Ordu quruculuğumuz yeni
çağırışlara cavab olaraq davam etdirilir
Biz ordu quruculuğu sahəsində öz
işlərimizi davam etdiririk.
Çünki biz görürük ki, yeni imzalanmış kontraktlara
ehtiyac var. Ən müasir hərbi texnika və
silahların alınması üçün
bu il dürüstləşmə
zamanı hərbi xərclərimiz artıb. Nə qədər
lazımdırsa, o qədər də
artıracağıq. Çünki biz müharibə nədir, işğal
nədir yaxşı bilirik və təhlükə
nədir onu da
yaxşı bilirik. Hər an
hazır olmalıyıq ki, öz hüququmuzu istənilən
yolla təmin edək.
İlham ƏLİYEV
Azərbaycan
Respublikasının Prezidenti
İstənilən müstəqil ölkənin mükəmməl silahlı qüvvələri, nizami ordusu və qarşıya çıxan hansısa məsələni həll etmək üçün müasir arsenalı, cəbbəxanası olmalıdır. Azərbaycan üçün isə bu zərurət başqa dövlətlərə nisbətən iki-üç dəfə artıqdır. Çünki biz iki əsrdir ki, öz torpaqlarımızda erməni fitnə-fəsadları – soyqırımı, deportasiya, terror, təxribat və işğallarla üz-üzəyik. Üstəlik, mənfur düşmənin beynəlxalq aləmdəki havadarları da yüz illərdir ki, məhz işğalçıya dəstək verirlər. Yəni bu gün dünyada mükəmməl ordu, müasir cəbbəxana bizə çox lazımdır.
Bu zərurətin
miqyasını hamıdan yaxşı bilən ulu öndər
Heydər Əliyev 1993-cü ilin yayında xalqın təkidi
ilə hakimiyyətə qayıdışından sonra ordu
quruculuğu istiqamətində mühüm addımlar
atmışdı. 1994-cü il mayın 12-də atəşkəs
haqqında müqavilə imzalandıqdan sonra Azərbaycanda
ordu quruculuğu daha da sürətləndi, silahlı qüvvələrin
maddi-texniki təminatının
yaxşılaşdırılmasına, şəxsi heyətin
mənəvi-psixoloji hazırlığının
artırılmasına, döyüş ruhunun yüksəldilməsinə
diqqət artırıldı.
Ordu
quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara
başlandı. 1993-cü ilin
sonlarından başlayaraq həyata keçirilmiş xüsusi
tədbirlər nəticəsində Milli Ordu quruculuğu keyfiyyətcə
yeni mərhələyə qədəm qoydu, qısa müddətdə vahid komandanlığa tabe
olan nizami ordu formalaşdırıldı.
Azərbaycanın Silahlı Qüvvələri müasir hərbi texnika ilə
təchiz edildi, möhkəm nizam-intizam, yüksək döyüş
ruhu ilə seçilən, düşmənə
sarsıdıcı zərbə vurmağa
qadir olan bir ordu yaradıldı. İndi hər bir azərbaycanlı
fəxrlə deyə bilir ki,
Milli Ordumuz müstəqil
dövlətimizin ən böyük
dayağı, xalqımızın təhlükəsizliyinin və
ölkəmizin ərazi bütövlüyünün
təminatçısıdır.
Ulu
öndərin başladığı hərbi islahatları
ardıcıl və prinsipiallıqla davam etdirən Prezident
İlham Əliyevin həyata keçirdiyi tədbirlərin nəticəsi
göz qabağındadır. İşğalçı
dövlətin ordusu darmadağın edilmiş, düşmən diz
çökdürülmüş, kapitulyasiya aktına imza
atmış və Azərbaycanın ərazi bütövlüyü bərpa edilmiş, silahlı qüvvələrimiz
dünyanın ən yaxşıları sırasına
qaldırılmışdır. Ancaq dövlət başçımız bu faktların mövcudluğunu
görə-görə ordumuzun daha da müasirləşdirilməsi,
yeni silah və
sursatların alınması, üstəlik, bir
çox hərbi ləvazimatların məhz
ölkəmizdə istehsal edilməsi
istiqamətində uğurlu addımlar
atmaqdadır.
Bu il iyulun 15-də – 2022-ci ilin altı ayının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş toplantıda geniş nitq söyləyən dövlət başçımız fəxrlə yada saldı ki, bu altı ay ərzində hərbi sahədə də islahatlar aparılıb. Struktur islahatları aparılıb, hərbi təhsildə islahatlar aparılıb. Təlimlərlə bağlı ciddi addımlar atılıb. Yeni silahlı birləşmələr yaradılıb. Yeni kontraktlar imzalanıb, hərbi texnika, silah-sursat alınır və alınacaq.
Dövlət başçımız xatırladıb ki, bizim bu il artan iqtisadi və maliyyə imkanlarımızın bir hissəsi məhz bu məsələlərə istiqamətləndirilib: “Büdcəyə əlavələr edildi, dürüstləşmə edildi və orada hərbi xərclər əhəmiyyətli dərəcədə artırıldı. Nə üçün? Deməli, buna əsas var. Biz hərbi xərclərimizi keçən il bu ilin büdcəsi təsdiq olunanda təsbit etmişdik və hesab edirdik ki, bu, kifayətdir. Ancaq... biz hesab edirik ki, hərbi xərcləri artırmaq lazımdır. Bu artım məhz yüksək texnoloji imkanları olan silahların alınmasına xərclənəcək”.
