Azərbaycan–İtaliya münasibətləri strateji əməkdaşlıq səviyyəsinə yüksəlib

 

Biz Azərbaycan ilə İtaliya arasında dostluq və əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirir və onlara böyük əhəmiyyət veririk. İkitərəfli əlaqələrimizin gündən-günə inkişafı, qarşılıqlı eti­mad və dəstəyə əsaslanan strateji tərəfdaşlığımızın möhkəmlənməsi xüsusi məmnunluq doğurur.

 

İlham ƏLİYEV

 

 Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycanın ikitərəfli münasibətlərinin dinamik inkişaf etdiyi ölkələr sırasında İtaliya xüsusi yer tutur. Xatırladaq ki, bu münasibətlərin əsası İtaliyanın Azərbaycan Respublikasının müstəqilliyini 1992-ci il yanvarın 1-də tanıması, 1992-ci il mayın 8-də isə iki ölkə arasında diplomatik əlaqələr yaradılması ilə qoyulub. Onu da deyək ki, 1997-ci ilin mart ayında İtaliya hökuməti Cənubi Qafqaz ölkələri arasında ilk dəfə Azərbaycanda öz səfirliyini təsis edib, 2003-cü ilin dekabr ayında isə Azərbaycan Respublikasının İtaliyada səfirliyi fəaliyyətə başlayıb.

Yeri gəlmişkən, 1997-ci il sentyabrın 25-28-də ulu öndər Heydər Əliyevin İtaliyaya rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin inkişafına xüsusi təkan verib.

Sonrakı dövrdə İtaliyanın rəsmi şəxsləri Azərbaycana, ölkəmizin rəsmi şəxsləri isə İtaliyaya çoxsaylı səfərlər ediblər. Bu səfərlər çərçivəsində iki ölkə arasında ikitərəfli əlaqələrin tənzimlənməsinə, əməkdaşlığın inkişaf etdirilməsinə dair sənədlər imzalanıb.

Göründüyü kimi, Azərbaycan–İtaliya əlaqələri çox möhkəm təməl üzərində qurulub. İki ölkənin münasibətləri ötən dövr ərzində uğurla inkişaf edərək strateji əməkdaşlıq və tərəfdaşlıq səviyyəsinə yüksəlib. Şübhəsiz ki, bu, dövlətlər arasında ali və yüksək səviyyəli səfərlər də əməkdaşlığın möhkəmlənməsində önəmli rol oynayıb.

Respublikamız bu gün İtaliyanın əsas tərəfdaşlarından biridir. Azərbaycanla münasibətlər yüksək səviyyədədir. İtaliyanın Azərbaycanla əlaqələri yalnız enerji sahəsini deyil, iqtisadiyyatın digər sektorlarını da əhatə edir. Bunu İtaliya şirkətləri tərəfindən enerji, infrastruktur və nəqliyyat sahələrinə geniş həcmdə sərmayə yatırılması da aydın göstərir.

Bu məqamda onu da qeyd edək ki, İtaliya Azərbaycan–Ermənistan arasında uzun illər davam edən münaqişənin həlli istiqamətində ədalətli yanaşma sərgiləyib. Vətən savaşı zamanı da İtaliya Azərbaycanın yanında olub, bu ölkənin parlament qrupu Azərbaycana səfər edib. Senatorlar Gəncə şəhərinin Ermənistan tərəfindən raketlərlə atəşə tutulmasının nəticələri ilə, Ağdam rayonunda işğalın fəsadları ilə yerində tanış olub, öz fikirlərini bölüşüblər.

Yeri gəlmişkən, İtaliya Vətən müharibəsindən sonra da Azərbaycanın postkonflikt dövründəki ədalətli mövqeyini dəstəkləyib. Məsələn, bir müddət bundan əvvəl bu ölkənin mətbuatı Azərbaycan OrdusununQisas” əməliyyatını geniş şəkildə işıqlandırıb.

