“Şuşa
İli” “Karvan”ın qanadlarında
“Şuşa İli” çərçivəsində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin mədəniyyət paytaxtımız musiqi xadimləri haqqına hazırladığı növbəti təqdimat bəstəkar, pedaqoq, SSRİ Xalq artisti Soltan Hacıbəyova həsr edilib.
Görkəmli bəstəkarın adı çəkiləndə onun məşhur “Karvan” simfonik poemasının musiqi sədaları xəyalımıza hakim kəsildi. Bu melodiyaların xoş təsiri altında onun zəngin irsini yad etdik. Dövlət muzeyinin zəngin kolleksiyaları əsasında “Şuşa İli” ilə əlaqədar “Şuşa musiqiçiləri” sərgisi təşkil olunub.
Muzeyin direktor müavini Təranə Zeynalova bizi Soltan Hacıbəyova həsr olunmuş guşədə qoyulmuş geyim və əşyalarla tanış etdi. Burada onun tərcümeyi-halından qısa məlumatlar da yer alıb. Xatırlandı ki, Soltan Hacıbəyov 1946-cı ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Əsərlərindən “Gülşən” baleti (1950) və “Karvan” (1945) simfonik lövhəsi daha çox şöhrət qazanıb. “Qızıl gül” musiqili komediyasının, uşaqlar üçün “İsgəndər və çoban” operasının, xalq çalğı alətləri orkestri və böyük simfonik orkestr üçün əsərlərin, mahnı və romansların, dram tamaşalarına musiqilərin müəllifidir. Bolqarıstan və keçmiş Çexoslovakiyaya səfərlərinin nəticəsi olaraq “Bolqar süitası” və “Çex rəqsi” əsərlərini bəstələyib. 1964-cü ildə S.Hacıbəyov ən parlaq əsərini – orkestr üçün “Konsert”ini yazıb. Əsər təzadların kəskinliyi, fəallığı, müasir musiqi dili, qeyri-adi, parlaq koloritli orkestrovkası ilə fərqlənir. S.Hacıbəyovun partiturasında incə, şəffaf tembr rəngləri güclü səs koloriti ilə uyğunlaşır. “Konsert” milli simfonik musiqi mədəniyyətinin incisi sayılır.
Bəstəkarın tamaşalara yazdığı musiqilər də
“Məhəbbət”, “Kəndçi qızı”, “İnsan”, “Eşq və intiqam”, “Əliqulu evlənir” və s. ayrılıqda səsləndirilməyə layiq uzunömürlü əsərlərdəndir.
1969-cu ildən ömrünün sonunadək
Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifələrində
çalışan Soltan Hacıbəyov
dünyasına səyahət bir daha könlümüzü
həzin duyğularla döyündürdü.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti .- 2022.- 19 noyabr.- S.10.