Heydər
Əliyev Azərbaycanda demokratik, hüquqi dövlət
modelinin yaradıcısıdır
Biz müstəqil
Azərbaycan kimi əzəmətli bir abidənin təməlini
qoyuruq, onu qururuq, yaradırıq. Onu indiki nəsillər
üçün yaradırıq, gələcək nəsillər
üçün yaradırıq. Bizim üzərimizə
şərəfli vəzifə düşübdür və
bunu layiqincə yerinə yetirməliyik. Güman edirəm ki, hər
bir vətəndaş bu vəzifənin yerinə yetirilməsində
öz yerini tapacaqdır.
Heydər
ƏLIYEV
Ümummilli lider
Azərbaycanda
hüquqi dövlət quruculuğu ulu öndər Heydər
Əliyevin adı ilə bağlıdır. Haqlı olaraq hesab edilir ki, Azərbaycanın bir
dövlət olaraq qlobal siyasi arxitekturada layiqli yer tutması,
dramatik kolliziyalar və fundamental çalxalanmalar yaşayan
dünyamızda dinamik inkişaf örnəyi sərgiləməsi,
hüquqi və demokratik dövlət quruculuğu sahəsində
böyük uğurlar əldə etməsi ümummilli
liderin strateji kursunun əməli nəticələridir. Məhz
Heydər Əliyevin titanik səyləri sayəsində
müstəqil respublikamızda müasir dövlətçilik
modifikasiyasının təşəkkülü, vətəndaş
cəmiyyətinin formalaşması üçün
sanballı hüquqi-normativ təməl
yaradılmışdır. Lakin Azərbaycanda yeni tip dövlətçiliyin
yaradılması, müxtəlif sosial təbəqə və
kateqoriyaların istək və mənafeləri ilə
uzlaşan sosial-siyasi sistemin formalaşmasına aparan yol
heç də hamar olmamışdır.
Təlatümlü
1990-cı illərin əvvəlləri əlamətdar,
taleyüklü hadisələrin zənginliyi nöqteyi-nəzərindən
böyük maraq doğurur. 1990-cı ilin
yanvar faciəsi, həmin il iyulun 20-də ulu öndər Heydər
Əliyevin Bakıya gəlməsi, iki gün sonra isə təqiblərlə
əlaqədar Naxçıvana getməsi,
sentyabrın 30-da Naxçıvan MSSR Ali Sovetinə deputat seçilməsi,
faktiki olaraq ulu öndərin təşəbbüsü ilə
Naxçıvanın milli müstəqillik uğrunda hərəkatın
mərkəzinə çevrilməsi, nəhayət, 1991-ci il
sentyabrın 3-də Heydər Əliyevin Naxçıvan Ali Məclisinin
sədri seçilməsi böyük
ictimai-siyasi əhəmiyyət kəsb edən, proseslərin
sonrakı axarının məzmununu müəyyənləşdirən,
gələcək perspektivlərə həlledici təsir
göstərən hadisələr qəbilindəndir.
1993-cü ilin iyununa kimi davam etmiş Naxçıvan dönəmi
Heydər Əliyevin siyasi bioqrafiyasının önəmli
hissəsini təşkil etməklə bərabər, milli
dövlət quruculuğu nöqteyi-nəzərindən də
olduqca böyük əhəmiyyət kəsb edir. Həmin dövrün ümumi səciyyəsi ondan
ibarətdir ki, sistem kollapsı şəraitində yaşamaq
uğrunda çırpınan, Azərbaycanla yerüstü
rabitəsi kəsilmiş, düşmən
hücumlarının əsas hədəflərindən birinə
çevrilmiş, bu azmış kimi, respublika rəhbərliyinin
və bəlli siyasi qüvvələrin qərəzli
münasibəti ilə üzləşmiş Naxçıvan
bölgəsi real surətdə tamamilə məhv olmaq,
Qarabağın və Azərbaycanın digər işğal
olunmuş ərazilərinin acı taleyini paylaşmaq təhlükəsi
ilə üzləşmişdi və bu təhlükədən
ölkəmiz Heydər Əliyevin siyasi dühası və
titanik səyləri sayəsində qurtulmuşdu. Bununla bərabər, məhz Naxçıvana rəhbərlik
edərkən dərin böhran şəraitində, ekstremal
durumda cərəyan edən proseslərlə bağlı adekvat
qərarlar vermək, mövcud fors-major vəziyyətinə
uyğun yeni idarəetmə metodlarını işləyib
hazırlamaq zərurəti görkəmli xadim
üçün sonralar istər dövlətçiliyimizə
qarşı ciddi təhdidlərin qarşısının
alınmasında, istərsə də dövlət təsisat
və institutlarının yaradılmasında mühüm təcrübi
önəmə malik idi.
