Qarabağ yenidən
cənnətə dönür
2016-cı ilin Aprel döyüşlərində azad edilmiş Cocuq Mərcanlıda uğurla gerçəkləşdirilən Qarabağa qayıdışın ilkin modeli, 2020-ci ilin payızında ölkəmizin qələbəsi ilə bitmiş Vətən müharibəsinin səhərisi günü işğaldan azad edilmiş ərazilərdə başlanmış irimiqyaslı bərpa-quruculuq prosesi qəzetimizin səhifələrində ardıcıl olaraq müxtəlif formalarda işıqlandırılır. Şübhəsiz, bu yöndə aparıcı və mötəbər materiallar Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bölgəyə davamlı səfərlərindən hazırlanmış hesabatlardır.
Xarabalığa çevrilmiş Qarabağ və Şərqi Zəngəzur əraziləri başdan-başa minalandığına, partlamamış döyüş sürsatları ilə təhlükə doğurduğuna görə ötən dövrdə əməkdaşlarımızın həmin yerlərdən birbaşa reportajlar, müsahibələr aparmaq, canlı bağlantılar qurmaq imkanı məhdud olmuşdur. Bu təhlükə azaldıqca azad edilmiş yurd yerlərinə səfərlər də asanlaşır.
Bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan möhtəşəm qurucuq işlərini günün tələbləri, oxucularımızın gözləntiləri səviyyəsində işıqlandırmaq üçün redaksiyamız bölgəyə əməkdaşlarımızın davamlı ezamiyyələrini təşkil etməyi, yerlərdə daimi informasiya mənbələrimizi yaratmağı planlaşdırır.
Layihələrimizdən biri də Qarabağa
qayıdış prosesinə rəhbərlik edən məsul
şəxsləri redaksiyamıza dəvət edib onların əhatəli
məlumatını oxucularımıza canlı olaraq
çatdırmaqdır. Bu layihə üzrə ilk
qonağımız Qarabağ iqtisadi rayonuna daxil olan
işğaldan azad edilmiş ərazilərdə (Şuşa
rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin
xüsusi nümayəndəsi Emin Hüseynovdur.
–
Emin müəllim, istərdik ki, söhbətimizin əvvəlində
Qarabağ iqtisadi rayonunda həyata keçirilən bərpa-quruculuq
prosesinin hazırda hansı mərhələdə olduğu
barədə fikirlərinizi bildirəsiniz.
– Bu barədə söhbət
açmazdan əvvəl deyə bilərəm ki,
işğaldan azad edilən Qarabağ iqtisadi rayonunun erməni
faşizmi tərəfindən dağıdılan, yerlə-yeksan
edilən bütün şəhər və kəndlərində
tikinti, bərpa-quruculuq layihələri Azərbaycan Prezidenti cənab
İlham Əliyevin birbaşa nəzarəti və
dövlət başçımızın təsdiqlədiyi
“Azərbaycan 2030: milli prioritetlər”, “Strateji Fəaliyyət
Planı” və “2022–2026-cı illər üçün
Dövlət Proqramı” kimi strateji sənədlər əsasında
icra olunur. Yeri gəlmişkən, həmin sənədlər
yenidənqurma və inkişaf prosesinin 4 əsas mərhələsini
müəyyənləşdirir. Onlardan birincisi,
ümumi və baş planların layihələndirilməsi,
ikincisi, minatəmizləmə və baza infrastrukturunun
yaradılması, üçüncüsü, sosial, ictimai və
iqtisadi infrastrukturun tammiqyaslı şəkildə yenidən
qurulması və inkişafı, dördüncüsü isə
keçmiş məcburi köçkünlərin
Böyük Qayıdışıdır.
– Yenidənqurma və inkişaf
prosesinin ilk mərhələsinin ümumi və baş
planların layihələndirilməsi ilə
başladığını nəzərə alsaq, indiyədək
bu sahədə hansı işlər görülüb?
