İnnovasiya və
Rəqəmsal İnkişaf Agentliyinin NİZAMNAMƏSİ
Azərbaycan Respublikası Prezidentinin
2022-ci il 21 oktyabr
tarixli
Fərmanı ilə təsdiq
edilmişdir
1. Ümumi müddəalar
1.1. Azərbaycan
Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində İnnovasiya və
Rəqəmsal İnkişaf Agentliyi (bundan sonra – Agentlik) rəqəmsal
inkişaf sahəsində fəaliyyətin təşkili, əlaqələndirilməsi,
həyata keçirilməsi (o cümlədən nəzarət
və tənzimləmə), habelə yüksək
texnologiyalar, nüvə elmləri, nüvə
texnologiyaları və nüvə energetikası sahəsində
kompleks tədbirlərin və innovasiya fəaliyyətinin həyata
keçirilməsi, eləcə də fiziki və hüquqi
şəxslərə müasir texnologiyaların və
texnoloji həllərin əldə olunmasında yardım
göstərilməsi, innovasiyayönümlü elmi tədqiqatların
və innovativ layihələrin (həmçinin
startapların) təşviqi, onlara maliyyə dəstəyi
göstərilməsi və innovasiya təşəbbüskarlığının
təbliği sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət
göstərən publik hüquqi şəxsdir.
1.2.
Agentlik öz fəaliyyətində Azərbaycan
Respublikasının Konstitusiyasını, Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələri, Azərbaycan
Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan
Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin
sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərar və sərəncamlarını, həmçinin
digər normativ hüquqi aktları, o cümlədən
Nazirliyin qərar, əmr və sərəncamlarını rəhbər
tutur.
1.3.
Agentlik öz vəzifələrini yerinə yetirərkən və
hüquqlarını həyata keçirərkən dövlət
orqanları (qurumları) ilə, yerli özünüidarəetmə
orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları
ilə, digər hüquqi və fiziki şəxslərlə
qarşılıqlı əlaqədə fəaliyyət
göstərir.
1.4.
Agentlik ümumdövlət və ictimai əhəmiyyət
daşıyan fəaliyyətlə məşğul olur.
Agentlik bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə
nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə
məşğul ola bilər.
1.5.
Agentliyin müstəqil balansı, əmlakı, xəzinə
və bank hesabları, Nazirliyin adı və öz adı həkk
olunmuş möhürü, müvafiq ştampları və
blankları vardır.
1.6. Qanuna
uyğun olaraq, Agentliyin əqdlər bağlamaq, öz
adından əmlak və qeyri-əmlak hüquqları əldə
etmək və həyata keçirmək hüququ, həmçinin
vəzifələri vardır. Agentlik məhkəmədə
iddiaçı və ya cavabdeh qismində
çıxış edə bilər.
1.7.
Agentliyin rəsmi adı aşağıdakı kimidir:
1.7.1. tam halda – İnnovasiya və Rəqəmsal
İnkişaf Agentliyi, qısaldılmış halda –
İRİA;
1.7.2. ingilis dilində tam halda – Innovation and Digital
Development Agency, qısaldılmış halda – IDDA.
1.8. Agentlik Bakı şəhərində yerləşir.
2.
Agentliyin fəaliyyət istiqamətləri
2.1.
Agentliyin fəaliyyət istiqamətləri
aşağıdakılardır:
2.1.1. müvafiq sahədə dövlət siyasətinin
formalaşdırılmasında və həyata keçirilməsində
iştirak etmək;
2.1.2. müvafiq sahədə fəaliyyətin təşkilini,
əlaqələndirilməsini və həyata keçirilməsini
(o cümlədən tənzimləməni və nəzarəti)
təmin etmək;
2.1.3. müvafiq sahənin inkişafını təmin
etmək;
2.1.4. rəqəmsal inkişaf səviyyəsini
müəyyənləşdirmək, idarəetmə proseslərinin
rəqəmsal mühitə daşınması üzrə tədbirlər
görmək;
2.1.5. dövlət informasiya sistemləri və
ehtiyatları barədə qiymətləndirmənin
aparılmasında iştirak etmək və nəticəsi barədə
aidiyyəti üzrə təkliflər təqdim etmək;
2.1.6. dinc məqsədlərlə Azərbaycan
Respublikasının ərazisində nüvə xammal
ehtiyatlarının axtarışını və qiymətləndirilməsini
həyata keçirmək;
2.1.7. innovativ ekosistemin inkişafını, yerli
innovasiyaların istehsalını və ixracını dəstəkləmək;
2.1.8. innovasiyayönümlü elmi tədqiqatların,
innovativ ideya və layihələrin (o cümlədən
startapların) təşviqi, bu sahədə fəaliyyət
göstərən şəxslərə maliyyə dəstəyi
göstərilməsi və innovasiya təşəbbüskarlığının
təbliği ilə bağlı tədbirlər görmək;
2.1.9. müvafiq sahə üzrə dövlət–özəl
tərəfdaşlığının inkişafı və təşviqi
üçün tədbirlər görmək;
2.1.10. müvafiq sahədə fəaliyyətin təkmilləşdirilməsi
və şəffaflığın artırılması məqsədilə
tədbirlər görmək;
2.1.11. bu Nizamnamə ilə müəyyən
edilmiş digər istiqamətlərdə fəaliyyət
göstərmək.