Heydər
Əliyevin ölkənin 91 nəfər görkəmli
ziyalısının müraciətinə cavab olaraq, 1992-ci il
oktyabrın 24-də dərc edilmiş “Yeni, müstəqil Azərbaycan
uğrunda” proqram səciyyəli məktubu istər ölkənin
siyasi perspektivlərinin, istərsə də hüquqi dövlət
quruculuğunun qarşısında duran əsas vəzifələrin
konkretləşdirilməsi baxımından son dərəcə
məzmunlu bir sənəddir. Məktubun
qayəsini belə bir tezis təşkil edirdi: “İndi əsas
vəzifə dövlətçiliyin, müstəqilliyin bərqərar
olunmasını, milli-demokratik dövlətin
formalaşmasını, müstəqil Azərbaycanın
suverenliyini, təhlükəsizliyini təmin etmək və vətəndaşlara
azad, xoşbəxt, firavan həyat şəraiti yaratmaqdan ibarətdir”. Əsas məqsədə
nail olmaq prioritet vəzifələrin, o cümlədən,
demokratik prinsiplər əsasında vahid, bütöv Azərbaycanın
qorunub saxlanılması və inkişaf etdirilməsi kimi vəzifənin
həlli ilə əlaqədə
götürülürdü. Göründüyü kimi,
ulu öndər Heydər Əliyevin strategiyasında hüquqi
dövlət quruculuğu prioritet əhəmiyyətini hətta
Azərbaycan dövlətçiliyi üçün ən
çətin, ən mürəkkəb mərhələdə
belə saxlayırdı.
Bəhs
edilən dövrün siyasi mənzərəsi
araşdırılarkən belə bir önəmli məqam
xüsusi vurğulanmalıdır ki, 1990-cı illərin əvvəlində
istər daxili, istərsə də xarici (geosiyasi) amillər
üzündən Azərbaycanın nəinki müstəqil
bir dövlət kimi perspektivləri, ümumiyyətlə,
milli varlığının özü son dərəcə
ciddi təhlükələrlə
qarşılaşmışdı. Heydər
Əliyev "Yeni 2001-ci il, yeni əsr və
üçüncü minillik münasibətilə Azərbaycan
xalqına müraciətində" Azərbaycanın dövlət
müstəqilliyini rəsmən bərpa etdiyi 1991-ci ilin
oktyabrından 1993-cü ilin iyununa kimi dövrün konkret
siyasi qiymətini verirdi: “Vəziyyət elə təhlükəli
xarakter almışdı ki, 1991-ci ildə əlverişli
tarixi şəraitin və taleyin xalqımıza bəxş
etdiyi imkandan yaranmış müstəqil dövlətimiz qəsdən
və yaxud səriştəsizlikdən yaranan iradəsizlik nəticəsində
real itirilmək təhlükəsi ilə üz-üzə
qalmışdı. Beləliklə, 1991-1993-cü illər Azərbaycanın
müstəqillik tarixində nəinki itirlmiş illər hesab
olunur, həm də bu illərdə Azərbaycan
"ölüm, ya olum" dilemması qarşısında
qalmışdı... Hərc-mərcliyin baş
alıb getdiyi Azərbaycan vətəndaş müharibəsi
həddinə gəlib çatdı... Ölkə onu gözləyən
fəlakətlərdən, daxili və xarici antiazərbaycan
qüvvələrin qəsdlərindən, vətəndaş
müharibəsindən, torpaqlarımızın bir-birinin
ardınca işğal edilməsindən və nəhayət,
müstəqil dövlətçiliyin məhvindən, Azərbaycanın
parçalanmasından xilas edilməli idi”.
