Ümumdünya olimpiya hərəkatında xüsusi yeri olan lider

Azərbaycan Milli Olimpiya Komitəsinin 30 illiyinin qeyd olunduğu 2022-ci ildə cənab İlham Əliyevin 1997- ci il iyulun 31-də MOK İcraiyyə Komitəsinin iclasında yekdilliklə Milli Olimpiya Komitəsinin prezidenti seçilməsinin 25-ci ili tamam oldu. Respublikamızda olimpiya hərəkatının inkişafına da elə həmin qızmar iyul günündə yeni təkan verildi, gələcəkdə böyük zəfərlərə doğru yolda ilk addım atıldı.

Azərbaycan Milli Olimpiya Komitəsi öz rəhbərinin hərtərəfli köməyi, gündəlik qayğı və diqqəti sayəsində bütün idman federasiyalarımızla birlikdə, vahid komanda şəklində çətin sınaqlardan böyük şöhrətə aparan, tarixi nailiyyətlər və medallarla zəngin bir yol qət edərək nümunəvi fəaliyyəti, ümumdünya olimpiya hərəkatına verdiyi töhfələrlə ölkəmizi dünyaya qüdrətli bir idman dövləti kimi tanıdıb.

İndi Azərbaycanın 200- dən çox ölkəni öz bayrağı altında birləşdirən Beynəlxalq Olimpiya Komitəsinin fəaliyyətində mühüm rol oynaması planetin hər yerində yekdilliklə etiraf olunur, rəğbətlə qarşılanır. Müxtəlif federasiyalar respublikamızda idmanın inkişafına verilən əhəmiyyəti yüksək qiymətləndirir, öz yarışlarının təşkili hüququnu tərəddüd etmədən bir-birindən yaraşıqlı çoxlu sayda idman mərkəzinə malik Azərbaycana etibar edirlər.

İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra Azərbaycanın idman həyatında, olimpiya hərəkatında yeni mərhələyə start verildi və tezliklə xoş dəyişikliklərin şahidi olduq. MOK İcraiyyə Komitəsinin yuxarıda xatırlatdığımız iclasından heç bir il keçməmiş, 1998-ci ilin mart ayında İsveçrənin Lozanna şəhərindəki görüşdə Beynəlxalq Olimpiya Komitəsinin o zamankı prezidenti Xuan Antonio Samaranç Azərbaycan Milli Olimpiya Komitəsinin rəhbəri

İlham Əliyevə müraciətlə demişdi: “Azərbaycanda olimpiya hərəkatı, olimpizm, Olimpiya oyunları, ümumiyyətlə idman sahəsində işin canlanması son zamanlar açıq-aşkar hiss olunur. Azərbaycanda idman hərəkatında canlanmanı və müsbət istiqamətdə dönüşü mən yüksək qiymətləndirirəm. Sizin ardıcıl və məqsədyönlü fəaliyyətiniz Beynəlxalq Olimpiya Komitəsinin Azərbaycana daha da böyük qayğı və diqqətlə yanaşmasına geniş imkanlar açır''.

Hazırda dövlətimizin və idmanımızın lideri İlham Əliyevin ünvanına belə xoş sözlər çox deyilib. Azərbaycan Milli Olimpiya Komitəsi prezidentinin idmana böyük məhəbbətlə, Vətən sevgisi ilə apardığı ardıcıl və məqsədyönlü fəaliyyətin, onun olimpiyaçılar komandasının böyük uğurlarının nəticəsidir ki, respublikamız insan həyatının çox mühüm tərkib hissəsi olan idmanın sürətlə inkişaf etdiyi ölkə kimi beynəlxalq aləmdə diqqət mərkəzindədir.

Azərbaycanın artıq yeddi ildir ki, tarixdə özünə Avropa Oyunlarının vətəni kimi yer etməsi çox şeyə sübutdur. Qitəmizin idman həyatında yeni səhifə açmış “Bakı – 2015” mükəmməl təşkil edilmiş möhtəşəm idman bayramı idi. Bundan iki il sonra təşkili yenə paytaxtımıza həvalə olunan lV İslam Həmrəyliyi Oyunları da bu startların iştirakçı və qonaqlarına unudulmaz anlar yaşatdı.

Başqa cür ola da bilməzdi: Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, ölkə Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın başçılıq etdiyi həmin oyunlara hazırlıq üzrə təşkilat komitəsi əslində ümummilli layihəyə çevrilən yarışların mükəmməl təşkili ilə üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmişdi.

Nəticədə iki həftə ərzində paytaxtımızın müasir idman meydanlarında parlaq hadisəyə çevrilən maraqlı və gərgin startlar 2015-ci ildə Avropa idmanı nümayəndələrinin, 2017-də isə İslam ölkələri təmsilçilərinin əsl dostluq və həmrəylik bayramı kimi yadda qaldı.

Gözəl Bakımızda  Avropa Oyunları və İslam Həmrəyliyi Oyunları Azərbaycan dövlətinin və idmanının zəfər marşı idi. İslamiadadan üç il sonra, 2020-ci ilin payızında sıralarında yüzlərlə bədən tərbiyəçisi və idmançının da döyüşdüyü qəhrəman ordumuzun Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə bir göz qırpımında və ya cəmi 44 gün ərzində İkinci Qarabağ müharibəsində erməni işğalçılar üzərində dünyanı heyrətə gətirən zəfəri isə Azərbaycanın nəyə qadir olduğunu bir daha bütün planetə əyani şəkildə göstərdi.Bundan sonra hamı gördü və anladı ki ötən əsrin səksən -doxsanıncı illərinin Azərbaycanı ilə indiki Azərbaycan arasında yerlə-göy qədər fərq var!

