Laçının tarixi və mədəni abidələrinə qarşı erməni vandalizmi

 

Laçın rayonu Azərbaycanın cənub-qərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayon respublikamızın təbii sərvətlərlə zəngin guşələrindəndir.

Laçın 1992-ci il mayın 18-də erməni qəsbkarları tərəfindən işğal olunmuşdur. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata uyğun olaraq, Laçın rayonu Azərbaycana təhvil verilib. Prezident İlham Əliyevin göstərişi ilə digər tarixi-mədəni, dini abidələrimiz kimi, Laçın rayonu­nun ərazisində yerləşən tarixi-dini abidlərimiz, o cümlədən məscidlər bərpa olunacaq. Bu il avqustun 26-da Laçın erməni qəsbkarlarından tamamilə təmizləndi, rayon mərkəzində Azərbaycan bayrağı ucaldıldı.

Laçın tarixi-mədəni və dini abidələr diyarıdır. Rayon ərazisindəki Ağoğlan çayı sahilində IX əsrdə inşa edilmişuzun müddət fəaliyyət göstərmiş Ağoğlan monastır komp­leksi yerləşir. Möhkəm bazalt daş­dan tikilmiş bu möhtəşəm monastır məharətli konstruktiv həllinə görə alban xristian memarlığı abidələri içərisində xüsusi yer tutur. Monastır binasının daxili həcmi üç hissədən ibarətdir. Daşlardan hörülmüş açıq dam örtüyünü saxlayan hündür daş sütunlar silindrik formalı tağbəndlərlə tamamlanır. Məbədin daxili sahəsini işıqlandırmaq üçün divarlarda ensizuzunsov pəncərələr vardır.

V-VI əsrlərə aid alban monastırı olan Ağoğlan məbədi əvvəlcə qəsr ol­muş, lakin müxtəlif dövrlərdə dağıntı­lara məruz qaldığından IX əsrdə kilsə üslubunda yenidən bərpa edilərək monastır formasına salınmışdır. Köhnə divarlar üzərində yeniləri tikilsə də, abidə ilk bünövrəsini olduğu kimi saxlamış və alban dövrü memarlığı­nın möhtəşəm nümunələrindən birinə çevrilmişdir.

Əvvəllər məbədin qəsr kimi tanın­ması rəvayətlərdə də öz əksini tap­mışdır. Belə rəvayət edilir ki, qədim zamanlarda bu ərazidən keçən gənc bir səyyah buranın gözəl təbiətinə heyran olmuşbu məkanda qəsr tikdirmək qərarına gəlmişdir. Ətrafında yerli əhalidən tikinti işini ba­caran könüllülərindən dəstə toplayıb işə başlamışdır. Xalqın sevgisini və rəğbətini qazanan gənc, çox yaraşıqlı olduğundan yerli əhali onuAğoğlan” adlandırmışdır.

1992-ci ildə erməni qəsbkarları ərazini işğal etdikdən sonra “Ağoğ­lan” məbədini özününküləşdirməyə başlamışlar. Onlar məbədi təmir etmək adı altında abidənin divar­ları üzərində bir neçə daş yazıları, həmçinin xeyli sayda alban dövrünə aid ornament və rəmzləri tamamilə silmiş, formalarını dəyişdirmişlər. Məbədin guya xristianlığın Qriqorian məzhəbinə məxsusluğunu göstərən 26 yazı lövhəsini abidənin divarlarının müxtəlif yerlərinə bərkitmişlər.

Saxtakarlıqlarında daha da irəli gedən ermənilər kompleksin ümumi giriş qapısının önündə İrəvandan gətirilmiş xaçdaşlar basdırmış, bina­nın fasadını söküb kirəmid və dəmirlə əvəzləmişlər.

2007-ci ildə İrəvan şəhərində Ermənistan hökumətinin tapşırığı ilə erməni yepiskopları daxili qərarla abidəyə erməni Qriqorian kilsəsi statusu verməklə işğal olunmuş ərazilərdə Azərbaycan mədəniyyətinə və tarixinə qarşı soyqırımı siyasəti yürütdüklərini bir daha əyani şəkildə göstərdilər.

Laçın rayonunun Malıbəy kəndində aşkarlanmış üç at heykəlli qəbir daşında (XVI-XVII əsrlər) və Almazzisxevndə yerləşən (XIV əsr) at heykəlli abidənin bud tərəfində həkk olunan üç üfüqi və bir şaquli xətt çox maraqlıdır. Qarabağ abidələrindəki epiqrafik məlumatlardan və təsviri incəsənət motivlərindən Cənubi Qafqazda Azərbaycan xalqının təşəkkülündə mühüm rol oy­namış qədim türk tayfalarının məskunlaşmasını müəyyən etmək olar. Laçın rayonunun Malıbəy, Güləbird, Cicimli kəndlərində at heykəlli qəbir daşlarında Günəş sim­volunun və əlində quş tutmuş insanın təsvirləri vardır. Laçın rayonunun Cicimli kəndində 1790-1791-ci ildə çaylaq daşından düzbucaqlı planda tikilmiş məscid binası da olmuşdur.

