Azərbaycanın Zəngəzur
mahalı
Zəngəzur qədim Azərbaycan
torpağıdır və 1920-ci ildə bolşevik Rusiyası
tərəfindən Ermənistana verilmişdir. Türk
dünyasının qədim və ayrılmaz diyarı olan Zəngəzur
bölgəsinin Azərbaycandan qoparılıb Ermənistana
verilməsi nəticəsində türk dünyası
arasında olan coğrafi bağlantı pozuldu. Əgər o
tarixi ədalətsizliyə yol verilməsəydi, bu gün
vahid türk dünyası coğrafi baxımdan da bir məkan
kimi yaşayacaqdı.
Azərbaycanlıların
qədim tarixi-etnoqrafik mahalı olan Zəngəzur müasir Azərbaycan
Respublikasının Laçın, Qubadlı, Zəngilan və
Ermənistan Respublikasının Mehri, Qarakilsə, Gorus və
Qafan rayonlarını əhatə edir. Mehri bölgəsi
özündə dağlıq (Bərgüşad, Alagöz,
Xustup), Araz, Həkəri, Bazarçay, Oxçu
çayları arasındakı yamac və düzən əraziləri
birləşdirir. Palıd, çinar, vələs meşələri
ilə örtülü təbiəti cənuba doğru
çılpaq qayalıqlar və seyrək kollarla əvəzlənir.
Qafanın dağlıq sahələri çətin keçilən
sıldırımlar və yarğanlarla əhatələnir
və zəngin meşə örtüyü ilə
müşayiət olunur. Laçın bölgəsi, əsasən,
orta hündürlüklü dağlar, cənub-şərq
hüdudları isə Qarabağ yaylası ilə davam edir.
Qarabağ və Bərgüşad silsilələrinin şərqində,
Qarabağ yaylasının cənub-qərb hissəsində
Qubadlı bölgəsi yerləşir. Bölgənin bitki
örtüyü kollu və seyrək meşələrdən,
çəmənlərdən təşkil olunub.
Sıldırım qayalı dağlardan və sıx meşələrdən
məhrum olsa da, Sisian bölgəsi otlaq və əkinə
yararlı sahələrlə zəngindir. Zəngilan bölgəsində
Bərgüşad silsiləsi Ağoyuq düzünə qədər
uzanır. Araz hövzəsinə daxil olan çaylar
(Oxçu, Həkəri, Bərgüşad, Bəsit, Mehri,
İlizin, Gorus, Mədən, Əcənan, Uz və s.) dağətəyi
münbit vadilərin suvarılmasını təmin edir.
Təəssüflər
olsun ki, 70 illik sovet dönəmində və sonrakı illərdə
tarixən dədə-baba yurdumuz olan Zəngəzuru elmi tədqiqatlar,
xüsusilə də mütəmadi arxeoloji qazıntılar səviyyəsində
öyrənməyə imkan vermədilər. Bu səbəbdən, bölgənin qədim tarixi
abidələrindən və maddi-mədəniyyət nümunələrindən
danışarkən qeydiyyata alınmış bir neçə
yerüstü tikilinin təsnifatı və məişət əşyalarından
ibarət təsadüfi tapıntıların təsviri ilə
kifayətlənməli oluruq. Paleolit
dövrünə aid edilən ən qədim abidələr
Qarakilsə bölgəsində cəmlənib. Şəki və
Saybalı kəndlərinin yaylaq yerləri sayılan Dəvəboynu
və Təkəzür dağlarında sal qaya daşları
üzərində ov səhnələri, maral və
dağkeçilərinin sxematik təsvirləri
cızılıb; işlənmə texnologiyasına görə
Qobustan və Gəmiqaya təsvirlərinə çox bənzəyir.
Zəngəzur
ərazisində Eneolitdən tutmuş Antik dövrə qədər
150-yə yaxın yaşayış məskəni mövcud
olmuşdur. Qarakilsənin Qızılcıq kəndi
yaxınlığında xalq arasında “Qoşundaş abidəsi”
adı ilə tanınan sal qaya daşları vardır.
Qoşundaş kompleks abidədir. 2000-ci illərin əvvəllərində
burada Tunc, Dəmir və Ellinizm dövrlərinə aid maddi mədəniyyət
nümunələri aşkara
çıxarılmışdır. Zəngəzurun tarixi əraziləri
hərbi əməliyyatlarla əlaqədar ara-sıra Qədim
Şərq yazılı mənbələrində qeydə
alınıb. Bu qaynaqların məlumatları Zəngəzur
sakinlərinin bütövlükdə hələ miladdan
öncəki dövrlərdə qonşuluqdakı xalqlarla təmasda
olduqlarından və əksər hallarda xarici hərbi müdaxiləyə
qarşı mübarizə apardıqlarından xəbər
verir.