Tale xalqımıza ən yeni tarixinin ən mürəkkəb, ən keşməkeşli dönəmində belə böyük dövlət xadimini – ulu öndər Heydər Əliyevi nəsib etdi. O, sadəcə, Azərbaycanı tarix səhnəsindən silinmək, parçalanmaq, məhv olmaq təhlükəsindən qurtarmadı, istiqlaliyyətimizin, çağdaş dövlətçiliyimizin banisi, memarı olaraq tarix salnamələrinə öz adını həkk etdi. Heydər Əliyev o dövlət xadimlərindən idi ki, istər fitri liderlik qabiliyyəti, istər hərtərəfli nəzəri təmələ söykənən ümumi dünyagörüşü, istər ən müxtəlif sosial, siyasi, iqtisadi, mədəni hadisə və prosesləri düzgün dəyərləndirməyə və təhlil etməyə qadir analitik zəkası, istər qeyri-adi idarəçilik təfəkkürü və erudisiyası, istər olduqca məzmunlu siyasi bioqrafiyasından qaynaqlanan zəngin təcrübəsi dövlətçilik və siyasi idarəçilik fəlsəfəsi tarixində bütöv bir çağı və fenomeni təmsil edirdi. Təsadüfi deyildir ki, məhz ulu öndərin təməlini qoyduğu inkişafın Azərbaycan modeli siyasi və sosial transformasiyaların uğurlu örnəyi kimi qavranılmaqdadır. Heydər Əliyevin 1990-cı illərin ilk yarısında fəaliyyəti öz məzmununa görə siyasi hərc-mərclikdən sistem nizamına, faktiki iqtidarsızlıqdan dəqiq strukturlaşdırılmış hakimiyyət düzəninə doğru hərəkəti təmsil edirdi. Bu zaman görkəmli xadim hər şeydən öncə xeyirxahlıq missiyası ilə çıxış edirdi: 1993-cü il iyunun 15-də faktiki olaraq xalq cəbhəsi iqtidarının iflasa uğradığı, dövlətin və millətin taleyinin tükdən asılı olduğu, Azərbaycan dövlətçiliyinin uçurum kənarında bulunduğu belə bir ekstremal şəraitdə xalqın ümumi tələbi ilə Ali Sovetin sədri seçilmiş Heydər Əliyev son dərəcə incə, zərgər dəqiqliyi tələb edən siyasi manevrləri, qeyri-standart qərarları ilə siyasi situasiyanı nəzarət altına götürməyə və hakimiyyət vakuumuna son qoymağa müvəffəq oldu. Daha sonra ulu öndər gərgin səylər və zəhmət bahasına cəbhədə vəziyyəti sabitləşdirməyə, ordunun yenidən qurulmasına və bir sıra uğurlu əməliyyatlar keçirməsinə, atəşkəs rejiminin bərqərar olmasına, dövlət strukturlarının idarə olunacaq duruma gətirilməsinə, iqtisadi böhranın tam iflasla nəticələnməsinin qarşısının alınmasına, Azərbaycanın iqtisadi inkişafının bünövrəsini qoymuş “Əsrin müqaviləsini” imzalanmasına nail oldu. Ən əsası, Azərbaycan müəyyən xarici çevrələr tərəfindən ölkəmiz üçün planlaşdırılan “baş tutmamış dövlət” taleyini yaşamaqdan xilas oldu. Arayış üçün qeyd edərdik ki, baş tutmamış dövlət (ingiliscə failed state) Sürix Universitetinin beynəlxalq hüquq üzrə professoru D. Türerin ümumi qəbul edilmiş qənaətinə görə, “qanun və qaydanın dəstəklənməsini təmin edən dövlət strukturlarının dağılmasının məhsulu olub, daxili zorakılığın “anarxik” formaları tərəfindən təhrik və müşayiət olunur”. Beləliklə, 1993-1994-cü illərdə Heydər Əliyev hüquqi düzəni və deməli, sabitliyi təmin edən dövlət-hüquq yaradıcılığı üzərində diqqətini cəmləşdirmişdi. Ulu öndərin o dönəmdəki siyasi kursu ilk növbədə dövlətin hüquqi dayaqlarının, onun güc strukturlarının möhkəmləndirilməsinə yönəlmişdi.
1994-cü
ilin oktyabr – 1995-ci ilin mart aylarında xaricdən yönəldilən
və idarə olunan hərbi-siyasi müxalifətin
çevriliş cəhdlərinin qarşısının
alınmasından, “Azərbaycanda zor gücünə,
silahlı dəstələrdən istifadə etməklə
hakimiyyətə gəlmək ənənəsinə son
qoyulduqdan” (Azərbaycan Respublikasının dövlət
müstəqilliyinin onuncu ildönümü münasibəti
ilə Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 20
mart 2001-ci il) sonra ölkəmizin ən yeni tarixinin artıq
keyfiyyətcə yeni mərhələsi başlanırdı.