3.
Agentliyin vəzifələri və hüquqları
3.1. Bu
Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət
istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələri
aşağıdakılardır:
3.1.1. müvafiq sahədə normativ hüquqi
aktların, inkişaf konsepsiyalarının və məqsədli
proqramların hazırlanmasında, dəyişdirilməsində
və həyata keçirilməsində iştirak etmək;
3.1.2. Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrlə tənzimlənən və
Agentliyin səlahiyyətinə aid olan məsələlər
üzrə Azərbaycan Respublikasının
götürdüyü öhdəliklərin yerinə yetirilməsini
təmin etmək;
3.1.3. dövlət orqanlarının
(qurumlarının), yerli özünüidarəetmə
orqanlarının, hüquqi və fiziki şəxslərin
müvafiq sahə üzrə fəaliyyətini əlaqələndirmək;
3.1.4. rəqəmsal inkişafın və
innovasiyaların həyata keçirilməsi ilə
bağlı təkliflər vermək və tədbirlər
görmək, habelə innovasiya təşəbbüskarlığının
təbliğini həyata keçirmək və belə təşəbbüsləri
dəstəkləmək;
3.1.5. rəqəmsal inkişaf sahəsində
texnologiyaların və idarəetmə üzrə mövcud
inkişaf tendensiyalarının təhlili əsasında rəqəmsal
texnologiyaların tətbiqi üzrə prioritetləri, eləcə
də dövlət orqanlarında (qurumlarında) və yerli
özünüidarəetmə orqanlarında rəqəmsal
hazırlıq səviyyəsini müəyyənləşdirmək;
3.1.6. dövlət orqanlarına (qurumlarına), yerli
özünüidarəetmə orqanlarına, habelə digər
fiziki və hüquqi şəxslərə rəqəmsal
texnologiyaların tətbiqi ilə bağlı əməli və
metodiki kömək göstərmək;
3.1.7. dövlət orqanlarında (qurumlarında) rəqəmsal
texnologiyalardan istifadə imkanlarının
artırılması üçün tədbirlər görmək,
habelə informasiya təhlükəsizliyinin təmini ilə
bağlı tədbirlərin həyata keçirilməsində
iştirak etmək;
3.1.8. rəqəmsal inkişaf və innovasiyalar
üzrə beynəlxalq reytinqlərdə ölkənin
mövqeyinin yaxşılaşdırılması məqsədilə
aidiyyəti dövlət orqanları (qurumları) ilə birgə
tədbirlər görmək;
3.1.9. iki və ya daha çox qurum tərəfindən
istifadəsi nəzərdə tutulan yardımçı
dövlət informasiya ehtiyatlarının və sistemlərinin
vahid texniki baza və platformada qurulmasında, habelə birdən
çox quruma göstərilə biləcək xidmətlərin
“Hökumət buludu”nda bir platforma və ya tətbiqi proqram
modelində göstərilməsi ilə bağlı tədbirlər
görülməsində iştirak etmək;
3.1.10.
Agentliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq
dövlət informasiya ehtiyatlarının və sistemlərinin
formalaşdırılması, aparılması, inteqrasiyası
və ya arxivləşdirilməsi ilə bağlı aidiyyəti
dövlət orqanından (qurumundan) sənədləri (texniki
məlumatları) almaq, həmin sənəd və məlumatlar
əsasında dövlət informasiya ehtiyatlarında və
sistemlərində dəyişiklik və təkmilləşdirmə
işlərinin aparılması ilə bağlı Nazirliyə
təkliflər vermək;
3.1.11.
“Böyükhəcmli məlumatlar”ın analitik təhlilləri,
maşınla öyrənmə,
“Süni
intellekt”, “blokçeyn”, “əşyaların interneti” və
“bulud hesablama” texnologiyalarının, eləcə də digər
rəqəmsal texnologiyaların tətbiqi ilə bağlı
təkliflər vermək və tədbirlər görmək;
3.1.12. fəaliyyət istiqamətlərinə
uyğun olaraq dövlət informasiya ehtiyatlarının və
sistemlərinin formalaşdırılması ilə
bağlı layihələrin hazırlanmasında, eləcə
də həmin informasiya ehtiyatlarının və sistemlərinin
sınağında iştirak etmək;
3.1.13.
dövlət–vətəndaş, dövlət–biznes, dövlət–dövlət,
biznes–dövlət, biznes–istehlakçı və biznes–biznes
xidmətlərinin rəqəmsallaşdırılması və
proaktiv təşkili ilə bağlı təkliflər vermək;
3.1.14. dövlət informasiya sistemlərinin və
ehtiyatlarının “Hökumət buludu”na mərhələli
keçidi, İKT infrastruktur və proqram təminatına
kapital və istismar xərclərinin
optimallaşdırılması ilə bağlı tədbirlər
görülməsində iştirak etmək;
3.1.15.