Yazılı
mənbələrdə Zəngəzurun yer-yurd adlarından
ilk dəfə Mehri yad olunur. Zəngəzur toponimi isə
orta əsr mənbələrindəki türk mənşəli
zəngi tayfasının adı ilə əlaqələndirirlər.
Təsadüfi deyil ki, hətta aşşur kitabələrində
Urartu tayfa birliyinə daxil olan 8 subyektin, o cümlədən,
Zinqun vilayətinin adı çəkilir ki, bu da zəngi
tayfası ilə bağlıdır. Mannadakı Sangibutu,
Sangilu kimi toponimlər də deyilənlərə əlavə
oluna bilər. E.ə. 323-cü ildə Azərbaycanın cənub
torpaqlarında Atropatena şahlığı meydana gələndə
Zəngəzurun ərazisi, ehtimal ki, “Vaspuran” adı ilə bu
dövlətin tərkibində olmuşdur. Lakin Zəngəzur
müəyyən müddətdən sonra Sünik adı ilə
Albaniyanın tərkibinə keçir. Aşkarlanan arxeoloji
materiallar da Sünikin Albaniyanın inzibati-ərazi subyekti
olduğunu təsdiq edir. Sasani şahənşahı I
Şapurun (241-272) “Kəbeyi-Zərdüşt” kitabəsində
sadalanan geosiyasi nomenklatura sırasında Sisakan (Sünik)
ölkəsinin də adı çəkilir.
Sünikin
mühüm strateji qalalarından biri Bağ mahalında
(Nerkin-Giratağ) Oxçuçayın sahilində inşa
edilmişdir. IV-V əsrlərdə bu qala yadelli
işğalçılarına qarşı mübarizənin
mərkəzinə çevrilmişdir. Sonralar isə Babəkin
sığınacaq yerlərindən biri olmuşdur. Buna
görə də yerli əhali arasında Babək qalası
kimi tanınırdı. Sünikin yerli əhalisi Azərbaycan
Albaniya dövlətində olduğu kimi yerli yazı olan qarqar
əlifbasından istifadə etmişdir. Qeyd edək ki,
“Kitabi-Dədə Qorqud” boylarının
formalaşdığı coğrafiyaya daxil olan Sünik ərazisində
xeyli sayda qədim türk tayfalarının adı ilə
bağlı toponimlər mövcuddur. Qubadlı
rayonunun ərazisində Teymur Müskanlı, Tatar, Qaraqoyunlu,
Ulaşlı, Çərəli, Dondarlı, Saray, Eyvazlı,
Qədili, Gorus rayonunun ərazisində Ağvanlı, Bayandur,
Kərəvinc, Muğancıq, Haluzor (Halay dərəsi) Zəngilan
rayonunun ərazisində Baharlı, Vənədli,
Şamlı, Sisian rayonu ərazisində Comardlı, Sofulu,
Şəki (Sak), Qafan rayonunun ərazisində Bekdaş,
Gığı, Kacaran (Qacar tayfasının oymağı), Laçın rayonunun ərazisində
Səfiyan, Cağazur (Sak dərəsi), Yuxarı və
Aşağı Cicimli, Bozlu və digər kəndlərin
adları məhz türk tayfalarının adı ilə
bağlı olaraq meydana gəlmişdir. Sünik ərazisində
ilk kilsələr və monastrlar yerli xristian əhalisi tərəfindən
inşa edilmişdir. Bunların içərisində Sisian
çayının yuxarı hövzəsində Ərəfsə
kəndi ərazisindəki V-VI əsrlərə aid
Qızılkilsə məbədini qeyd etmək olar. Xalq
arasında “qırmızı monastr”
adlandırılırdı. VII əsrdə Sünik 12 əyalətə
bölünürdü. Hətta, Naxçıvan və Mərənd
də Sünikin tərkibinə daxil idi. Sünikə aid olan
Tankrian mahalının adı isə yerli əhalinin dini
ideologiyasında türk xalqları üçün səciyyəvi
olan tanrıçılığın
yayıldığına işarədir. Bu əsərdə
xatırlanan Sünikdəki yer-yurd adları (Ərincək,
Zor, Bağ, Oğuzkan, Çoxuq, Ağacuq, Giləkan)
onların məhz yerli türk tayfalarının adından
yarandığını göstərir. Erkən Orta əsr
qaynaqlarında Zəngəzur bölgəsinə verilən
adın ərəb forması – Əs-Sisəcan ilə
qarşılaşırıq. Qeyd edək ki,
tarixi Sünik torpaqları cənubda Bərgüşad və
Həkəri çaylarının mənsəbindən
şimalda Göyçə gölünün cənub-qərb
sahillərinə qədər uzanırdı. IX əsrdə Səhl
ibn Sumbat rəsmi olaraq Sünikin və Albaniyanın
Böyük knyazı sayılırdı. 830-cu ilin hadisələrinə
nəzər saldıqda görürük ki, Səhl ibn Sumbat
Babəkin ən yaxın müttəfiqlərindən biri
olmuşdur. “Albaniya tarixi”ndə Səhl ibn Sumbatın mənsub
olduğu sülalə haqqında iki məlumat verilir; o, həm
Aranilərin, həm də Mihranilərin soyundan olan hakim kimi təqdim
olunur. “Albaniya tarixi”nin ilk əlyazmlarının birində Səhl
ibn Sumbatın xaqan titulu daşıyan Mihran sülaləsinə
mənsub olduğu qeyd edilir.
