Otuz yaşın mübarək, Bakı Bələdiyyə Teatrı!

Görkəmli teatrkino aktrisası, Xalq artisti Amaliya Pənahovanın yaratdığı bu teatrın ilk məşqi “Dostluq" kinoteatrında keçirilib. Bir neçə ay sonra Akademik Milli Dram Teatrının səhnəsində "Əli və Nino" romanı əsasında eyniadlı tamaşanın premyerası olub. Rejissor Elvin Mirzəyevin yaradıcı səyi, aktyorların “hünəri” sayəsində 220 dəqiqəlik tamaşa sürəkli alqışlarla sonlanıb.

Daha sonra Azərbaycan və dünya klassiklərinin pyeslərini uğurla səhnələşdirən bu teatr Muxtar Avşarov, Sofiya Bəsirzadə, Məhluqə Sadıqova, Firudin Mehdiyev, Mirvari Novruzova kimi ustad sənətkarların xidməti sayəsində əsl sənət ocağı kimi şöhrət qazanıb. Teatr respublikada birinci olaraq Qarabağ savaşı mövzusuna müraciət edib, qəhrəmanlıq mövzusunda tamaşalar hazırlayıb, cəbhə bölgələrində əsgərlər, eləcə də məcburi köçkünlər qarşısında hesabat verib. Yaradıcı kollektiv nəinki ölkəmizdə, eləcə də xaricdə uğurlara imza atıb. Teatrın 10 yaşı tamam olanda Prezident Heydər Əliyevin sərəncamı ilə 23 aktyora fəxri ad verilib.

Bələdiyyə Teatrı qardaş Türkiyədə də öz tamaşaçı auditoriyasını formalaşdırıb. Təsadüfi deyil ki, Xalq artisti, "Şərəf" və "Şöhrət" ordenli aktrisa Amaliya Pənahova Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının türk dünyasının elmi və mədəniyyəti qarşısında xidmətlərinə görə Beynəlxalq Atatürk Mükafatı, onun teatrı isə “İlin teatrı” mükafatı ilə təltif olunub.

Amaliya xanım 2018-ci ildə vəfat edəndən sonra onun qızı, əvvəllər də orada çalışmış Aynur Muxtarova teatra direktor təyin edilib. Etibarlı əllərdə olan estafet uğurla davam etdirilir, teatr öz elitar səviyyəsini doğrulda bilir. Üç il öncə 650 illiyi qeyd edilən dahi şair İmadəddin Nəsimiyə həsr olunmuş eyniadlı tamaşa böyük maraqla qarşılanıb. Çingiz Ələsgərlinin Xalq yazıçısı İsa Hüseynovun (Muğanna) "Məhşər" romanının motivləri əsasında araya-ərsəyə gətirdiyi səhnə variantı tamaşaçılara unudulmaz təsir bağışlayıb.

Teatr ötən il Rəfail Oğuztürk Dağlının “Nargin faciəsi” əsəri əsasında hazırlanan tamaşası ilə də yadda qalıb. Əsər 1914–1915-ci illərdə rus-türk cəbhəsində Sarıqamış döyüşlərində əsir düşmüşNargin adasında çox ağır şəraitdə saxlanıldıqlarına görə əksəriyyəti həyatını itirmiş minlərlə türk əsgərinin və azərbaycanlı mülki şəxslərin xatirəsinə ithaf edilib.

Bu ilin sentyabrında yubiley mövsümünü “Sən qayıdacaqsan” (rejissor Əməkdar artist Bəhruz Vaqifoğlu) tamaşası ilə açan kollektiv əsəri Anım Gününə həsr edib. Müharibədə itirdiklərinin yolunu gözləyən qəhrəmanlar sonda yol ayrıcında birləşərək bir düz yol əmələ gətirirlər ki, bu da onları Böyük Zəfərə qovuşdurur, həsrətlərinə son qoyur.

Bu günlərdə Dövlət Akademik Milli Dram Teatrında 30 illik yubiley tədbirində də qeyd olunduğu kimi, ölkəmizin mədəni həyatında Bakı Bələdiyyə Teatrının da böyük rolu var. Nazir Anar Kərimovun mərasimdə səsləndirilən təbrik məktubunda bu teatrın uğurlarının bir səbəbi də gənc istedadların səhnəyə cəlb edilməsi ilə əlaqələndirilib.

Yubiley təntənəsində “Şuşada ürəyim qaldı” tamaşası oynanılıb. Bu premyera görkəmli dramaturqlar, Xalq yazıçısı İlyas Əfəndiyevin “Qarabağnamə”si və Xalq yazıçısı ElçininBaş” romanı əsasında təqdim olunan səhnə təcəssümüdür. Quruluşçu rejissor Xalq artisti Mərahim Fərzəlibəyov hazırladığı tamaşada General Sisiyanovun Azərbaycanda törətdiyi faciələrdən və İbrahim xanın qızı Ağabəyim ağanın müsibətlərindən bəhs edilir. Azərbaycan xanlıqları ayrı-ayrı dövlətlər sayılsa da, əslində müstəqilliyimizin əsasını qoymağa çalışdıqları diqqətə çəkilir. Rolları Əməkdar artistlər Rafiq İbrahimov, Hüsniyyə Mürvətova, İlham Rzayev, Əfqan Soltanov, aktyorlar Zülfiyyə Qurbanova, İsmayıl Atakişiyev, Tural Əhməd, Asif Rəhimov, Rəşad Kəsəmənli, Toğrul Rza, Mehman Abdullayev və başqaları ifa edirlər. Elçin müəllimin də dediyi kimi, Amaliya xanımın tanınmasında, şöhrət qazanmasında İlyas Əfəndiyevin pyesləri böyük rol oynayıb, buna görə də yeni tamaşanın səhnələşdirilməsindən hər iki unudulmaz sənətkarın ruhu şaddır.

Amaliya Pənahova düz 60 il öncə, hələ İncəsənət institutunun 3-cü kursunda oxuyarkən rejissor Tofiq Kazımov onu Akademik Milli Dram Teatrında İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” pyesinin tamaşasında baş rol olan Nargiləni oynamağa dəvət edib. Tələbə-aktrisa etimadı layiqincə doğrulda bilib. Ardınca məhsuldar yaradıcılıq dövrü keçərək 500-dən artıq rola həyat verib. Bu gün onun yaratmış olduğu Bakı Bələdiyyə Teatrının ayaq üstə möhkəm dayanması deməyə əsas verir ki, Amaliya Pənahova həmişə bizimlədir.

Əli NƏCƏFXANLI

Xalq qəzeti .- 2022.- 19 noyabr.- S.10.