 

Laçının Ağoğlan məbədinə gedən yolun sağında XVI əsrin at heykəlli və sənduqə formalı qəbir daşları vardır. Həmçinin, Laçın rayonunda Malik Əjdər türbəsi, Mirik kəndində XV əsrə aid Alban məbədi, Minkənddə XV əsrə aid məbəd, Qarıqışlaq kəndində XI əsrə aid Dəmirovlu piri, Ərikli kəndində XVI əsrə aid Qarasaqqal türbəsi vardır.

Məlumdur ki, bütün Qafqaz coğra­fiyasında ən qədim insan məskənləri Azərbaycan xalqının yaşadığı tarixi-coğrafi arealın mühüm tərkib hissəsi olan Qarabağ ərazisində yerləşən Quruçay vadisi və Azıx mağarasıdır. Laçın rayonu bu qədim insan məskənlərinin yaxınlığında yerləşdiyindən protoazərbaycanlıların (Azərbaycanın qədim əhalisi nəzərdə tutulur) erkən mədəni irsinin təşəkkül tapdığı coğrafiyaya daxildir.

Laçın rayonu ərazisindəki yay­laqlarda Tunc dövrünə aid qayaüstü rəsmlərin, qalaların, qədim dağ yollarının və keçidlərin aşkar edilməsi buranın yerli əhalisinin maddi-mədəni irsinin zənginliyindən xəbər verir. Qayaüstü rəsmlər içərisində müxtəlif ov heyvanları ilə yanaşı, ev heyvan­larının və təsərrüfatda geniş istifadə olunan əmək alətlərinin təsvirləri burada yaşayan qədim türk boylarının əsasən oturaq həyat tərzi sürdüyünü, həmçinin yaylaq-qışlaq maldarlığı ilə məşğul olduğunu təsdiq edir.

Laçının qədim zamanlardan Azərbaycan türklərinin yurd yeri olduğunu təsdiq edən abidələr də mövcuddur. Laçın ərazisində aşkar edilən qədim yaşayış məskənləri, qoçat heykəlləri, həmçinin kurqanlar Azərbaycan türkünün bu ərazinin yerli əhalisi olduğunu sübut edir.

1992-ci il mayın 18-də Laçın erməni işğalı nəticəsində öz tarixinin ən faciəli dövrünə qədəm qoydu. Laçında Azərbaycan türklərinin minilliklər ərzində yaratdığı tarixi və mədəni abidələr erməni vandaliz­mi nəticəsində yerlə-yeksan edildi. Azərbaycanın qədim türk boylarına, həmçinin Alban dövlətinə aid abidələr dağıdıldı. Alban kilsələri ciddi sax­takarlıqlara məruz qalaraq erməni qriqorian kilsələrinə çevrildi.

Laçının ən qədim abidələri içərisində Abdallar, Cicimli, Güləbird, Ziyrik, Hoçaz kəndlərində Tunc və Dəmir dövrlərinə aid mağara məbədləri, kurqanları, həmçinin Aşağı Fərəcan kəndindəki məbədi və körpünü qeyd etmək olar. Laçı­nın ən məşhur abidələrindən biriCicimli kəndi ərazisindəki XIV əsrə aid Malik Əjdər türbəsidir. Bu abidələrin əksəriyyəti erməni daşnakları tərəfindən məhv edi­lib. Güləbird kəndində Azərbaycan ozan-aşıq sənətinin görkəmli nümayəndələrindən biri olan Sarı Aşığın qəbirüstü abidəsi və heykəli ermənilər tərəfindən dağıdılıb. Abdallar, Cicimli, Zeyvə, Güləbird, Əhmədli, Hoçaz, Məlikpəyə, Qa­rakeşiş kəndlərində müqəddəs ziyarətgahlar, türbələr, məscidlərin bir qismi ermənilər tərəfindən yarasız vəziyyətə salınıb.

1993-cü ildə Laçın tarix və di­yarşunaslıq muzeyindən aparılmış gümüş əl çantası Londonda auksi­onda 80 min ABŞ dollarına satılıb. 1998-ci ildə bir yazılı daş nümunəsi erməni etnoqraflar tərəfindən İrəvan şəhərinə aparılaraq Matenadaran qədim əlyazmalar muzeyinə təhvil verilib. Həmin eksponat 1993-2016-cı illər ərzində ABŞ, Almaniya, Fransa, İngiltərə, Səudiyyə Ərəbistanı və digər ölkələrdə erməni brendi altında nümayiş etdirilib.

Bu gün artıq Laçın azaddır. Onun tarixi-mədəni və dini abidələri də azadlığa qovuşub. Tezliklə bu abidələr bərpa olunacaq və əsl həqiqət öz yerini tutacaq.

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti  2022.- 3 sentyabr.- S.11.