Bütövlükdə,
XI əsrin birinci yarısınadək qədim türk yurdu
olan Zəngəzur bir müddət müstəqil hakimlik kimi
idarə olunmuş, uzun müddət isə Azərbaycan
dövlətlərinin tərkibinə daxil olmuşdur. Sünikin
və onun qonşuluğundakı digər Azərbaycan
torpaqlarının ümumtürk coğrafiyasına mənsub
olmasını onun ərazisində işquz-sak-oğuzlarla
bağlı toponimlər də sübut edir. Bu baxımdan Zəngəzurun
qonşuluğunda yerləşən Azərbaycan Albaniya
dövlətinin tarixi vilayətləri içərisində
Sakasena (Şəki), Ərsak (Arsax) və Balasakanın
(Paytakaran) adlarını xüsusilə qeyd etmək olar. Sünik ərazisində isə Sisakan (Sisian), Sakasar
(Çaxaçkar), Sak (Dzaq), Sakux (Çaxuk), Sakqovan
(Kovsakan), Sakat (Şaxat), Sak (Şəkki –Şəki),
Ağasak (Aqaeçk) və xeyli sayda bu cür yer-yurd
adları məhz yerli əhalinin etnik mənsubiyyət
baxımından türk mənşəli olduğunu bir daha təsdiqləyir.
Zəngəzur toponimlərinin bir hissəsi də peçeneq
türk tayfasının adı ilə bağlı olaraq meydana
gəlmişdir. Zəngəzur silsiləsində Biçənək
aşırımının adı da məhz bu türk boyunun
adı ilə bağlıdır. Sünik ərazisində
peçeneqlərin Kapan (Qafan–Qafan) və Çur (Cur–Gur–Gor)
boyları geniş yayılmışdır. Qafan və Gorus
toponimləri də məhz bu etnonimlərdən
yaranmışdır.
Zəngəzur bu regiona orta əsrlərdə verilən
bir addır. İstər Zəngəzur, istərsə də
mahalın digər toponimik adları türk mənşəlidir.
Bu, o deməkdir ki, “ermənilər Zəngəzurda
heç bir zaman aborigen əhali olmamışdır. Zəngəzur mahalının yerli əhalisi qədim
sak tayfaları və onların törəmələridir.
Bu fikir Urud kəndində son vaxtlara qədər
saxlanılan orta əsr müsəlman qəbiristanlığında
qəbir daşlarındakı yazılarda bir daha təsdiqini
tapmışdır”.
XIII-XIV əsrlərdə Hülakülər dövlətinin
hakimiyyəti dövründə Zəngəzur bölgəsi
inzibati cəhətdən Azərbaycan əyalətinin
Naxçıvan tüməninə və Arran əyalətinə
daxil olmuşdur. Bu fakt Hülakular dövlətinin vəziri,
tarixçi alim F.Rəşidəddin “Asar və əhya” (“Təsir
və dirçəliş”) əsərində də öz təsdiqini
tapır. F.Rəşidəddin yazır ki,
“zoğal Naxçıvana aid olan Qafanın bəzi yerlərində
bitir”, ərvağan çiçəyi də
“Naxçıvan vilayətində olan Qafan dağlarında
çox bitir”. Göründüyü kimi,
bəhs olunan dövrdə Zəngəzurun Qafan nahiyəsi
Naxçıvan tüməninə daxil idi.