müvafiq sahədə mütəxəssis
hazırlığını dəstəkləməklə, əmək
bazarının formalaşdırılmasında iştirak etmək,
yeni nəsil innovatorların yetişdirilməsi, onların təcrübə
və tədqiqat bacarıqlarının yüksəldilməsi,
eləcə də araşdırmaların aparılması məqsədilə
müddətli, tam və ya qismən maliyyələşdirilən
fərdi proqramlar üzrə müsabiqələr, o cümlədən
təqaüd proqramları elan etmək, bununla əlaqədar təhsil
müəssisələri ilə, digər hüquqi və
fiziki şəxslərlə əməkdaşlıq etmək,
habelə xarici istedadlı innovatorları və yüksək
potensialı olan innovativ ideya sahiblərini, innovativ tədqiqatçıları
ölkəyə cəlb etmək;
3.1.16. informasiya ehtiyatlarında kağız
daşıyıcıda olan məlumatların rəqəmsal
formata keçilməsilə bağlı aidiyyəti dövlət
orqanları (qurumları) ilə birgə tədbirlər
görmək;
3.1.17.
“Made in Azerbaijan” brendi ilə innovativ və yüksək
texnoloji məhsul istehsalına və xidmətlərin göstərilməsinə
təkan vermək, habelə mövcud yerli brendlərin xarici
bazarlara çıxmasına dəstək olmaq;
3.1.18.
Agentliyin əqli mülkiyyətini idarə etmək və onun
barəsində sərəncam vermək;
3.1.19. innovasiya fəaliyyətini təşviq etmək,
yerli sahibkarlıq subyektlərinə müasir
texnologiyaların və texnoloji həllərin əldə
olunmasına yardım göstərilməsini və onların
transferinin təşkilini, habelə innovasiyayönümlü
elmi tədqiqatları dəstəkləmək, innovativ layihələri
(o cümlədən startapları) təşviq etmək və
bu məqsədlərlə maliyyə dəstəyi göstərmək;
3.1.20. rəqəmsal inkişaf və innovasiya sahələrinə
startap ekosisteminin, tədqiqat və təhsil müəssisələrinin
cəlb edilməsi ilə bağlı tədbirlər görmək;
3.1.21. Azərbaycan
Respublikasında ideyaların məhsula çevrilərək
bazara çıxarılmasına xidmət edən innovativ
sistemin qurulmasını təmin etmək və onu idarə etmək;
3.1.22. müvafiq sahədə investisiya mühitini təhlil
etmək və onun təkmilləşdirilməsinə dair təkliflər
vermək, habelə elmi tədqiqatların
kommersiyalaşdırılmasına dəstək göstərmək;
3.1.23. innovativ inkişafla bağlı qlobal meyilləri
təhlil etmək, müvafiq sahədə proqnozlar
hazırlamaq və təkliflər vermək;
3.1.24. yeni texnologiyaların iqtisadiyyata inteqrasiyası
üzrə layihələrin həyata keçirilməsini təşkil
etmək;
3.1.25.
innovativ layihələri təhlil etmək, onların iqtisadi səmərəliliyini,
ixracyönümlülüyünü, rəqabət qabiliyyətliliyini
qiymətləndirmək, onların tətbiqi imkanlarını
araşdırmaq və investisiyalar cəlb etmək, habelə
innovativ layihələrin həyata keçirilməsi
üçün yüksək texnoloji infrastruktur (avadanlıq,
qurğu, cihaz, alət, təchizat vasitələri və s.) əldə
etmək, öz vəsaiti hesabına yüksəkixtisaslı işçi
heyəti cəlb etmək və xərcləri
qarşılamaq;
3.1.26. innovativ sahibkarlığın, sağlam rəqabətin
və əmtəə bazarının inkişafını,
yeni iş yerlərinin yaradılmasını təmin edən
investisiya layihələrinin hazırlanmasında, həyata
keçirilməsində, zəruri infrastrukturun
formalaşdırılmasında iştirak etmək;
3.1.27. əməkdaşlıq etdiyi istedadlı gənclərin,
gənc mütəxəssislərin və alimlərin məlumat
bankını yaratmaq;
3.1.28. Azərbaycan
Respublikası Prezidentinin müəyyən etdiyi hallarda
texnoparkların idarəedici təşkilati funksiyalarını
yerinə yetirmək, eləcə də texnoparkın və
inkubatorun rezidentlərinə qeydiyyat şəhadətnaməsi
vermək;
3.1.29.
