Şuşada
“Xarıbülbül” təntənəsi
Biz bu gözəl
ənənəni bərpa etdik və bundan sonra
“Xarıbülbül” festivalı Şuşada
hər il keçiriləcək.
İlham ƏLİYEV
Azərbaycan
Respublikasının Prezidenti
Uzun illərin ayrılığından sonra ikici bahardır ki, mədəniyyət paytaxtımız Şuşada, dünyada bənzəri olmayan Cıdır düzündə keçirilən “Xarıbülbül” festivalından “Əziz Şuşa, biz qayıtmışıq” nidasına qarışıb yayılan muğamı, musiqi sədalarını bütün dünya eşidir. Sülhün, əmin-amanlığın simvoluna çevrilən bu möhtəşəm tədbir Qarabağın, Şuşanın əsl sahibinin kim olduğunu əyani surətdə nümayiş etdirir, ölkəmizin haqq səsini–“Qarabağ Azərbaycandır” deyimini təsdiqləyir, ecazkar musiqi dili ilə beynəlxalq aləmə mənəvi-siyasi mesajlar ötürür. “Xarıbülbül” festivalında xarici ölkələrin musiqiçilərinin, rəqs kollektivlərinin, həmçinin respublikamızın folklor qruplarının diqqətçəkən çıxışları Qarabağın–Azərbaycanın bu qədim yurd yerinin xalqlar arasında dostluq və qardaşlıq məkanına, barış məkanına çevrildiyindən xəbər verir.
Cıdır
düzü də, 270 illik bir ömür yaşayan
Şuşa da qəsbkarın tapdağı altında
olduğu zaman sınmadı, əyilmədi, aurasını,
ruhunu itirmədi. Televizya ilə
festivalı izləyərkən Prezident İlham Əliyevin mədəniyyət
paytaxtımızla bağlı söylədiyi fikirlər
xatırlandı: “Ermənilər nə qədər
çalışsalar da, Şuşadan
Azərbaycan ruhunu silə bilmədilər.
Bəli, mənfur düşmən tərəfindən
binalar dağıdıldı, məscidlərimiz
dağıdıldı, tarixi abidələrimiz
dağıdıldı. Ancaq Şuşa Azərbaycan ruhunu
qoruya bildi. Şuşa 28 il yarım əsarətdə
idi, ancaq əyilmədi,
sınmadı, öz ləyaqətini qorudu, milli ruhunu qorudu, Azərbaycan
ruhunu qorudu”.
Yeri
gəlmişkən, bu məqamda onu da qeyd edək ki,
ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərliyinin
birinci dönəmində milli ruhun yüksək səviyyədə
reallaşması üçün çox böyük
işlər görmüşdü, eyni zamanda, doğma
Qarabağa, Azərbaycanın incisi sayılan Şuşaya
sevgisinin ifadəsi olaraq, mühüm layihələr gerçəkləşdirmişdi...
Təəssüf
ki, dövlətimizin başçısının
vurğuladığı kimi, o zaman heç kimin ağlına
gələ bilməzdi ki, bir neçə ildən sonra burada
separatizm baş qaldıracaq, Ermənistan Azərbaycana
qarşı təcavüz edəcək, bu tarixi şəhərimiz
işğal altında qalacaq, tarixi abidələrimiz, məscidlərimiz,
Vaqifin məqbərəsi dağıdılacaq. Azərbaycan
xalqının çoxəsrlik irsi Qarabağ diyarından silinməyə məruz
qalacaq.
Əslində, ermənilər bu
vandallıqları törətmək üçün bir
fürsət gözləyirmişlər. Belə
bir məqam isə ulu
öndərimizin Moskvaya getməsindən sonra yarandı. Prezident İlham Əliyevin dediyi kimi, “əgər Heydər Əliyev 1982-ci ildə
Bakıdan Moskvaya getməsəydi, əgər
onu Moskvaya təyin etməsəydilər,
heç vaxt burada separatizmin baş qaldırılmasına imkan
verməzdi: “Ancaq Heydər
Əliyev hakimiyyətə gələndə artıq Şuşa işğal
altında idi, Kəlbəcər işğal altında idi,
Laçın işğal altında idi, Daşaltı işğal
altında idi, bütün
ətraf bölgələr işğal
altında idi və Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı
yaradılmışdı”.
Xalqımız
Şuşa işğal altında olduğu uzun bir zaman ərzində
bu əzəli-əbədi şəhərimizin
azadlığa qovuşacağı ümidini heç vaxt itirmədi,
ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə
yenidən qayıdışından sonra isə bu ədalətsizliyin,
haqsızlığın bir sonu olacağına dərindən
inandı. Dahi şəxsiyyət
xalqımıza Ermənistanın təcavüzü nəticəsində
Azərbaycanın ərazi bütövlüyünün
pozulması ilə heç vaxt barışmayacağını bildirdi, istila olunan Şuşanın, eləcə də digər
şəhər və kəndlərimizin yağı əsarətindən
xilas ediləcəyinin fəaliyyətində
prioritet istiqamət olduğunu
vurğuladı: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa
Azərbaycanın gözüdür, hər
bir azərbaycanlı üçün
iftixar mənbəyidir. Şuşa
bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa
hamı üçün əzizdir. Amma təkcə Şuşa
yox, Laçın dağları da əzizdir. Biz heç vaxt
Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli,
Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu
- biz onlarsız yaşaya
bilmərik”.
