və bütün
dünyada tanınması üçün
Mehriban xanım əlindən gələni
əsirgəmir. Fond tərəfindən
muğamın öyrənilməsi, qorunması və təbliği
məqsədilə müxtəlif layihələr
hazırlanıb. “Qarabağ xanəndələri”
musiqi albomu yüksək
səviyyədə hazırlanaraq ictimaiyyətə təqdim edilib. Xüsusilə, 2009-cu ilin mart ayında fondun təşəbbüsü ilə bütün dünyada əks-sədaya
səbəb olmuş “Muğam
aləmi” Beynəlxalq Festivalının keçirilməsi
(artıq bu hadisə ənənəyə
çevrilmişdir) Azərbaycan musiqi mədəniyyətinin ümumən, dünya səviyyəsində
tanıdılması, təbliği və sevilməsi istiqamətində
təşkil olunan mühüm
tədbirlərdən biri kimi
qiymətləndirilməlidir. Daha sonra, aşıq sənətinin, Novruz bayramının, tar
ifaçılığı sənətinin UNESCO-nun
nadir, şah əsərləri
sırasına daxil edilməsi Azərbaycanla
bu təşkilat arasında olan əməkdaşlığın
davamlılığını diqqətə
çatdırır.
Mədəniyyətin
inkişafı istiqamətində Azərbaycan klassik musiqisinin
banisi Üzeyir Hacıbəylinin yaradıcılığı
ilə bağlı nəhəng bir layihə gerçəkləşdirilir.
Bu layihə əsasında dahi bəstəkarın bütün
əsərlərinin yenidən nəşri, eləcə də,
onların CD və DVD-də buraxılışı da planlaşdırılıb. O
cümlədən hər il “Üzeyir Musiqi
Günü”ndə (18 sentyabr) Heydər
Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı
ilə ənənəvi Üzeyir
Hacıbəyli Beynəlxalq Musiqi
Festivalı, vokalçıların Bülbül
adına Beynəlxalq Müsabiqəsi, Qəbələdə
Beynəlxalq Musiqi Festivalı, eləcə də Azərbaycan Prezidenti İlham Əliyev
2021-ci il 7 may tarixli sərəncamı ilə Şuşa şəhərini ölkənin Mədəniyyət
paytaxtı elan edilməsi və bu sərəncamla Vaqif Poeziya Günləri və
“Xarıbülbül” festivalı keçirilir.
Bu gün ümummilli liderin ideyaları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gərgin əməyi və fəaliyyəti nəticəsində yaşayır və uğurla inkişaf edir. Əminliklə demək olar ki, dövlət başçısının apardığı həm xarici, həm də daxili siyasət Heydər Əliyev kursunun davamıdır. Müstəqil dövlətimizin qurucusu, dahi şəxsiyyət Heydər Əliyev cismən bizimlə olmasa da, onun ideyaları və böyük dühası əbədiyaşardır. Ulu öndərimizin layiqli davamçısı Prezident İlham Əliyev onun memarı olduğu dövlətin rəhbəri, qurduğu qüdrətli ordunun Ali Baş Komandanı kimi Heydər Əliyev ucalığının parlaq təcəssümüdür.
Yekun
olaraq qeyd edim ki, müstəqil Azərbaycanın mədəniyyət
siyasətinin banisi dahi Heydər Əliyev ənənələri
2003-cü ildən sonra Prezident İlham Əliyev tərəfindəni
uğurla davam etdirilərək, yeni dövr üçün zənginləşdirilir.
Siyavuş KƏRİMİ,
Azərbaycan Milli Konservatoriyasının
rektoru, Xalq artisti, professor
Xalq qəzeti .- 2022.- 8 may.- S.9.