Milli Olimpiya Komitəsinin son iyirmi beş ildə keçdiyi yola, hazırda ölkə idmançılarının ixtiyarında olan əlliyə qədər Olimpiya İdman Kompleksinə çoxları həsəd apara bilərlər. Olimpiadalarda, dünya və qitə çempionatlarında, Avropa Oyunlarında, İslam ölkələri atletlərinin turnirlərində və digər beynəlxalq yarışlarda çempionlarımızdan bir çoxunun zəfər yolu məhz həmin komplekslərdən başlamışdır.

Bizim günlərdə dünyanın ən uzaq guşələrində belə məşhur olan Barselona Olimpiadası–­92-nin çempionu cüdoçu Nazim Hüseynov, 1996-cı ildə Atlantada (ABŞ) XXVl Olimpiya Oyunlarında qazandığı gümüş medalı dörd il sonra Avstraliyanın Sidney şəhərində qızıl mükafata çevirən sərbəst güləş ustası Namiq Abdullayev, onun kimi həmin Olimpiadada fəxri kürsünün zirvəsində təbrikləri qəbul edən stend atıcısı Zemfira Meftahəddinova,Afina-- 2004-də bütün rəqibləri üzərində layiqli qələbələr qazanan yunan- Roma güləşçisi Fərid Mansurov, Pekin – 2008-in cüdo sınaqlarında rəqiblərinə aman verməyən Elnur Məmmədli, London – 2012-nin finişində bir saat ərzində milyonlarla idman pərəstişkarımızı iki qızıl medalla sevindirən sərbəst güləşçilər Toğrul Əsgərov və Şərif Şərifov, 2016-da əfsanəvi Pelenin vətəni Braziliyada Rio-de-Janeyro (portuqal dilindən tərcüməsi “Yanvar çayı” deməkdir – O.B.) Olimpiadasının qalibi, taekvondoda ilk olimpiya çempionumuz Radik İsayev bir-birindən gurultulu qələbələrlə adlarını Olimpiya oyunları tarixinə qızıl hərflərlə yazdırmışlar.

Burada xüsusi qeyd etmək olar ki, Rio sahillərində Olimpiya oyunları Azərbaycan idmançıları üçün rekordçu Olimpiada oldu.Təmsilçilərimizin buna qədər Atlanta, Sidney, Afina, PekinLondondan gətirdikləri 26 medala Braziliyada daha 18 mükafat əlavə olundu. Bütün bu medallar bizim milli sərvətimizdir!

Əlbəttə, olimpiya hərəkatı və onun nailiyyətləri haqqında danışarkən Paralimpiya Oyunlarını da unutmaq olmaz. Böyük Olimpiada kimi onun kiçik qardaşı da ölkəmizdə geniş qayğı ilə əhatə olunub. Azərbaycan paralimpiyaçıları ilk dəfə Atlantada starta çıxmış, sonra da Sidney, Afina, Pekin, London, Rio-de-Janeyro, eləcə də koronavirus pandemiyasi səbəbindən bir il təxirə salınan və ötən il baş tutan Tokio turnirlərində – 25 il ərzində yeddi ölkənin idman meydanlarında üst -üstə 57 medalın ( 23 qızıl,19 gümüş, 15 bürünc mükafat) sevincini yaşamışlar.Xüsusilə Yaponiya paytaxtında Azərbaycan paralimpiyaçilar komandası parlaq çıxışı ilə hamımıza hədsiz sevinc gətirdi. Gündoğar ölkədə həmvətənlərimizin qazandıqları 14 qızıl, 1 gümüş və 4 bürünc medal tarixi nailiyyətdir. Onlar əslində bütün yarış günlərində “qızıl yağış” yağdırmışlar. Nəticədə Azərbaycan komandası 19 mükafatla medalçı ölkələrin siyahısında bizim üçün çox yüksək 10-cu yeri tutmuşdur.

Azərbaycanda paralimpiya hərəkatının əfsanəsi İlham Zəkiyev isə əsl fədakarlıq nümunəsi göstərmişdir. Oyunların ikiqat çempionubir bürünc medalının sahibi, dəfələrlə dünyaAvropa çempionu, dünya şöhrətli cüdoçu Azərbaycan idmanının yetirdiyi ən görkəmli şəxsiyyətlərdən biridir.Onun tatami üzərində neçə-neçə rəqiblə gərgin görüşlərdə keçdiyi ustad dərsləri ilə təkcə özü yox, hər birimiz qürur duyuruq.

Təsadüfi deyil ki, İlham Əzizağa oğlu Zəkiyev bir çox ölkənin əzəmətli idman saraylarında təşkil edilmiş yarışlarda qazandığı medallarla yanaşı Azərbaycanın yüksək mükafatı “Şöhrət” ordeninə və Heydər Əliyev Fondunun təsis etdiyi “Qızıl çinar” beynəlxalq mükafatına da layiq görülmüşdür.

Bütün bu zəfərlərin, şan-şöhrətin əldə olunmasında Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri, ümumdünya olimpiyaçılar hərəkatında böyük xidmətlərinə görə 2004- ildə müasir Olimpiya oyunlarının vətəni Yunanıstanın baş şəhəri Afinada keçirilmiş iclasda Beynəlxalq Olimpiya Komitəsinin ali mükafatı “Olimpiya ordeni” nə layiq görülmüş cənab İlham Əliyevin respublikamızda idmanın inkişafına göstərdiyi daimi qayğı həlledici rol oynayıb. Bu isə o deməkdir ki, Azərbaycanın dövlət başçısı və MOK prezidenti təkcə ölkəmizdə deyil, ümumdünya olimpiya hərəkatında xüsusi yeri olan liderdir!

 

Oqtay BAYRAMOV,

Əməkdar jurnalist

Xalq qəzeti .- 2022.- 19 oktyabr.- S.1;7.