Salam, şəhid anası, xoş gördük, qazi

“Xalq qəzeti” redaksiyasında “Dəyirmi masa”

“Xalq qəzeti”nin akt zalında son yüz ildə çox tədbirlər keçirilib. Ötən il – şanlı Qələbəmizin ilk ildönümündə burada 44 günlük İkinci Qarabağ müharibəsinin iştirakçıları, dəyərli qazilərlə iki dəfə görüşmüşdük. Dünənki “Dəyirmi masa”da isə heç zaman şahidi olmadığımız bir doğmalıq, yaxınlıq, məhrəmlik, sadəlik və səmimiyyət var idi. Çünki ilk dəfə idi ki, redaksiyamızın qonaqları arasında Şəhid Anaları da var idi. Bu ifadəni baş hərflərlə yazmağımız səhv deyil, həmin dəyərli xanımlara olan ehtiramın göstəricisidir.

Tədbiri giriş sözü ilə açan baş redaktor, Əməkdar jurnalist Əflatun Amaşov 44 günlük İkinci Qarabağ müharibəsi zamanı xalqın nümayiş etdirdiyi möhtəşəm birlikdən, ordu­nun düşməni darmadağın etmək səviyyəsində hazırlanmasından, əsgər və zabitlərimizin döyüş peşəkarlığından, arxa cəbhənin ön cəbhədəkilərə dəstəyindən, xüsusən, azərbaycanlı anaların öv­ladlarını qələbəyə ruhlandırmasın­dan söz açdı.

Maraqlıdır ki, redaksiyamızın qonaqlarının çıxışlarında da bu məqamlar dönə-dönə xatırladıl­dı. Qazilər mülki əhalinin ordu və dövlətlə görünməmiş dərəcədə birlik nümayiş etdirdiyindən, düşmənin Azərbaycan əsgərinin qarşısından geriyə baxmadan qaçmasından, hər bir əsgərin bay­raq sevgisindən, hamının qələbə arzusuyla döyüməsindən söz aç­dılar. Şəhid anaları isə Vətənə üz ağlığı gətirmiş övladlarının həm ordudan əvvəlki həyatı, həm də döyüş yolları barədə maraq­lı fikirlər səsləndirdilər, kövrək xatirələri oyatdılar. Təbii ki, redak­siya rəhbərliyinin yaratdığı səmimi ab-hava hamının ürək açıqlığı və səmimiyyətlə danışmasına zəmin yaratmışdı.

Biz dünən jurnalistlə hərbçi və ya müxbirlə şəhid anası arasında olan söhbətin deyil, doğmaların arasındakı ünsiyyətin şahidi olduq. Tədbir nə qədər kövrək olsa da, o qədər də qürurverici idi. Xatırla­daq ki, redaksiyanın əməkdaşları, Əməkdar jurnalistlər İttifaq Mirzəbəyli və Tahir Aydınoğlunun çıxışları da qonaqların bu tədbirdə özlərini doğmalar arasındakı kimi hiss etməsinə zəmin yaratmışdı.

Tədbirin təşkilatçısı Əliqismət Bədəlov qonaqları “Dəyirmi masa” iştirakçılarına təqdım edərək söylədi ki, məclisdə iştirak edən üç şəhid anasından ikisi hərbçidir:

– Mətanət Məhərrəmova Vətən müharibəsi şəhidi Elçin Hüseyno­vun anasıdır. Mətanət xanım özü də müharibə veteranıdır. O, 2000-2017- ci illrdə hərbi hospitalda tibb bacısı vəzifəsində işləyib. Şəhid Elçin Hüseynov Sumqayıtdakı Şəhidlər xiyabanında dəfn olunub.

– Sevil Hüseynova Birinci Qa­rabağ müharibəsi veteranıdır. Müxtəlif medallarla təltif olunub. 23 il hərbi xidmətdə olub. Qürurverici haldır ki, oğlu Zaur İsmayılzadə də İkinci Qarabağ müharibəsinin işti­rakçısı olub. O, Lənkəran rayonu, İstisu qəsəbəsindəki Şəhidlər xiya­banında dəfn olunub.

– Nailə Mütəllimzadə İkinci Qa­rabağ döyüşlərində şəhid olmuş Ağacavad Mütəllimzadənin anası­dır. Ağacavad Maştağada Şəhidlər xiyabanında dəfn olunub.