Yeni
mərhələnin səciyyəvi xüsusiyyətləri
kimi sabitliyin tamamilə bərqərar olması, siyasi və
dövləti institutların, hakimiyyət
strukturlarının formalaşmasının başa
çatdırılması çıxış edirdi. Heydər Əliyev sözün tam mənasında
dövlətçiliyimizin memarı vəzifəsini şərəflə
həyata keçirir, dünyanın analoji problemlərlə
üzləşən bir çox ölkələri
üçün örnək sayıla biləcək işlək
idarəçilik mexanizmlərinə, daim inkişafda olan
sosial-iqtisadi strukturlara malik, qlobal
kolliziyalar şəraitində optimal xarici siyasi kurs
yürüdən və müxtəlif növ təhdid və
çağırışlara adekvat cavablar təqdim edən,
qlobal, regional və daxili siyasi trendlərin düzgün təhlilinə
əsaslanan dövlətçilik modelinin müəllifi kimi fədakarlıq
göstərirdi.
Heydər
Əliyev 1993-2003-cü illərdə böhrandan effektiv
çıxış kursunu həyata keçirməyə, eləcə
də keyfiyyətcə yeni funksional sistem, başqa sözlə,
Azərbaycan dövlətçiliyinin yeni
modifikasiyasını yaratmağa müvəffəq olmuşdur;
bu zaman o, siyasi yaradıcılıq fenomeni kimi fəaliyyət
göstərərək, məzmun və mahiyyət etibarı
ilə yeni idarəçilik metodlarını və
üslublarını işləyib hazırlamış və
tətbiq etmişdir.
Heydər
Əliyevin Azərbaycan xalqı qarşısında ən
böyük xidmətlərindən biri də hüquqi
dövlətin Azərbaycan modelini yaratması olmuşdur. Bu
istiqamətdə ən mühüm addım 1995-ci il
noyabrın 12-də müstəqil Azərbaycan dövlətinin
Konstitusiyasının ümumxalq səsverməsi yolu ilə qəbul
edilməsi idi. Prezident İlham Əliyevin 21
yanvar 2013-cü il tarixli “Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi
haqqında” sərəncamında vurğulandığı
kimi, “Ölkəmizin Əsas Qanunu – Konstitusiyanın qəbul
edilməsi, hakimiyyətlərin bölünmə prinsiplərinin
təsbit olunması, hüquq normalarının və
qanunvericilik bazasının beynəlxalq
standartlara uyğunlaşdırılması, müasir idarəetmə
üsullarının bərqərar olması və müvafiq
dövlət qurumlarının formalaşdırılması
Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən
genişmiqyaslı quruculuq proqramının tərkib hissəsidir”.
Bu Konstitusiya Azərbaycan tarixində ilk dəfə
olaraq müasir demokratiya standartlarına tamamilə cavab verməklə,
ölkədə gedən institusional dəyişiklikləri
dünyanın qabaqcıl ölkələrinin
hüquqi-normativ təcrübə və praktikalarına
uyğun məcraya yönəltmişdi. Lakin demokratiya
ideyası bu zaman mexaniki yox, yaradıcı surətdə tətbiq
edilərək, Azərbaycanın milli-mənəvi dəyərlər
sistemi ilə uzlaşdırılmışdır.
Heydər
Əliyev demokratik inkişafın, yeni siyasi və sosial
gerçəkliyin doğurduğu transformasiyanın önəmini
və zəruriliyini şüurlu surətdə qəbul
etmiş və bu istiqamətdə nəhəng işlər
görmüşdür. Fəqət onun
analitik zəkası demokratiyanı ehkamçı, müəyyən
“universalist” şablonlar üzrə epiqonçu mənimsənilməsinin
xalqımızın və dövlətimizin strateji mənfəətləri
nöqteyi-nəzərindən son dərəcə yararsız
və hətta zərərli olduğunu anlamağa imkan verirdi.
Ulu öndər "Yeni 2001-ci il, yeni əsr və
üçüncü minillik münasibətilə Azərbaycan
xalqına müraciətində" özünün
demokratiya haqqında təsəvvürlərini
aşağıdakı şəkildə təlqin edirdi:
“Demokratiya xaos, hərc-mərclik, özbaşınalıq
deyildir. Demokratiya ictimai-siyasi sabitliyin, qanunların aliliyinin
hökm sürdüyü şəraitdə yaranıb
inkişaf edə bilər. Demokratiyanın hüdudları
genişdir. Odur ki, o, hər xalqın mentalitetinə,
hər bir cəmiyyətin, hər bir dövrün tələblərinə
uyğun olaraq inkişaf edir” (Azərbaycan Respublikasının
Prezidenti Heydər Əliyevin Yeni 2001-ci il, Yeni Əsr və
Üçüncü Minillik münasibətilə Azərbaycan
xalqına müraciəti, 29 dekabr 2000-ci il).
