Bir daha orfoepiya normaları haqqında...
AMEA-nın Nəsimi adına Dilçilik
İnstitutunun əsas
fəaliyyət istiqamətləri
ana dilimizin tarixini və nəzəri əsaslarını
tədqiq etmək, dil normalarını qorumaq, sözlərin düzgün deyiliş və yazılış qaydalarını müəyyənləşdirmək,
eləcə də bununla bağlı elmi müzakirələr aparmaqdan ibarətdir. “Azərbaycan Respublikasında
dövlət dili haqqında” 2002-ci il 30 sentyabr tarixli Qanunda da yazılıb ki, dövlət dilinin normaları özündə ədəbi
dilimizin orfoqrafiya və orfoepiya qaydalarını ehtiva edir. Hüquqi, fiziki və
vəzifəli şəxslər
bu normalara əməl etməlidirlər.
Qanundan irəli
gələn məsələlərin
həlli məqsədilə
Nazirlər Kabinetinin müvafiq qərarları ilə dilimizin orfoqrafiya və orfoepiya normaları təsdiq edilmişdir. Ölkə tarixində
ilk dəfə olaraq hökumət səviyyəsində
qəbul olunmuş orfoqrafiya normaları analoji lüğətlərin,
müvafiq elmi ədəbiyyatın, təcrübəli
mütəxəssislərin fikirlərinin müqayisəsi
əsasında hazırlanmışdır.
Bu qaydalarda sözlərin
fonetik, leksik, leksik-semantik, morfoloji, sintaktik mövqedə tələffüzü, eləcə
də vurğu, ixtisar, qısaltma və abreviaturların tələffüzü nəzərə
alınmışdır. Hazırda isə orfoepiya lüğəti hazırlanır.
Əlbəttə, kiminsə hansısa
bir dialektdə danışmasını yasaqlamaq
mənasızdır, amma
ana dili normalarından ölkənin
ali və orta məktəb müəllimləri, Dövlət
İmtahan Mərkəzi,
Azərbaycan Respublikasının
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi,
media qurumları və
başqa qurumların nümayəndələri daha
çox istifadə edirlər. Belə geniş bir
sferada tələffüz
zamanı yanlış
səslənmələrə yolverilməz sayılır.
Praktiki olaraq “Normalar”dan daha çox istifadə edən qurumların nümayəndələrinin iştirakı
ilə bu günlərdə Dilçilik
İnstitutunda yeni orfoepiya normaları ilə bağlı yekun müzakirə keçirilib. İnstitutun baş direktoru,
professor Nadir Məmmədli bildirib ki, lüğətlərin
hazırlanmasında, yenilənmə
və təkmilləşməsində
ictimai baxışın
da nəzərə alınması təbiidir.
Orfoepiya normalarının tənzimlənməsi
eksperimental fonetika laboratoriyasında cihazlar vasitəsilə aparılır,
burada müntəzəm
olaraq sözlərin necə tələffüz
olunduğu yoxlanılır.
Sonra “Normalar”dakı
mübahisəli bəndlər
müzakirə olunub. İnstitutun Azərbaycan
dialektologiyası şöbəsinin
müdiri Kifayət İmamquliyeva 2.5.3-cü bənddəki
“ea, eə, əa, eo, üa, üə,
au, ua, ue, uə yanaşı, saitlərinin işləndiyi
sözlər yazıldığı
kimi və uzanma hadisəsi baş vermədən tələffüz olunur” tələbinə geniş
şərh verib.
Bakı Dövlət Universitetinin (BDU) professorları
Qulu Məhərrəmli,
Rüfət Rüstəmov,
Zemfira Şahbazova, Tofiq Hacıyev, Azərbaycan Dillər Universitetinin professoru Həbib Zərbəliyev, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin şöbə müdiri dosent Şahlar Məmmədov, Grammar Azi səhifəsinin rəhbəri
Murad Hüseynov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti İlkin Əsgər və başqaları öz rəy və təkliflərini bildiriblər.
Sonda BDU türkologiya kafedrasının
müdiri Rüfət
Rüstəmov bu ağır lüğətçilik
işində dilçilərə
uğurlar arzulayıb.
Müzakirələrin nəticəsində sözlərdəki
bir sıra yanaşı sait birləşməsinin tələffüz
formasına aydınlıq
gətirilib, bunların
“Normalar”da düzgün
verildiyi bir daha təsdiqlənib.
Təəssüf ki, bəzi “dil təəssübkeşləri” bu ciddi elmi müzakirələri müəyyən istehza ilə qarşılayaraq, institutun fəaliyyətinə kölgə salmağa və ictimaiyyəti çaşdırmağa cəhd göstəriblər. Belə hallar bəzi tok-şoularda, saytlarda müşahidə edilib. Xüsusilə də aeroport, okean, müavin, dovşan və sair bu kimi sözlərin orfoepik ifadəsi ilə bağlı bəzi tok-şoularda, saytlarda süni “tozanaq” qaldırılması düzgün deyil. Dilçilik İnstitutu, eləcə də ana dilimizin düzgün tələffüz qaydaları haqqında qərəzli, istehzalı ifadələrin işlədilməsi təəssüf doğurur.
Dilçilik İnstitutunun şöbə müdiri Kifayət İmamquliyeva bu barədə fikirlərini bizimlə bölüşdü:
–Biz heç kəsin qarşısında fonetik prinsipə uyğun olaraq, sözləri yazıldığı kimi tələffüz etmək tələbi qoymuruq. Sadəcə, dialektlərdə fərqli tələffüz formaları olsa da, ədəbi dildə vahid variant qəbul edilməlidir. Orfoepiya lüğətində sözün düzgün yazılışı da öz əksini tapmalıdır. Hətta vurğu tələffüzlə bağlı olsa da, işarə olaraq sözün yazılışında öz əksini tapır. Bundan əlavə, danışıqda ədəbi dil normaları sabitləşdikcə tələffüzlə yazı qaydaları arasındakı fərq azalır.
İndiyədək mövcud olmuş orfoepiya lüğətləri dilimizdəki sözlərin böyük bir hissəsini özündə əks etdirə bilməmiş, tələffüzü mübahisə doğuran sözlər oraya salınmamışdır. Həcm etibarilə 5 min sözdən artıq olmayan bu lüğətlərdə bəzən çoxvariantlılıq da müşahidə olunur. İndi isə “Azərbaycan dilinin orfoepiya normaları” ilə tanışlıqdan sonra ictimaiyyət arasında bununla bağlı müəyyən müzakirə və mübahisələr başlanmışdır. Fikirlər birmənalı deyildi. Buna görə də İnstitutun əməkdaşları dəfələrlə konkret məqamları nəzərdən keçirmiş və məsələlərə tam aydınlıq gətirmişlər.
Orfoepiyada həm də orfoqrafik normalar gözlənilməlidir. Cəmiyyət tərəqqi etdikcə dil də inkişaf edir, onun lüğət tərkibi zənginləşir. Leksik normada baş verən yeniliklər fonetik normalara da təsirsiz ötüşmür. Bunun müxtəlif təbəqələrdə müzakirələrə səbəb olması təbiidir, amma məsələdən şou düzəltmək səyləri yersizdir.
Əli
NƏCƏFXANLI
Xalq qəzeti 2022.- 26 noyabr.- S.9.