Edilli soyqırımının əks-sədası
İşğalçı Ermənistanın
I Qarabağ müharibəsi zamanı
kütləvi surətdə qətlə yetirdiyi
əsir və girovların bir qisminin naməlum aqibətinə işıq salan Xocavəndin Edilli kəndində
aşkar edilmiş
kütləvi məzarlıqlar barədə məlumatlar xarici mediada geniş əks-səda doğurmaqdadır.
Edilli
məzarlıqları mövzusuna daha geniş və həssaslıqla
münasibət bildirən Türkiyənin aparıcı
kütləvi informasiya vasitələri Azərbaycanın
işğaldan azad edilmiş Xocavənd rayonunda aparılan
qazıntı işləri zamanı aşkarlanan, 12 azərbaycanlı
hərbçinin olduğu ehtimal edilən cəsədlərdən
ibarət kütləvi məzarlıq barədə geniş məlumat
yayıb.
Anadolu və DHA xəbər agentlikləri, “TRT Haber”, “TGRT”, “TRT Avaz”, “CNN Türk” və başqa telekanallar, “Milliyet”, “Yeni akıt”, “Star” və
digər qəzetlər başda olmaqla, ölkənin aparıcı media qurumları erməni vandalizminin
daha bir nişanəsindən
bəhs edərək işğaldan azad olunan Azərbaycan
torpaqlarında üzə çıxarılan növbəti
insanlıq əleyhinə cinayətdən bəhs ediblər.
Türkiyə mətbuatı ermənilərin bu
amansızlığını bəşəri cinayət kimi dəyərləndirib.
Türkiyə mediası yazır ki, cəsədlərin üstündəki
geyimlər və əşyalar onların Azərbaycan hərbçiləri
olduğunu təsdiqləyir. Diqqətə
çatdırılır ki, meyitlərin əksəriyyətinin
baş sümüklərində güllə
deşikləri aşkarlanıb. Bu fakt əsir azərbaycanlı hərbçilərin
erməni cəlladlar tərəfindən yaxın məsafədən
vurulduqlarını təsdiqləyir. Türkdilli
ictimaiyyətə məlumat verilib ki, Ermənistanın əsassız iddiaları
ilə yaranan Birinci Qarabağ savaşında 3 min
890 azərbaycanlı hərbçi və mülki
şəxs itkin düşüb.
Moldovanın xəbər portalları Xocavənd
rayonunun Edilli kəndi
ərazisində Azərbaycan Ordusunun hərbi
qulluqçularının kütləvi dəfn edildiyi məzarlıqla bağlı mövzuya geniş yer ayırıb.
Bu ölkənin “Noi”, “Dosarmedia” və digər
xəbər portallarında dərc olunan məqalələrdə
faktla bağlı Azərbaycanın Hərbi
Prokurorluğunda müvafiq
maddələr üzrə cinayət işinin
açıldığı qeyd olunub. Bildirilib ki, istintaqla
Birinci Qarabağ
müharibəsi zamanı Azərbaycan ərazilərində qanunsuz fəaliyyət göstərmiş erməni
separatçı rejimin silahlı hərbi
birləşmələri və Ermənistan silahlı qüvvələri
tərəfindən 1993-cü ildə milli
zəmində Azərbaycan Ordusunun hərbi
qulluqçuları olması ehtimal edilən
əsir düşmüş 25 şəxsin
öldürülməsi və Xocavənd rayonunun
Edilli kəndi ərazisində kütləvi
dəfn edilməsi müəyyən edilib.
İstintaq zamanı Xocavənd rayonunun Edilli kəndi ərazisinə bu il fevralın 23-26-da baxış keçirilərkən kütləvi məzarlıqdan 7 şəxsə aid, sentyabrın 14-30-da isə 18 şəxsə aid insan sümük qalıqları aşkar edilərək götürülüb. İş üzrə zəruri ekspertizalar təyin edilməklə sümük qalıqlarından nümunələr götürülüb və məhkəmə molekulyar-genetik tədqiqatına təqdim edilib.
Azərbaycanın Xocavənd rayonunun Edilli kəndində
1990-cı illərin əvvəlinə aid
kütləvi məzarlıq aşkarlanması barədə xəbərlər
Fransanın “durabull-products” portalında dərc
olunmuş “Azərbaycan 1990-cı ilə aid kütləvi məzarlıq
aşkarladığını deyir”
adlı məqalədə yer alıb.
Azərbaycan Prezidentinin
köməkçisi – Prezident
Administrasiyasının Xarici siyasət məsələləri
şöbəsinin müdiri Hikmət
Hacıyevin “Twitter” səhifəsində
paylaşımına istinad edilərək
yazılıb: “Edilli kəndində 1-ci Qarabağ müharibəsi zamanı Ermənistan
tərəfindən işgəncələrə məruz qalaraq öldürülmüş
Azərbaycan hərbçilərinin kütləvi məzarlığı
tapılıb”.
Həmin “Twitter”ə istinadla
4000 azərbaycanlının Birinci Qarabağ müharibəsindən itkin düşdüyü
və bu günədək onlardan
heç bir xəbər
olmadığı göstərilib.
Azərbaycanın Xocavənd rayonunun Edilli kəndində aşkarlanmış 2-ci kütləvi məzarlıqla bağlı “20 Minutes”, “Le Preogres” portallarında da məqalələr dərc olunub. Məqalələrdə Edilli kəndində işgəncə verilmiş 25 cəsəd olan kütləvi məzarlıqdan, Birinci Qarabağ müharibəsindən itkin düşmüş 4000 azərbaycanlı haqqında hələ də məlumat olmamasından, Ermənistanın kütləvi məzarlıqların yerini açıqlamaqdan imtina etməsindən yazılıb.
Hazırladı:T.RÜSTƏMOV
Xalq qəzeti 2022.- 8 oktyabr.- S.7.