Prezident İlham
Əliyevin fikrincə, ordu quruculuğu
deyəndə təkcə peşəkar hərbçilər
yetişdirmək və müasir silah-sursata malik olmaq nəzərdə tutulmur.
Buraya gənclərin hərbi-vətənpərvərlik
tərbiyəsi, hərbçilərin sosial
müdafiəsi məsələləri də daxildir
ki, bu məsələlər
də ölkəmizdə yüksək səviyyədə öz həllini tapır. Hərbçilərin
həm xidmət, həm də mənzil şəraiti
haqqında bir çox
məlumatlar var.
Dövlət
başçımız xatırladır: “Azərbaycanda bu sahədə
görülən işlər deyə bilərəm ki,
dünyada nadir hallarda təkrarlanır. İndi
qüsursuz xidmət edən hərbçilərə
dövlət tərəfindən mənzillər verilir. Bizim bütün hərbi şəhərciklərimiz
əsaslı şəkildə təmir edilir,
onun haradasa 90 faizi yenidən qurulub. O cümlədən azad edilmiş torpaqlarda nə
qədər böyük işlər görülüb– hərbi şəhərciklər,
bazalar, hərbi təyinatlı yollar, infrastruktur – biz bunu o
ağır iqlim şəraitində edirik. Əlbəttə ki,
müharibədə qəhrəmanlıq göstərmiş hərbçilərin
sosial problemləri daim diqqət mərkəzindədir və müvafiq göstərişlər verilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
bu müddət ərzində, müharibədən
sonrakı dövr ərzində böyük işlər görüb,
bunu hamı bilməlidir. Müharibədə
əlil olmuş, demək olar
ki, bütün hərbçilər
artıq ən müasir protezlərlə
təmin olundular”.
Hamının
bildiyi faktdır ki, müharibədən sonra bir çox şəhid
ailələrinə və müharibə əlillərinə
dövlət tərəfindən mənzillər verildi. Bu il Bakı şəhərində
həmin məsələ artıq tam həll
olunacaq. Keçən il
3 min mənzil və fərdi ev verilmişdir, bu il 1500 mənzil və ev verilir.
Bütövlükdə, Birinci və İkinci Qarabağ
müharibələrinin şəhid ailələrinə və
müharibə əlillərinə 12 min
500 mənzil verilib. Ermənistanda nə qədər
verilib? Sıfır! Bir
koma da verilməyib, bir daxma da
verilməyib. Yəni, əlbəttə, biz
Ermənistanla özümüzü heç cür müqayisə
etmək istəmirik. Amma bu,
reallıqdır.
Bütün bu “xırda” detalların nəzərə alınmasının nəticəsidir ki, Azərbaycan xalqı 30 ilə yaxın müddət ərzində gözlədiyi tarixi günlərini yaşadı. Həyat göstərdi ki, İlham Əliyev vaxtında addımlar atdı, ordunun və xalqın bütün gücünü səfərbər edərək bir “dəmir yumruq” yaratdı və düşmənin başını əzdi.
Dövlət
başçımız 44 günlük müharibənin
başa çatmasından cəmi 20 gün sonra – Azadlıq
meydanında keçirilən Zəfər paradındakı
nitqində demişdi: “Müharibə dövründə mən
deyirdim ki, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də
gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq
düşmənin belini qırdı,
düşmənin başını əzdi. Bu
gün biz qəhrəman
xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi. Ermənistan ordusu, demək
olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni
faşizmi bir daha baş qaldırsa, nəticə
eyni olacaq. Yenə Azərbaycanın
“dəmir yumruğ”u
onların belini qıracaq”.
Bu qeydləri dövlət başçımızın ötən il aprelin 26-da Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin hərbi hisəsinin açılışında səsləndirdiyi fikirlərlə tamamlamaq istərdik: “Əfsuslar olsun ki, Ermənistanda baş qaldıran revanşist qüvvələr yenə də bizə qarşı ittihamlarla çıxış edərək, bizə qarşı ərazi iddiası irəli sürürlər. Onlara, bax, buradan xəbərdarlıq etmək istəyirəm ki, bu çirkin əməllərdən əl çəksinlər, yoxsa onların axırı pis olacaq. Biz Vətən müharibəsi dövründə kimin kim olduğunu göstərdik. “Dəmir yumruq” düşmənin başını əzdi... Biz öz sərhədimizi qoruyuruq və bundan sonra da qoruyacağıq. Hər bir ölkənin sərhədi onun dövlət rəmzlərindən biridir. Azərbaycan öz sərhədlərini, ərazi bütövlüyünü tam bərpa edib. Bizim silahlı qüvvələrimiz rəşadət, qəhrəmanlıq göstərərək Vətən müharibəsində zəfər çaldılar”.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti .- 2022.- 1 sentyabr.- S.3.