– Ümumiyyətlə, Qarabağ və Şərqi
Zəngəzur iqtisadi rayonlarının ümumi planları
artıq hazırdır. Qarabağ İqtisadi Rayonunda isə
Ağdam və Füzuli şəhərlərinin baş
planları yekunlaşmış, Hadrut, Tuğ, eləcə də
Suqovuşan və Talışda yekunlaşma işləri
aparılır.
Xatırladım ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin mayın 28-də Qarabağ iqtisadi rayonunun mərkəzi saylan Ağdama səfəri çərçivəsində azad olunmuş ərazilər içərisində ilk olaraq bu şəhərin Baş planı ictimaiyyətə təqdim olunub. Bax, elə həmin vaxtdan etibarən Ağdamda tikinti, bərpa-quruculuq layihələrinin icrasına başlanılıb. Burada onu da qeyd etmək yerinə düşər ki, Vətən müharibəsi parlaq qələbəmizlə başa çatandan sonra düşməndən təmizlənən bütün ərazilərimizin, o cümlədən də Ağdamın yenidən qurulması diqqətdə olub. Amma bayaq xatırlatdığım kimi, şəhərin Baş planının təqdimatından sonra geniş miqyaslı quruculuq işləri daha da sürətləndirilib.
Onu da qeyd edim ki, Azərbaycan
üzləşdiyi bütün çətinliklərə
baxmayaraq, digər dövlətlərin və beynəlxalq təşkilatların
dəstəyi olmadan yenidənqurma və inkişaf prosesinin ilk
mərhələsi üçün nəzərdə tutulan
iqtisadi rayon daxilində ərazilərin 13 faizi, Ağdam
rayonunda isə, hətta 23 faizi indiyədək minalardan və
digər partlamamış hərbi sursatlardan təmizlənib və
bu proses hazırda da tam miqyasda davam etdirilir.
– Qarabağ iqtisadi rayonunda baza
infrastrukturu ilə bağlı layihələrin hazırkı
icra vəziyyəti barədə nə deyə bilərsiniz?
– Bu istiqamətdə görülən işlərə
diqqət yetirsək, deyə bilərəm ki, Bərdə–Ağdam
avtomobil yolunda işlər artıq yekunlaşmaq üzrədir.
Qrafik üzrə gələn ilin birinci rübündə
yekunlaşdırılması nəzərdə tutulub.
Xatırladım ki, cənab İlham Əliyev cari il
oktyabrın 4-də Ağdama səfəri çərçivəsində
bu yolda görülən işlərlə tanış olub.
Yeri gəlmişkən, başlanğıcını Bərdə
şəhərindən götürən magistralın
uzunluğu 44,5 kilometr, eni 26,5 metrdir. Birinci texniki dərəcəyə
uyğun inşa olunan yol Qarabağın inkişaf planı nəzərə
alınmaqla, dörd hərəkət zolağından ibarətdir.
Prezident İlham Əliyev və birinci xanım
Mehriban Əliyevanın keçən il oktyabrın 17-də
Füzuli rayonuna səfəri zamanı təməli qoyulan
Ağdam–Füzuli avtomobil yolunun inşası da hazırda
sürətlə davam etdirilir. Bu yol Qarabağ və Şərqi
Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və
işğaldan azad edilmiş rayon və kəndlərin
sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrindən
biri sayılır. Uzunluğu 64,8 kilometr, hərəkət
hissəsinin eni 15 metr təşkil edəcək yol 4 hərəkət
zolaqlı olmaqla tikilir.
Bərdə–Ağdam avtomobil yolunun davamı
olan Ağdam–Füzuli avtomobil yolu Ağdam, Ağcabədi,
Füzuli rayonları ərazisindən keçir. Yolun
inşası Bərdədən Ağdam və Füzuliyədək,
həmçinin əks istiqamətdə rahat gediş-gəlişi
təmin edəcək, sosial-iqtisadi inkişafa müsbət təsir
göstərəcək. Yolun çəkilişinin gələn
ilin sonunadək yekunlaşdırılacağı planlaşdırılıb.
