“Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalında barəsində məlumatlar yerləşdirilən istehsalçıların, eləcə də satıcıların fəaliyyətinin monitorinqinin aparılması  Qaydaları”nın təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

¹ 393   Bakı şəhəri, 14 oktyabr 2022-ci il

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın 3.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalında barəsində məlumatlar yerləşdirilən istehsalçıların, eləcə də satıcıların fəaliyyətinin monitorinqinin aparılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 14 oktyabr tarixli 393 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

“Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalında barəsində məlumatlar yerləşdirilən istehsalçıların, eləcə də satıcıların fəaliyyətinin monitorinqinin aparılması

QAYDALARI

 Ümumi müddəa

 Bu Qaydalar istehsalçı və satıcıların ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınmasında iştirakları ilə bağlı “Elektron kənd təsərrüfatı” informasiya sistemi və (və ya) yerində baxış vasitəsilə monitorinqin təşkili və həyata keçirilməsi qaydalarını tənzimləyir.

 Əsas anlayışlar

 Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakılardır:

 “Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalı (bundan sonra – elektron portal) – satınalan təşkilatlar tərəfindən ərzaq məhsullarının dövlət büdcəsinin vəsaiti hesabına satın alınması ilə bağlı tələb və təkliflərin yerləşdirildiyi, alqı-satqı əməliyyatlarının təşkil edildiyi “Elektron kənd təsərrüfatı” informasiya sisteminin altsistemi;

 tədarük və təchizat agenti – Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan, ərzaq məhsullarının dövlət sifarişi ilə bağlı alqı-satqı əməliyyatlarının elektron portal vasitəsilə aparılmasını, eləcə də bu sahədə fəaliyyətin təşkili ilə bağlı digər tədbirlər görülməsini təmin edən hüquqi şəxs;

 satınalan təşkilat – dövlət büdcəsinin vəsaitləri hesabına ərzaq məhsullarını satın alan dövlət müəssisə və təşkilatları (idarələri);

 istehsalçı və satıcı – ərzaq məhsullarını satmaq niyyətində olan fiziki və ya hüquqi şəxs;

 müqavilə şərtləri – Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 27 oktyabr tarixli 420 nömrəli Qərarı ilə təsdiq edilmiş “Satınalan təşkilatlarla ərzaq məhsullarının istehsalçıları və ya satıcıları arasında bağlanılan Müqavilə” üzrə tərəflərin hüquq və vəzifələri, habelə müqavilə ilə müəyyən edilən digər öhdəliklər;

 satınalma – satınalan təşkilatlar tərəfindən qanunveri-ciliklə müəyyənləşdirilmiş qaydada ərzaq məhsullarının dövlət büdcəsinin vəsaiti hesabına əldə edilməsi;

 satınalma şərtləri – istehsalçı və satıcıların ərzaq məhsullarının dövlət satınalmasında iştiraklarına dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 27 oktyabr tarixli                420 nömrəli Qərarında qeyd edilmiş şərtlər;

alqı-satqı əməliyyatları – satınalan təşkilatlar ilə istehsalçı və satıcılar arasında ərzaq məhsullarının satın alınması ilə bağlı aparılan əməliyyatlar;

 monitorinq – tədarük və təchizat agenti tərəfindən istehsalçı və satıcıların təqdim etdikləri məlumatların düzgünlüyünün, sənədlərin həqiqiliyinin, müqavilə və satınalma şərt və tələblərinə əməl etmələrinin elektron portal vasitəsilə yoxlanılması, habelə istehsalçı və satıcıların satınalan təşkilata təhvil verdikləri ərzaq məhsullarına, onlara dair sənədlərə və alqı-satqı əməliyyatları ilə bağlı digər hallara satınalan təşkilatın müəyyən etdiyi ünvanda yerində baxış keçirilməsi;

 növbəti monitorinq – tədarük və təchizat agenti tərəfindən hər il sentyabrın 1-dən oktyabrın 1-dək yalnız elektron portal vasitəsilə aparılan monitorinq;

 növbədənkənar monitorinq – tədarük və təchizat agenti tərəfindən bu Qaydalar ilə müəyyən edilən əsaslar mövcud olduğu halda elektron portal vasitəsilə, habelə satınalan təşkilatın müəyyən etdiyi ünvanda yerində baxış keçirilməklə aparılan monitorinq;

 yerində baxış – satınalan təşkilatın təhvil aldığı ərzaq məhsullarına, onlara dair sənədlərə və alqı-satqı əməliyyatları ilə bağlı digər hallara satınalan təşkilatın müəyyən etdiyi ünvanda baxış keçirilməsi.

