İnkişaf edən,
böyüyən, güclənən Türkiyə
Qiymətli bir əmanəti qəbul etmək, onu qorumaq, böyütmək və gələcəyi ilə bağlı mühüm qərarlar vermək ağır məsuliyyət tələb edir. Üstəlik, bu əmanət zəngin tarixi, rəngarəng mədəniyyəti və dildən-dilə dolaşan, Avropanın və dünyanın dilindən düşməyən qəhrəmanlıq dastanları, şanlı hərb tarixi olan bir dövlətdirsə, çiyinlərə düşən yük bir qədər də ağırlaşır. 30 avqust 2022-ci il səhər saatlarında zəhmli, güclü və o qədər də mərhəmətli bir kişi dövlət rəsmilərinin müşayiəti ilə Türkiyənin Zəfər bayramı və Silahlı Qüvvələri Günü münasibətilə Anıtkabiri ziyarət edirdi.
Böyük
qələbənin 100-cü ildönümü ilə
bağlı mərasimə Aslanlı yolu üzərindən
başlayan bu konvoyun önündə gedən şəxs
Atatürkün məqbərəsinə aypara və ulduz
motivli əklil qoyduqdan sonra bir dəqiqəlik sükut elan
edildi, ardınca böyük bir xalqın qəlbini,
düşməninsə dizlərini titrədən İstiqlal
marşı oxundu. Bu böyük əmanəti
çiyinlərində daşıyan həmin kişi
– Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan və dövlət rəsmiləri
daha sonra Milli Pakt Qülləsinə
getdilər. Ərdoğan burada
Anıtkabir fəxri kitabını imzaladı.
Pilləkənlərdən
qalxarkən, başını qaldırıb əvvəlcə
ay-ulduzlu bayrağa, daha sonra mavi səmaya baxarkən nələr
düşünürdü – heç kəs bilmir. Amma fəxri
kitabı imzalayan Türkiyə Prezidenti daha sonra bu cümlələri
əlavə etdi: “Əziz Atatürk,
şanlı tariximizin ən mühüm dönüş
nöqtələrindən biri olan Böyük Qələbənin
100-cü ildönümündə
silahdaşlarınızı, Böyük
Millət Məclisinin üzvlərini və müqəddəs
şəhidlərimizi rəhmətlə yad
edirik. Qəhrəman şəhidlərimizdən
aldığımız ilhamla Türkiyə
Cümhuriyyətini qarşımıza qoyduğunuz
məqsədlər istiqamətində inkişaf
etdirməyi hədəfləyirik. Ölkəmizi başda iqtisadiyyat,
müdafiə və diplomatiya olmaqla, hər sahədə gücləndirməyə
davam edirik. Qlobal pandemiya
böhranından alnıaçıq çıxan ölkəmiz
bölgədə yaşanan münaqişələri
də uğurla nəzarətdə
saxlamaqdadır. Türkiyə sülhün
və sabitliyin yenidən bərqərar
olması üçün bütün
dünya tərəfindən təqdir edilən
diplomatik addımlara imza
atır. Böyüyən, güclənən,
özünəgüvəni yüksək səviyyədə olan, vətəndaşlarıyla birlikdə məzlumların
da ümidi olan Türkiyənin inkişafına nə hiyləgərlərin
oyunları, nə də əliqanlı terror
təşkilatlarının xain
hücümları əngəl ola bilməyəcək!
Ruhunuz şad olsun”.
Rəcəb
Tayyib Ərdoğan böyük öndərlə bağlı
danışarkən, onun əmanətinə sadiq
qaldıqlarını və məhz onun yolu ilə irəlilədiklərini
tez-tez ifadə edir. Bu gün dünyada
və regionda davam edən
proseslərə yaxından nəzər salsaq
görərik ki, Türkiyə nəinki
Avropanın, ümumilikdə, planetin ən
böyük güc mərkəzlərindən
biridir. İstər böyük,
istərsə də kiçik dövlətlər
bütün istiqamətlər
üzrə Tükiyə ilə uzlaşmaqda,
ortaq faydalar və hədəflər
istiqamətində hərəkət etməkdə
maraqlıdırlar. Hətta zaman-zaman
Türkiyə ilə fikir
ayrılığına düşən, müxtəlif səbəblərdən
və lobbiçiliyin təsiri ilə qardaş ölkəni
sıxışdırmağa, sanksiyalar tətbiq
etməyə çalışan qüvvələr də sonda ortaq məxrəcə
gəlir, onun böyük
nüfuzundan faydalanmağa çalışırlar. Burada Türkiyə həm vasitəçi, həm
də idarəedici rollarını oynayır. Qlobal problemlərin, böyük güc mərkəzlərinin
arasında yaşanan gərginliklərin
həllində dünyanın, şübhəsiz, ən qərarlı
və ən qətiyyətli ölkəsi olan
Türkiyə bütün bunlarla
yanaşı, ədalətlə çiyin-çiyinə dayanaraq, haqsızlıqlara qarşı savaşmaqdan da çəkinmir.
Bu istiqamətdə Türkiyənin NATO ilə olan əlaqələrini xüsusi qeyd etmək lazımdır. Ölkənin xarici siyasət kursunun əsas istiqamətlərindən biri kimi NATO ilə münasibətlər ön plana çıxır. Prezident Rəcəb Tayyib Ərdoğan bir neçə gün əvvəl Kosovo Prezidenti ilə birgə mətbuat konfransında dedi ki, Türkiyə NATO üzvü olaraq Kosovonu tanıyır. Ümumiyyətlə, Türkiyə hər zaman NATO-nun genişlənməsinin tərəfdarı olub. Ekspertlər NATO üzvlüyünün Türkiyə üçün Lozanna, Montrö razılaşmaları, Hatayın ölkəyə birləşməsi, İsmət İnönünün ölkəni İkinci Dünya müharibəsindən kənarda saxlaması kimi mühüm xarici siyasət uğurlarından biri olduğunu qeyd edirlər.