Mətanət Məhərrəmova şəhid oğlu Elçin Hüseynov haqqında danışarkən dedi ki, o snayper­çi idi: “İki oğlum var. Elçin böyük qardaş idi. Kiçik qardaşından çox fərqlənirdi. Müharibəyə könüllü gedib. Bu barədə mənə heç nə deməmişdi. Məni hədsiz dərəcədə çox istəyirdi. Çox vətənpərvər oğul idi. Müharibəyə getmək arzusu­nu biləndə məndən gizlətməsinin səbəbini soruşduqda demişdi ki, istəmirdim anam pis olsun. Müharibəyə gedəndə öyrəndim ki, bir gözaltısı da var. Dedi ki, Allah qoysa, müharibədən qayıdandan sonra nişanlayarsınız məni. Çox arxayın idi. Deyirdi ki, erməniləri tezliklə qırıb onları torpaqlarımız­dan qovacağıq. Mənə ürək-dirək verərək deyirdi ki, heç narahat olma. Bir də eşidəcəksən ki, Qələbə qazanmışıq. Erməniləri məhv etmi­şik. İnanın ki, müharibəyə gülə-gülə getdi. Döyüşçü yoldaşları deyirdi ki, Elçın ölümün də üstünə gülə-gülə gedib. O, həm kəşfiyyatçı, həm də snayperçi idi. Hərbçi yoldaşların­dan ötrü canını qurban verməyə hazır idi.

Oktyabr ayında nişanlaya­caqdıq. Özü ilə də razılaşmışdıq. Oktyabrın 2-də Elçinin Suqov­şanın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olması xəbərini eşitdik. Nəşi 15 gün neytal ərazidə qaldı. Oktyabrın 17-də Sumqayıt­dakı Şəhidlər xiyabanında dəfn etdik. Ölümündən sonra aldığı medallar hər birimizin təsəllimizdir. Elçinlə fəxr edir, qürur duyuruq.. sevinirik ki, torpaqlarımızın iş­ğaldan azad edilməsində Elçinin də xidməti olub. Mən möhtərəm Prezidentimiz İlham Əliyevdən, Birinci vitse-prezident Mehriban xanım Əliyevadan çox razıyam. Onlar hər zaman şəhid ailələrinin, qazilərin yanındadırlar. Söz yox ki, biz şəhid ailələrinin dərdi sağal­mazdır, sinəmizə çalın-çarpaz dağ çəkilib. Ancaq həm möhtərəm Pre­zidentimizin, həm birinci xanımın diqqət və qayğısı dərdimizi unut­durur. Bir də ən böyük təsəllimiz Ermənistanın 30 illik işğalına son qoyulması, torpaqlarımızın azad edilməsi və Azərbaycanın bütövləşməsidir. Bu şərəfli işdə oğ­lumun da xidməti olmasında qürur duyuram.

Sevil Hüseynova:

– Mən özüm də hərbçiyəm. İyirmi üç il hərbi xidmətdə olmu­şam. Nümunəvi xidmətimə görə müxtəlif medallarla və müka­fatlarla təltif olunmuşam. Zaur İsmayılzadə ailəmizdə tək oğul idi. O, hərbi xidməti başa vurduq­dan sonra hərbçi olmaq istədiyini bildirdi. Mən ona dedim ki, hərbçi olmaq şərəflidir, amma çox çətindi. Mən uzun müddət bu sahədə işlədiyimdən bütün çətinliklərə bələdəm. O isə ina­dından dönmədi. Bir ana kimi uğurlar arzulamaqdan başqa ayrı yolum yox idi. Aprel döyüşlərinin, Tovuz əməliyyatının iştirakçısı olub. Aprel döyüşlərindən sonra müəyyən problemlərlə üzləşmişdi. Hərbi hissədə baş verən xoşagəlməz insidentdə oğlumu ləkələmək istəyirdilər. Ancaq çirkin niyyətlərinə çata bilmədilər. Oğlu­mun nümunəvi xidməti hərbi hissə komandiri tərəfindən dəfələrlə qiymətləndirilmişdi. O uzun və çətin bir döyüş yolu getdi. Çox mehriban oğul idi. Bir gün mənə dedi ki, Şəhidlər xiyabanında Xo­calıdan olan 5 yaşlı adsız bir qız uşağının məzarı var. Zaur ona ad qoymuşdu: Nişanə. Hər il martın 8-də və Yeni ildə gül dəstəsi və oyuncaq alıb onun məzarı üstünə gedirdi. Deyirdi ki, Nişanə balamı təbrik etməyə gedirəm. Hər dəfə də deyirdi ki, Nişanədən üzr istədim. Dedim ki, məni bağışla, hələ də sənin qisasını ala bilməmişəm. De­yirdi ki, Allah mənə imkan versin, Nişanənin qisasını ermənilərdən alım.