 Tədarük və təchizat agentinin hüquqları və vəzifələri

 İstehsalçı və satıcıların satınalmada iştirakla bağlı təqdim etdikləri məlumatların düzgünlüyünün, sənədlərin həqiqiliyinin, həmçinin müqavilə və satınalma şərt və tələblərinə əməl etmələrinin elektron portal üzərindən yoxlanılması, habelə satınalan təşkilatın təhvil aldığı ərzaq məhsullarına, onlara dair sənədlərə və alqı-satqı əməliyyatları ilə bağlı digər hallara satınalan təşkilatın müəyyən etdiyi ünvanda yerində baxış keçirilməsi tədarük və təchizat agenti tərəfindən həyata keçirilir.

 Tədarük və təchizat agenti monitorinq apararkən aşağıdakı hüquqlara malikdir:

 elektron portala daxil edilən məlumatların tamlığını və dəqiqliyini müəyyən etmək üçün istehsalçı və satıcılardan əlavə məlumatlar tələb etmək;

 dövlət orqanlarının və digər qurumların apardığı elektron informasiya ehtiyatlarında olan açıq məlumatlardan istifadə etmək;

 aidiyyəti orqanlara sorğu vermək.

 Tədarük və təchizat agenti monitorinq apararkən aşağıdakı vəzifələrə malikdir:

 monitorinqi qərəzsiz, tam, hərtərəfli, obyektiv və vaxtında aparmaq;

 monitorinq zamanı qarşılaşdığı qanunvericiliklə mühafizə olunan dövlət, peşə, kommersiya sirlərini yaymamaq, onların qorunması üçün tədbirlər görmək;

 monitorinqin nəticələrini elektron portalda yerləşdirmək;

 monitorinq zamanı aşkar edilmiş məlumatlar və sənədlər əsasında monitorinqin nəticələri barədə qərar qəbul etmək;

 istehsalçı və satıcılar tərəfindən pozulmuş müqavilə və satınalma şərtləri barədə aidiyyəti orqanlara məlumat vermək;

 istehsalçı və satıcılar tərəfindən təqdim edilən məlumat-ların düzgünlüyünü və sənədlərin həqiqiliyini yoxlamaq;

 elektron portal vasitəsilə alqı-satqı əməliyyatlarına nəzarət etmək;

 yerində baxış keçirmək;

 istehsalçı və satıcıların təkliflərinin elektron portalda yerləşdirilməsini məhdudlaşdırmaq.

 Monitorinqin aparılması qaydası

 Tədarük və təchizat agenti tərəfindən dövriliyinə görə növbəti və növbədənkənar monitorinqlər həyata keçirilir.

 Növbəti monitorinq elektron portal vasitəsilə hər il sentyabrın 1-dən oktyabrın 1-dək aparılır.

 Tədarük və təchizat agenti tərəfindən növbəti monitorinq aparılarkən istehsalçı və satıcıların elektron portala daxil etdikləri məlumatların düzgünlüyü, sənədlərin həqiqiliyi və satınalma şərt və tələblərinə uyğunluğu aşağıdakı istiqamətlər üzrə təhlil edilir:

 qida məhsulları sahəsində fəaliyyət göstərən təsərrüfat subyektinin qida təhlükəsizliyi qeydiyyatına alınmasının müəyyən edilməsi;

 Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəliklərinin, habelə riskli vergi ödəyicisi olub-olmamasının yoxlanılması;

 qida məhsullarının istehsalı sahəsində ən azı 6 (altı) ay, satışı sahəsində isə ən azı 1 (bir) il fəaliyyət göstərməsinin müəyyən edilməsi;

 idxal olunan ərzaq məhsullarının istehsalçısı qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi halda, həmin istehsalçının məhsullarının qida təhlükəsizliyi sertifikatına malik olmasının yoxlanılması;

 yeyinti məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl olunmasının yoxlanılması;

 təklif etdiyi ərzaq məhsullarının hər növünün saxlanılmasına və daşınmasına uyğun mülkiyyətində və ya istifadə-sində anbarın və logistik nəqliyyat vasitələrinin olması barədə məlumatların dəqiqləşdirilməsi (bu barədə məlumat elektron portala daxil edildiyi təqdirdə);

 ərzaq məhsullarının qiymətinə qablaşdırmaya (taraya), daşınmaya, gömrük, vergi (ƏDV) və digər ödənişlərə aid olan xərclər daxil edilməklə ərzaq məhsulları üçün elan edilən qiymətdən yuxarı qiymət təklif edilib-edilməməsinin yoxlanılması.