Heydər Əliyevin diskursu üçün səciyyəvi
olan bu qısa fraqmentdə böyük dövlət xadiminin
siyasi fəlsəfəsinin bir sıra əsas tezislərini
görmək mümkündür. Əvvəla, burada
“demokratiya” kateqoriyası politoloji anlayış kimi
anarxiyanın, hakimiyyətsizliyin antitezisi olaraq
çıxış edir. Yəni bir siyasi kateqoriya
qismində demokratiya, bəzilərinin hesab etdiyi kimi, cəmiyyətdə
dövlət hakimiyyətinin zəiflədilməsinin sinonimi
olaraq deyil, yeni, yüksək təşkilatlanmış siyasi
toplumun daha qabaqcıl düzəni olaraq anlaşılır.
Bu zaman “demokratiya” kateqoriyası “inkişaf” konsepti ilə
korrelyasiyada götürülür. Yəni demokratiya sadəcə,
özü üçün məqsəd ola bilməz; o məhz
inkişaf və tərəqqinin daha optimal şərtlərini
təmin edəcək siyasi düzən olaraq nəzərdən
keçirilir.
İkincisi,
qlobal neoliberal həmlə kontekstində 1980-90-cı illərdə
hakim təmayülə çevrilmiş demokratiyanın
“universalist” (daha doğrusu, unifikasiyaedici) təfsiri əslində
Qərbdə unikal şərtlər daxilində təşəkkül
tapmış siyasi və sosiomədəni institutların mexaniki
şəkildə dünyanın digər regionlarına “nəql
edilməsini” nəzərdə tuturdu. Həqiqətdə
belə bir təfsir faktiki olaraq demokratikləşməyə
milli dövlətlərin zəiflədilməsinə, qlobal və
transmilli aktorların ağalığının möhkəmləndirilməsinə
yönəlmiş bir alət kimi baxışa haqq
qazandırırdı. Bu baxımdan Heydər Əliyevin
“Müraciətində” və ümumən diskursunda
demokratiya haqqında fikirləri faktiki olaraq yuxarıdakı təmayülə
qarşı çevrilmişdir. O, bir tərəfdən milli
dövlətlərin özünəməxsusluğunu, suveren
hüququnu dəstəkləyir, digər tərəfdən,
demokratiyanın siyasi və sosiomədəni müxtəliflikdən
qaynaqlanan variativliyi ideyasına haqq qazandırır. Demokratiyanın Heydər Əliyev tərəfindən
verilmiş tərifi daşlaşmış rəyi –
doksanı (doksa yunanca ümumi yayılmış rəy deməkdir)
sarsıtmaqla, eyni zamanda, siyasi quruluş və rejimlərin mənsub
olduqları məkan və zaman kontekstində təhlili zərurəti
üzərinə diqqəti yönəldir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan
öz milli qanunvericilik sistemini yaradarkən və onu dünya
standartlarına uyğunlaşdırarkən başqa dövlətlərin
mövcud praktikasını mexaniki surətdə tətbiq etməkdən
imtina edərək, bunu dünyada mövcud olan ən mütərəqqi
nümunələri yaradıcı şəkildə, ölkəmizin
reallıqlarına və milli-tarixi ənənələrinə
uyğunlaşdırmaqla həyata keçirirdi.
Ulu
öndərin nəzəriyyəsində demokratiya (və istənilən
siyasi düzən) dinamik sistem kimi nəzərdən
keçirilirdi, fəqət bu zaman invariantların da önəmi
vurğulanırdı; hər bir sistem digərləri ilə
ümumi qanunauyğunluqlar aşkara çıxarsa da, bəlli
fenomenal, təkrarolunmaz xüsusiyyətlərə də
malikdir. Digər tərəfdən, belə bir
baxış demokratiyanın fundamental prinsipi kimi qanunun aliliyi
ideyasını ön plana çəkirdi: həqiqi demokratik
üsul-idarə yalnız qanunlar əsasında idarə olunan
dayanıqlı siyasi sistemdə fəaliyyət göstərə
bilər.