Yazılarda Azərbaycanın Müdafiə Nazirliyinin əməliyyatla bağlı yaydığı məlumata istinadla bildirilib ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatının müddəalarını kobud surətdə pozaraq, avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədiblər. Qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstəriblər.

“Azərbaycan dəfələrlə bildirib ki, Üçtərəfli Bəyanata zidd olaraq, Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərimizdə mövcudluğu təhlükə mənbəyi olaraq qalır. Həmin ərazilərin demilitarizasiyası, Ermənistan qoşunlarının oradan tam çıxarılması və qanunsuz erməni silahlı ünsürlərinin tərksilah edilməsi mütləq şəkildə zəruridir. Müdafiə Nazirliyi bəyan edib ki, Azərbaycan Respublikasının Konstitusiyasını rəhbər tutaraq, bundan sonra ölkəmizin suveren ərazilərində törədiləcək istənilən terror və təxribatın qarşısı qətiyyətlə alınacaq və əks cavab tədbirləri daha da sarsıdıcı olacaq”, – deyə yazılarda vurğulanıb.

Burada bir məqamı da diqqətə yönəltmək istərdik. Prezident İlham Əliyev Vətən müharibəsi dövründə Azərbaycana dəstək verən dost ölkələrin işğaldan azad edilən ərazilərdə bərpa və yenidənqurma işlərinə cəlb olunacaqlarını dəfələrlə bildirib. Elə buna görə də ilk müqavilələr Türkiyə və İtaliya şirkətləri ilə imzalanıb.

Artıq bu ölkə şirkətləri tərəfindən işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri səmərəliliyi və keyfiyyətinə görə diqqət çəkir. Hazırda respublikamızın üç şəhərində İşğal və Zəfər muzeyləri İtaliya şirkətləri tərəfindən inşa olunur. Şuşada qədim məscidin bərpası və yeni məscidin inşası da dost ölkə şirkəti tərəfindən həyata keçirilir. Elektrik enerjisi sektorunda da işlər uğurla aparılır.

Onu da deyək ki, Vətən müharibəsindən bir müddət sonra dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun işgaldan azad etdiyi ərazilərdə elektroenergetika infrastrukturunun yaradılması məqsədilə “Azərenerji” ASC-nin rəhbəri Baba Rzayevlə İtaliyanın “Ansaldo Energia” şirkətinin rəhbəri Marino Guiseppenin, həmçinin İtaliyanın ölkəmizdəki səfiri Augusto Massarinin iştirakı ilə qarşılıqlı əməkdaşlıq sahəsində təchizat müqaviləsini imzalanıb. Bununla da Qarabağda həyata keçiriləcək layihələrə Türkiyədən sonra başqa bir nüfuzlu dövlət – İtaliya şirkətləri də qoşulub.

“Azərenerji” ilə “Ansaldo Energia” rəhbərlərinin İtaliyanın Azərbaycandakı səfirinin iştirakı ilə imzalanan müqaviləyə görə, Agdam, Füzuli, Kəlbəcər və Qubadlı rayonlarında inşa olunan dörd 110 kV-luq yarımstansiyanın avadanlıqlarla təchizatını məhz “Ansaldo Energia” şirkəti həyata keçirib.

Zəngin bərpaolunan enerji ehtiyatlarına malik ölkəmizin “yaşıl artım” və davamlı inkişaf məkanına çevrilməsi məqsədilə görülən işlərdə də İtaliya şirkətləri fərqlənirlər. “Azərbaycan İnvestisiya Şirkəti” ASC və bu ölkənin “Technip Energies Italy S.p.A” şirkəti arasında əməkdaşlıq haqqında saziş imzalanması da bunun bariz ifadəsidir. Əməkdaşlıq çərçivəsində “Tullantıların Monetizasiyası” layihəsinin həyata keçirilməsi nəzərdə tutulur. Layihə termokimyəvi təkrar emal texnologiyası əsasında plastiklə zəngin olan məişət tullantılarından “yaşıl” qazın alınmasını nəzərdə tutur.