Yevlax–Xankəndi dəmir yolunun bir hissəsi
olan Bərdə–Ağdam dəmir yolunun bərpası da
sürətlə aparılır. Artıq şəhərə daxil
olan polad magistralın bu ilin sonunadək istismara verilməsi
gözlənilir.
Onu da qeyd
edim ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban
Əliyeva bu il oktyabrın 4-də Ağdam
şəhərində dəmir yolu və avtovağzal
kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.
Kompleksin 2024-cü ilin əvvəlində istifadəyə
verilməsi nəzərdə tutulub.
Ağdamda reallaşdırılan baza infrastrukturu layihələrindən
danışarkən, elektrik enerjisi təchizatı məsələsinə
də toxunmaq yerinə düşərdi. Bu iş işğaldan azad
edilən digər rayonlarla müqayisədə Ağdamda
çətinliklə gerçəkləşib və buna bir il vaxt sərf edilib. Bu barədə
bir qədər ətraflı danışmaq istərdim. Bunun üçün əvvəlcə
xatırladım ki, bu məsələdə üzləşdiyimiz
ən böyük çətinlik hazırda da davam edən
mina təhlükəsi ilə bağlı olub. Qeyd edim ki, keçmiş təmas xətti 200 kilometr
uzunluğunda və 5 kilometr enində ərazini əhatə
edib. Bu ərazinin piyada və tank əleyhinə minalarla,
partlamamış sursatlarla, habelə
çoxlu metal və sursat qırıntıları ilə həddindən
artıq çirklənmiş vəziyyətdə olması
minatəmizləyənlərin işlərini çətinləşdirib.
Belə vəziyyət, hətta itlərdən
istifadəni də məhdudlaşdırıb. Bu əngəllər sırasına relyef məsələsini
də əlavə etsək, tikinti-quruculuq, abadlıq layihələrinin
hansı şəraitdə həyata keçirilməsi barədə
aydın təsəvvür yaranar. Bax, bu məqamda
qəhrəman minatəmizləyənlərimizə bir daha
minnətdarlığımı bildirmək istərdim.
Bəli, Ağdamda elektrik xəttinin çəkilməsi,
şəbəkənin qurulması belə əzablı, gərgin
işin fonunda reallaşdırılıb. Bir tərəfdən
torpağa, necə deyərlər, minaların səpilməsi,
digər tərəfdən relyefin müəyyən çətinlikləri,
düşmənin yaratdığı vallar və istehkamlar
üzündən minatəmizləyənlər tərəfindən
böyük fədakarlıq göstərilərək,
torpaqlar qarış-qarış təmizlənib, 20 metr
enliyində dəhliz açılıb və bu dəhlizlə
şəhərə elektrik xəttinin çəkilməsi
reallaşdırılıb.
Beləliklə,
bir il müddətində Ağdamda
“Ağdam-1” və “Ağdam-2” yarımstansiyaları tikilib. “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal
İdarəetmə Mərkəzi istismara verilib.
Bu məqamda onu da deyə bilərəm ki, “Qarabağ”
Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə
Mərkəzinin istifadəyə verilməsi mühüm hadisə
oldu. Çünki bu, elə bir texniki mərkəzdir ki,
onun vasitəsilə nəinki Qarabağ, eləcə də
bütün ölkənin elektrik enerjisini tənzimləmək
mümkündür. Başqa sözlə,
burada yerləşən elektrik dispetçer məntəqəsi
ilə hətta paytaxtda görüləcək işlərə
nəzarəti gerçəkləşdirmək olar. Belə bir Rəqəmsal İdarəetmə Mərkəzinin
yaradılması Qarabağın əvvəlki şöhrətinin
bərpa edilməsində, bölgənin kənd təsərrüfatı
və sənaye sektorunun hərəkətə gətirilməsində
əvəzsiz töhfəsini verəcək.
–
Qarabağın bərpası zamanı su təchizatı
probleminin həlli istiqamətində görülən işlərdən
də söhbət açmağınızı istərdik.
