Varşavada Azərbaycan kino
həftəsi
Azərbaycanın Polşadakı səfirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Polşa Kinematoqrafçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə Varşava şəhərində Azərbaycan filmləri həftəsi keçirilir.
Azərbaycan kinematoqrafiyası ilə
tanış olmaq üçün
unikal şans olan film həftəsi
Varşavanın “Kultura” kinoteatrında baş tutub. Filmlər polyak və ingilis dillərində
subtitrlərlə tamaşaçılara təqdim olunur.
Qonaqlar tərəfindən maraqla
qarşılanan Azərbaycan kino həftəsinin
açılışında Polşada fəaliyyət
göstərən diplomatik missiyaların
rəhbər və əməkdaşları, ölkədəki
dini konfessiyaların təmsilçiləri,
millət vəkilləri mədəniyyət və incəsənət
xadimləri, işgüzar dairələrin
nümayəndələri, Azərbaycan vətəndaşları
və soydaşlarımız iştirak
ediblər.
Polşa Kinematoqrafçılar Assosiasiyasının vitse-prezidenti Kinqa Dembska açılış mərasimində
çıxış edərək, kino həftəsinin
əhəmiyyətindən söz
açmış və polyak kinosevərlərə
tamaşaçılar tərəfindən böyük
rəğbət qazanmış filmlərin təqdim
olunacağını bildirmişdir.
Ölkəmizin Polşadakı səfiri Nərgiz Qurbanova Azərbaycan kinosunun tarixindən danışaraq respublikamızın mədəni həyatında onun özünəməxsus rolunu qeyd edib. Səfir bildirib ki, Fransadan olan Lümyer qardaşları 1895-ci ildə kinofilmlər çəkmək üçün yeni aparat icad edib patentləşdirdikdən cəmi üç il sonra 1898-ci ildə fransız sahibkar, fotoqraf və operator Aleksandr Mişon Azərbaycanda film çəkməyə başlayıb. Onun ilk filmi 1898-ci il avqustun 2-də çəkildiyi üçün hər il avqustun 2-si Azərbaycan Kinosu Günü kimi qeyd olunur.
Əlavə olunub ki, 1916-cı ildə Pirone
qardaşları Azərbaycanda kinematoqrafiyanı istehsalat sənayesinə çevirəndə
Azərbaycan kino sənayesi, xüsusilə
“Arşın mal alan”
kinokomediyası ilə daha da
inkişaf etmişdi. Azərbaycan filmləri təkcə yerli
auditoriya deyil, həm
də xarici kinosevərlər tərəfindən
rəğbətlə qarşılanırdı. 1935-ci ildə
rejissorlar Boris Barnet və Səməd Mərdanov ölkədə
ilk səsli film olan “Mavi dənizin sahilində”
filmini çəkiblər. Daha sonra bu
film dünya kinosunun 100 illiyi ilə
bağlı ən nüfuzlu kino tənqidçiləri arasında
keçirilən sorğuya əsasən dünya kinosunun ən
yaxşı filmləri siyahısına daxil
edilib. Səfir
çıxışında Azərbaycan kinosunun
ən uğurlu filmlərindən söhbət
açaraq milli kino sənətinin inkişafı üçün həyata keçirilən mühüm işləri diqqətə
çatdırıb.
Tədbirin
sonunda rejissor Fariz Əhmədov və “Sonuncu” filminin ərsəyə
gəlməsində birlikdə
çalışdığı polşalı operator
Mateuş Çuxnovski çıxış ediblər.
Azərbaycan
kino həftəsinin növbəti günlərində polyak
kinosevərləri “Biz”, “Daxildəki ada”, “Miras” və digər
filmlərlə tanış ola biliblər.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti 2022.- 1 oktyabr. - S.11.