İstiqlal
mübarizəsinin Naxçıvandan başlayan
şərəfli yolu
Tarixin də təbiət kimi, pozulmaz
qanunauyğunluqları var. Təsadüf
sayılan hadisələrin özü də
nizamlı bir prosesin zəruri
həlqəsi kimi təzahür edir. Baş verən hər
bir yenilik özündən
əvvəlki hazırlığın nəticəsi olub, eyni zamanda,
növbəti pillənin səbəbi kimi
gerçəkləşir. Bu zəruri səbəb-nəticə
zəncirində elə bir həlqə olur ki, onun
təzahürü cari təqvimə xüsusi gün, həmin dövr tarixinə isə ən önəmli
hadisə kimi yazılır.
Azərbaycan
tarixinin yeni siyasi erası sayılan istiqlal savaşı,
dövlət müstəqilliyinin qazanılmasından sonra zəruri
gün kimi yadda qalan 15 iyun 1993-cü il tarixində ümummilli
lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə
siyasi hakimiyyətə qayıdışı qurtuluş
missiyasının başlanğıcı oldu.
Bir-biri
ilə səbəb-nəticə dialektik əlaqəsi ilə
bağlı olan qayıdış və qurtuluş hadisələri
isə ulu öndərin 1990-cı ilin yayında Moskvada bədnam,
ermənipərəst M.Qorbaçov siyasi güruhunun
yaratdığı qısqanclıq və təcrid vəziyyətinə
son qoyub Azərbaycana qayıtması, paytaxt Bakının rəhbər
elitasının xəyanətkar dönüklüyündən
üz çevirib doğulduğu Naxçıvana getməsi,
burada xalqın sevgi və etimadı ilə yeni siyasi fəaliyyətə
dəvət alması və bir ildən sonra – 1991-ci il
sentyabrın 3-də Naxçıvan Ali Məclisinin fövqəladə
sessiyasında muxtar respublika parlamentinin sədri seçilərək
blokadaya salınmış, taleyin ümidinə qalmış
bu qədim türk torpağına rəhbərliyi həyata
keçirməsi kimi tarixi-siyasi prosesin qanunauyğun nəticəsi
olaraq baş verdi.
Sonrakı
gedişatı və bugünkü uğurlarımızı nəzərdən
keçirərkən inamla demək olar ki, müstəqil Azərbaycan
Respublikasının tarix səhnəsinə qədəm
qoyması ümummilli lider Heydər Əliyevin
Naxçıvanda yerli siyasi hakimiyyəti qəbul edərək
ölkənin yeni taleyinə yön və məzmun verən
oduqca önəmli tədbirlərə start verməsi ilə
müşayiət olundu.
Bu
gün şərəf və qürur mənbəyimiz olan
üçrəngli bayrağımız ilk dəfə
Naxçıvan Ali Məclisində məhz ümummilli liderin
təşəbbüsü ilə muxtar respublikanın
dövlət bayrağı kimi qəbul edildi,
“Naxçıvan MSSR” adından sovet və sosialist sözləri
çıxarıldı. Belə mübariz tarixi qərar və
aksiyalar istiqlal yoluna işıq salan gur məşəlin alovlandırılması
ilə nəticələndi. Çox
keçmədən Azərbaycan Respublikasının dövlət
bayrağının qəbul olunması və “Azərbaycan
SSR” adının da Azərbaycan
Respublikası şəklində təshih edilməsi ulu öndərin bu qərarları
ilə birbaşa bağlı idi.
Müstəqil
Azərbaycan Respublikasının qurucusu və həqiqi lideri
kimi Heydər Əliyev yeni tarixi şəraitdə
düzgün, strateji cəhətdən əsaslandırılmış
inkişaf yolunun özüllərini Naxçıvanda qoydu. Ulu öndər
Naxçıvan Ali Məclisin Sədri vəzifəsində
işləyərkən, bütövlükdə, Azərbaycanın
yeni taleyini
düşünərək ən zəruri qərarlara imza atdı. Ümummilli lider dünya azərbaycanlılarını
bir ideya ətrafında
birləşdirmək kimi taleyüklü
mübarizəyə də Naxçıvanda start verdi. Bu baxımdan 1991-ci il dekabrın 16-da Muxtar Respublika Ali Məclisində
ulu öndərin iradəsi ilə “31 Dekabr Dünya Azərbaycan
Türklərinin Həmrəylik və Birlik
Günü haqqında” Qərarın qəbul
edilməsi xüsusi əhəmiyyətə
malikdir.
Bir
sözlə, ümummilli liderin Naxçıvan Ali Məclisinin
sədri işlədiyi dönəmdə Muxtar Respublika Azərbaycanın
müstəqilliyi uğrunda mübarizənin ön cəbhəsinə,
nadir strateji poliqonuna çevrildi. Həmin dönəmdə
Naxçıvanın Azərbaycanla müqayisədə sərt
blokada şəraitində olmasına baxmayaraq, Heydər Əliyevin sabahı düzgün hədəfə alması,
problemləri cəsarətlə həll etməsi onu ümummilli xilaskara çevirmişdi.