–
Qarabağda mövcud su təchizatı infrastrukturu ərazilərin
işğal altında olduğu dönəmdə çox
yararsız vəziyyətə salınıb. Bölgədəki
əsas su anbarları – Suqovuşan, Xaçınçay,
Ağdamkənd, Köndələnçay 1, Köndələnçay
2 və Aşağı Köndələnçay su
anbarları demək olar ki, bərbad vəziyyətdədir. Həmin su anbarlarından qidalanan Tərtərçayın
sağ sahil, Xaçınçaydan və Köndələnçaydan
çıxan kanallar da acınacaqlı haldadır. Belə şəraitdə təbii ki, səmərəli
suvarmadan söhbət açmaq mümkün deyil.
Burada onu
da qeyd etmək yerinə düşər ki, cənab Prezidentin
tapşırığı ilə Ağdamın su mənbələri
– Xaçınçay və Qarqarçayın üzərindəki
Ağdamkənd su anbarının, su kanallarının əsaslı
təmiri nəzərdə tutulub. Azərbaycan
Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən
dövlət satınalmaları prosedurları
formalaşdırılıb və qalib şirkət
mobilizasiyaya başlayıb. Bu prosesin
Köndələnçay 1, Köndələnçay 2
anbarları üzərində də həyata keçirilməsinə
start verilib.
Xatırladım ki, Qarabağda su təchizatı məsələsinin
kompleks həlli ilə bağlı Prezident İlham Əliyevin
tapşırığı ilə xüsusi dövlət
komissiyası yaradılıb. Baş nazirin müavini Şahin
Mustafayevin rəhbərliyi ilə əlaqədar qurumların
daxil olduğu bu komissiya Vətən müharibəsindən
sonra azad olunmuş ərazilərin su təchizatı və təminatı
ilə bağlı məsələlərlə ciddi şəkildə
məşğul olur, su ehtiyatlarının düzgün,
optimal bölgüsünü təyin etmək və o
balansı qorumaq məqsədilə tədbirlər gerçəkləşdirir.
Qarabağ iqtisadi rayonunda içməli su ilə
bağlı mövcud problemlərin həlli də diqqətdə
saxlanılır. Bunun üçün, ilk növbədə,
bərpa olunacaq rayon mərkəzlərinin, əsasən, ilk
olaraq Ağdam və Füzuli şəhərlərində su
təchizatının həyata keçirilməsinə
başlanılıb. Artıq Ağdam şəhərinin
içməli su təchizatı sistemi, onunla bərabər
yağış sularının və çirkab
sularının idarə olunması, “ağıllı su idarəetmə
sistemləri”nin yaradılması layihələrinin
hazırlanması yekunlaşıb. Eyni zamanda, Füzuli şəhərində
də analoji layihələr üzərində iş
aparılır və onların da yaxın zamanlarda
yekunlaşması nəzərdə tutulub. Bütün
bunlar reallaşdırıldıqdan sonra şəhərdaxili
su şəbəkəsinin qurulması prosesinə
başlanılacağı planlaşdırılıb.
– Qarabağda qaz təchizatının
bərpası prosesi necə aparılır?
– Bu sualla
əlaqədar əvvəl bir cəhətə aydınlıq
gətirmək istərdim. Belə ki, Qarabağ
bölgəsi “yaşıl zona” elan olunub. Cənab
Prezident tərəfindən bu konsepsiyanın icrası
qarşıya mühüm vəzifə kimi qoyulub. Bununla
əlaqədar Energetika Nazirliyinin rəhbərliyi ilə
Yaponiya şirkətinin birgə hazırladığı
“yaşıl zona” konsepsiyası dövlətimizin
başçısı tərəfindən təsdiqlənib və
Nazirlər Kabineti onun icrası üçün xüsusi tədbirlər
planı tərtib edib. Orada müvafiq dövlət
qurumlarının hər birinin üzərinə müvafiq vəzifələr
qoyulub. Energetika Nazirliyinin rəhbərliyi
tərəfindən yaradılan xüsusi monitorinq qrupu
konsepsiyanın icrasını nəzarətdə saxlamaq
üçün həmin qrupa müəyyən dövlət
qurumlarının nümayəndələri daxil edilib.