Dövlət
quruculuğunun əsaslarını təsbit etmiş müstəqil
Azərbaycanın ilk konstitusiyası haqlı olaraq Heydər
Əliyevin əsəri hesab olunur. Sözügedən əsas
qanunu hazırlayan komissiyanın 1995-ci ildə noyabrın 10-da
keçirilmiş son iclasındakı
çıxışında Prezident Heydər Əliyev bu barədə
qeyd edirdi: “Komissiyanın sədri kimi şəxsən mən
bu böyük tarixi sənədin hazırlanmasında öz
şəxsi məsuliyyətimi daim dərk etmişəm, bu
gün də dərk edirəm. Ona görə də bu sənədin
hazırlanmasına xeyli vaxt sərf etmişəm. Haqqım
var deyəm ki, çox zəhmət çəkmişəm.
Hər bir kəlmənin, hər bir sözün mənasını
dəfələrlə araşdırmışam, onun, bu
gün üçün, gələcək üçün nə
qədər əsaslı olmasını dəfələrlə
təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə
bu layihənin altından imza atıram və bu layihəyə
görə tam cavabdeh olduğumu bu gün bəyan edirəm”.
Məlum
olduğu kimi, 1991-1993-cü illərdə Azərbaycanın
yeni konstitusiyasının hazırlanması üçün
iki dəfə komissiya yaradılmasına baxmayaraq,
keçmiş iqtidarlar dövründə bu məsələyə
lazımi səviyyədə diqqət yetirilmədiyindən,
bu təşəbbüslər öz bəhrəsini verməmişdi.
Mövcud ədəbiyyatda düzgün olaraq qeyd edilir
ki, məhz Heydər Əliyevin qətiyyətli şəkildə
prosesə müdaxilə etməsindən sonra yeni
Konstitusiyanın hazırlanması üzrə işlər
sürətlənir. Milli Məclisin 2 may 1995-ci
il tarixli qərarı ilə ümummilli liderimiz Heydər
Əliyevin rəhbərliyi altında yeni Konstitusiya layihəsini
hazırlayan komissiyanın 34 nəfərdən ibarət tərkibi
təsdiq olundu. İyunun 5-də komissiyanın ilk iclasında
öz çıxışında Azərbaycanda konstitusiya
quruculuğu tarixinə toxunan və o illərdə
ictimai-siyasi hadisələri dərindən təhlil edən
ulu öndər yeni Konstitusiyanın məramı, qaynaqları
və istinad edəcəyi hüquqi praktikalara, habelə mahiyyətinə
aydınlıq gətirirdi: “Biz elə bir Konstitusiya
layihəsi hazırlamalı, və nəhayət, elə bir
Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan
Respublikasının demokratik prinsiplər əsasında uzun
müddət sabit yaşamasını təmin edən əsas
qanun, tarixi sənəd olsun... Konstitusiyamız Azərbaycanda
məhz demokratik, hüquqi, dünyəvi, sivilizasiyalı bir
dövlət qurmaq üçün əsas yaratmalıdır,
onun əsas qanunu olmalıdır... Konstitusiya yaratmaq
üçün tarixi keçmişimizə nəzər
salmalıyıq, eyni zamanda, ümumbəşəri dəyərlərdən,
dünyanın demokratik dövlətlərinin əldə
etdiyi nailiyyətlərdən istifadə etməli, bəhrələnməliyik...
Konstitusiya birinci növbədə dövlətlə, hakimiyyətlə
xalqın arasında olan münasibətləri özündə
əks etdirməlidir. Hakimiyyət bölgüsü
qanunvericilik, ali icra, məhkəmə hakimiyyətləri –
bunlar hamısı xalqın iradəsinə söykənməli,
seçkilər yolu ilə təmin olunmalıdır. Dövlət
xalqın işi olmalıdır. Xalq dövlət
üçün yox, dövlət xalq üçün
olmalıdır və bu prinsiplər Konstitusiyamızın əsasını
təşkil etməlidir... Ona görə də
hər bir vətəndaşın hüquqlarının
qorunması, azadlıqlarının təmin edilməsi və
hər bir vətəndaşa cəmiyyətimizdə, ölkəmizdə
özünə layiqli yer tutmaq imkanlarının
yaradılması – bunlar hamısı Konstitusiyamızda öz əksini
tapmalıdır”. Göründüyü
kimi, görkəmli dövlət xadimi yeni Konstitusiyanı
ümumbəşəri demokratik dəyər və nailiyyətlər
əsasında, lakin eyni zamanda Azərbaycanın konkret siyasi və
sosiomədəni ənənə və xüsusiyyətlərini
nəzərə almaqla tərtib etməyi məqsədəuyğun
sayırdı. Bu zaman Ulu Öndər hüquq bərabərliyi
prinsipinin Konstitusiyada hərtərəfli təsbitinə
çağırırdı və bu prinsipə öz təfsirini
verirdi: “Mən bərabər hüquqlar
haqqında danışanda onu nəzərdə tuturam ki, dinindən,
dilindən, milliyyətindən, irqindən, siyasi mənsubiyyətindən
asılı olmayaraq insanların hamısının eyni
hüquqlara malik olması və bu hüquqlardan səmərəli
istifadə imkanları əldə etməsi Konstitusiyamızda
öz əksini tapmalıdır”. Aydındır ki, gətirilən
sitatda Heydər Əliyevin hüquqi dövlət quruculuğu
ilə əlaqədar prioritet önəm verdiyi müddəalar
yer almışdır.
