“Kitabi-Dədə Qorqud” dastanının Daşkənddə təqdimat
mərasimi
Özbəkistanın paytaxtı Daşkənddə yerləşən Mirzə Uluqbəy adına Milli Universitetdə özbək dilinə uyğunlaşdırılmış “Kitabi-Dədə Qorqud” dastanının (“Kıtobı-Dada Qo‘rqut” dostonı) təqdimat mərasimi keçirilib. Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Türk dünyasının ortaq dəyərlərinə, türk milli mədəni miraslarına Özbəkistanda artan diqqəti təqdirlə qeyd edərək, “Kitabi-Dədə Qorqud” dastanının özbəkcəyə çevrilməsinin çox dəyərli hadisə olduğunu vurğulayıb. O, türk xalqlarının “Kitabi-Dədə Qorqud” dastanında əks olunan mədəniyyət iqlimindən, tarixi coğrafiyasından söz açıb:
“İlk
növbədə onu vurğulamaq
istərdim ki, bu qiymətli
dastanın özbək dilində nəşri Azərbaycan və
Özbəkistan ziyalılarının daha
da yaxınlaşmasına, dost
və qardaş xalqlarımızın elmi, ədəbi, mədəni işbirliyinə
yeni töhfə olacaq.
Bir yaxşı deyim var – onu təkrarlamaq istərdim:
“Mədəniyyət sözlə başlayır, söz – cümlə, cümlələr - kitab olur; böyük
xalqlar həmin kitabı dastana
çevirir”.
Zəngin mədəni irsə,
qüdrətli tarixə və tarixi şəxsiyyətlərə
malik Türk
dünyasının “Kitabi-Dədə Qorqud”u türk xalqlarının
dastan yaratma gələnəyini,
ümumən gələnəklərini özünəxas
şəkildə göstərməkdədir. Bəlli olduğu kimi, kitaba bütün dünyada böyük maraq var. Mən əcdadımızın
əsəri olduğuna görə yox, akademik elmi
münasibəti sizinlə bölüşürəm ki, dünya dastanları
sırasında “Kitabi-Dədə Qorqud” ən
önlərdə gəlməyi haqq edən
sanballı əsərdir.
Mən fürsətdən istifadə
edib, “Azərbaycan ədəbiyyatı
özbək dilində” layihəsi ilə
çıxış edən Daşkənddəki Heydər
Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə,
dastanı özbəkcəyə çevirmiş
hörmətli alim Babaxan
Şərifə, bir sözlə, bu işdə əməyi keçən
hər kəsə könül dolusu təşəkkürlərimi yetirirəm”.
Təqdimat mərasimində “Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri”ndə iştirak edən Azərbaycan nümayəndə heyəti və Daşkənddən olan aydınlar, Özbəkistan Milli Universitetinin müəllim-professorları, qabaqcıl tələbələr iştirak edib.
Zərifə
BƏŞİRQIZI
Xalq qəzeti 2022.- 22 oktyabr.- S.11.