Qəzetlərin dili monitorinq aynasında

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində “Qəzetlərin dili monitorinq aynasında” adlı tədbir keçirilmişdir. 7 qəzetdə aparılmış monitorinqin nəticələrinin ictimaiyyətə açıqlanması məqsədilə keçirilən tədbirdə Monitorinq Mərkəzinin Müşahidə Şurasının sədri akademik Möhsün Nağısoylu, AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli, İnstitutun şöbə müdiri dosent Kifayət İmanquliyeva, aparıcı elmi işçisi Sevinc Məmmədova, “Xalq qəzeti”nin  baş redaktoru Əflatun Amaşov,  həmçinin dilçi alimlər, qəzet redaktorları və media nümayəndələri  iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan  Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva azad söz və mətbuatı demokratik cəmiyyətin və dövlətin göstəricisi kimi səciyyələndirərək təqribən 150 il əvvəl əsası qoyulmuş milli mətbuatımızı özünüdərk və  milli oyanışın ifadəsi adlandırmışdır. Professor S.Əliyeva bildirmişdir ki, bu gün Azərbaycanda yüzlərlə mətbu orqan – qəzet və jurnal fəaliyyət göstərir, klassik mətbuat nümunəsi olan qəzetlər funksionallığını dəyişərək xəbər çatdırmaqla yanaşı, təhlil, araşdırma, əyləncə xarakterli yeni məzmunformaya sahib yazılar da təqdim edir. Cəmiyyətdə baş verənləri gecikdirmədən, operativ şəkildə ictimaiyyətə çatdıran qəzetlər əksər halda yeni yaranan anlayışlarla bağlı söz və ifadələrin də mənbəyi kimi çıxış edir. Məhz bu baxımdan müxtəlif insanların tribunası olaraq fərqli mövqe və maraqları əks etdirmək missiyasını üzərinə götürən qəzetlər  dilin daşıyıcısı kimi ədəbi dil normalarını da mütləq şəkildə  qorumalıdır.  Natiq qeyd etmişdir ki, gündəlik çap mediası olan qəzetlərdə doğma dilimizin tətbiq səviyyəsinin müəyyən edilməsi məqsədilə aparılmış monitorinqin nəticələri “Qəzetlərin dili monitorinq aynasında” adlı hesabatda öz əksini tapmışdır. Fikrini hesabatda konkret nümunələrə istinadən ümumiləşdirən Ş.Əliyeva bildirmişdir ki, Azərbaycan dilinin tətbiqi ilə bağlı real vəziyyəti əks etdirən dil faktları və statistik göstəricilər çap mediasında ciddi nöqsanların  olduğunu deməyə imkan verir.

“Qəzetlərin dili monitorinq aynasında” adlı məruzə ilə çıxış edən  Mərkəzin baş mütəxəssisi fil.ü.f.d. Mətanət Xudiyeva monitorinq nəticəsində qeydə alınmış 2500 dil faktından 1769-nun hesabata daxil edildiyini, 744 orfoqrafik, 170 leksik, 334 qrammatik, 521 üslub və ifadə səhvinin müəyyənləşdirildiyini nəzərə çatdırmışdır. Aşkar edilmiş nöqsanları təhlil edən M.Xudiyeva səhvlərin daha çox müsahiblərin nitqlərinin redaktə olunmadan verilməsi, qeyri-müəyyən başlıqlar, abreviaturların, vəzifə və rütbə adlarının yazılışında orfoqrafik normanın pozulması, mürəkkəb adların yazılışında çoxvariantlılıq, durğu işarələrinin düzgün tətbiq edilməməsi və s. şəkildə müşahidə olunduğunu vurğulamışdır.

Aşkarlanmış faktların əyani şəkildə təqdimatı ilə davam edən müzakirədə fəal iştirak edən qonaqlar mətbuatda gedən proseslərlə bağlı fikir və qənaətlərini bölüşmüşlər. Bildirilmişdir ki, kütləvi informasiya vasitələrinin dili Azərbaycan dilinin mövcud praktik vəziyyətini və inkişaf sürətini müəyyənləşdirir.

Bu baxımdan  digər sahələrdə olduğu kimi, mətbuatda da ədəbi dilin qorunması və müvafiq normalara riayət olunması işində ciddi nəzarətə ehtiyac duyulur.

Xalq qəzeti .- 2022.- 26 noyabr.- S.14.