Ümummilli liderimizin rəhbərliyi altında 6 ay müddətinə hazırlanan və ümumxalq səsverməsi yolu ilə 1995-ci il noyabrın 12-də qəbul olunan müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası yuxarıda bəhs edilən prinsip və müddəaları bütün dolğunluğu ilə gerçəkləşdirdi. Orada ölkənin inkişaf vektorunun müəyyənləşdirilməsi, demokratik əsaslarla hakimiyyət bölgüsünün təsbit edilməsi ilə bərabər, insan hüquq və azadlıqlarının təminatı prioritet məqsədlər kimi xüsusi vurğulanırdı. Təsadüfi deyildir ki, Konstitusiyanın 158 maddəsindən 48-i, başqa sözlə, təqribən üçdə biri sırf insan hüquq və azadlıqlarının təminatına yönəlmişdi. Müasir Azərbaycan Konstitusiyasında konstitusionalizmin klassik ideyası öz əksini tapmışdır: insan hüquq və azadlıqlarının prioriteti; siyasi plüralizm; hakimiyyətlərin bölgüsü; konstitusion nəzarət institutu və s. Konstitusiya “ictimai müqavilə” olaraq dövlət, cəmiyyət və fərd arasında münasibətləri müəyyən etdi, insan hüquqlarının prioritetini özündə təsbit etdi. O, Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və digər beynəlxalq müqavilə və konvensiyalarda insan hüquqlarına dair nəzərdə tutulmuş müddəaları tam şəkildə ehtiva edir. Konstitusiyanın ikinci bölməsinin “Əsas insan və vətəndaş hüquqları və azadlıqları” adlanan üçüncü fəsli hüquq və azadlıqların təminatı və müdafiəsi mexanizmlərini müəyyənləşdirir. Konstitusiyanın 12-ci maddəsi dövlətin ali məqsədinin insan hüquqlarını təmin etmək olduğunu müəyyən edir. Burada insan hüquqlarının Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq tətbiq edilməsi nəzərdə tutulmuşdur. Konstitusiyanın 71-ci maddəsində irqindən, milliyyətindən, dinindən, dilindən, cinsiyyətindən, mənşəyndən, əqidəsindən, siyasi və sosial mənsubiyyətindən asılı olmayaraq hər bir insanın hüquq və azadlıqlarının müdafiəsi qanunvericilik, icra və məhkəmə orqanları qarşısında bir vəzifə olaraq qoyulmuşdur. Bu hüquq və azadlıqlar birbaşa qüvvədədir. Konstitusiyanın 25-ci maddəsinə əsasən, onların həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu zaman xüsusi olaraq qeyd edilirdi ki. Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquq və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz.
Ümummilli
lider Heydər Əliyevin 1996-cı il 21 fevral tarixli sərəncamı
ilə təsis edilmiş Hüquq İslahatları
Komissiyası beynəlxalq ekspertlərin iştirakı ilə
Avropa standartlarına cavab verən müxtəlif və
qanunları hazırlamış, bununla da milli qanunvericiliyin
modern əsaslar üzərinə keçirilməsinə
şərait yaratmışdır.