1400-cü
il noyabrın 3-də naxçıvanlı Qazi oğlu Əhmədin,
urutlu Söhrabın, İnayətulla oğlu Rəhmətullanın
və Xətib oğlu Kazımın iştirakı ilə tərtib
olunmuş qəbalə Zəngəzurdakı Tatev
monastırına məxsus kəndlərdən
üçünün – Hot, Şınhər və Halizur kəndlərinin
sərhədləri təsvir edilib. Qəbalə
sənədinin giriş hissəsində onun Azərbaycanın
Kapanat, Sisəcan və Tümən-e Naxçıvan ölkəsinin
adlı-sanlı və vicdanlı şəxsləri tərəfindən
təsdiqləndiyi, yəni imzalandığı bildirilir.
Sənəddə adı çəkilən üç kəndin
sərhədləri keçən bütün yer adları –
Urut, Ayı dərəsi, Zoğallı dərə,
Zoğallı zəmi, Həmidgöl, Qaraunça yolu,
Beştəpə, Daşxırman, Təpəkaşen (Təpəköşə),
Kölgəqaya, Yaşlı bulaq, Dəmirçi təpə,
Molla Həsən karvansarası, Tuşmal gədiyi,
İmranlı müsəlman qəbiristanlığı, Hakaz
təpə, Çala, Çayır çəmən, Kor
çeşmə, Qızıl qaya, Börklü qaya,
Qaradaş, Tikmədaş, Uzun daş, Keçi qayası və
s. tamamilə Azərbaycan türkçəsindədir.
Azərbaycan Səfəvilər dövləti
dövründə də Zəngəzur Azərbaycanın tərkib
hissəsi idi.
1508-ci il noyabrın 8-də tərtib
edilmiş qəbalə sənədin müxtəlif yerlərində
beş dəfə “Azərbaycan ölkəsinin Urut-Qafanat nahiyəsi”
ifadəsi işlənmiş, üç yerdə isə Sisəcan
mahalının Azərbaycan ölkəsinin Naxçıvan
tüməninə daxil olduğu öz əksini
tapmışdır. Şah I Abbasın 1620-ci
ilin oktyabrında imzaladığı fərmanda Zəngəzur
diyarının Quştasif və Qafan vilayətlərinin Azərbaycana
mənsubluğunu təsdiq edən çox mühüm məlumat
vardır. XVII əsrin sonlarında Zəngəzur
Azərbaycan Səfəvi dövlətinin Kür və Araz
çayları arasındakı geniş torpaqlarını əhatə
edən Qarabağ (Gəncə) bəylərbəyliyinin tərkibinə
daxil idi. Bu dövrdə Zəngəzurun ərazisi
Qarabağ (Gəncə) bəylərbəyliyinin iki inzibati-ərazi
vahidinin – Bərguşad və Arasbar mahalları arasında
bölünmüşdü. Əgər Səfəvilər
dövründə Zəngəzurun əsas torpaqları
yalnız bir inzibati-ərazi vahidinin – Qarabağ (Gəncə)
bəylərbəyiliyinin tərkibinə daxil idisə,
Osmanlı hakimiyyəti dövründə bu torpaqlar
üç inzibati-ərazi vahidinin – Gəncə-Qarabağ əyalətinin,
İrəvan əyalətinin və Naxçıvan
sancağının arasında
bölüşdürülmüşdü.
1813-cü
il Gülüstan müqaviləsindən
sonra Qarabağ xanlığının Zəngəzurun tarixi ərazisinə
daxil olan bir hissəsi, Mehri dairəsinin Çonqur (Çuləndər)
və ya Qapan çayının sol sahilində yerləşən
hissəsi Qacarlar dövlətinin tərkibinə
keçmişdi. Həmin dövrdə xanlıq Sisyan, Dəmirçihəsənli,
Küpara, Bərgüşad, Bağabürd, Kəbirli, Tatev,
Cavanşir, Talış, Xaçın, Kolanılar, Çiləbörd,
Xırdapara Dizaq, Püsyan, Dizaq Cavanşir, Otuziki,
İyirmidörd, Qaraçorlu, Vərəndə, Dizaq,
Acnan-Türk kimi 21 mahala bölünmüşdü.