 Tədarük və təchizat agenti bu Qaydaların 4.3.1-4.3.3-cü yarımbəndlərində göstərilən məlumatları dövlət orqanlarının (qurumların) apardığı elektron informasiya ehtiyatlarında olan açıq məlumatlardan  istifadə etməklə təhlil edir, bu mümkün olmadığı halda isə aidiyyəti dövlət orqanlarına (qurumlara) sorğu verir.

 İstehsalçı və satıcılara elektron portal vasitəsilə növbəti monitorinqin nəticələrini əks etdirən bildiriş göndərilir.

 Tədarük və təchizat agenti istehsalçı və satıcıların müqavilə və satınalma şərtlərinə əməl etmələrinə dair fəaliyyətinin növbədənkənar monitorinqini aşağıdakı əsaslar olduqda aparır:

 satınalan təşkilat tərəfindən müraciət daxil olduqda;

 istehsalçı və satıcıların müqavilə şərtlərini pozmaları elektron portal vasitəsilə aşkar edildikdə;

 istehsalçı və satıcıların satınalma və müqavilə şərt və tələblərini pozmalarına dair konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə kütləvi informasiya vasitələrində məlumatlar yayıldıqda.

 Bu Qaydaların 4.6-cı bəndində qeyd olunan əsaslardan başqa digər hallarda tədarük və təchizat agenti tərəfindən növbədənkənar monitorinq aparıla bilməz.

 Növbədənkənar monitorinqin aparılması ilə bağlı bu Qaydaların 4.6-cı bəndi ilə müəyyən edilən əsaslar olduqda 3 (üç) iş günü müddətində tədarük və təchizat agenti tərəfindən monitorinqin aparılması ilə bağlı qərar qəbul edilir. Qərarda növbədənkənar monitorinqin aparılma əsası və üsulu  qeyd edilir və bu barədə aidiyyəti üzrə satınalan təşkilata, istehsalçı və satıcıya 1 (bir) iş günü müddətində elektron portal vasitəsilə bildiriş göndərilir.

 Növbədənkənar monitorinq aşağıdakı üsullarla aparılır:

 elektron portal vasitəsilə;

 yerində baxış keçirilməklə.

 Növbədənkənar monitorinq başlanılmasına dair qərarın qəbul edilməsi ilə bağlı bildiriş təqdim edildiyi gündən 10 (on) iş günü müddətində aparılır.

 Monitorinqin nəticələri bütün faktların (halların) aydın və dəqiq şəkildə göstərildiyi protokol ilə rəsmiləşdirilir. Protokolda monitorinqin aparılma əsası və üsulu, monitorinq zamanı aşkar edilmiş faktlara (hallara) dair məlumatlar əks edilməlidir. Protokola göstərilən məlumatları təsdiqləyən və satınalmada iştirakın məhdudlaşdırılmasına dair qərarın qəbul edilməsi üçün əhəmiyyət kəsb edən digər sənədlər də əlavə edilir.

 Bu Qaydaların 4.11-ci bəndində nəzərdə tutulan protokol barəsində monitorinq aparılan istehsalçı və satıcılar üçün növbədənkənar monitorinq zamanı hər bir halda, növbəti monitorinq zamanı isə satınalmada iştirakları məhdudlaşdırıldıqda tərtib edilir.

 Satınalmada iştirakı məhdudlaşdıran hallar

 Bu Qaydalara uyğun olaraq aparılan monitorinqlər nəticəsində aşağıdakı hallar aşkarlandıqda istehsalçı və satıcıların dövlət sifarişi ilə satınalmada iştirakları 1 (bir) il müddətinə məhdudlaşdırılır:

 qida təhlükəsizliyi qeydiyyatından keçmədikdə;

 istehsalçısı qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi halda qida təhlükəsizliyi sertifikatları olmayan idxal edilmiş ərzaq məhsullarının satışı həyata keçirildikdə;

 yeyinti məhsullarının minimum keyfiyyətinə və təhlükə-sizliyinə dair sənədlər satınalan təşkilata təqdim edilmədikdə;