İnternet vasitəsi ilə öyrənmişdi ki, Ağcabədidə talassemiyalı uşaq var. Onun ünvanını tapmışdı. İldə 2-3 dəfə təmənnasız olaraq ona qan verirdi. Tovuzdan bir əsgərlə tanış olmuşdu. Həmin əsgər dö­yüş zamanı yaralanmış və ayaq­ları tutulmuşdu. Həmin əsgər bu gün də sağ-salamatdı, müalicə olunur. Zaur ona əl arabası almış­dı. Həmin əsgər oğlumun aldığı əl arabasından istifadə edir. Döyüş meydanında belə mehriban, hərbçi dostlarının yolunda canını qurban verməyə hazır idi. Tez-tez deyir­di ki, biz mütləq qalib gələcəyik. Şəhid olsam, ağlamayın, başınızı dik tutun. Vətənin müdafiəsi uğrun­da şəhid olmaq şərəfdir. Gülə-gülə deyirdi ki, bu şərəfli iş hər adama qismət olmur. O, ölümün də üzərinə gülə-gülə getdi. Elə bil ki, qələbə qazanacağımızı qabaqcadan bilir­miş. Hər dəfə telefonla danışanda deyirdi ki, darıxmayın, lap az qalıb. Ermənilərin axırına çıxmışıq. Bir gün görəcəksiniz ki, qapımızda­yam. Əlimdə də Azərbaycan bayra­ğı. Ancaq o, Azərbaycan bayrağına bükülü gəldi. Möhtərəm Preziden­timizin sərəncamları ilə müxtəlif medallarla təltif olunub. Onun me­dalları, hərbi xidmət zamanı aldığı mükafatlar evimizin bəzəyidir.

Dövlət başçımızın və birin­ci xanımın bizə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığımı bildirirəm. Oğlumun doğulduğu İs­tisu qəsəbəsində adına küçə ve­rilib. Elə bu gün məni şəhid ana­sı kimi redaksiyanızda keçirilən tədbirə dəvət etdiyinizə görə də təşəkkürümü bildirirəm. Bütün bun­lar biz şəhid analarına təsəllidir.

Nailə Mütəllimzadə:

– Oğlum Ağacavad 2016-cı ildə Murovdağın Hilal zirvəsində ərbi xidmətdə olub. Oğlumdur deyə, tərifləmirəm. Hərbçi yoldaşları da deyirdilər ki, biz ona Hilal qarta­lı deyirdik. O, heç bir çətinlikdən qorxmurdu. Hamımız bilirdik ki, Hilal zirvəsində xidmət etmək çox çətindi. Ağacavad deyirdi ki, bura mənim üçüm əsl sınaq meydanı­dır. O vaxt dedim ki, sənin burada xidmət etməyinə dözə bilmirəm. İnan ki, axşamlar yata bilmirəm. Səhərə qədər səni düşünürəm. İcazə ver, gedim hərbi xidmət rəhbərliyinin yanına, yalvarım-ya­xarım, bəlkə səni aşağı düşürə bildim. Dedi ki, ay ana, bəs burada xidmət edənlərin anaları yoxdur? Hamının anası gəlib yalvarıb-ya­xarsa, burada kim xidmət edəcək? Bərk- bərk tapşırdı ki, heç kimə heç nə deməyim. Sonra da məni qu­caqlayıb dedi ki, niyə məni qorxaq bilsinlər? Sən də bunu istəməzsən. Dedi ki, bura mənim üçün cənnətdi. Məni cənnətimdən ayırma. Onun bu sözlərindən sonra fikrimdən da­şındım. Hərbi xidmətini başa vur­duqdan sonra tez-tez deyirdi ki, nə vaxta qədər torpaqlarımız işğalda qalmalıdı? Deyirdi ki, biz torpaq­larımızı yalnız müharibə yolu ilə azad edə bilərik. İsğalçıları məhv etməkdən başqa ayrı yol yoxdur. Bir gün dedi ki, Zəngəzuru alan­dan sonra səni ora aparacağam. Görəcəksən ki, bizim necə gözəl yerlərimiz var.