1831-1833-cü illərdə isə Sisyan, Tatev, Qaraçorlu,
Püsyan, Bərgüşad və s. mahalların əsasında
daha böyük Zəngəzur mahalı təşkil
edilmişdi. 1849-cu ildə İrəvan
quberniyası yaradılarkən Mehri sahəsi onun tərkibinə
daxil edilən Ordubad qəzasına verildi.
1886-cı
il ailə siyahıyaalmasına görə,
Zəngəzur qəzasında dörd sahə və kənd cəmiyyətinə
daxil olmayan yaşayış məskənləri üzrə
19028 ev və həmin evlərdə yaşayan 116747 nəfər
əhali qeydə alınmışdı. Qəza üzrə
ümumi əhali (116747 nəfər) içərisində azərbaycanlıların
(77060 nəfər) nisbəti 66%, ermənilərin (34281 nəfər)
nisbəti isə 29,36% idi. Çarizmin
erməniləri Azərbaycan torpaqlarına köçürmə
siyasətinə baxmayaraq, imperiya dağılanadək azərbaycanlılar
Zəngəzur qəzasının əsas hissəsini təşkil
etmişdir. 1918-ci ilin yazı və payızında erməni
silahlı quldur dəstələri və Andranikin hərbi hissələrinin
əməliyyatları nəticəsində Zəngəzur qəzasında
115 kənd dağıdılmış və ya məhv
edilmiş, 3257 kişi, 2276 qadın, 2196 uşaq
öldürülmüş, 1060 kişi, 794 qadın və 485
uşaq yaralanmış, beləliklə, 10068 müsəlman qətlə
yetirlimiş və ya şikəst edilmişdi.
Ermənilərin
törətdiyi soyqırımlarını önləmək
üçün Azərbaycan Cümhuriyyəti hökumətinin
1919-cu il 15 yanvar tarixli qərarı ilə Cavanşir,
Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarının
müvəqqəti general-qubernatoru vəzifəsi təsis
edildi, yanvarın 29-da bu vəzifəyə Xosrov bəy Sultanov
təyin olundu. General-qubernatorluğun ərazisi 19096,53 kv. verst təşkil
edirdi. Bu Azərbaycan Cümhuriyyətinin müəyyən
edilmiş ümumi ərazisinin (99908,87 kv.
verst və ya 113895,97 kv. km.) 19,11%-ni təşkil edirdi. Zəngəzur
qəzası sahəsinə görə (6742,92
kv.verst və ya general-qubernatorluğun ərazisinin 35,31 %-i)
birinci yerdə dururdu. Sovet Rusiyasının
yaxından iştirakı ilə Zəngəzurun bir hissəsinin
Ermənistana verilməsi ilə Ermənistan SSR dövləti
Zəngəzurun azərbaycanlı əhalisinin deportasiya və
soyqırımını başa
çatdırmışdı. M.Skibitskinin
hesablamasına görə, Qarabağ general-qubernatorluğunun
tərkibinə daxil olan Zəngəzur qəzası ərazisindən
(6742,96 kv.verst) 3637 kv. versti
Ermənistana verilmişdi. Sovet Ermənistanı
Zəngəzuru ələ keçirdikdən sonra ilk əvvəl
onun inzibati-ərazi bölgüsünü dəyişdirməyə
başladı. Ermənistan SSR Xalq Komissarları Sovetinin
1921-ci il 31 avqust qərarı ilə onun
torpaqları əsasında Zəngəzur (Gorus, Sisyan və
Qafan) və Mehri qəzaları təşkil etmişdi. Sovet rayonlaşdırılması zamanı isə
1930-cu ildə həmin qəzaların ərazisi Gorus, Sisyan,
Qafan və Mehri rayonlarına bölünmüşdü.
Zəngəzurun Ermənistana verilmiş hissəsində
ən böyük faciə isə II Dünya müharibəsindən
sonra, sovet dövlət rəhbərliyinin bilavasitə
iştirakı ilə Ermənistan tərəfindən
respublikanın azərbaycanlı əhalisinin 1948-1953-cü illərdə
deportasiyası oldu. 1948-1953-cü illərdə yüz əlli
mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki
dədə-baba yurdlarından kütləvi surətdə və
zorakılıqla sürgün olunmuşdur.
