Zamanın ucalığında

 

Azərbaycan ədəbiyyatına diqqət və qayğısı ilə seçilən ümummilli liderimiz Heydər Əliyev sözü öz ucalığında dəyərləndirən, ədəbi aləmə ədəbiyyatçılardan çox xidmət edən, klassik, eləcə də müasir yazıçı və şairlərin yaradıcılığını tənqidçilərdən də sərrast təhlilə çəkən, qiymətləndirən qeyri-adi düşüncə və fikir sahibi idi. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin, tarixinin əvəzsiz qayğıkeşi kimi ulu öndərin bu istiqamətdəki işləri sərkərdə xidməti ilə ölçüyə gələ bilər.

Heydər Əliyevin Azərbaycan ədəbiyyatına, yazıçı və şairlərə göstərdiyi xidmətlər saysız-hesab­sızdır. Müdrik rəhbərimiz sadəcə qayğı göstərmirdi, həm də xeyirxahlıq missiyasını da ləyaqət və həssaslıqla yerinə yetirirdi. Bu faktı hamı etiraf edir ki, bir qrup qələm sahibinin xilaskarı məhz Heydər Əliyev olub. Bəxtiyar Vahabzadənin, İlyas Əfəndiyevin, Mirzə İbrahimovun, Xəlil Rza Ulutür­kün, Anarın sovet dövründəki milli ruha köklənmiş əsərləri başlarına bəla gətirə bilərdi. Çünki bu müəlliflər elə bir zamanda azadlıq, həqiqət axtarırdılar ki, onları bu cəsarətlərinə görə ən azı Cavidin, Müşfiqin taleyi gözləyərdi.

Ədəbiyyata vətəndaşlıq, vətənpərvərlik, insanpərvərlik məktəbi kimi baxan Heydər Əliyev onu göz bəbəyi kimi qoruyur və inkişaf etməsi üçün gözəl şərait yaradırdı. 1981-ci ildə Şüvəlanda Yazıçıların Yaradıcılıq evinin açılışı böyük bir hadisəyə çevrildi.

Ulu öndərin rəhbərliyi dövründə “Kitabi-Dədə Qorqud”dan üzü bəri Azərbaycan ədəbiyyatına şah əsərlər bəxş etmiş klassik şairlərin, yazıçıların həm təntənəli yubileyləri keçirildi, həm də onların xatirəsini əbədiləşdirmək üçün heykəllər ucaldıldı. Şuşada M.P.Vaqifin, Naxçıvanda Əcəminin, Bakıda Nəsiminin, Gəncədə Nigar Rəfibəylinin... abidələri qoyuldu.

Bir məsələ də məhz Heydər Əliyevin adı ilə bağlıdır. Ədiblərin, sənətkarların uzun müddət yaşadıqları ünvanlarda ev-muzeyləri yaradıldı. Heydər Əliyev bütün bu təntənəli açılışlarda iştirak və çıxış edirdi. 1937-ci ilin represiya qurbanı olan, dahi Azərbaycan drama­turqu Hüseyn Cavidin nəşi Sibirdən doğma Vətənə gətirildi. Naxçıvanda Mömünə xatun məqbərəsinin qoşa tayı – Cavidlər məqbərəsi yaradıldı. Bakıda böyük sənətkarın abidə kompleksiquruldu. Burada bir məsələni də qeyd etmək istərdim.

Bunu həmişə dərin bir fəxarətlə xatırlatmağı özümə borc bilirəm. Azərbaycanda üç şairin məzarının üstündə məqbərə yaradılıb. Nizaminin Gəncədə, Vaqifin ŞuşadaCavi­din Naxçıvanda, onun ikisininVaqifCavidin qəbirüstü məqbərəsinin yaradıcısı məhz ulu öndərimiz Heydər Əliyevdir.

Dağıdıcı xislətə malik ermənilər Qarabağımızı işğalda saxladığı vaxt­larda Şuşada çox tarixi abidələrimizi yox etməyə çalışıblar. Eləcə də Vaqifin məqbərəsini xarabazara çevirmişdilər. Haqlının qisası heç vaxt yerdə qalmaz. “Dəmir yumruğun əzəmətli sahibi, Ali Baş Komandanımız İlham Əliyevin və müzəffər ordumuzun qəhrəmanlığı, fədakarlığı sayəsində Qarabağımız, Şuşamız erməni işğalçılarından azad edildi. Bərpa işlərinə başlandı. Vaqif yenə öz dərgahında məğrur dayandı. Bu, adi qalibiyyət deyidi. Heydər Əliyev ideyalarının yaşaması, ata vəsiyyəninin yerinə yetirilməsi demək idi.

Ölkəmiz müstəqillik əldə etdikdən sonra onun bir sıra yeni orden və medalları təsis olundu. Diqqətçəkən budur ki, dövlətin ən ali mükafatı olanİstiqlalordeni ilk dəfə məhz ədəbiyyat xadimlərinə verildi. Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk, son­ralar isə İsa Hüseynov,AnarMirvarid Dilbazi bu mükafata layiq görüldülər. “Şöhrət” ordeni alan ilk yazıçıları­mız İsmayıl Şıxlı, Hüseyn İbrahimov oldu. Xalq yazıçısı fəxri adına Əzizə Cəfərzadə, Elçin, Maqsud və Rüstəm İbrahimbəyov qardaşları, Xalq şairi fəxri adına Hökümə Bülluri, Söhrab Tahir, Cabir Novruz, Fikrət Qoca layiq görüldülər.

