Ulu öndər öz xalqını və onun mədəniyyətini aparıcı mövqeyə çıxardı

2023 – Heydər Əliyev İli

Dövlət xadiminin şəxsiyyətinin böyüklüyünü onun fəaliyyətinin ayrıca götürülmüş dövründə qiymətləndirmək çətindir. Yalnız tarix onların həqiqi xarakteristikasını verə bilir.

2023-cü il Azərbaycan üçün əlamətdar tarixdir–adı dünya tarixinə yazılmış, özündən sonra əbədi irs qoymuş, bu gün də insanların yaddaşında yaşayan Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin yüz yaşı  tamam olur.

Tale mənə bu dahi insanla bir neçə dəfə görüşmək səadəti nəsib edib. Həmin görüşlərin hər biri mənim üçün unudulmaz, dəyərli incidir. Heydər Əliyevlə bağlı ən parlaq xatirələrimdən biri ötən əsrin yetmişinci illərində baş tutmuş görüşlə əlaqədardır. Həmin görüşü bu günədək xatırlayır, o vaxtkı hiss və həyəcanı yenidən yaşayıram...

1976-cı ildə “Ölkə gəncliyi” ümumittifaq sərgisində gümüş medal qazanaraq 2-ci mükafata layiq görüldüyümə görə Bakıya qayıdandan sonra fəal gənclər sırasına daxil edildim. Sovet dövründə bu cür təşkilatlar respublikanın ictimai həyatında mühüm rol oynayır, onun üzvləri müxtəlif tədbirlərə cəlb edilirdilər. Beləcə, bizə bir şəxsiyyət kimi inkişafımızın əhəmiyyətini göstərir və seçdiyimiz peşədə yeni zirvələri fəth etmək əzmi aşılayırdılar.

Həmin dövrdə Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində çalışan Heydər Əliyev müxtəlif sahələrdə fərqlənmiş insanlarla, o cümlədən, ölkənin yaradıcı ziyalıları ilə görüşlər keçirirdi. Bu tədbirlərdən biriyeni neft emalı zavodunda keçirilmişdi. Hazırda həmin zavod ümummilli liderimizin adını daşıyır. İştirakçılar arasında təkcə incəsənət aləminin təmsilçiləri deyil, habelə istehsalat öncülləri, partiyakomsomol fəalları da var idi. Dəvət olunanların sayı məhdud olduğundan, məni perspektivli gənc kimi ön sıraya – tribunanın qarşısına çıxarmışdılar. Bəlkə də, heç bir nüansı gözdən qaçırmayan rəssamlıq təcrübəsi “mən”im həmin gün baş verənləri bütün parlaqlığı və  ən xırda incəliklərinə qədər yaddaşıma həkk etmişdi.

Bakının havası küləkləri kimi əsrlər boyu müəmmalı olub. Elə həmin gün əsən gilavarı da nəvazişli və isti adlandırmaq olmazdı. Şiddətli külək tribunada arxası dənizə tərəf dayanmış insanlara “mərhəmət” etmirdi. Xatirimdədir, onların arasında Azərbaycan komsomolunun birinci katibi Vaqif Hüseynov və SSRİ Ali Sovetinin deputatı Oqtay Bağırov da var idi. Digər məsul vəzifəli şəxslər kimi, onlar da küləyin şiddəti qarşısında tab gətirməyə çətinlik çəkirdilər. Beləliklə, Heydər Əliyevin onların arasında xüsusilə seçildiyini, sanki hava şəraitinin ondan yan keçdiyini yəqin etdim. Bir müddət sonra tədbir bütün iştirakçıların toplandığı qapalı məkanda davam etdi.