Qeyd edək ki, 60 illik təcrübəyə malik və 15 mindən çox işçi heyəti olan İtaliyanın “Technip Energies S.p.A” şirkəti 34 ölkədə dayanıqlı yanacaq, kimya, tullantıların emalı, qaz və aşağı karbon enerjisi, innovativ texnologiyalar, karbonsuz həllər sahələrində fəaliyyət göstərir.

Azərbaycanın xarici iqtisadi əlaqələrində də İtaliya xüsusilə diqqət çəkir. Cari ilin yanvar–iyun aylarında Azərbaycanın ən çox İtaliyaya məhsul göndərməsi də bu sahədə əməkdaşlığın yüksələn xətlə inkişafından xəbər verir.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, ilin ilk altı ayında ixracda əsas ölkələrin siyahısında ilk sırada İtaliya olmaqla, Türkiyə və İsrail qərarlaşıb. İtaliyaya ixrac 8 milyard 972,2 milyon ABŞ dolları, Türkiyəyə 1 milyard 851,9 milyon dollar, İsrailə isə 934 milyon dollar dəyərindədir.

Xüsusi qeyd olunmalıdır ki, ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin ən önəmli istiqamətlərindən biri sənayenin, xüsusilə qeyri-neft sənayesinin sürətli inkişafıdır. Dövlətimizin başçısının “Bizim uğurlu inkişafımız qeyri-neft sənayesinin hesabına təmin edilməlidir” prinsipinə əsaslanmaqla digər istiqamətlərlə yanaşı, qeyri-neft sənayesinin inkişafına da xüsusi önəm verilir, mövcud təbii və iqtisadi resurslardan səmərəli istifadə olunması, innovativ metodlarla sənaye istehsalının genişləndirilməsi, yeni istehsal sahələrinin yaradılması, yüksək əlavə dəyər yaradan rəqabətqabiliyyətli məhsul istehsalı, qabaqcıl texnologiyaların daha geniş tətbiqi istiqamətində sistemli və nəticəyönümlü tədbirlər həyata keçirilir. Bu baxımdan, hazırkı dövrün iqtisadi inkişaf tələbləri ilə uzlaşan mütərəqqi mexanizmlərin tətbiqi-sənaye zonalarının yaradılması xüsusi əhəmiyyət kəsb edir.

Sumqayıt Kimya Sənaye Parkının rezidentlərindən biri də “Az-Tex-Import” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Sənaye Parkının 4 hektar ərazisində yaradılan MMC İtaliyanın qabaqcıl texnologiyalarının tətbiqi ilə “IVECO” markalı yüngül, orta və ağır tonnajlı yükxüsusi təyinatlı avtomobillər istehsal edəcək. İnvestisiya dəyəri 19,2 milyon manat olan müəssisədə 90 nəfər daimi işlə təmin olunacaq. İl ərzində 100 ədəd avtomobilin istehsal olunacağı müəssisənin məhsulları daxili bazarda satılmaqla yanaşı, Rusiya, Gürcüstan, Türkmənistan və İrana ixrac ediləcək.

İki ölkənin enerji sahəsində əməkdaşlığında da ötən illər ərzində mühüm uğurlar əldə edilib. Belə ki, 1995-cu il noyabrın 10-da ARDNŞ və İtaliyanın ENİ/Agip şirkətinin də daxil olduğu beynəlxalq kon­sorsium arasında Xəzər dənizinin Azərbaycan sektorundakı “Qa­rabağperspektiv strukturunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə, 1996-cu ilin iyunun 4-də Xəzər dənizinin Azərbaycan sektorundakı “Şah Dəniz” perspektiv strukturunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə, 1998-ci ilin iyunun 2-də isə Xəzər dənizinin Azərbaycan sektorundakı “Kürdaşı” dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair sazişlər imzalanıb.

Xatırladaq ki, 2002-ci ilin sentyabr ayında İtaliyanın ENİ/Agip şirkəti Bakı–Tbilisi–Ceyhan Əsas İxrac Boru Kəməri layihəsinə dair sazişi imzalayaraq, 5 faiz payla layihə üzrə sponsorlar qrupunun üzvünə çevrilib.