Beləliklə, bu, doğru
və inamlı yolu dünya
şöhrətli siyasət və dövlət xadimi Heydər Əliyevin misilsiz
xalq, Vətən sevgisi
və nadir zəkası işıqlandırırdı
Hər
bir azərbaycanlı yaxınlaşan fəlakətdən
xilas olmağın yolunu ulu öndərin Naxçıvanda
gerçəkləşdirdiyi missiyanı ölkə
miqyasında davam etdirməsində görürdü. Xalq qurtuluş yolunun ümummilli liderin ölkə rəhbərliyinə
gəlməsində olduğunu dərk edirdi. Müharibənin davam etdiyi, sənaye məhsullarının,
elektrik enerjisinin,
yanacağın çatışmadığı, sosial-iqtisadi durumun kəskin
olduğu şəraitdə
Naxçıvan Ali Məclisin Sədri
seçilən ulu öndər Heydər
Əliyev həyata keçirdiyi islahatlar, gördüyü
tədbirlər və işlər sayəsində bu diyarda sabitliyin, tərəqqinin və həmrəyliyin
təmin olunmasına nail olmuşdu.
Naxçıvan
Ali Məclisinin Sədri kimi Heydər Əliyev həm də Azərbaycanın
xarici siyasət kursunun təməl prinsiplərini
yaratmışdı. Bu dövrdə blokada şəraitində
olan Muxtar
Respublikanın inkişafını və sabitliyini
təmin etmək üçün regional və beynəlxalq əlaqələrin
formalaşdırılması yönündə
də mühüm addımlar
atılmışdı. Bu gün
dünya üçün
analoqu olmayan müttəfiqlik
nümunəsi – Türkiyə– Azərbaycan
qardaşlığının da əsası
bu illərdə salınan “Ümid körpüsü”
ilə gələcək sarsılmaz ittifaqın təməli qoyulmuşdur.
Bir sözlə, 1990-cı il sentyabrın 3-də ümummilli liderin Naxçıvan Ali Məclisinin Sədri seçilməsi dövlətçilik tariximizdə yeni bir səhifənin başlanğıcı oldu. Dövlətçiliyimizin memarı, ulu öndərin birbaşa rəhbərliyi altında müstəqil dövlət quruculuğunun zəruri və təxirəsalınmaz məsələləri məhz o zaman həllini tapdı. Əsası qoyulmuş müstəqil dövlət quruculuğu və qəbul edilən tarixi qərarlar o zaman ümumilikdə, Azərbaycanın müstəqilliyinə və suverenliyinə hesablanmışdı. Fenomen şəxsiyyət Heydər Əliyev Naxçıvanda milli qurtuluşun, milli dövlətçilik quruculuğunun təməllərini özünün zəngin təcrübəsinə və Şərqin Qapısında daim yaşadılmış Azərbaycan dövlətçilik ənənələrinə əsaslanaraq yaratdı.
Müasir
müstəqil Azərbaycan dövlətinin memarı və
qurucusu, milli həmrəyliyi və mənəvi
bütövlüyü təmin edən azərbaycançılıq
ideologiyasının banisi, xalqımızın və dövlətimizin
xilaskarı, ümummilli lider Heydər Əliyevin Azərbaycan
xalqı və dövləti qarşısındakı tarixi
xidmətləri misilsizdir. Bu gün ona
görə qüdrətliyik ki, ölkəmiz
30 il əvvəlki parçalanmaq,
dağılmaq təhlükəsindən qurtulub.
Ümummilli liderin ən
böyük əsəri olan
müstəqil Azərbaycan dövləti onun
layiqli davamçısı Prezident İlham Əliyevin
liderliyi ilə dünyanın
sayılıb-seçilən ölkəsinə
çevrilərək taleyinin xoşbəxtliyini
yaşayır, sürətli inkişaf
yolundadır. Bu yolun ən
şərəfli tarixi
başlanğıcı 31 il əvvəl ümummilli liderin
Naxçıvanda siyasi liderlik,
xilaskarlıq missiyasına başlamasıdır.
Şübhəsiz ki, bu işıqlı yolun memarı xalqımızın sevimli və əbədi lideri Heydər Əliyevdir. Bu yol müstəqilliyimizin, inkişafımızın, birliyimizin, bütövlüyümüzün xəritəsi, kompasıdır. Könlümüzün xəritəsi ulu öndərin bizə miras qoyduğu Vətəndir. Vətən – Azərbaycan, Azərbaycan isə hər birimizə dahi Heydər Əliyevin ən müqəddəs əmanətidir.
Rəşad
MAHMUDOV,
Milli Məclisin deputatı, tibb elmləri doktoru
Xalq qəzeti .- 2022.- 2 sentyabr.- S.9.