Əksər qonaqlar, yumşaq tərzdə desəm, əldən düşmüş kimi görünsələr də, Heydər Əliyev, sanki indicə öz otağından çıxmışdı. Bu mənzərə inanılmaz dərəcədə heyrətamiz idi. Bilirsiniz, insan gözünü ondan çəkmək iqtidarında deyildi. Heydər Əliyevin nadir hafizəsi var idi, adları və simaları yadında möhkəm saxlayırdı. Və həmin gün o, səhnədən əhatəsindəki insanlara göz gəzdirərkən, baxışlarından tanıdığı simalara isti münasibəti sezilirdi. Xatirimdədir, onunla üzbəüz dayandığımdan, bir neçə dəfə ötəri baxışlarını mənə yönəldərək yeni tanış sima  axtardığını hiss etdirirdi.  

Yəqin, məhz həmin anda Heydər Əliyevə xas olan daxili gücünadir rəhbərlik istedadını hiss edə bildim. Onun üçün əhəmiyyətsiz məsələ yox idi. Î, bütün mövzular barədə təfsilatı ilə düşünərək və güclü strategiya quraraq, SSRİ dövrünün ən sərt ideoloji şəraitində Azərbaycanı, öz xalqını, onun mədəniyyətini aparıcı mövqelərə çıxarmağa nail olmuşdu.

Şəxsiyyətin cazibəsi… Gözəl insanBunlar yalnız zahiri əlamətlər deyil, heç kəsi laqeyd buraxmayan xarizmadır. Bu səbəbdən insanlar ona can atırdı. Ona olan ehtiramın dərəcəsinin ölçüsünü təyin etmək isə mümkün deyildi. Ömründə bir dəfə də olsa, onunla görüşənlərin və onun aurasını hiss edənlərin xatirələri bir-biri ilə səsləşir. Bu görüşlərin harada keçirilməsindən və iştirakçıların sayından asılı olmayaraq, o sanki bütün məkanı sözlə ifadə edilməyən enerjisi ilə əhatə edirdi. Qarşısındakılar onun müraciət edən hər kəsə necə diqqətlə yanaşdığını hiss edirdilər. Zalda, yaxud otağında çıxış edərkən faktlara, rəqəmlərə və tarixi örnəklərə əsaslanaraq, öz fikirlərini hər kəsə elə məharətlə çatdırırdı ki, onu dinləyənlərin diqqətinə hakim kəsilirdi.

Müxtəlif sahələr üzrə dərin bilikləri olan Heydər Əliyev geniş maraq dairəsini əhatə edən bir çox məsələlərə peşəkarcasına fikir bildirirdi. Mənim sahəm olan incəsənətə  o dərəcədə dərindən və incəliklərinə qədər bələd idi ki, etdiyi çıxışları bu günədək diqqətlə öyrənirəm. Bir misal gətirmək istərdim...

Bakıda SSRİ Rəssamlar İttifaqı Katibliyinin səyyar müşavirəsi keçirilirdi.  Həmin müşavirədə  ulu öndərin   məruzəsi SSRİ Rəssamlar İttifaqının o dövrdə 50 min tirajla buraxılan “Xudojnik” jurnalında tam şəkildə dərc olunmuşdu. İncəsənət barədə dərin məzmunlu fikirlər, onun dərk edilməsi, yerində bildirilmiş iradlar və təklif edilmiş inkişaf istiqamətləri təkcə ittifaqın peşəkar rəssamlarına deyil, habelə gələcəkdə Azərbaycan incəsənətini təmsil edəcək gənc  sənətkarlara  da ünvanlanmışdı.

Bilirsinizmi, Heydər Əliyevin çıxışı elə bir səviyyədə idi ki, hətta mənim dünyanı rəssam kimi dərk etməyim onun nəzər saldığı zirvələri fəth edə bilmirdi. Necə deyərlər, “bir addım öndə olmaq” bacarığı çatmırdı – o isə bir neçə addım öndə idi. Bu öncüllük Heydər Əliyev üçün o qədər təbii idi ki, SSRİ dövründə səsləndirdiyi əksər fikirlər bu gün də aktualdır.