Ulu öndərimizin bu müqəddəs istəyinə qovuşmasına ömür macal vermədi. Bu arzu 23 il sonra gerçəkləşdi, Prezident, Ali Baş Komandan İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Düşmən əsarətindəki torpaqlarımızı, o cümlədən Şuşa şəhərini yağı caynağından xilas etdi, üçrəngli bayrağımızın Qarabağda əzəmətlə dalğalanması kimi müqəddəs istəyi reallaşdırdı.
Dövlətimizin
başçısı 2020-ci il noyabrın 8-də
xalqımızı Şuşanın işğaldan azad edilməsi
münasibətilə təbrik edərək dedi: “Böyük
fəxarət və qürur hissi ilə bəyan edirəm ki,
Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün
Azərbaycan xalqını ürəkdən təbrik edirəm.
Bütün şuşalıları
ürəkdən təbrik edirəm.
İyirmi
səkkiz il yarım işğal altında olan Şuşa azad
edildi! Şuşa indi
azaddır! Biz Şuşaya
qayıtmışıq! Biz bu tarixi Qələbəni
döyüş meydanında qazandıq.
2020-ci il noyabrın 8-i Azərbaycan tarixində
əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq.
Bu, bizim şanlı Qələbəmizin,
zəfərimizin günüdür!”
Azərbaycan
Prezidenti, Ali Baş Komandan İlham Əliyev Şuşa
azadlığa qovuşandan sonra, 2021-ci il yanvarın 14-də
bu şəhərdə üçrəngli
bayrağımızın ucaldılması mərasimindəki
çıxışında dedi: “Biz qalib xalqıq. Mən
Şuşaya son dəfə
39 il bundan əvvəl
gəlmişəm. 39 il bundan
əvvəl iki dəfə gəlmişəm
və birinci dəfə yanvarın 14-də
gəlmişəm. Bax, bu
gün, yanvarın 14-də yenə də
buradayıq. Bu dəfə müzəffər
Azərbaycan Ordusunun, qalib
Azərbaycan Ordusunun Ali
Baş Komandanı kimi
gəlmişəm. Düşmənin belini
qıran ordunun Ali Baş Komandanı kimi gəlmişəm
və burada müqəddəs
bayrağın altında, qəhrəman hərbçilərin
önündə deyirəm ki, biz bu torpaqlarda
əbədi yaşayacağıq! Biz
Şuşanı və dağıdılmış bütün başqa şəhər
və kəndlərimizi bərpa edəcəyik.
Dağıdılmış bütün tarixi abidələrimizi bərpa edəcəyik.
Ermənistan saxtakarlıq edərək bütün
dünyaya Şuşa
haqqında uydurmalar
çatdırırdı ki, guya Şuşa onların
qədim şəhəridir. Pənahəli xanın
saldığı şəhər necə erməni şəhəri
ola bilər?! Axı bu,
yaxın tarixin işidir,
hadisələridir. Əgər onlar bu şəhəri öz
şəhəri hesab edirdilərsə, nə
üçün belə bərbad vəziyyətə
qoydular, nə üçün
bütün binaları
dağıtdılar? Görün, nə
gündədir bu şəhər?! Daş üstə daş
qalmayıb 30 il ərzində, ancaq özləri üçün
villalar tikdiriblər, özləri üçün şərait yaradıblar”.
Dövlətimizin
başçısı bu çıxışından dərhal
sonra erməni faşizminin dəhşətli
dağıntılara məruz qoyduğu azad edilən
bütün ərazilərimizdə, eləcə də
Şuşada genişmiqyası bərpa-quruculuq layihələrinin
gerçəkləşdirilməsinə start verdi. Ötən müddət ərzində Qarabağ və Şərqi Zəngəzur tikinti meydanına
çevrildi. Şuşa
tarixin ən şərəfli yeni inkişaf, tərəqqi
mərhələsinə daxil oldu. Şəhərdə infrastrukturun
qurulması ilə yanaşı, bu məkanın
əsl tarixi simasının bərpası
yönündə mühüm layihələr
gerçəkləşdirilməsinə, tarix
və mədəniyyət abidələrinin bərpasına
başlanıldı, quruculuq işlərinin
təşkilində çevikliyin, səmərəliliyin
reallaşması üçün burada dövlət idarəetməsinə böyük diqqət yetirildi,
Şuşa Şəhəri Dövlət
Qoruğu İdarəsi yaradıldı.