Qeyd edək ki, 2020-ci il fevral ayının sonlarında, İtaliyanın CO­VID-19 səbəbindən ilk Avropa ölkəsi kimi qapanmasından bir neçə gün əvvəl, Azərbaycan Prezidenti İlham Əliyev italyalı həmkarı Prezident Sergio Mattarella ilə ikitərəfli danışıqlar aparmaq üçün Roma­ya səfər etdi. Səfər çərçivəsində imzalananan “Çoxtərəfli Strateji Tərəfdaşlığın gücləndirilməsi üzrə Birgə Bəyannamə” iki ölkə arasın­da son dərəcə perspektivli ticarət əlaqələrinin təməlini qoydu. Ənənəvi enerji ticarətindən bəhrələnən İtaliya–Azərbaycan taktiki birliyi artıq müdafiə, infrastruktur və sərmayəni də əhatə edən bütöv bir ticarət tənzimləməsini əhatə edir. Bir çox mütəxəssis və yerli ekspertlər indi İtaliyanı Azərbaycanın ən öndə gedən Avropa müttəfiqi kimi düşünürbu tərəfdaşlığı Avropa ölkələri üçün ənənəvi Avropa mərkəzli əhatə dairəsi xaricində artanbir çox fürsətlərə işıq tutan tərəfdaşlıq nümunəsi hesab edirlər .

Cənub Qaz Dəhlizi (CQD) Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniyadan keçərək Azərbaycan qazını İtaliyanın Brindisi sənaye limanındakı son təyinat nöqtəsinə çatdırır. Cənub Qaz Dəhlizinin son hissəsi – Trans-Adriatik Boru Kəməri (TAP) Azərbaycandan ilk dəfə olaraq təbii qazı İtaliyaya daşıyır.

 

İtaliya və Azərbaycan arasında münasibətlərin uğurla inkişaf etməsinin əsas səbəblərindən biri ölkəmizin hər zaman verdiyi vədə sadiq qalması, razılaşdırilan məsələlərin icrasının diqqətdə saxlamasıdır.

Sonda qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən son 19 ildə ardıcıl həyata keçirilən de­mokratik proseslər və sosial-iq­tisadi islahatlarla yanaşı, uğurlu xarici siyasət dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların diqqətini respublikamıza yönəldib. Şübhəsiz ki, bütün bunlar beynəlxalq hüquq normalarına uy­ğun qarşılıqlı faydalı əməkdaşlığın daha da güclənməsinə, ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayının artmasına, Azərbaycanla Avropa İttifaqı ara­sında enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair anlaşma memoran­dumunun imzalanmasına öz müsbət təsirini göstərib.

Hazırda Azərbaycan regionun yeganə ölkəsidir ki, mürəkkəb geosiyasi şəraitdə müstəqil uğurlu xarici siyasət yürüdərək, milli maraqlara söykənən prinsiplərlə regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Bunun nəticəsidir ki, dövlətimizin gerçəkləşdirdiyi enerji layihələri, regional inteqrasiyanı sürətləndirən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır.

Sadalananlar isə Azərbaycanın dünya miqyasında nüfuzunu artırmaqla yanaşı, həm də ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirib.

Bu gün Cənubi Qafqaz regi­onunun iqtisadi potensialının 70 faizi məhz Azərbaycanda formala­şıb. Respublikamız iqtisadiyyatın rəqabətqabiliyyətliliyinə görə dünya ölkələri arasında öncül yerlərdən birini tutub. Beynəlxalq reytinq agentlikləri tərəfindən Azərbaycanın potensial maliyyə və iqtisadi imkan­ları yüksək qiymətləndirilib.

Bütün bu uğurlar Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin alternativsizliyini və aparılan islahatların cəmiyyətin bütün təbəqələrinin mənafelərini əks etdirdiyini bir daha göstərir.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti 2022.- 2 sentyabr.- S.7.