nüvə elmləri və nüvə enerjisinin dinc məqsədlərlə
istifadəsi üzrə Azərbaycan Respublikasının
maraqlarına uyğun aktual elmi və elmi-texnoloji istiqamətlərin
müəyyənləşdirilməsinə, müvafiq
dövlət proqramı və layihələrinin
hazırlanmasına dair Nazirliyə təkliflər vermək və
həyata keçirilməsi ilə bağlı tədbirlər
görmək;
3.1.30. nüvə elmləri və
texnologiyalarının gələcək inkişafı
üçün lazımi texniki baza yaratmaq və
istismarını təşkil etmək;
3.1.31. nüvə və neytron fizikası, neytron
radioqrafiyası, neytron spektroskopiyası, nüvə
çevrilmələri, neytron optikası, nüvə tibbi,
materialşünaslıq və digər istiqamətlərdə
fundamental və praktiki elmi tədqiqatların
aparılmasını təşkil etmək;
3.1.32. materialların xassələrinin və tərkibinin
modifikasiyası, elm və texnikanın müxtəlif sahələri
üzrə neytron analitik məqsədli işlər həyata
keçirmək;
3.1.33. nüvə elmləri və
texnologiyalarının inkişafı üçün
qurğu və sistemlərin təhlükəsiz iş rejiminin
təmin edilməsi məqsədilə tədbirlər görmək;
3.1.34.
nüvə materialları, radioaktiv materiallar və radioizotop tərkibli
qurğu və sistemlərin təhlükəsizliyinin, fiziki
mühafizəsinin, habelə nüvə və radioaktiv
materialların daşınmasının, işlənilmiş
nüvə yanacağı və radioaktiv tullantılarla
davranılmasının, nüvə və radioloji qəza hallarına
hazırlığın qüvvədə olan normativ hüquqi
aktların tələblərinə uyğun təşkili məqsədilə
tədbirlər görmək;
3.1.35. müasir tipli hissəcik və nüvə
sürətləndiriciləri, radioizotop mənşəli
şüalanma mənbəli qurğuların yaradılması
və onların bazasında nüvə və radiasiya
materialşünaslığı, nüvə çevrilmələri
və digər elmi-praktik məqsədli işlərin
icrasını təmin etmək;
3.1.36. nüvə, neytron, yüksək enerjili hissəcikləri
və şüaları ayırd və qeyd edən
materialların və onların əsasında cihazların
hazırlanmasını, eləcə də tətbiqini həyata
keçirmək;
3.1.37. dinc məqsədlərlə Azərbaycan
Respublikasının ərazisində nüvə xammal
ehtiyatlarının axtarışı, potensiallarının
qiymətləndirilməsi, ekoloji və iqtisadi səmərəli
emal üsullarının işlənilməsi və uyğun
texnologiyanın yaradılmasını həyata keçirmək;
3.1.38. dinc məqsədlərlə nüvə
materiallarını ayırıb saflaşdırma, zənginləşdirmə
texnologiyalarını, nüvə yanacağı dövriyyəsini,
istehsal texnologiyalarını və tətbiq sahələrini
yaratmaq;
3.1.39. sənaye, kənd təsərrüfatı, tikinti
və tibb sahələrində istifadə olunan materialların
radiasiya üsulu ilə işlənilməsi, o cümlədən
ölkədə istehsal edilən, idxal və ixrac olunan kənd
təsərrüfatı, ərzaq məhsulları, tibbi və
digər məmulatların radiasiya sterilizasiya
texnologiyalarını yaratmaq;
3.1.40. nanomaterialların və radiasiya
texnologiyalarının işlənilməsi, onların elm və
texnikanın müxtəlif sahələrində tətbiqini həyata
keçirmək;
3.1.41. Azərbaycan
Respublikasının ərazisi üzrə radiasiya fonunun
öyrənilməsində, eləcə də torpaq, su və
havada radionuklid paylanmasının tədqiqində, aidiyyəti
dövlət orqanlarının (qurumlarının), yerli
özünüidarəetmə orqanlarının, hüquqi və
fiziki şəxslərin müraciətləri əsasında
materialların, digər məmulatların radioloji laboratoriya
sınaqlarında, Azərbaycan Respublikasında aparılan
nüvə və radiasiya təhlükəsizliyi üzrə
layihələrin və dövlət proqramlarının həyata
keçirilməsində iştirak etmək;
3.1.42. radioloji fövqəladə hallarda müvafiq
dövlət orqanlarının (qurumlarının) işlərinə
elmi-metodiki və ekspert dəstəyi göstərmək, eləcə
də monitorinqlərin aparılmasında iştirak etmək;
3.1.43. Azərbaycan
Respublikasında nüvə energetikasının
inkişafının yerli və beynəlxalq tələblər
kontekstində əsaslandırılmasının
aparılmasında, nüvə energetikasının tətbiqi
üzrə təkliflər hazırlanmasında iştirak etmək,
eləcə də bu sahədə aparılan layihə və
proqramlara elmi-metodiki dəstək göstərmək;
3.1.44. müvafiq sahədə dövlət–özəl
tərəfdaşlığının inkişafı və təşviqi
üçün tədbirlər görmək, habelə qanuna
uyğun olaraq dövlət–özəl tərəfdaşlığı
layihələrinin özəl investisiyaların cəlb edilməsi
yolu ilə həyata keçirilməsi üçün tədbirlər
görmək;
3.1.45. müvafiq
sahədə elektron xidmətləri “Dövlət informasiya
ehtiyatları və sistemlərinin
formalaşdırılması, aparılması, inteqrasiyası
və arxivləşdirilməsi Qaydaları”nın təsdiq
edilməsi və elektron hökumətlə bağlı bəzi
tədbirlər haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına
uyğun olaraq təşkil etmək;
3.1.46.
Agentliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə
“Vətəndaşların müraciətləri haqqında”,
“İnzibati icraat haqqında” və “İnformasiya əldə
etmək haqqında” Azərbaycan Respublikasının
qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən
edilmiş qaydada tədbirlər görmək;
3.1.47. kargüzarlığı və vətəndaşların
qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə
uyğun təşkil etmək, Agentliyin əməkdaşlarının
əlavə təhsili və peşəkarlığının
yüksəldilməsi üçün tədbirlər
görmək;
3.1.48.
öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını,
internet saytının yaradılmasını, malik olduğu və
siyahısı “İnformasiya əldə etmək haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən
edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin
saytda yerləşdirilməsini və bu informasiyanın daim
yenilənməsini təmin etmək;
3.1.49.
Agentliyə ayrılan büdcə vəsaitindən, kreditdən,
qrantdan və digər maliyyə vəsaitindən təyinatı
üzrə səmərəli istifadə olunmasını təmin
etmək;
3.1.50. dövlət və kommersiya sirrinin, habelə məxfilik
rejiminin qorunması üçün tədbirlər görmək;
3.1.51.
Agentliyin informasiya təminatını təşkil etmək və
onun təhlükəsizliyini təmin etmək;
3.1.52.
Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi
üçün tədbirlər görmək;
3.1.53. müvafiq sahədə peşəkar mütəxəssislərin
hazırlanması və tədris proqramlarının tərtibi
ilə bağlı təkliflər vermək və onların həyata
keçirilməsində iştirak etmək;
3.1.54. qabaqcıl beynəlxalq təcrübəni nəzərə
almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini
təmin etmək;
3.1.55. bu Nizamnamə ilə müəyyən
edilmiş digər vəzifələri həyata keçirmək.
3.2.
Öz vəzifələrini yerinə yetirmək
üçün Agentliyin aşağıdakı
hüquqları vardır:
3.2.1. müvafiq sahədə normativ hüquqi
aktın layihəsinin qəbul olunması, aktda dəyişikliklər
edilməsi, aktın şərh edilməsi, qüvvəsinin
dayandırılması və ya ləğv edilməsi
haqqında Nazirliyə təklif vermək;
3.2.2. müvafiq sahədə beynəlxalq müqavilələrə
Azərbaycan Respublikasının tərəfdar
çıxması barədə Nazirliyə təkliflər
vermək;
3.2.3. beynəlxalq təcrübənin tətbiqi
imkanlarının araşdırılması məqsədilə
beynəlxalq təşkilatlarla, habelə xarici dövlətlərin
aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq
etmək, xarici dövlətlərin müvafiq təcrübəsini
öyrənmək;
3.2.4. fəaliyyət istiqamətlərinə
uyğun olaraq dövlət informasiya sistemlərinin və
ehtiyatlarının qiymətləndirilməsində və
onların istismara qəbulunda iştirak etmək, eləcə
də onların funksional imkanlarının
artırılması və təkmilləşdirilməsi ilə
bağlı Nazirliyə rəy və təkliflər vermək;
3.2.5. fəaliyyət istiqamətlərinə aid olan
məsələlərlə bağlı araşdırmalar
aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;
3.2.6. dövlət orqanlarına (qurumlarına), yerli
özünüidarəetmə orqanlarına, hüquqi və
fiziki şəxslərə zəruri məlumatlar (sənədlər)
barədə sorğu vermək və onlardan belə məlumatları
(sənədləri) almaq;
3.2.7. fəaliyyət istiqamətləri üzrə rəy
və təkliflər vermək, təhlillər, tədqiqatlar
və ümumiləşdirmələr aparmaq, habelə analitik
materiallar hazırlamaq;
3.2.8.müvafiq sahədə dövlət
orqanları (qurumları) tərəfindən normativ hüquqi
aktlara əməl edilməsinə nəzarəti həyata
keçirmək, bu məqsədlə müvafiq tədbirlər
görmək, o cümlədən qanunda nəzərdə
tutulduğu halda icrası məcburi olan göstərişlər
vermək;
3.2.9.müstəqil ekspertləri və mütəxəssisləri
fəaliyyətinə cəlb etmək;
3.2.10. fəaliyyət istiqamətlərinə aid məsələlərlə
bağlı konfranslar, müşavirələr, seminarlar
keçirmək və digər tədbirlər təşkil
etmək;
3.2.11. əməkdaşlarını dövlət təltiflərinə
və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi
üçün tədbirlər görmək;
3.2.12. sahibkarlıq fəaliyyəti ilə məşğul
olmaq, təsərrüfat cəmiyyətləri yaratmaq və ya
onlarda iştirak etmək;
3.2.13. fəaliyyət istiqamətlərinə
uyğun olaraq müvafiq sahə ilə bağlı fiziki və
hüquqi şəxslərə müqavilə əsasında
xidmətlər göstərmək;
3.2.14. fəaliyyət istiqamətlərinə
uyğun olaraq fondların, innovasiya mərkəzlərinin, tədqiqat
və araşdırma mərkəzlərinin,
laboratoriyaların, texnologiya və biliklər transferi mərkəzlərinin
və digər təsisatların (infrastrukturun)
yaradılması ilə bağlı təkliflər vermək,
onları yaratmaq və onların fəaliyyətində
iştirak etmək;
3.2.15.