Qeyd edim ki, 2030-cu ilədək yalnız müəyyən
ərazilərdə-əsasən rayon mərkəzlərində
qaz magistral xətləri olacaq və həmin xətlərdən
ancaq 5 kilometr məsafədə yerləşən
yaşayış məntəqələrinə xətlər
ayrılacaq.
Bir məqamı da qeyd edim. Rayon mərkəzləri
magistral qaz xətti ilə təchiz olunsa belə, həmin
şəhərlərin daxilində təbii qazın istifadəsi
ilə bağlı müəyyən normativlər və
standartlar olacaq. Çünki bu,
“yaşıl zona” konsepsiyası ilə uyğunluq təşkil
etməlidir. Bütün bunlar şəhərsalma
layihələrində və icra prosesində də nəzərə
alınacaq.
– Emin
müəllim, “yaşıl enerji” zonasından söz
düşmüşkən, “ağıllı” kənd və
şəhərlərin salınması ilə bağlı
fikirlərinizi də bilmək maraqlı olardı...
– Bunun
üçün əvvəlcə bu yaxınlarda
Polşanın Katovitse şəhərində
keçirilmiş və Azərbaycandan olan nümayəndə
heyətinin tərkibində iştirak etdiyim Ümumdünya
Şəhərsalma Forumunda səsləndirilən bir məsələni
xatırlatmaq istərdim. Həmin toplantıda
bildirildi ki, “ağıllı” kənd və şəhər
modeli artıq yenilik deyil. Bu, bir
standartdır. Bu, şəhərsalmada
müasir həyatımızın ən vacib, önəmli tələblərindən
biridir.
Belə bir yanaşma ilə razılaşmamaq
mümkün deyil. Çünki indiki dövrdə yeni kənd,
yeni şəhər salırıqsa, yeni yaşayış məntəqəsi
qururuqsa, bu zaman yeni yaşayış həllərindən
istifadə olunmalıdır. Bəli,
vurğulandığı kimi, bu bir standartdır. Bu standarta əsaslanan texnologiyalar da mövcuddur.
Biz 30 illik həsrətdən sonra doğma
Qarabağımıza qovuşmuşuqsa və mənfur
düşmən tərəfindən dağıdılan, yerlə
yeksan edilən ərazilərdə yeni yaşayış məntəqələrinin
salınmasına başlamışıqsa, o tikintinin, o
infrastrukturun bərpasını 30 il bundan əvvəlki
standartlar hesabına reallaşdıra bilmərik. Biz bunu indiki yeni dövrün tələblərinə
uyğun bərpa etməliyik. Buna görə
də “ağıllı” kənd və şəhərlərin
yaradılması anlamı da bununla bağlıdır. Bizim “ağıllı kənd”
adlandırdığımız Ağalıya vətəndaşlarımız
qayıdıb artıq orada yaşayırlar. Burada belə bir təsəvvür yarana bilər ki,
digər kəndlərimiz “ağıllı” olmayacaq. Bu, çox yanlış bir düşüncədir.
“Ağıllı” kənd və şəhər
o demək deyil ki, bu cür qurulan yaşayış məntəqəsi
xüsusi imtiyazlara malikdir. Burada söhbət
sadəcə insan həyatının daha rahat, əlverişli,
komfortlu, yaşayışı sadələşdirən,
yüngülləşdirən həllərdən gedir.
Bir sözlə, ağıllı həllər hər bir
vətəndaşın kommunal xidmətlərlə təminatını
yüksək səviyyədə şərtləndirir, məsrəflərini
nizamlamağa şərait yardır. Onu da deyim ki,
ağıllı həllərin tətbiqində standart bir
yanaşma yoxdur. Hər bir şəhərin,
hər bir kəndin özünəməxsus spesfikliyi var,
öz tarixi, öz mədəniyyəti, adət-ənənəsi
var. Şübhəsiz ki, bu məsələdə ərazinin
təbiəti, iqlimi də əsas rol oynayır.
Şübhəsiz ki, əhalinin, sayı,
sıxlığı, yaşayış şəraiti və ərazinin
coğrafiyasından asılı olaraq, o yaşayış sahəsinin
müəyyən problemləri ola bilər.