Ulu öndərin  xarakterinin möhtəşəmliyi özünü hər şeydə büruzə verirdi. Onun mətinliyi, xüsusən, SSRİ-nin süquta uğradığı, dağılmaqda olan ölkənin o zamankı rəhbərliyi tərəfindən verilmiş qərarları açıq-aşkar pislədikdən sonra Vətənə, Naxçıvana qayıtdığı illərdə özünü daha qabarıq göstərdi. Xatirimdədir, Heydər Əliyevin bu cəhəti məndə güclü təəssürat doğurmuşdu. Məhz həmin dövrdə bu insanın təcrübəsinin və siyasi iradəsinin Azərbaycan üçün nə qədər əhəmiyyətli olduğunu anladım. 1993-cü ildə Heydər Əliyevin andiçmə mərasimi keçirilərkən mən noyabr ayında yarıməsrlik yubileyimi qeyd etməyə hazırlaşırdım, bizi yaş baxımından 20 il “ayırırdı”. O zaman yalnız bir arzum var idi – istəyirdim ki, Azərbaycan xalqının böyük oğlu öz ölkəsini uzun illər ərzində inamla firavan gələcəyə doğru aparsın. Hətta silahlı qarşıdurma, erməni separatizmi, torpaqlarımızın işğalı şəraitində Heydər Əliyevin hər dəfə onların geri qaytarılacağının labüdlüyünü, tarixi ədalətin bərpa olunacağını bəyan etməsi əminliklə səslənir və ən kiçik şübhə belə doğurmurdu.

Azərbaycanın müasir tarixi onun--ulu öndərin adı ilə sıx bağlıdır. O, respublikaya  rəhbərliyi  öz oğluna -- Heydər Əliyev yolunun davamçısı olmağı vəsiyyət etdiyi əsas ardıcılına həvalə etdi. Şübhəsiz, böyük dövlət xadimi olan bu insanın inanaraq atdığı addımlar bu gün respublikamızın regionun aparıcı dövlətinə çevrilməsi ilə nəticələndi. Və bu kurs öz həmvətənlərinə Zəfər sevincini yaşatmış, Azərbaycan dövlətinin ərazi bütövlüyünün bərpasına nail olmuş İlham Əliyev tərəfindən iftixarla davam etdirilir!

Prezidentin, Ali Baş

Komandanımızın hər çıxışını bütün ölkə vətəndaşları kimi diqqətlə izlədiyimi, 30 il ərzində yolumuzu gözləyən Azərbaycanın şəhər və kəndlərinin azad olunması ilə bağlı xəbərləri eşidərkən dərin qürur hissi keçirdiyimi xatırlayıram.  Azərbaycan Prezidentinin

iştirak etdiyi “Xarıbülbül” festivalı təntənəsində– azadlığa qovuşmuş Şuşa üzərində Heydər Əliyevin səsi ucalarkən, göz yaşlarımıza hakim ola bilmədiyimizi də xatırlayıram. Və mən gördüm ki, həmin anda

İlham Əliyev, ilk növbədə, atasının vəsiyyətini yerinə yetirən, Cıdır düzündə toplaşanlara ekrandan müraciət edən atanın cismani varlığını qeyri-ixtiyari olaraq hiss edən oğul idi. Məhz həmin məqamda qəlbində öz ailəsinə, valideynlərinin xatirəsinə sədaqət, Vətəninə məhəbbət və dövlətinə bağlılıq hissləri bəsləyən, verdiyi qərarlardan milyonlarla insanın asılı olduğu şəxsin çox cüzi, kişiyə xas olan göz yaşlarını gördüm

Fikrimcə, Azərbaycan üçün siyasi xadim nəsillərinin varisliyi sabitliyin, firavanlıq və tərəqqinin əsasını təşkil edir. Onların təməlində isə hər bir xalqın inkişafında mühüm rol oynayan olduqca zəngin mədəniyyət dayanır.

Çingiz  FƏRZƏLİYEV

Azərbaycan  Milli İncəsənət Muzeyinin  direktoru, Əməkdar incəsənət xadimi

Xalq qəzeti 2022.- 26 noyabr.- S.9.