Laçından sonra…
Ermənilər, daha
doğrusu, haylar
Laçından, Zabux və Susdan çıxanda yalnız məişət
əşyalarını (sözgəlişi,
“unitaz”larını) deyil, üstəlik, bizim torpaqlara
basdırdıqları ölülərinin sür-sümüyünü
də çıxarıb, özləri ilə aparıblar.
Kəlbəcərdən çıxarkən də eynən belə
etmişdilər.
Bizim Laçından, Zabux və Susdan, Kəlbəcərdən, Qarabağdan, eləcə də Zəngəzurdan, Göyçədən, İrəvandan didərgin (məcburi köçkün, qaçqın) düşən soydaşlarımızdan da oralardakı yaşayışlarının son günlərində macal tapıb qəbiristanlığa gedənlər olmuşdu. Amma onlar getmişdilər ki, ibrət bağçasında uyuyan doğmalarına “hələlik!” desinlər, hər ehtimala qarşı halallaşsınlar… Bəli, bizim Laçından, Zabuxdan, Susdan, Kəlbəcərdən, Qarabağdan, habelə Zəngəzurdan, Göyçədən, İrəvandan didərgin düşən soydaşlarımız nəinki qəbir sökmüşdülər, əksinə, bir gün geri dönə biləcəkləri xəyalı ilə sanki o torpaqları əcdadlarının ruhuna tapşırıb gəlmişdilər…
Haylar
isə Laçından, Zabux, Susdan, ondan əvvəl də Kəlbəcərdən
öz meyitlərini ona görə
çıxarmışdılar ki, bu torpaqların onlara məxsus
olmadığını, heç zaman da məxsus
olmayacağını, nəhayət ki, qandılar.
Onlar
Laçından, Zabuxdan, Susdan, ondan daha əvvəl də Kəlbəcərdən
öz meyitlərini həm də ona görə
çıxardılar ki, özləri qəbirdağıdan,
goreşəndirlər, bizim də haylar kimi
davaranacağımız zənninə qapıldılar…
Ancaq
biz qəbirləri bizə aid olub-olmadığına görə
deyil, qəbir olduğuna və xəlqi
duyğularımıza, dini
dünyagörüşümüzə, ən əsası,
milli xarakterimizə görə heç vaxt
dağıtmazdıq.
***
Əcdadlarımız çox fəthlər edib, çox qalalar alıb, şəhərlər tutublar. Heç yerdə əhalini köçə zorlamayıb, insanların dininə, dilinə, adət-ənənəsinə toxunmayıblar. Fəth olsun - olmasın, bizimlə bir yaşayan xalqlar, etnik qruplar güvən içində olub, yadellilərdən qorunub, əmin-amanlıqda olublar həmişə. Belə bir zehniyyətə, insanlığa və mədəniyyətə sahib olan xalqın övladları başqa mədəniyyətlərə xas abidələrə dəyməz, təbii. Yenə təbii ki, Azərbaycan oğulları başqa xalqdan, dindən olan kimsələrin qəbrini dağıtmağı öz şanına sığışdırmaz. Qarabağda, Zəngərzurda, Göyçədə, İrəvanda… insanlıqla insan ola bilməmək, mədəniyyətlə vandallıq, bir sözlə, Azərbaycan, türk təfəkkürü ilə hay təfəkkürsüzlüyü qarşılaşıb. Onların bizə “qalib” gəldiyi məqamlar bizim acizliyimizdən deyil, bir növ, unutqanlığımızdan, arxayınlaşmağımızdan, sadəlövlüyümüzdən, inamımızdan qaynaqlanıb. Düşünmüşük: “İnsan olan elə edərmi?”, “qəbirlə nə işləri var?”, “axı bizim onlara nə pisliyimiz dəyib”? və s… – Bəli, belə sadə və düzxətli düşünmüşük… Sual verməmişik ki, hər şey bir yana, “Aşığımızın kürəyinə qaynayan samovar şəlləyən haylar deyildimi?!”. Əgər toplum olaraq, o samovarın istiliyini öz kürəyimizdə hiss edə bilsəydik, 1992-ci il fevralın 25-dən 26-na keçən gecənin şiddətli soyuğu, qarı, şaxtası… xocalılı uşaqlarımızın, qadınlarımızın, qocalarımızın iliyinə işləməzdi…
***
İndi tez-tez “Laçından sonra növbə hansı şəhərimizindir?” – sualına cavab olaraq, həm cəmiyyətdə, həm sosial şəbəkələrdə versiyalar ilə raştlaşırıq. Belə bir xoşməramlı sualın səsləndirilməsini anlayışla qarşılayıram. Birincisi, bu, ordumuza, dövlətimizə, Ali Baş Komandanımıza, haqq-ədalətin təntənəsinə inamdan irəli gəlir. İkincisi, vətəndaşımız bütün digər məziyyət, keyfiyyət və dəstəkləri ilə yanaşı, ürəyinin səsi, arzusu, duası, inamı ilə də orduya, dövlətə, ictimai fikrə dəstək nümayiş etdirmiş olur. Əgər belədirsə, mən də öz versiyamı yazsam, qüsur sayılmasın. Mənim də könlüm Laçından sonra Xankəndi deyir, lakin ağlım Xocalı üzərində dayanır… Variantlar müxtəlif olsa da, düzünü Ali Baş Komandan bilir. Hansı olsa bizim könlümüzün də, ağlımızın da arzu-istəyi deyilmi?!
Dövlətimiz zaval görməsin! Ali Baş Komandanımız var olsun!
Əkbər
QOŞALI
Xalq qəzeti 2022.- 1 sentyabr.- S.6.