Tarixi və mədəni hadisələrin məsafə uzaqlığında Azərbaycanın taleyində ulu öndərin xidmətləri getdikcə daha aydın və parlaq görünməkdədir. Xalqa xidmət etmək şərafətinin ən halal və fədakar sahibi olan Heydər Əliyev həyatımızın bütün sahələrində elə unudulmaz məqamlar, qüdrətli və əzəmətli yadigar­lar bəxş edib ki, zaman ötdükcə dahi şəxsiyyətin müqəddəs xatirəsi önündə ehtiramla baş əyir, hünəri, əməyi qarşısında heyrətimizi, məhəbbətimizi dəfələrlə bildirməyi özümüzə borc bilirik.

Ömrün əbədiyyət zirvəsini fəth etmiş Heydər Əliyevin arzuları, ideya­ları çiçək açmaqdadı. İşığı başımızın üstündə, özü hər an bizimlə, ideyaları əməllərimizdə – bu əbədi müasirimizlə uğurlu sabahlara doğru inamla yol gedirik. Fəxrlə, etirafla söyləyirik ki, Azərbaycanın özü kimi var olan bu dahi şəxsiyyətin min cür çətinlik və mübarizələrlə saldığı yolun ləyaqətli varisi tərəfindən necə əzmlə davam et­diyinin şahidiyik. Bu gün də Azərbaycan ədəbiyyatının, mədəniyyətinin görkəmli nümayəndələrinin yubileyləri UNESCO səviyyəsində keçirilir. Azərbaycan ədəbi mühitinə dövlət tərəfindən qayğı göstərilir. Onların yaradıcı­lıq fəalliyyətləri ilə səmərəli məşğul olmaları üçün müxtəlif sərəncamlar imzalanır, tədbirlər həyata keçirilir. Ordenmedallar, fəxri adlar verilir, fərdi təqaüdlər ayrılır. Uğur və müsbət nəticələri doğuran şərait yaradılır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xa­nım Əliyevanın rəhbərliyi nəticəsində Heydər Əliyev Fondunun UNESCO ilə birlikdə həyata keçirdiyi bir sıra xoşməramlı tədbirlər beynəlxalq aləmdə böyük əks-sədaya səbəb olmuşdur. Bu gün Mehriban xanım Əliyevanın göstərdiyi fəalliyyət təkcə məmləkətimizin deyil, dünyanın da diqqət mərkəzindədi. Milli duyğularla yaşayan, bəşəri hisslərlə düşünən Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı, sö­zün həqiqi mənasında, can yanğısı ilə çalışır. Səmimiyyəti, insanlara xoş münasibəti, ünsiyyəti ilə seçilən Meh­riban xanımı tez-tez uşaq evlərində, məktəblərdə, qaçqın və məcburi köçkünlərin arasında, imkansızların yanında, mədəniyyət və incəsənət xadimləri ilə birlikdə, bir sözlə, müxtəlif dialoqlarda, görüşlərdə, tədbirlərdə görürük. İnsanlar ona inanır. Özünün gözəl bir kəlamı var: “Həmişə həyat amalım belə olmuşdur ki, etmək istədiyin yaxşılığı heç vəchlə gözə çap­dırmaq olmaz. İndi mən bundan, demək olar ki, məhrumam. Birinci xanım sta­tusunda mən elə bir xeyriyyə aksiyası keçirə bilmərəm ki, o, ictimaiyyətin diqqətini cəlb etməsin. Bu isə özünü göstərməkdən tamamilə uzaq adam kimi mənə kifayət qədər çətin olur”. Bu fikir ölkənin birinci xanımının daxili zənginliyindən və böyük ürəyindən xəbər verir.

İllərlə çəkdiyimiz zillətə, xiffətə son qoyuldu. Bu gün dünyanın ən güclü və qüdrətli dövlətlərindən biriyik. Ali Baş Komandanın sarsılmaz iradəsi, qətiyyəti, qüdrəti sayəsində müzəffər ordumuz Qarabağı erməni vandal­larından təmizlədi. İndi bu qoşa və şərəfli ömrün sahiblərini- İlham Əliyevi, Mehriban xanımı tez-tez Qarabağda, eləcədə şəhid ailələri, yaxınları, qazilər arasında, müxtəlif tədbirlərdə görürük. Azərbaycanın hər bölgəsində onları məhəbbətlə qarşılayıb, ehtiramla yola salırlar. Əslində bir örnək və nümunə kimi çoxumuz bu xeyirxah və mərd insanlardan öyrənməkdəyik. Söhbət vəzifədən, maddi imkandan getmir. Dayaq olmağı, əldən tutmağı, yaxşılıq etməyi, mərdanəliyi bacarmalıyıq.

Son vaxtlar şahidi olduğum, eşitdi­yim bəzi xoş müjdələr məni sevindirir. O 44 günlük savaş günlərində necə birləşmişdik. Kimin nəyə gücü çatırdısa orduya köməyə can atırdı. Bu bizim bir millət kimi böyüklüyümüzün ifadəsi idi. Tarixən bir içim suyu, bir tikə çörəyi bölməyi bacaran xalq olmuşuq.

 

Flora XƏLİLZADƏ,

 

Əməkdar jurnalist

 

Xalq qəzeti .- 2022.- 8 may.- S.10.