Fikrət
Əmirovun musiqisi teatr
və kino əsərlərində
Böyük bəstəkar
Fikrət Əmirov digər musiqi
janrlarında əsərləri
ilə yanaşı, bir çox
kinofilmlərə və teatr
tamaşalarına da musiqi
bəstələyib. O,
teatr sahəsində daha
məhsuldar işləyib. Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan tifaq”,
Cəfər Cabbarlının “1905-ci ildə”, Hüseyn
Cavidin “Şeyx Sənan”, Mehdi Hüseynin “Cavanşir”,
Mirzə İbrahimovun “Közərən ocaqlar”, İlyas Əfəndiyevin
“İşıqlı yollar”, “Sən həmişə mənimləsən” səhnə əsərlərinə musiqilərlə onları daha da rövnəqləndirib.
Bu sıraya bəstəkarın Azərbaycan radiosunda səhnələşdirilən pyeslərə dair musiqiləri də aiddir. Onun dramlara yazdığı bəzi mahnılar həmin kontekstdən kənarda da məşhurlaşmışdır. Məsələn, Hüseyn Cavidin “Şeyx Sənan” dramı üçün bəstələdiyi “Kor ərəbin mahnısı”. Həmin mahnı özündə qədim nəğmələrin intonasiya xüsusiyyəti ilə faciəvi ifadəliliyi birləşdirir. Xalq ifaçılıq təcrübəsində olduğu kimi, bu melodiya öz xarakteri, ifadə quruluşu baxımından improvizasiyalıdır, zəngin melizmlərlə bəzədilib. Hüseyn Cavidin lirik-romantik səpkili şeiri Fikrət Əmirovun dramatik-faciəvi musiqisində öz əksini tapır. Şeir əruz vəzninin həzəc bəhrindədir. Melodiya “Şur” muğamının “Hicaz” şöbəsinin intonasiyaları üzərində qurulub.
Bəstəkarın Mehdi Hüseynin “Cavanşir” pyesinə yazdığı musiqi də əsərin səhnə həyatı üçün xüsusi əhəmiyyət kəsb edir. Bu pyesdəki məşhur mahnılardan biri “Reyhan” mahnısıdır. 1950-ci illərdə yaradılan bu mahnı ancaq teatr tamaşalarında səsləndirilmişdir. 1960-cı illərdə isə SSRİ Xalq artisti Zeynəb Xanlarova öz ifası ilə mahnıya yeni həyat verib.
Fikrət Əmirovun musiqisi yazıçı Süleyman Rəhimovun əsərlərində də öz təcəssümünü tapıb. “Saçlı” və “Şamo” romanları əsasında hazırlanan tamaşaların musiqisini yazıb. Şamonun oxuduğu “Ay Qəmər” mahnısı qəhrəmanların saf məhəbbətindən xəbər verir.
Fikrət Əmirovun kino sahəsində ilk işi 1960-cı
ildə Mehdi Hüseynin ssenarisi əsasında rejissor Ağarza Quliyevin çəkdiyi “Səhər” filmidir. Filmdə Aslanla Sevdanın məhəbbəti bütün sınaqlara dözür. Bu məhəbbət Aslanın mahnısında öz ifadəsini tapır, öz melodik çalarları ilə lirik hissləri, ritmik xüsusiyyətləri ilə də qəhrəmanlığı ehtiva edir. “Aslanın mahnısı” ifaçıların repertuarına da daxil olaraq müstəqil mahnı kimi də oxunur.
1962-ci ildə Xalq yazıçısı Mirzə İbrahimovun ssenarisi əsasında rejissor Həbib İsmayılovun ekranlaşdırdığı “Böyük dayaq” filmində də Fikrət Əmirovun musiqisi bədii məzmuna rəng qatır, hadisələrin gedişini daha da dolğunlaşdırır. Maya ilə Qaraşın sevgisi lirik melodiyalarla verilir. “Gecə keçdi” mahnısı Mayanın ifasında filmə həzin ovqat gətirir. Sözləri Teymur Elçinə aid olan bu mahnı bəstəkarın “20 mahnı” məcmuəsinə də daxil edilib.
Fikrət Əmirovun musiqi bəstələdiyi digər kinofilmlər bunlardır: 1966-cı ildə Leonid Aqronoviçin ssenarisi əsasında rejissor Ramiz Əsgərovun çəkdiyi – “Yaşamaq gözəldir, qardaşım!”, 1968-ci ildə Bayram Bayramovun ssenarisi əsasında rejissorlar Tofiq Tağızadə və Ağarza Quliyevin çəkdikləri – “Mən ki, gözəl deyildim”, 1970- ci ildə bəstəkarın “Sevil” operası əsasında Vladimir Qorikkerin çəkdiyi “Sevil”, 1974-cü ildə Rüstəm İbrahimbəyovun ssenarisi əsasında rejissor Gülbəniz Əzimzadənin çəkdiyi “Nəğmə dərsi”, 1975-ci ildə Bayram Bayramovun ssenarisi əsasında Ənvər Əbluc və Əbdül Mahmudovun çəkdiyi “Firəngiz” filmi.
Fəxr edirik ki, bu musiqi əsərləri milli-mənəvi dəyərlərimizə çevrilib və incəsənət salnaməmizdə özünə layiqli yer qazanıb.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti .- 2022.- 26 noyabr.- S.14.