2020-ci ildə Polad Həşimov şəhid olan gün Ağacavada zəng gəldi. Mən zəng vuranın kim ol­duğunu soruşsam da, dəqiq bir söz demədi. Sonradan bildim ki, Səfərbərlik və Hərbi Xidmətə Ça­ğırış üzrə Dövlət Xidmətinin rayon şöbəsindən idi. Sentyabrın 27-də səhər tezdən televiziyadan eşit­dim ki, müharibə başlayıb. Ağaca­vad çay içdikdən sonra mənimlə görüşdü və dedi ki, Vətənimizin müdafiəsinə gedirəm. Dedim axı sənə çağırış gəlməyib. Dedi ki, bəs ogünkü zəng nə idi? Dedi ki, biz sentyabrın 28-də cəbhəyə yola düşməliyik. Atasına zəng vurub məsələni danışdım. Atası evə gəlib dedi ki, Ağacavad, sənə uğur ol­sun. Mənim üstümə kürəyindən vu­rulmuş vəziyyətdə qayıtma. Bunu sənə heç vaxt bağışlamaram. Ölsən də, sinəndən vurul. Mən çaş-baş qalmışdım. Atası mənə baxıb dedi ki, lazım gəlsə, özüm də gedəcəyəm. Bəs torpaqlarımızı kim müdafiə etməlidir?

Ağacavad şəhid olanda sinəsindən snayperlə vurulma­sı barədə məlumat aldıq. Oğlum kəşfiyyatçı idi. Xocavənddə döyüş yoldaşlarını mühasirədən çıxaran­da ermənilər snayperlə vurmuşdu­lar. O, hərbçi yoldaşlarını xilas etdi, özü isə şəhid oldu. Ağacavad Maş­tağada Şəhidlər xiyabanında dəfn olunub. Onun fikri yalnız torpaqla­rımızın azad edilməsi idi. Bir ana kimi, fəxr edirəm ki, qazandığımız şanlı qələbədə mənim də oğlumun payı var. Müharibədə göstərdiyi igidliyə görə möhtərəm Prezidenti­mizin sərəncamları ilə müxtəlif me­dallarla təltif olunub.

Əzim Xudaverdiyev: – 22 dekabr 1997-cildə anadan ol­muşam. Avqustda hərbi komis­sarlığa yaxınlaşdım ki, mən də döyüşmək istəyirəm. Çünki ən azından aprel döyüşlərində iştirak etmişəm. Təcrübəm var idi. Ap­rel döyüşlərində Ağdamda xeyli şəhidlər vermişdik. Buna görə də adımı yazdırdım. Özümü buna ha­zırlamışdım. Cünki bilirdim ki, Po­lad Həşimovun qəhrəmancasına şəhid olmasından sonra bu qan yerdə qalmayacaq. Həmin vaxt bü­tün millət ayağa qalxmışdı, genera­lın qisası alınacaqdı mütləq.

Sentyabrın 20-si axşam vax­tı idi, zəng gəldi mənə ki, Ba­kıya gəlib, hərbi komissarlığa yaxınlaşım. Həmin vaxt mən Qəbələdə ezamiyyətdə idim. Özüm dəmiryolçuyam. Səhəri gün Bakıya gəldim, komissarlıqdan mənə ka­ğız verdilər, yollandım cəbhəyə. Bir həftə hərbi poliqonda güclü təlimlər oldu. Sentyabrın 27-si isə artıq yol­landıq Füzuliyə – cəbhə bölgəsinə. Elə ora çatmağımızla şəhidlər verməyimiz bir oldu. Çox şiddətli döyüşlər gedirdi. Ancaq buna bax­mayaraq, çox inamla, qətiyyətlə irəliləyirdik. Döyüş yoldaşlarımızda güclü inam, birlik gördüm.