Qısa
zaman ərzində Azərbaycanın tanınmış şəxsiyyətləri
Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin
güllələnmiş heykəlləri əvvəlki yerlərinə
- Şuşa şəhər mərkəzi meydanına
qaytarıldı, “Xan qızı” bulağı bərpa edildi,
görkəmli Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah
Vaqifin muzey-məqbərə kompleksi yenidən quruldu. Görkəmli
Azərbaycan bəstəkarı Üzeyir
Hacıbəylinin heykəli və dahi Azərbaycan
şairi Molla Pənah
Vaqifin büstü qoyuldu. Xalq artisti
Bülbülün ev-muzeyi
bərpa edidi. Şuşada
yeni məscidin və Daşaltı məscidinin
təməli qoyuldu.
Şəhərdə
hazırda da bərpa-quruculuq işlər sürətlə
aparılır. Bununla bərabər,
mədəniyyət paytaxtımızda Şuşa
ənənələri davam etdirilir, mədəni-kütləvi tədbirlər
keçirilir. “Xarıbülbül”
festivalı artıq yuxarıda vurğuladığımız
kimi, işğaldan sonra ikinci dəfədir ki, Qarabağın sevincinə sevinc
qatır, dünyaya sülh,
barış mesajları ötürür.
Bu təntənə beynəlxalq aləmdə
bütöv bir
xalqın arzu-istək və mübarizə, həmçinin zəngin
mədəniyyət nümayişi kimi diqqət çəkir. Bu musiqi-sənət törəninin
bərpası həm də bəşəriyyətə
Qarabağın da, Şuşanın da, kədərli, eyni zamanda, qürur doğuran tarixlərə şahidlik
edən Cıdır düzünün də
Azərbaycanın əzəli və əbədi sahibi olduğunu təsdiq edir.
Yazının sonunda bir məsələni də xatırlatmaq istərdik. Dövlətimizin başçısı ötənilki festivalın açılış mərasimində -“Biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək”, – demişdi. V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının reallaşdırılması da Azərbaycan Prezidentinin həmin fikirlərinin əyani təsdiqidir.
Yeri
gəlmişkən, mədəniyyət paytaxtımızda
“Xarıbülbül” festivalı ilk dəfə məşhur
xanəndə, pedaqoq, Xalq artisti Seyid Şuşinskinin
(1889-1965) 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildə
keçirilib. Tədbir həmin ilin mayında – Şuşada
xarıbülbülün çiçəklənmə
dövründə təşkil olunub. İlk festivalda yerli ifaçılarla yanaşı, keçmiş ittifaq
respublikalarından Qırğızıstan, Qazaxıstan, Rusiya (Başqırdıstan), Litva
və Belarusdan da musiqi qrupları iştirak
ediblər.
1990-cı ildən “Xarıbülbül”
festivalı beynəlxalq
status alıb. İkinci festivala Hollandiya,
Almaniya, İsrail və Türkiyədən
də folklor qruplarının dəvət
edilməsi böyük
marağa səbəb
olub. Qarabağ münaqişəsinin başlaması ilə əlaqədar Şuşada
ağır vəziyyət
yarandığından əsas
konsertlər Ağdamda
təşkil edilib.
Festivalın bir sıra konsertləri Bərdə və Ağcabədidə
də keçirilib.
Ümumilikdə ikinci festivalda
müxtəlif ölkələrdən
170-ə yaxın nümayəndə
iştirak edib.
1991-ci ildə keçirilən
III “Xarıbülbül” festivalına
25 ölkədən 300-ə yaxın nümayəndə
qatılıb. ABŞ və
Avstraliyadan olan rəssamlar da festivala təşrif buyurublar. Tamaşaçıların çoxluğu səbəbindən
festivalın əsas konsertləri stadionlarda keçirilib. II və III festivalların yekun konsertləri Bakıda Heydər Əliyev Sarayında təşkil olunub.
Dördüncü festival 1992-ci il mayın 15-də başlamalı,
o zamanadək keçirilənlərin
ən möhtəşəmi
olmalı idi. Dünyanın 30-dan çox ölkəsindən
500 nəfərin iştirakı
nəzərdə tutulmuşdu.
Lakin həmin ilin 8 mayında Şuşa şəhəri
Ermənistan hərbi birləşmələri tərəfindən
işğal edildiyindən
“Xarıbülbül” festivalını
burada təşkil etmək mümkün olmadı. Festival yalnız
qısa müddətdə
Ağdam şəhərindəki
İmarət kompleksində
keçirildi.
Azərbaycan Respublikasının Prezidenti,
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan
Ordusunun Vətən müharibəsində şanlı
qələbəsindən sonra
ənənəvi “Xarıbülbül”
festivalı yenidən
Şuşa şəhərində təşkil
edildi. Ötən il mayın
12-13-də Şuşanın Cıdır düzündə
Heydər Əliyev Fondunun təşkilatçılığı
ilə keçirilən
festivalın açılışında
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri də iştirak etdilər.
Vaqif BAYRAMOV
Xalq qəzeti .- 2022.- 14 may.- S.1;5.