Agentliyin fəaliyyətini təbliğ etmək, müxtəlif
metodiki vəsaitlər, jurnallar, kitablar, xüsusi bülletenlər
və digər nəşrlər buraxmaq;
3.2.16. bu Nizamnamə ilə müəyyən
edilmiş digər hüquqları həyata keçirmək.
4.
Agentliyin idarə olunması
4.1.
Agentlik öz fəaliyyətində və idarəetmədə
mütərəqqi korporativ idarəetmə
standartlarını tətbiq edir.
4.2.
Agentliyin idarəetmə orqanı onun İdarə Heyətidir.
4.3.
Agentliyin İdarə Heyətinin tərkibi 3 (üç)
üzvdən – Azərbaycan Respublikasının rəqəmsal
inkişaf və nəqliyyat naziri tərəfindən vəzifəyə
təyin və vəzifədən azad edilən İdarə
Heyətinin sədri və onun 2 (iki) müavinindən ibarətdir.
4.4.
Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və
nəzarəti İdarə Heyəti həyata keçirir.
4.5.
İdarə Heyətinin sədri müvəqqəti
olmadıqda, onun səlahiyyətlərinin icrasını
İdarə Heyəti sədrinin müəyyən etdiyi
müavinlərindən biri həyata keçirir.
4.6.
İdarə Heyətinin vəzifələri
aşağıdakılardır:
4.6.1.
Agentliyin fəaliyyətini təşkil etmək və onun fəaliyyətinə
nəzarət etmək;
4.6.2. təsisçinin səlahiyyətlərinin həyata
keçirilməsi üçün Nazirliyə təkliflər
vermək və sənədlər (o cümlədən
Agentliyin illik maliyyə hesabatını və fəaliyyətinə
dair illik hesabatı) təqdim etmək;
4.6.3.
Agentliyin strateji məqsəd və planlarını müəyyən
etmək, inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi
üçün Nazirliyə təkliflər vermək;
4.6.4.
Agentliyin strukturunun, əməyin ödənişi fondunun,
işçilərin say həddinin və onların əməkhaqlarının
(vəzifə maaşının, vəzifə maaşına əlavələrin,
mükafatların və digər ödənişlərin) məbləğinin
təsdiq edilməsi, o cümlədən Agentliyin əldə
etdiyi vəsait (dövlət büdcəsindən və
dövlətə məxsus digər fondlardan ayrılan vəsait
istisna olmaqla) hesabına işçilərə əlavə
ödənilən həvəsləndirmə sisteminin müəyyənləşdirilməsi
məqsədilə Nazirliyə təkliflər vermək;
4.6.5.
Nazirliyin razılığı ilə Agentliyin təsərrüfat
cəmiyyətlərinin yaradılması və ya onlarda
iştirak barədə, həmçinin Agentliyin idarə,
filial və nümayəndəliklərinin yaradılması
barədə qərar qəbul etmək;
4.6.6.
Nazirliyin razılığı ilə Agentliyin maliyyə
planlaşdırmasını və büdcəsini təsdiq
etmək;
4.6.7.
Agentliyin fəaliyyətinə dair daxili qaydaları (o cümlədən
maraqların toqquşmasının istisna olunması
qaydasını), habelə idarə, filial və nümayəndəliklərinin
əsasnamələrini, təsərrüfat cəmiyyətlərinin
nizamnamələrini Nazirliklə razılaşdırmaqla təsdiq
etmək;
4.6.8.
Agentliyin fəaliyyətinə dair illik hesabatı dinləmək;
4.6.9.
Nazirliyin razılığı ilə Agentliyin kənar
auditorunu təyin etmək və onun audit hesabatını qəbul
etmək;
4.6.10. kənar auditorun yoxlamalarının, habelə
digər yoxlamaların nəticələrinə dair tədbirlər
görmək;
4.6.11.
Agentliyin daxili audit bölməsinin fəaliyyətinə nəzarət
etmək və fəaliyyətinə dair hesabatlar almaq, habelə
Nazirliyin razılığı ilə onun üzvlərini vəzifəyə
təyin və vəzifədən azad etmək;
4.6.12.
Nazirliyin razılığı ilə Agentliyin xalis aktivlərinin
dəyərinin 25 (iyirmi beş) faizindən
artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli
əqdin) və aidiyyəti şəxslə dəyəri
Agentliyin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini
təşkil edən əqdin bağlanılması haqqında
qərar qəbul etmək;
4.6.13. aidiyyəti şəxslə dəyəri
Agentliyin aktivlərinin 5 (beş) faizədək hissəsini təşkil
edən əqdin bağlanılması haqqında qərar qəbul
etmək;
4.6.14.