İnsan
hüquqlarının və azadlıqlarının təmin
olunması istiqamətində qəbul edilmiş normativ sənədlər
sırasında Azərbaycan Respublikasının Prezidenti,
ümummilli lider Heydər Əliyevin 22 fevral 1998-ci il tarixində
imzaladığı “İnsan və vətəndaş
hüquqlarının və azadlıqlarının təmin
edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı
və 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq
edilmiş “İnsan hüquqlarının müdafiəsinə
dair Dövlət Proqramı”nı xüsusilə qeyd etmək
lazımdır. Sözügedən fərman
və sərəncam insan hüquqları məsələsini
ümumdövlət əhəmiyyətli məsələ səviyyəsinə
qaldırırdı. Belə ki, bu sənədlərdə
insan hüquqlarının müdafiəsi sahəsində
mühüm tədbirlərin həyata keçirilməsi,
o cümlədən, Milli Məclis tərəfindən
qanunların qəbulu zamanı Konstitusiyada təsbit edilmiş
hüquq və azadlıqların əsas meyar kimi rəhbər
tutulması, Azərbaycan Respublikasının İnsan
hüquqları üzrə səlahiyyətli müvəkkili təsisatının
yaradılması, ölkəmizin insan hüquqları haqqında beynəlxalq sazişlərə
qoşulması, bu sahədə elmi-tədqiqat institutunun
yaradılması, normativ- hüquqi aktların insan
hüquqlarına dair beynəlxalq standartlara tam
uyğunluğunun təmin edilməsi, hüquqi mexanizmlərin
təkmilləşdirilməsi, insan hüquqları sahəsində
fəaliyyət göstərən beynəlxalq qurumlarla əməkdaşlığın daha da
inkişaf etdirilməsi, bu sahədə fəaliyyət
göstərən beynəlxalq institut və mərkəzlərdə
tədqiqat və təhsil proqramları üzrə mütəxəssislərin
hazırlanması, insan hüquqları haqqında öhdəliklərə
riayət edilməsi və digər məsələlər
nəzərdə tutulmuş, daha sonralar həmin aktlarda təsbit
olunmuş məsələlərin həlli istiqamətində
mühüm islahatlar həyata keçirilmişdir.
Təsadüfi deyil ki, ilk Dövlət Proqramının qəbul olunduğu gün - iyunun 18-i ölkə başçı İlham Əliyev cənablarının 2007-ci il tarixli Sərəncamına əsasən, Azərbaycanda insan hüquqları günü elan edilmişdir. Maraqlı və mahiyyət etibarilə böyük rəmzi məna daşıyan məqam odur ki, məhz həmin tarixdə BMT-nin İnsan Hüquqları Şurası tərəfindən "İnstitusional quruculuq paketi" qəbul edilmiş və bu paket çərçivəsində BMT-yə üzv olan dövlətlərdə insan hüquqları sahəsində vəziyyəti qiymətləndirməyə imkan yaradan yeni universal dövri icmal mexanizmi təsis edilmişdir.
Dahi Heydər Əliyevin hüquqi dövlət quruculuğu strategiyası 2003-cü ildən sonra da, özü də müasir tələblər və çağırışlar nəzərə alınmaqla davam etdirilmişdir. Bu müddət ərzində dövlət başçısının imzaladığı qanunlar, fərman və sərəncamlar, dövlət proqramları Azərbaycanda insan və vətəndaş hüquq və azadlıqlarının daha etibarlıı təmin edilməsi üçün mövcud hüquqi bazanı daha da genişləndirmişdir. İlham Əliyevin prezidentliyi dövründə demokratik cəmiyyət quruculuğu istiqamətində həyata keçirilmiş islahatlar, o cümlədən, Azərbaycan Respublikası Konstitusiyasına edilmiş əlavə və dəyişikliklər ölkəmizin bu sahədə milli qanunvericiliyinin beynəlxalq norma və prinsiplərə, ümumbəşəri dəyərlərə tam uyğunluğunu təmin etmişdir.
Əslində,
bu amil Azərbaycanın son illərdə qazandığı
böyük uğurların əsasını təşkil
etmişdir. Məhz demokratik dəyərlərdən
qaynaqlanan xalq-iqtidar birliyi 44 günlük müharibə nəticəsində
qazandığımız tarixi zəfərimizin mühüm
şərtlərindən biri olmuşdur.
Bu gün dünyanın ən müxtəlif yerlərində, elə yaşadığımız coğrafiyada müharibələrin, münaqişələrin tüğyan etdiyi, xaos və böhranların baş verdiyi bir zamanda Azərbaycan bütün bu təhlükələrə rəğmən bir sabitlik və inkişaf oazisi kimi görünməkdədir. Hazırda Azərbaycanın dünyanın ən sürətlə inkişaf edən, müasirləşən dövlətindən birinə çevrilməsi ulu öndər Heydər Əliyevin bizə miras qoyduğu ideyaların həyatiliyini bir daha təsdiq edir.
Sevda ƏLIYEVA,
siyasi elmlər doktoru, professor
Xalq qəzeti .-
2022.- 3 sentyabr.- S.7.