Stalinin ölümü ilə azərbaycanlıların
Ermənistan SSR-dən deportasiyası kimi cinayətkar fəaliyyət
dayandırılsa da Ermənistan rəhbərliyi bu siyasəti
1950-1980-ci illərdə qapalı, 1980-ci illərin
ortalarından isə açıq şəkildə davam
etdirdi. 1987-ci ilin noyabrında Qafan və Mehri
rayonlarının azərbaycanlılarına qarşı
deportasiya başladı. Ermənistanda
öz tarixi etnik torpaqlarında yaşayan azərbaycanlılar
dövlətin həyata keçirdiyi məqsədyönlü
soyqırımı və deportasiya siyasəti nəticəsində
oranı tərk etməyə məcbur oldu. Ermənistandakı sonuncu azərbaycanlı kəndi
– Zəngəzurun Nüvədi kəndinin əhalisi 1991-ci ilin
avqustunda deportasiya edildi. Beləliklə,
ermənilərin və Ermənistan dövlətinin həyata
keçirdiyi soyqırımı və deportasiya siyasəti nəticəsində
Azərbaycanın tarixi Zəngəzur torpaqlarının Ermənistana
verilmiş hissəsində yaşayan azərbaycanlı əhalisinin
varlığına son qoyuldu.
Azərbaycanın
tarixi Zəngəzur bölgəsinin bir hissəsinin Sovet
Rusiyası tərəfindən Ermənistana verilməsi, digər
hissəsinin isə Ermənistan silahlı qüvvələri
tərəfindən işğal edilməsi İlə tarixi Zəngəzur
torpaqlarının ələ keçirilməsi başa
çatdırılmışdır. Ermənistanın
işğal edilmiş ərazilərdə yaratdığı
qondarma inzibati-ərazi bölgüsündə vahid Zəngəzuru
bərpa etməməsi və erməni əhali ilə məskunlaşdıra
bilməməsi bir daha sübut edir ki, onun digər tarixi Azərbaycan
torpaqları ilə, eyni zamanda, Zəngəzur bölgəsinə
iddiası heç bir tarixi zəminə əsaslanmır.
Zəngəzur
dağ silsiləsi ilə əhatə olunan, Laçın və
Kəlbəcərdən Naxçıvana qədər
böyük bir ərazini tutan Zəngəzur yaylasının
şərq hissəsində Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin fərmanı ilə 7 iyul 2021-ci
il tarixində Cəbrayıl, Kəlbəcər, Qubadlı,
Laçın və Zəngilan rayonları hesabına Şərqi
Zəngəzur iqtisadi rayonu yaradıldı. Bu iqtisadi
rayonun yaradılması Zəngəzurun qərb hissəsinin də
mövcudluğunu və tarixən Azərbaycan torpağı
olmasını göstərir. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev son
çıxışlarında bu fikri bir daha təsdiqlədi:
“Şərqi Zəngəzur bizim tarixi
torpağımızdır, Qərbi Zəngəzur bizim tarixi
torpağımızdır. Biz tarixi unuda bilmərik, kiminsə
siyasi maraqlarının girovuna çevirə bilmərik. Gəlsinlər,
açsınlar tarixi sənədləri, xəritələri,
baxsınlar, sovet hökuməti Zəngəzuru nə vaxt Azərbaycandan
qoparıb Ermənistana verib. Bu, yaxın tarixdir – 101 il bundan əvvəl.
Yəni, biz deyək ki, bu, olmayıb? Nəyə görə?
Biz həqiqəti deyirik. Bizim dədə-baba
torpağımızdır: bütün Zəngəzur – Şərqi
və Qərbi Zəngəzur. İndi Ermənistanda deyirlər
ki, İlham Əliyev ərazi iddiası ilə
çıxış edir. Əgər Şərqi Zəngəzur
varsa, deməli, Qərbi Zəngəzur da var. Bəli, Qərbi
Zəngəzur bizim dədə-baba torpağımızdır.
Demişəm ki, biz oraya qayıtmalıyıq. Bunu hələ
on il bundan əvvəl demişəm. Mənim
çıxışlarım hamısı mətbuatda var.
Demişəm ki, bizim dədə-baba
torpağımızdır, biz oraya qayıtmalıyıq və
qayıdacağıq və qayıdırıq. Heç kim
bizi dayandıra bilməz. Mütləq qayıdacağıq,
çünki bunun başqa yolu yoxdur”.
Bu gün Zəngəzur dəhlizinin yaradılması istiqamətində addımlar atılması və bu dəhlizin reallaşdırılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Bu layihənin icrası bizim dədə-baba torpağımız olan Zəngəzura qayıdışımızın növbəti müjdəçisi olacaqdır.
Anar İSKƏNDƏROV,
Milli Məclisin deputatı, tarix elmləri
doktoru, professor
Xalq qəzeti .-
2022.- 14 may.- S.8.