Oktyabrın 2-də mühasirəyə düşdük. Əsas mövqeyi almalıydıq. Orda hücum komandası verildi, yerin adı indi “Qanlı göl” adlanır. Dar cığırlarla gedirdik. Hücum ko­mandası veriləndə gözümün qaba­ğında sağdan manqa yoldaşımın sinəsindən güllə dəydi, o şəhid oldu. Sonra iki güllə mənə dəydi, ardınca manqa komandirimin boy­nundan güllə dəydiyinin şahidi oldum. Sağımı, solumu görmür­düm. Təzə-təzə ağrı hiss etmirdim, bircə fikrimizdə tutmuşduq ki, güllə yağışından özümüzü qarşıdakı düşmən səngərinə ataq. Səngərə özümüzü çatdıra bildik, 18 saat orda qaldıq. Səhər açılanda gördük ki, bizim kəşfiyyatçılar başımızın üzərindədilər, köməyə yetişmişdilər. Mənim huşum getmişdi deyə, ora­da baş verənlərin çoxunu xatırlaya bilmədim. Üzərimizdə olan ilkin tib­bi yardım ləvazimatlarının əvəzinə ciblərimizə qədər güllə yığmışdıq. Sinəsindən güllə yarası alan man­qa yoldaşımı da səngərdə yanımız­da uzandırmışdıq, ağrıdan yalnız xırıltısını eşidirdim. Dan yeri açı­landa artıq o keçinmişdi və üzərini örtmüşdülər. Bunu görəndə çox sarsılmışdım.

Yaxın dostum var idi Asim Qu­liyev, Bakıxanov şəhididir. Hospital həkimi idi. Döyüşlərə də könül­lü yazılmışdı. Müharibədən öncə bir-birimizə söz vermişdik ki, qalib olub geri dönsək, gəzmədiyimiz, görmədiyimiz yer qalmayacaq. Amma onu itirmək məni həqiqətən də çox sarsıtmışdı, buna görə özü­mü bağışlaya bilmirəm.

Sonra Xırdalan şəhərindən şəhid Vüsal Musayev var idi. Müharibə başlamazdan bir gün öncə onun yanına valideynləri gəlmişdi. Yadımdadır ki, içməyə suyumuz yox idi. O da üzünü qırx­malıydı ki, valideynləri ilə görüşə üzü təmiz çıxsın. Su tapıb ona gətirdim ki, işini görsün. Üzünü qırxdı və bığ saxladı, soruşdu ki, bığ saxlamaq mənə yaraşırmı? Dedim hə. Elə valideynləri ilə axı­rıncı çəkdirdiyi şəkildə bığlı dü­şüb. Onun da üzərinə minamyot mərmisi düşüb iki yerə bölmüşdü. Bütün bu gördüklərim Füzuli rayo­nunda olmuşdu.

Biz yaralanan zaman niyə ilk tibbi yardımsız qalmışdıq? Çünki ilk şəhidimiz rabitəçi oldu, ikinci şəhidimiz isə sanitar idi. Bunları itirdik deyə, biz çətinlik yaşadıq. Onu da qeyd edim ki, Birinci Qa­rabağ döyüşlərinin şəhidi dayım Mirəli Mirəliyevin adını qeyd etmək istərdim. Ondan ötrü ki, o zaman indiki kimi müasir döyüş texnikları, silahlar yox idi. Amma bununla da igidlərimiz qəhrəmancasına vuru­şub, rəşadət göstəriblər.

Uşaqlıq illərim də ağır keçib. Ailədə 3 uşaq olmuşuq, iki bacı, bir qardaş. Anamı 2007-ci ildə – 9 ya­şımda itirmişəm. Atam isə 2008-ci ildə ağır əməliyyat keçirib, sonra ya­taq xəstəsinə çevrildi. Ondan sonra bizə nənəm baxıb, internatda oxu­muşam. Hərbi xidmətdən gələndən sonra dəmiryolu sahəsində oxu­dum, qatarda maşinist kimi işlədim. Ancaq müharibədən sonra məndə epilepsiya xəstəliyi yarandı, bu­nun üçün də dəmiryolunda işləyə bilməzdim.

Mənim bir istəyim, arzum var. Gələcəkdə Qarabağın özündə şəhidlərə aid ziyarətgahın olmasını istəyərdim.

Seyidəkbər Xalıqov: – 2001-ci il təvəllüdüyəm. Suqovuşanda yaralanmışam. Ermənilər oradan Tərtər – Ağdərə istiqamətində atırdılar. Ona görə də oranı ilk növbədə ələ keçirməliydik. 44 günlük müharibənin təməli məhz Suqovuşandan başladı. Bizim önümüzdə kəşfiyyat bö­lüyü idi, tank taboru və snayper mövqelərimiz var idi. Bizim hərbi bölük dağın üst tərəfində olduğu üçün hər tərəfi rahat müşahidə edə bilirdik. Düşmən Tərtərə və ətraf kəndlərə ən iri çaplı silahlar, qrad­larla, raketlərlə atəş açırdı. Atam uşaq olarkən babasından eşidib­miş ki, düşmənlərimiz uşaq doğu­landan qulağına deyirdilər ki, türk sənin düşmənindir. Məktəblərdə şagirdlərə minatanlardan dərslər keçirlər. Bir sözlə, onlar uşaqlıq­dan hərbi resursları mənimsəməyə istiqamətləndirilir.