Hazırda Türkiyə öz
tarixinin ən həssas dönəmlərindən
birindən keçir. Belə ki, Rusiya–Ukrayna
müharibəsi 2001-ci ildəki 11 sentyabr
hücumları kimi müasir
tarixin dönüş
nöqtələrindən biri olaraq qiymətləndirilir. Ekspertlər bunu Türkiyənin xarici
siyasət sahəsindəki ən böyük
sınaqlarından biri olduğunu
bildirirlər. Sevindirici haldır ki, Ərdoğan və
onun hökuməti bu
vəziyyəti doğru dəyərləndirir,
təmkinli və qətiyyətli addımlarla bütün
dünyaya sübut edir ki, Türkiyə
dünyanın ən böyük güc mərkəzlərindən, eləcə
də sabitlik təminatçılarından
biridir. Türkiyə həm də, Ukrayna və Rusiya
arasında uzlaşmanın təmin edilməsi üçün
ən böyük əməli addım atan dövlətlərin önündə gəlir.
Belə ki, tərəflər arasında
yüksək səviyyəli – Xarici
işlər nazirləri səviyyəsində ilk
görüş də məhz Türkiyənin
Antalya şəhərində gerçəkləşib.
Türkiyə
NATO-ya təkcə müdafiə sənayesində töhfələr
vermir, eləcə də demokratiya sahəsində örnək
təşkil edir. Əlbəttə,
Türkiyənin Qara dənizə
açılan qapı olması, boğazlara
nəzarət etməsi bu ölkənin
NATO üçün əhəmiyyətini
artırır.
Hər
dövrdə olduğu kimi, bu inkişafı gözü
götürməyənlər də var. Türkiyə Prezidenti mətbuat konfransında bu məsələyə də toxundu.
Bildirdi ki, Türkiyə
və Avropa İttifaqına üzv dövlətlər arasında müdafiə
sənayesi sahəsində əməkdaşlıq
yaradılmalıdır. Bu ölkələrin
bir çoxu həm də
NATO üzvüdür. Bu
mənada Türkiyənin də NATO üzvü
olması böyük əhəmiyyət
kəsb edir. Bəzi ölkələr isə
israrla müdafiə sənayesi məsələlərində
Türkiyə ilə əməkdaşlıq etmək istəmirlər.
Ərdoğan isə bildirir ki, biz müttəfiqik və
bir yerdəyik.
Türkiyə
böyük ordusu NATO-nun əməliyyat və missiyalarına
verdiyi töhfələrlə alyansın ən önəmli
üzvlərindən biridir. Ekspertlərin fikrincə, məhz
bu səbəbdən Rusiyanın hücumlarının
Türkiyənin NATO üzvlüyünə təsir yolları
xüsusi şəkildə müzakirə edilməlidir.
Ümumiyyətlə, Ukrayna böhranı bir müddət əvvəl “beyin ölümü”nün gerçəkləşdiyi iddia edilən NATO üçün yenidən birləşmə və güclənmə olaraq dəyərləndirilir. Lakin ortaq fikirlər bu istiqamətdədir ki, əgər Avropa NATO-dan başqa hansısa müdafiə mərkəzini inkişaf etdirmək istəsə, bu, Türkiyə üçün o qədər müsbət xarakter daşımayacaq. Bu səbəbdən Türkiyənin NATO-nun öncül ölkələrindən biri olması həm alyans, həm də qardaş ölkə üçün böyük əhəmiyyət kəsb edir.
Qeyd
edildiyi kimi, qardaş ölkə müdafiə sənayesi sahəsində
dünyanın ən qabaqcıl texnologiyalarına sahib ölkələrdən
biridir. Belə ki, II Qarabağ
müharibəsi zamanı düşmənə göz açmağa imkan verməyən “Bayraktar”
puaları bütün dünyanın diqqətini
çəkməkdə davam edir. Baykar şirkətinin
rəhbəri Səlcuq Bayraktar qeyd etdi ki,
bu günə qədər “Bayraktar TB2” üçün
24 ölkədən təklif gəlib. Bu
ölkələrlə sifariş və ixracat sənədləri imzalanıb. Təklif
və tələblərin hər gün
artdığını bildirən S. Bayraktar
bu sifarişçilərin, əsasən,
Avropa və Asiya
ölkələri olduğunu bildirdi. Xatırladaq ki, dörd ölkə “AKINCI” üçün
şirkətə müraciət edib. Həmin
ölkələrlə müvafiq ixrac müqavilələri imzalanıb. Bundan əlavə, “Baykar Makina” şirkəti Ukraynada
pilotsuz uçuş
aparatları istehsalı zavodu tikməyi
planlaşdırır.
Bütün bunlar və bir məqaləyə sığması mümkün olmayan yüzlərlə fakt Atatürkün əmanəti olan bu böyük dövlətin əmin əllərdə olduğunu deməyə əsas verir. Əmanətə xəyanət etmək türk mədəniyyətinin ən nöqsanlı davranışlarından biri hesab edilir. Çiyinlərinə böyük Türkiyə Cümhuriyyətinin məsuliyyətini alan Prezident Rəcəb Tayyib Ərdoğana bundan sonrakı hakimiyyəti dövründə də şərəfli, başıuca və qətiyyətli siyasət, Türkiyəyə əbədi qüdrət arzu edirik.
İmran ƏLİYEV
Xalq qəzeti .- 2022.- 1 sentyabr.- S.3.