Agentliyin strateji məqsədlərinin və planlarının,
habelə büdcəsinin icrasına nəzarət etmək;
4.6.15. bu Nizamnamənin 3.1.49-cu yarımbəndində
nəzərdə tutulan vəsaitdən təyinatı üzrə
səmərəli istifadə olunmasını təmin etmək;
4.6.16.
İdarə Heyəti üzvlərinin müraciətlərinə
baxmaq və qərar qəbul etmək;
4.6.17. bu Nizamnamənin 3.1.1-ci və 3.2.1-ci yarımbəndlərində
nəzərdə tutulmuş məsələlərin həlli
üçün tədbirlər görmək;
4.6.18.
Agentliyin fəaliyyəti ilə əlaqədar İdarə Heyəti
sədrinin və ya təsisçinin səlahiyyətlərinə
aid edilməyən bütün məsələlər barədə
qərar vermək.
4.7.
İdarə Heyətinin sədri ayda azı bir dəfə
İdarə Heyətinin iclaslarını
çağırır və iclaslara sədrlik edir. İdarə Heyətinin iclaslarının
keçirilməsi təşəbbüsü ilə İdarə
Heyətinin üzvü çıxış edir. İdarə Heyətinin iclasları üzvlərinin
yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir.
İdarə Heyətinin iclasında, hər
üzvün bir səsi olmaqla, qərarlar sadə səs
çoxluğu ilə qəbul edilir. Səsvermə
zamanı üzvlərin bitərəf qalmasına icazə
verilmir. Səslərin sayı bərabər
olduqda, iclasa sədrlik edənin səsi həlledicidir.
4.8.
İdarə Heyətinin üzvlərinə, habelə İdarə
Heyətinin iclaslarına dəvət olunan şəxslərə
İdarə Heyətinin iclaslarının keçiriləcəyi
yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər
barədə iclasa azı 3 (üç) iş günü
qalmış, zəruri sənədlər əlavə edilməklə
yazılı məlumat verilir.
4.9.
İclasın gündəliyinə İdarə Heyətinin hər
hansı üzvünün maraqlarına toxunan məsələ
çıxarıldıqda, həmin üzv bununla bağlı
maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin
müzakirəsində və həmin məsələyə
dair səsvermədə iştirak etməməlidir.
4.10.
Gündəliyə daxil edilməmiş və ya tələb
olunan aidiyyəti sənədləri iclasdan qabaq təqdim edilməmiş
məsələlər barədə, bütün
iştirakçı üzvlərin razılıq verdiyi hallar
istisna olmaqla, qərar qəbul edilə bilməz.
4.11.
İdarə Heyətinin sədri:
4.11.1.
Agentliyin cari fəaliyyətinə rəhbərlik edir və
onu təmsil edir;
4.11.2.
İdarə Heyətinin fəaliyyətini təşkil edir,
iclasların gündəliyini müəyyənləşdirir
və iclaslara sədrlik edir;
4.11.3. öz təşəbbüsü ilə,
İdarə Heyətinin digər üzvünün təşəbbüsü
ilə İdarə Heyətinin iclaslarını
çağırır;
4.11.4. öz təşəbbüsü ilə, habelə
İdarə Heyətinin hər hansı bir üzvünün
xahişi əsasında digər şəxsləri İdarə
Heyətinin iclasında iştirak etməyə dəvət
edir;
4.11.5.
Agentliyin fəaliyyətinin təşkili ilə əlaqədar
icrası məcburi olan daxili sərəncam və əmrlər
verir;
4.11.6.
Agentliyin fəaliyyət istiqamətlərinə dair qəbul
olunmuş aktların icrasını təşkil edir,
yoxlayır və buna nəzarəti həyata keçirir;
4.11.7. özünün və Agentliyin struktur bölmələrinin
vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını
ləğv edir;
4.11.8.
müəyyən edilmiş struktur, əməyin ödənişi
fondu və işçilərin say həddi daxilində
Agentliyin Aparatının və digər struktur bölmələrinin
strukturunu, ştat cədvəlini və xərclər
smetasını Nazirliklə razılaşdırmaqla təsdiq
edir;
4.11.9.
Agentliyin işçilərinin vəzifə maaşlarının,
vəzifə maaşlarına əlavələrin,
mükafatların və digər ödənişlərin
verilməsini əməyin ödənişi fondu çərçivəsində
təşkil edir;
4.11.10. bu
Nizamnamə ilə müəyyən edilmiş hallar istisna
olmaqla, Agentliyin, o cümlədən onun idarə, filial və
nümayəndəliklərinin, habelə tabeliyindəki digər
qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində
isə yalnız rəhbərlərin) vəzifəyə təyin
və vəzifədən azad edilməsi, onlar barəsində
həvəsləndirmə və intizam tənbehi tədbirləri
görülməsi barədə qərarlar qəbul edir;
4.11.11.