Mən müharibə başlayan­da səkkiz ayın əsgəri idim. Həm də bu ayları postda ayıq növbə çəkərkən keçirmişdim. Postda da­yanan əsgər dördgöz olmalıdır, çox məsuliyyətli davranmalıdır. Hər an erməni kəşfiyyatı əraziyə sıza bilər. Müharibə başlayan­da çox çətin yerlərdən keçdik. Snayperin hədəfində idik. Hətta bir dəfə hədəflədiyimiz snayper məntəqəsini dağıtmaq üçün ardıcıl cəhdlər etdik, amma mövqe dağıl­madı. Nəhayət, iriçaplı minamyot mərmiləri ilə həmin mövqeni da­ğıda bildik. Qızğın döyüşlər oldu. Noyabrın 4-dək vuruşmaq qismət oldu.

Mən inanclı insanam və inan­cımdan irəli gələn vacib hökmlərə riayət edirəm. Döyüşdə olduğum günlərdə namazımdan, duala­rımdan qalmadım. Allahdan bizə qüdrət, güc arzu edirdim. Hətta elə məqamlar olurdu ki, ən çətin situ­asiyalarda Allahın adını deməklə elə bir möcüzə baş verirdi ki, mən bunu yalnız onun qüdrəti ilə əlaqələndirirəm. Düşmənlər də bi­zim imanımızdan, ürəklə döyüşə girməkdən çəkinirdilər. Nə isə...

Noyabrın 4-də Suqovuşan­da olduğum səngəri minamyotla vurdular... Ayıldım ki, döyüş yol­daşım yaralı halda bayıra çıxdı. Mən də arxasınca səngərdən çıx­maq istəyəndə gördüm ki, qalxa bilmirəm. Əvvəl isti-isti hiss olun­murdu. Lakin sonradan görürsən ki, bədəninin bir üzvü artıq yoxdur. “Uzaq sahillərdə” filmində Mehdi Hüseynzadə vurulanda necə bütün arzuları, ailəsi gözünün qarşısın­dan keçir? Ayağımı o vəziyyətdə görəndə mənim də gözümün qa­bağında eyni mənzərə canlandı. Sonra komandirim, gizir Elxan Sa­dıyev gəldi və məni oradan çıxar­dılar. Gördü ki, ayağımın biri yox­dur. Mənə ruh verə-verə gətirdilər kazarmaya.

...Yanımızda çox şəhidlərimiz oldu, Allah onların hər birinə rəhmət eləsin! Yarımcan qalanlarımız da oldu. Amma ən böyük təsəllimiz o idi ki, biz irəli gedirdik. Düşməni sö­zün həqiqi mənasında döyüş mey­danında peşman edirdik. Bizdən bir şəhid olanda artıqlaması ilə hayıfini alırdıq. İndi ayağımın biri protezdədir. Əlbəttə, çətindir, ağrı­lıdır. Amma Vətən üçün gözümüzü qırpmadıq. Bundan sonra da Vətən çağırsa, bir ayaqla da olsa gedərik.

... Beləcə, 44 günlük müharibənin, daha doğrusu, tor­paqlarımızın azadlığı uğrunda apa­rılan mücadilənin iştirakçıları ilə eyni masa arxasında əyləşməyin xoşbəxtliyini də yaşadıq. Onlar 44 gün döyüşdülər, Vətən torpağı əbədilik düşmən tapdağından azad edildi. Onlar bir saat danışdılar, biz isə bir ömürlük minnətdarlığımızı dilə gətirdik. Onlar danışdılar, biz yazdıq. Onlar olmasaydı, bu qələbəmiz də olmazdı.

Qələmə aldılar: Əliqismət BƏDƏLOV,

 Anar TURAN,

Nəriman HƏSƏNZADƏ,

 Elşən AĞALAR (foto),

Xalq qəzeti 2022.- 1 oktyabr.- S.9.