 müqavilə üzrə satınalan təşkilatın sifarişi istehsalçı və ya satıcı (onun təqsiri nəticəsində) tərəfindən  ardıcıl olaraq iki dəfədən çox gec icra edildikdə və ya icra edilmədikdə;

 satınalan təşkilata keyfiyyətsiz və ya qüsurlu məhsullar təhvil verildikdə, həmin məhsulların keyfiyyətli məhsullarla dəyişdirilməsi ilə bağlı tədbir görülmədikdə;

 müqavilə üzrə satınalan təşkilatın sifarişinə uyğun olmayan ərzaq məhsullarının müvafiq qaydada əvəz edilməsi ilə bağlı tədbir görülmədikdə;

 tədarük və təchizat agentinə və ya satınalan təşkilata saxta sənəd təqdim edildikdə;

 istehsalçı və satıcıların Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəlikləri olduqda və ya onlar riskli vergi ödəyicisi qrupuna daxil edildikdə;

 əmlakının üzərinə həbs qoyulduqda və bunun nəticəsində ərzaq məhsulları ilə təchiz etmək potensialı olmadıqda;

 bu Qaydaların 4.3.3-cü və 4.3.5-ci yarımbəndlərində nəzərdə tutulmuş tələblər pozulduqda.

 İstehsalçıların və satıcıların satınalmada iştiraklarının məhdudlaşdırılmasına dair qərarın qəbul edilməsi

 İstehsalçı və satıcıların dövlət sifarişi ilə satınalmalarda iştirakları tədarük və təchizat agenti tərəfindən bu Qaydaların 5-ci hissəsi ilə müəyyən edilən hallar mövcud olduqda 1 (bir) il müddətinə məhdudlaşdırılır.

 Tədarük və təchizat agenti istehsalçı və satıcının satınal-mada iştiraklarının 1 (bir) il müddətinə məhdudlaşdırılması barədə qərar qəbul edir.

 Bu Qaydaların 6.2-ci bəndində nəzərdə tutulmuş qərar tədarük və təchizat agentinin rəhbəri və ya onun səlahiyyət verdiyi şəxs tərəfindən imzalanır. Monitorinqin nəticələri haqqında qərarın surəti qərar qəbul edildiyi tarixdən 3 (üç) iş günündən gec olmayaraq istehsalçı və satıcıya təqdim edilir və ya poçt vasitəsilə göndərilir, qərarın əsli isə tədarük və təchizat agentində saxlanılır.

 Bu Qaydaların 6.2-ci bəndində nəzərdə tutulmuş qərarda aşağıdakılar göstərilməlidir:

 qərarın adı, qəbul olunma tarixi, yeri və qeydiyyat nömrəsi;

 tədarük və təchizat agentinin adı;

 fəaliyyəti barədə monitorinq aparılan istehsalçı və ya satıcı hüquqi şəxs olduqda adı və hüquqi ünvanı, fiziki şəxs olduqda soyadı, adı, atasının adı və ünvanı;

 tədarük və təchizat agentinin məsul vəzifəli şəxsinin soyadı, adı və imzası;

 monitorinqin aparılmasının əsası;

 monitorinqin başlama və bitmə tarixləri;

 məhdudlaşdırıcı hallar barədə məlumat və aparılan monitorinqlərlə bağlı zəruri sənədlər;

 aşkar olunmuş məhdudlaşdırıcı halların aradan qaldırılması üçün görülməli işlər;

 qərardan şikayət verilmə müddəti və qaydası;

 tədarük və təchizat agentinin möhürü.

 Tədarük və təchizat agentinin qərarından

şikayət verilməsi qaydası

 İstehsalçı və satıcılar monitorinqlərin nəticələrindən razı qalmadıqda inzibati və ya məhkəmə qaydasında şikayət verə bilərlər.

 İnzibati qaydada verilən şikayətə 1 (bir) ay müddətində baxılır və aşağıdakı qərarlardan biri qəbul edilir:

 qərarın qüvvədə saxlanılması haqqında;

 qərarın dəyişdirilməsi haqqında;

 qərarın ləğv edilməsi haqqında.

7.3. Qərar qəbul olunduğu tarixdən 3 (üç) iş günü müddətində istehsalçı və satıcıya təqdim edilir və ya poçt vasitəsilə göndərilir.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Xalq qəzeti .- 2022.- 15 oktyabr.- S.5.