Agentliyin əmlakından onun Nizamnaməsində nəzərdə
tutulmuş məqsədlərə uyğun istifadə
olunmasına nəzarət edir;
4.11.12. bu Nizamnamə ilə müəyyən
edilmiş səlahiyyətlər çərçivəsində
Agentliyin adından əməliyyatlar aparır, müqavilələr
bağlayır və onların yerinə yetirilməsini təmin
edir;
4.11.13.
Agentliyin fəaliyyət istiqamətləri ilə bağlı
məşvərətçi komitələr və
işçi qruplar yaradır;
4.11.14.
Agentliyin fəaliyyət istiqamətləri üzrə dövlət
sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər
məlumatların mühafizəsi üçün zəruri tədbirlər
görür;
4.11.15.
Agentlikdə kargüzarlıq və arxiv işinin
aparılmasını təmin edir;
4.11.16. Agentlikdə
müraciətlərə baxılmanı və vətəndaşların
qəbulunu təmin edir.
4.12.
İdarə Heyətinin üzvləri:
4.12.1.
İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərin
həllində iştirak edirlər;
4.12.2.
İdarə Heyətinin iclasının gündəliyi ilə
və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən
tanış olurlar;
4.12.3.
İdarə Heyətinin qəbul ediləcək qərarlarına
dair fikir bildirirlər;
4.12.4.
İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə
onun iclaslarında baxmaq barədə təkliflər verirlər;
4.12.5.
İdarə Heyətinin qərarları, iclas protokolları ilə
və digər sənədlərlə tanış
olurlar.
4.13.
İdarə Heyətinin üzvləri onun iclaslarında
baxılan məsələlərə qərəzsiz
yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək
hərəkətlərə və çıxışlara
yol verməməlidirlər, həmçinin Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsi ilə
müəyyən edilmiş digər tələbləri yerinə
yetirməlidirlər.
5.
Agentliyin nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin
əsasları
5.1.
Agentliyin nizamnamə fondunun məbləği 6 778 392 (altı
milyon yeddi yüz yetmiş səkkiz min üç yüz
doxsan iki) manatdır.
5.2.
Agentliyin əmlakı nizamnamə fondundan, təsisçinin
verdiyi digər əmlakdan, həmçinin dövlət
büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən
əldə olunmuş gəlirdən, ianələrdən,
kreditlərdən, qrantlardan, cəlb edilən investisiyalardan və
qanunla qadağan edilməyən digər vəsaitdən
formalaşır.
5.3.
Agentlik öz əmlakından yalnız bu Nizamnamə ilə
müəyyən olunmuş məqsədlərə uyğun
istifadə edir. Agentlik balansında olan dövlət əmlakına
münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının
qorunub saxlanılması və səmərəli istifadə
edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2007-ci il 6 iyun
tarixli 586 nömrəli Fərmanı ilə müəyyən
edilmiş qaydada həyata keçirir.
5.4. Agentlik
qanunda nəzərdə tutulmuş vergiləri və digər
məcburi ödənişləri ödədikdən sonra
Agentliyin, onun idarə, filial, nümayəndəliklərinin və
təsərrüfat cəmiyyətlərinin, habelə
tabeliyindəki digər qurumların fəaliyyətindən əldə
edilmiş vəsait üzərində müstəqil sərəncam
vermək hüququna malikdir.
5.5.
Agentliyin mənfəəti bu Nizamnamədə nəzərdə
tutulmayan məqsədlər üçün yalnız
Nazirliyin qərarı ilə dövlət büdcəsinə
köçürülür.
5.6.
Agentliyin məhsullarının (malların, işlərin, xidmətlərin)
qiymətləri dövlət tərəfindən tənzimlənən
qiymətlərə (tariflərə) aid deyildir.
6.
Agentliyin fəaliyyətinə nəzarətin forması və
əhatə dairəsi
6.1.
Agentliyin fəaliyyətinə nəzarəti Nazirlik, həmçinin
bu Nizamnamə ilə müəyyən edilmiş qaydada
İdarə Heyəti həyata keçirirlər.
6.2.
Agentliyin fəaliyyətinə dair illik hesabat Nazirliyə təqdim
edilir.
7.
Agentlikdə uçot və hesabat
7.1.
Agentlik “Mühasibat uçotu haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə publik hüquqi şəxslər
üçün müəyyən edilmiş qaydada
mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib,
təqdim və dərc edir.
7.2.
Agentlik “Rəsmi statistika haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları
tərtib və təqdim edir.
7.3.
Agentlik idarə, filial, nümayəndəlik və təsərrüfat
cəmiyyətlərinin, habelə tabeliyindəki digər
qurumların maliyyə-təsərrüfat fəaliyyətinin
yoxlanılmasını təmin edir.
7.4.
Agentlik öz fəaliyyətinin müstəqil surətdə
yoxlanılması üçün kənar auditor cəlb edir.
8.
Agentliyin ləğvi və yenidən təşkili
Agentliyin ləğvini və yenidən təşkilini Azərbaycan
Respublikasının Prezidenti həyata keçirir.
Xalq qəzeti 2022.- 22 oktyabr.- S.8-9.