Bax, o çətinliklər şəhərsalma
prosesində mütəxəssislər tərəfindən təhlil
edilir və daha sonra alınan nəticədən
çıxış edilərək, məsələn, yolun
çəkilişi, parkların, istirahət
zolaqlarının salınması müəyyənləşdirilir.
Bu məsələ isə ağıllı həllərlə
öz təsdiqini tapır.
Bu yanaşma Ağdamın şəhərdaxili yol şəbəkəsinin
təqdimat planında da nəzərə alınıb. Beləliklə,
ilk dəfə olaraq Ağdamda şəhərdaxili yol layihəsi
ayrı-ayrı qurumların müstəqil şəkildə həyata
keçirdikləri layihələr kimi deyil, kompleks şəkildə
vahid layihə çərçivəsində həyata
keçiriləcək. Bu isə o deməkdir ki, şəhərdə
daxili yol çəkilişində layihənin
hazırlanmasına müxtəlif qurumların mütəxəssisləri
dəvət olunacaq, onların birgə fəaliyyəti ilə
bu proses öz həllini tapacaq. Son nəticədə
isə bütün işlər – işıq, qaz, su, elektrik təminatı,
rabitə və kommunikasiya xətləri bir dəfə çəkiləcək
və bitiriləcək. Bu həm işin
sürətli icrası, həm külli miqdarda dövlət
büdcəsi vəsaitinə qənaət, həm də
yüksək effektə malik koordinasiya deməkdir.
–
Qarabağ iqtisadi rayonunda sənaye və kənd təsərrüfatının
kompleks inkişafı da şübhəsiz ki, diqqətdə
saxlanılır…
– Sözügedən iqtisadi
rayonda kənd təsərrüfatı üçün
geniş imkanlar var. İşğaldan əvvəl bu ərazilərdə
ənənəvi olan taxılçılıq,
üzümçülük, pambıqçılıq,
tütünçülük, meyvəçilik, həmçinin
heyvandarlıq kimi fəaliyyət sahələri olub.
Sadalanan istiqamətlərdə yüksək istehsal göstəriciləri
əldə edilib. Kənd təsərrüfatı ilə
yanaşı, sənaye, xüsusilə emal sənayesi də
uğurlu inkişaf yolu keçib.
Şübhəsiz ki, Qarabağ iqtisadi rayonunda
məskunlaşmadan, həyatın öz axarına
qayıdışından sonra iqtisadiyyatın vurğulanan sahələrinin
tərəqqisi yenə də diqqət mərkəzində
olacaq. Ancaq indiki bərpa
prosesində də bununla bağlı intensiv iş gedir. Taxılçılıq ənənəsinin davam
etdirilməsinə başlanılıb. Azərbaycan
Prezidentinin 2021-ci ilin 4 oktyabr tarixli fərmanı ilə
yaradılan Ağdam Sənaye Parkında sahibkarlar
üçün əlverişli investisiya mühitinin
yaradılması istiqamətində 190 hektar ərazidə
işlərin mərhələli şəkildə həyata
keçirilməsi diqqət mərkəzində
saxlanılıb. Yeri gəlmişkən, burada əsasən
kənd təsərrüfatı məhsullarının
emalı sənayesi, tikinti materialları, müəyyən
yeyinti və yüngül sənaye sahələrinin
inkişafı prioritet təşkil edəcək. Yeyinti sənayesində çörək məmulatlarının
istehsalının, şərabçılığın,
yüngül sənayedə tekstil sahəsinin, tikinti sənayesində
isə bütün spesifik inşaat materiallarının
istehsalının təşkili nəzərdə tutulub.
– Emin müəllim, vaxt ayırıb
Qarabağın bərpası ilə bağlı müəyyən
məsələlər barədə hərtərəfli məlumat
verdiyiniz üçün təşəkkür edirik.
Müsahibəni
hazırladı:
Vaqif BAYRAMOV
Xalq qəzeti 2022.- 19 noyabr.- S.3.